Sovet abidəsi partladılan zaman ana-bala həlak olub
Gürcüstanda 2-ci dünya müharibəsinin şərəfinə qoyulan abidənin dağıdılması nəticəsində faciə baş verib. Modern.az-ın Gürcüstan mətbuatna istinadən yaydığı məlumata görə, “Şərəf” abidəsi partladılarkən ana-bala - qadın və onun 8 yaşlı qızı Nina Cincaradze həlak olub. Məlumata görə, abidə yeni parlament binasının tikilməsi üçün özəl şirkət tərəfindən partladılıb. İlkin məlumata görə, faciənin baş verməsinə səbəb şirkət tərəfindən təhlüksizlik tədbirlərinə əməl olunmamasıdır.
Gürcüstanın baş prokuroru Murtaz Zodelava da hadisənin təhlükəsizlik qaydalarına əməl olunmamasından baş verdiyini deyib. Faktla bağlı cinayət işi qaldırılıb.
Memorial sovet dövründə Böyük Vətən Müharibəsi iştirakçılarının şərəfinə ucaldılıb. Abidənin partladılmasına ölkə müxalfəti və veterenlar kəskin münasibət bildirib. Onlar bu aktı vəhşilik adlandırıblar.
Ən son məlumata görə, hadisə zamanı Danimarkada səfərdə olan prezident Mixail Saakaşvili təcili ölkəyə qayıdıb və Təhlükəsizlik Şurasının toplantısını keçirib. Prezident ilk növbədə Kutaisidə baş vermiş faciə ilə əlaqadar İmereti regionu qubernatoru Mixail Çoqavadzeni vəzifəsindən azad edib. Dövlət başçısı hadisənin baş vermə səbəblərinin araşdırılması və günahkarların cəzalandırlması barədə tapşırıq verib.
Baş vermiş hadisə ilə bağlı bu gün 10 nəfər həbs olunub. Ölkənin müxalifət qüvvələri isə Kutaisidə abidənin dağıdıldığı ərazidə hökumət əleyhinə aksiya keçiriblər. Onlar region əhalisini sabah keçiriləcək geniş miqyaslı etiraz aksiyasına çağırblar. Müxalifət təhlükəsizlik tədbirlərinə əməl etməli olan DİN rəhbərlərinin məsuliyyətə cəlb olunmasını tələb ediblər.