Modern.az

Bizimkilər - Nazim Sabiroğlu: “Qardaşım mənim qəzetdə işləməyimi istəmirdi” - MÜSAHİBƏ

Bizimkilər - Nazim Sabiroğlu: “Qardaşım mənim qəzetdə işləməyimi istəmirdi” - MÜSAHİBƏ

Media

7 İyun 2019, 11:09

“Jurnalist olmasaydım, ədalətli prokuror olardım

Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Qeyd edək ki, bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Uzun müddət üçün fikirləşdiyimiz bu rubrika istər tanınmış olsun, istər tanınmamış - “jurnalist ordusu”nu tanıtmağa hesablanıb... Bir sözlə, həmkarlarımızı “Bizimkilər”də daha yaxından tanıyaq... Beləliklə...

“Bizimkilər” rubrikasının budəfəki qonağı “Yeni Müsavat” qəzetinin redaktoru Nazim Sabiroğludur.


- Nazim bəy, öncə özünüz və jurnalistikaya gəlişiniz haqda məlumat vermənizi istərdik.

 

- 1971-ci ilin noyabr ayının 8-də Şuşada doğulmuşam. Anam internat məktəbdə müəllimə işlədiyi üçün 5-cü sinfədək onun əlindən tutaraq məktəbə gedib-gəlmişəm.  Azərbaycanın ən müxtəlif rayonlarından olan uşaqlarla bir sinifdə oxumuşam. “Rayon uşaqları” ilə bu tanışlıq, bəziləri ilə dostluq mənə ilk həyat məktəbi kimi olub. Bir az da “haralısan?” kimi bəyənilməyən bir vərdiş yaradıb...     

Sonra şəhər məktəbinə getmişəm. 4 saylı orta məktəbdə heç də nümunəvi şagird olmamışam. Yalnız bəzi humanitar fənləri yaxşı oxumuşam, qalanları ilə heç aram olmayıb.  

1988-ci ildə orta məktəbi bitirib sənəndlərimi Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə vermişəm. Başqa bir seçimim olsaydı, o vaxt Hüquq fakültəsinə üz tutardım. Amma filologiyaya qəbul olunmaq şansı daha çox idi.

İlk yazılı imtahanda sərbəst mövzuda inşadan “4” qiymət aldım. İkinci şifahi imtahanda “5” qiymətini zorla qopardım, çünki iki  “4” o vaxtlar çox modda olan “konkurs” demək idi. Beləcə, 17 yaşımda BDU-nun tələbəsi oldum.

Universitet illərimiz təəssüf ki, dava dövrünə düşdü. Qarabağ məsələsi, milli-azadlıq hərəkatı, meydan və sair...17 noyabr-5 dekabr meydan hərəkatı artıq bizim yolumuzu da, gələcək həyatımızı da dəyişdi, bunu illər sonra anladıq...

Azərbaycanın yeni nəsil siyasətçiləri kimi, yeni nəsil jurnalistikasının da ilk cücərtiləri o meydanda yetişməyə  başladı.          

 

 
- Yəni jurnalistikaya gəlişiniz milli-azadlıq hərəkatı ilə bağlı olub?

 

- Yox. Heç əlaqəsi yoxdu. Mən universiteti bitirəndən sonra uzun illər işləmədim. Amma jurnalistikanın içinə girə bildim. Qardaşımın (Hikmət Sabiroğlu-red.) sayəsində jurnalistikanın o zamankı “as”larını-əsasən, “Azadlıq”ın məşhur redaksiyasında və çayxanasında yaxından tanıdım. Amma qətiyyən qələmə meylli deyildim, başqa bir dünyada, başqa düşüncəli adamlarla yol gedirdim. Hərdən o illəri indi Azərbaycanda da çox məşhur olan “Çukur” dizisi ilə müqayisə edirəm. Məhəllə psixologiyası, qovğalar, davalar, mənasız razborkalar, milis bölməsi...

Günlərin birində isə dostlarla görüşüb “mən Bakıdan getdim” dedim. Bu, 1998-ci ilin mayı idi. Bakıdan çıxdım, bir də üç ay sonra şəhərə qayıtdım. Getdiyim rayonda hər gün bir neçə kilometr yol gedib köşkdən üç gündəlik qəzet alırdım: “Azadlıq”, “525-ci qəzet” və “Yeni Müsavat”... Seçim edirdim ki, hansı qəzetdə işləyə və nə yaza bilərəm... Bakıya qayıdanda artıq hansı qəzetdə işləyəcəyimə qərar vermişdim...

1998-ci ilin avqustun sonlarında beləcə “525-ci qəzet”in redaksiyasında işə başladım. İlk xəbərim idmanla bağlı idi və adımın qəzetdə dərc olunmasına necə sevinirdim... Burda da xeyli dəyərli qələm adamları toplaşmışdı. Romantik jurnalistika dövrü deyərdim həmin illərə. Mən gələndə senzura yenicə ləğv olunmuşdu, “qəzetlərin qayçılandığı” o illəri sevinirəm ki, görmədim. Burda idman yazarı kimi işə başladım... Sonra qəzetin “Detektiv” səhifəsində, sonra isə müstəqil “Detektiv” qəzetində. 2001-ci ilin noyabrından isə ”Yeni Müsavat”dayam...        

                    

- Qardaşınız Hikmət Sabiroğlu tanınmış jurnalistdir, sizin jurnalistikada mövqe tutmanızda onun nə dərəcədə rolu olub?

 

- Qardaşım, düzünü deyim ki, mənim qəzetdə işləməyimi  istəməyib. Günlərin birində hətta “məni dostlarımla düşmən etmə” dedi. Yəni işlədiyim yerdə - “525”də  onun dostları vardı və mən də hərdən onlarla “toqquşurdum”. Onlar da hərdən gileylərini Hikmətə edirdilər. Yeni iş, yeni adamlar, yeni mühit... Bunlara öyrəşmək vaxt apardı. Amma “istedadsızdır” demədikləri üçün jurnalistikada duruş gətirə bildim. O səbəbdən bəxtim gətirib ki, jurnalistikada “Hikmətin qardaşı” kimi tanınmışam. Rəhmətlik Elçinin bir sözü vardı: “Biz səni Hikmətin qardaşı kimi tanıdıq, Nazim kimi çox istədik...”. Hikmət bir insan kimi də, jurnalist kimi də mənim üçün avtoritetdir. Baxmayaraq ki, uşaqlıqda da, gəncliyimdə də etdiyim səhvlərə görə mənə həmişə güzəşt edib. Bizə həm də ata əvəzi olduğu üçün mən həmişə onun kölgəsində qalmaq istəmişəm.

 


- Yuxarıda dedikləriniz xasiyyətiniz haqda bəzi ipucları verir...

 

- İnsanın xasiyyəti... Mənim atam sərt xasiyyətli biri olub, amma onun da elə həlim vaxtları olurdu ki... O dövrün kişilərini də ona görə misal çəkirəm ki, indi “xasiyyəti necədir” ifadəsini eşidəndə daha çox o illərin sərt xarakterli adamlarını xatırlayıram. İnsan xarakteri zaman-zaman dəyişir, cilalanır. Bir ölülər, bir dəlilər dəyişmir... 20 il bundan əvvəl mən daha sərt biri idim, həm həyata baxışlarım, həm həyat tərzim bunu diktə edirdi yəqin... Etiraf edim ki, hərdən həyata  sərt baxışlı o adam üçün darıxıram da. Məsələn, ictimai nəqliyyatda elələrin görürəm ki, “onun” qayıtmasın istəyirəm, bir-iki adamla yumruqlaşsın... Amma zaman xasiyyəti də, həyata baxışları da dəyişir. Xasiyyətim haqda məni tanıyanlar danışa bilər, bu barədə necə qiymət vermələri düzü mənim üçün maraqsızdır. Qulağıma çatanları da heç vaxt ciddiyə almıram. Heç kim haqda da mən “xasiyyəti pisdir” dediyimi xatırlamıram. Mənim üçün “yaxşı oğlan” və “pis oğlan” qiymətləndirməsi var. Onun içərisində hər şey var...


- Jurnalistikamızın vəziyyətini necə dəyərləndirirsiniz?

- Bu barədə uzun-uzadı danışmağın, söz oynatmağın yeri yoxdur. Mənim dəyərləndirməmdə jurnalistikamız  üç mərhələdən keçib. Bayaq dediyim romantizm mərhələsində işıqlı ideyalar çox idi... Sonra davalı dövr başladı. Bir də ayıldıq ki, siyasət adamları jurnalistlərin arxasına saxlanaraq, bizi müharibəyə sürükləyiblər: yazılarımızdan qan iyi gəlir. Sonra isə sülh dövrü başladı. “Romantiklər və müharibə jurnalistləri”nin çoxu daha yazmırlar, bir çoxu məmurdur, bəzilərinə meydan yoxdur, qələmlərini dincə qoyublar. İndiki gənc nəsil jurnalistlər sülh dövrünün tərənnümçüləridir. Onlara işləmək də, pul qazanmaq da daha rahatdır. Reallıq budur...         

          

- Jurnalist olmasaydınız, hansı sahəni seçərdiniz?

 

- Jurnalistika maraqlı peşədir. Onun içərisində gözlə görünməyən bir dinamizm var. Hərdən bir yazında sözün partlayışı, effekti adama olmazın həyəcan verir. Dəqiq bir ifadə güllə kimi dəlib keçəndə hədəfi vurmuş snayper kimi yayxana bilirsən. Düzdür, indi o cür yazılara tələbat da yoxdur. Sosial mediada hər gün yüzlərlə adam meydan sulayır, haqlı-haqsız adam yaralayır, hətta sözlə öldürür. Nə isə... Jurnalist olmasaydım, yaxşı prokuror olardım. Ədalətli prokuror. Demirəm Mehman kimi... Amma ədalətli. Xaricdə yaşasaydım, uğurlu detektiv, ya da şerif olardım...    

 

- Yeri gəlmişkən, bir çox həmkarınız fəaliyyətini ölkə xaricində davam etdirir. Heç ölkədən getmək barədə düşünmüsünüz?

 

- Xaricə getmək barədə illər öncə düşünmüşəm.  Amma son anda bu istəyimdən vaz keçmişəm. Səbəblər müxtəlif olub. Birgə getmək istədiyim həmkarlarım indi xaricdə yaşayırlar. Onları izləmirəm, hərdən Bakıya gələndə görüşürük.  Azərbaycanda  da xoşbəxtlik formulunu tapmaq mümkündür.  Mən onun formulunu bilirəm...    

 


- Bəzən mətbuat bayağı məsələləri gündəmə gətirməkdə qınanır. Mətbuatın belə məsələləri gündəmə gətirməsinin səbəbi nədir?

 

- Saytlarda deyə bilmərəm, qəzetlərdə mövzu istehsal edən redaktor işi indi çox çətindir. “Yeni Müsavat”da on illiklərdir ki, planlaşdırma ənənəsi var. On il əvvəl ölkədə mövzular daha rəngarəng idi. İndi bir monotonluq var. Hərdən adama elə gəlir ki, ümumiyyətlə, qəzetlərdə daha yazmağa mövzu yoxdur, hamısı yazılıb bitib. Onlayn medianın işi o baxımdan fərqlidir. Hətta aktual sorğular, maraqlı videolarla saytı bir gün yola vermək mümkündür. Qəzet isə fərqlidir. Gərək elə mövzu seçəsən ki, səhərə köhnəlməsin, saytlar “suyunu” çıxarsa da, yenə oxumağa nəsə qalsın. Bayağı mövzular dedikdə daha çox şou-biznes yazıları nəzərdə tutulur. Telekanal və saytlar bu məsələdə qəzetlərə “aman vermir”. O səbəbdən də indi qəzetlərdə bayağı mövzular o qədər də çox deyil. Amma cansıxıcı yazıların olduğunu etiraf etmək lazımdır.


- Sosial şəbəkələrdən istifadə etmirsiz. Səbəbi nədir?

 

- Bəziləri elə bilir ki, mən sosial şəbəkədə varam. Amma heç bu barədə düşünmədim, indən sonrada çətin... Niyəsi? Mən tünlükdən sıxılan adamam, həm də real dünya ilə təmasım daha çoxdur, nəinki virtual aləmlə. Bir dəfə sosial şəbəkədə 3 min dostu olan bir gənc əməkdaşımıza dedim ki, yaz ki, ayağım burxulub yolda qalmışam,  əgər 10 virtual dostun köməyə  gəlsə, mən sosial şəbəkəyə gələrəm. Risk etmədi yazmağa... Qaldı ki, oranın informasiya mənbəyi olmasına, buna bir deyəcəyim yox. Mən yenilikçi yox, gələnəkçiyəm... 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir