Modern.az

Azərbaycan dili tükənməyən bir möcüzədir...

Azərbaycan dili tükənməyən bir möcüzədir...

Ədəbi̇yyat

3 İyun 2019, 09:00

Buludxan Xəlilov,

filologiya üzrə elmlər doktoru, professor


Azərbaycan dilində hər kəlməni, sözü sevmək, onun mənasını və mənalarını duymaq, hətta mövcud olma tarixinə baş vurmaq kəlmələrə, sözlərə olan sev­gidir. Kəlmələrə, sözlərə olan sevgi bütövlükdə doğ­ma ana dilinə – Azərbaycan  dilinə olan sevgidir. Dünyada hər bir şeyin tarixi vardır: yaranma, möv­cud­olma, lap elə məhv olub sıradan çıxma tarixi. Bu mənada kəlmələrin, sözlərin də tarixi vardır. Onlar ata-babalarımız, ana-nənələrimiz tərəfindən istifadə olunub, sevgi dolu hisslərlə qorunub, bugünkü günü­mü­zə gəlib çatıb, millətin gələcək nəsillərə çatdı­ra­caq ən böyük dəyərinə və mirasına çevrilibdir. Odur ki, sözləri, kəlmələri və onların mənsub olduğu dili sevmək vacibdir. Bu sevginin ocağını ulularımız söz yarandığı gündən çatıblar, qalayıblar. Həmin oçağın istisi nəsillərin əlaqəsini, insanların münasibətini tənzimləyib, tükənməyən bir möcüzəyə çevrilibdir.


Dil – Azərbaycan dili tükənməyən bir möcü­zə­dir. Bu möcüzə hər an, hər saat, hər gün bizimlədir. O bizim hər birimizin köməyinə çatır, hər birimizin xid­mətindədir. Heç kəs ondan doymur, bezmir, ək­si­nə hər dəfə ondan istifadə etməklə yenilənir, təzə­lə­nir, əhval-ruhiyyəsi dəyişir, həyat eşqi artır, inam və ümidi güclənir. Bunların hamısını dil, daha doğrusu, dilin möcüzəsi yaradır. İnsan ömrü boyu danışdığı doğma ana dilindən – Azərbaycan dilindən öyrənməli olur, ancaq hər şeyi öyrənib qurtara bilmir. İnsan ömrü boyu doğma ana dilindən – Azərbaycan dilin­dən, bu dildəki sözlərdən, kəlmələrdən saysız-hesab­sız dərəcədə istifadə edir, ancaq həmin sözlər, kəl­mə­lər onu yormur. İnsan yaşamaqdan doymadığı kimi, doğma ana dilində – Azərbaycan dilində danışmaq­dan, yazmaqdan da doymur. Məhz möcüzə budur. Bu­na doğma ana dilinin – Azərbaycan dilinin möcü­zə­si demək olar. Dünyadakı heç bir möcüzə ilə bunu müqayisə etmək olmaz. Digər möcüzələr zamanın, dövrün çərçivəsindən çıxdıqda öz möcüzəliliyini iti­rir. Ancaq dilin möcüzəsi elə bir möcüzədir ki, o bü­tün dövrlərə və zamanlara aiddir. O bütün dövr­lə­rin və zamanların möcüzəsidir. Allahın yaratdığı insanın özü möcüzə olsa da, o, dünyanın əşrəfi olsa da, yaşa­maq, yaratmaq, əlaqə qurmaq üçün dil adlı möcüzəyə borc­ludur. Ona görə də insan dil adlı möcüzəni sev­məlidir. İnsan keçmişinə hörmət edirsə və gələcəyini istəyirsə, dil adlı möcüzəni sevməlidir. Dilə olan sevgi deyəndə türk ədəbiyyat tarixçisi, böyük düşün­cə adamı  Nihad Sami Banarlının “Türk dilini sevi­niz! Çünki türklərin ən azı keçmişləri qədər böyük gələcəyi olacaqdır” fikri yada düşür. Bu fikir­dən qaynaqlanaraq biz də bu həqiqəti söyləyirik: Azər­baycan dilini sevin! Ona görə ki, azərbay­can­lı­la­rın ən azı keçmişləri qədər böyük gələcəyi olacaqdır.


Dilin möcüzəli tərəflərindən biri onun dövlətin atributlarından biri kimi işlənməsidir. Azərbaycan di­li öz möcüzəsini ilk növbədə dövlət dili kimi yaşat­ma­sında tapıbdır. Azərbaycan dövləti həm də ona gö­rə qüdrətlidir ki, onun dövlət dili Azərbaycan dilidir. Azərbaycan dilinin tarixinin qədimliyi öz yerində, bu dil vasitəsilə zəngin ədəbiyyat, mədəniyyət formala­şıb­dır. Heç zaman ölməyən ədəbiyyat, mədəniyyət öz təqdimatını, təsdiqini Azərbaycan dili vasitəsilə tapıbdır. Ədəbiyyatımız, mədəniyyətimiz isə dünyaya açılan və açılacaq qapıların açarıdır. Bir sözlə, həm də o dövlət güclüdür ki, onun dövlət dilində zəngin ədəbiyyatı, mədəniyyəti vardır. Ən qüvvətli dövlət han­­sıdır? sualı meydana çıxarsa, burada ən dürüst ca­vab­lardan biri belə ola bilər: Ədəbiyyatı, mədəniyyəti güclü olan dövlət güclüdür. Elə buradaca Türkiyənin Tənzimat dövründə Xarici İşlər Naziri Keçecizadə Fuad Paşanın Avropa diplomatlarının toplantısındakı verilən bir suala cavabını xatırlamaq yerinə düşər. Hadisə Rusiya çarı Nikolayın və Türkiyə sultanı Sul­tan Əzizin dövrünə təsadüf edir. Avropa diplomat­la­rı­nın toplantısında ortaya belə bir sual atılır: Zama­nı­mızın ən qüvvətli dövləti hansıdır? Bu suala Türki­yə­nin Xarici İşlər Naziri Keçecizadə Fuad Paşa tərəd­düd etmədən belə cavab verir: “Osmanlı İmperator­lu­ğu!..” Bu vaxt ondan soruşurlar: “Necə olur?!..” O cavab verir ki, siz xaricdən, biz da­xildən var qüvvəmizlə yıxmağa çalışdığımız halda, o hələ də ayaqda durur. Belə hesab olunur ki, Fuad Paşa çox usta və zərif bir diplomat olduğu üçün “Dövləti biz içəridən yıxırıq!” demişdir. Yəni o, “Dövləti biz içəridən yıxırıq!” cümləsi ilə fikrini açıq şəkildə bəyan etməmişdir. Əslində o, usta və zərif diplomat olaraq belə demək istəmişdir: “Siz həm xaricdən, həm də daxildən yıxırsınız!” Bu məqamı xatırlamaqda məqsədimiz ondan ibarət­dir ki, tarixboyu Azərbaycanı xaricdən və daxildən yıxmaq istəyənlər az olmayıbdır. Ancaq onların niy­yət­ləri baş tutmayıbdır. Bu niyyətlərin baş tutmaması səbəblərindən biri də onların zəngin Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə qarşılaşmalarından iba­rət olub. Bu qarşılaşma zamanı Azərbaycan ədəbiy­ya­tının, mədəniyyətinin pis niyyətlərə qarşı müqa­vi­məti bizə uğur və müvəffəqiyyət gətiribdir. Bizə bu uğuru və müvəffəqiyyəti qazandıran ədəbiyyatımız, mədəniyyətimiz Azərbaycan dilinin möcuzəsi ilə formalaşmış ədəbiyyatımız və mədəniyyətimizdir.


Torpağa, yurda, millətə sevgi ilk növbədə Azər­bay­can dilinin özündədir və bu dilin özündən qay­naq­­lanır. Bu dil Azərbaycanda yaşayan etnik qrupları da – ləzgiləri, talışları, tatları, kürdləri və digərlərini də vətənə, yurda, millətə sevgi üzərində tərbiyə edir və edəcəkdir.


Azərbaycanda yaşayan etnik qrupların hər biri an­layıbdır ki, onların hər birinin vətəni Azərbaycandır. Onlar anlayıblar ki, bizim bütün uğurlarımız da, uğursuzluqlarımız da hər birimizə aiddir, hər birimizin qazancımızdır. Bax bu anlamın yaranmasında Azər­bay­can dili ünsiyyət dili olmaqla çox önəmli rol oynayıb və həmişə də önəmli rolunu oynayacaqdır. Bax budur Azərbaycan dilinin möcüzəsi. Bu dilin möcüzəsi Azər­baycanda yaşayan bütün etnik qrupları bir amal, bir məqsəd, bir məram ətrafında birləşdirir.


Müstəqil Azərbaycan Dövləti yarandıqdan sonra Azərbaycanda yaşayan etnik qrupları qızışdıran, on­ları azad, müstəqil olmağa çağıran qüvvələr azmı ol­du? Onları çaşdırmaq istəyən, onlara xaricdən və da­xil­dən dəstək olmaq istəyən qüvvələr azmı oldu? An­caq Azərbaycanda yaşayan etnik qruplar anladılar ki, bu vətən həm də onlarındır. Onlar anladılar ki, bu vətən həm də bütün problemləri ilə onlara arxalanır. Anladılar ki, bu vətəndə pis niyyətli xarici və daxili qüvvələrin yaratdıqları problemlər onları da əsir-ye­sir edəcəkdir. Ona görə də onlar azadlıq, müstəqillik deyəndə bunu Azərbaycan adlı vətəndə axtardılar, Azərbaycan adlı vətəndə tapdılar. Və burada yenə də Azərbaycan dilinin möcüzəsi böyük rol oynadı. Etnik qruplar Azərbaycan dilindən ünsiyyət dili kimi istifadə etdilər, onlar bu dil vasitəsilə birliyə cəlb olun­dular, bu dil vasitəsilə Azərbaycan adlı vətəndə bu vətənin problemləri ətrafında birləşdilər. Azər­bay­can dili öz möcüzəsi ilə ideoloji işini görə bildi. Bu da çox uğurlu bir nəticə verdi. Bu gün Azərbaycan dili Azərbaycanda yaşayan bütün etnik qrupları birləşdirən bir möcüzədir. Biz Azərbaycandakı mo­no­lit birliyə görə həm də Azərbaycan dilinə və onun möcüzəsinə borcluyuq. Deməli, Azərbaycan dilinin möcüzəsi pis niyyətli xarici, daxili qüvvələrin ayaq açmasına, ziyanlı iş görməsinə heç zaman imkan verməmiş və verməyəcəkdir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu