Modern.az

Hacı Muradın qalıqları oğurlanıb? - Qaxın deputatı: “Komissiya yaradılmalıdır!”

Hacı Muradın qalıqları oğurlanıb? - Qaxın deputatı: “Komissiya yaradılmalıdır!”

Hadisə

3 İyun 2019, 11:14

XIX əsrin ortalarında Qafqaz müharibəsində dağlıların liderlərindən biri olmuş Hacı Muradın nəşinin yenidən dəfn edilməsi ətrafında qeyri-müəyyənlik davam edir. Rusiya KİV-ləri Hacı Muradın qalıqlarının iyunun 2-də Dağıstanın Xunxzax kəndində dəfn olunduğunu iddia edib.



Məsələ ilə bağlı Milli Məclisin Qax rayonundan seçilmiş deputatı Azər Kərimli Modern.az-a bildirib ki, Hacı Muradın məzarı Qax rayonun Tanqıt və Baydarlı kəndləri yaxınlığında sıx meşəlik ərazidədir:


“O məzar təkdir, meşə massivində, fındıqlıq ərazidədir. Yəni nə kəndin içində, nə də kənd qəbristanlığında olmadığından mühafizəsi yoxdur. Bu gün olan vəziyyətə görə, başdaşı, sinədaşı yerindədir. Sadəcə üzü məzara duranda sağ tərəfdə yer daşlarının söküldüyü görünür. Amma bu o demək deyil ki, qalıqlar qəbirdən çıxarılıb”.


Deputat qeyd edib ki, bunu aydınlaşdırmaq üçün komissiya yaradılmalıdır:


“Çünki bunu gözlə görmək mümkün deyil. Dəqiqləşmə üçün rayon səviyyəsində komissiya yaradılmalıdır”.


A.Kərimlinin sözlərinə görə, əgər qalıqlar aparılıbsa belə, oğurlanaraq aparılıb:


“Amma bunu dəqiqləşdirmək lazımdır. Adi gözlə baxaraq, bunu ayırd etmək mümkün deyil. Rusiya KİV-lərinin yaydığı məlumata münasibət bildirmək üçün qəbir rəsmi olaraq açılmalıdır. İndiki məqamda biz bunu nə təsdiq, nə də təkzib edə bilərik”.


“Kafkazskiy uzel” saytı Çar Rusiyasına qarşı inqilabi dəstələrə rəhbərlik etmiş əfsanəvi çeçen qəhrəman Şeyx Şamilin ən yaxın silahdaşlarından olmuş və məzarı hazırda Qax rayonunda olan Hacı Muradın qalıqlarının doğulduğu Dağıstanın Xunxzax kəndinə aparıldığını iddia edib. Sayt Hacı Muradın  qalıqlarının basdırılması üzrə təşkilat komitəsinin sədri Maqomed Əmirxanova istinadən xəbər yayıb ki, qalıqlar iyunun 2-də dəfn edilib. İyunun 2-də isə onun qalıqlarının Xunxzaxda dəfn olunduğu iddia edilən fotolar yayılıb.


Məlumat üçün bildirək ki, Qafqaz müharibəsi dövründə İmam Şamilin naibi olan Hacı Murad 1852-ci ilin mayın 5-də qətlə yetirilib. Onun başı bədənindən ayrılaraq Peterburqdakı Hərbi Tibbi Akademiyaya göndərilib. 1959-cu ildən etibarən isə Antropologiya və Etnoqrafiya muzeyində saxlanılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı