Modern.az

İraqlı millət vəkili Fevzi Ekrem Terzioğlu Modern.az-a müsahibə verib

 İraqlı millət vəkili Fevzi Ekrem Terzioğlu Modern.az-a müsahibə verib

21 Dekabr 2009, 10:30

“KƏRKÜKDƏ DAHA DƏHŞƏTLİ OYUNLAR OLA BİLƏR”

- Fevzi bəy, Kərkükdəki son durum necədir?

- İnsanlarımız köçkün, sürgün və itkin durumdadırlar.  Zindanlarda olanlar var. Səddam Hüseyn diktaturasından sonra İraq türkmanlarına qarşı daha böyük basqılar oldu. Deyərdim ki, Səddamın 35 ildə Kərkükdə edə bilmədiklərini indi edirlər. Bu ölkədə bizi saya salan, hüquqlarımıza hörmət edən yoxdu. Hətta müxtəlif dövlət işlərinə də başqa etniklər alınır. Qos-qoca İraq tükmanlarının bir qəzeti, dərgisi, telekanalı yoxdur. İraqda bir türkman kültür müdirliyi yoxdur. Halbuki, dövlət çox zəngindir. Digər etniklərin əlində hər şey var. Amma türkmanların əlində bir şey yoxdur.  İraqın xarici ölkələrdə 75 səfirliyi var. Bunlardan yalnız birinə, Azərbaycandakı səfirliyə  türkman səfir təyin olunub. 37 nazirlikdən yalnız bir o qədər əhəmiyyət kəsb etməyən Gənclik və Spor Nazirliyinə türkman şəxs nazir qoyulub. Kərkükdə 27 təhsil müdirliyinin yalnız 1-nin müdiri türkmandır.

Türkman olmayanlar Kərkükə sahib olurlar. Bu məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatına müraciət etmişik. Acı gerçəkliyi dünyaya çatdırmaq istəyirik, amma qulaqlar bunu eşitmək istəmir. Eyni zamanda, hər gün Türkman elində terror törədilir, insanlar günahsız qurbana çevrilir. Nə yazıqlar ki, dünya ictimaiyyəti buna diqqətsizdir. Hətta güvənc yerimiz olan Türk dünyası da bu məsələni gözardına vurur. Türkiyədən başqa hansısa türk dövlətindən bir kömək görmədik. Bu mənada daha çox Azərbaycandan umuruq. Türkmanlar Azərbaycanı sizdən çox sevməsə də, sizi qədər sevir. Buna əmin ola bilərsiniz. Mən Azərbaycanı görmədən onun barəsində bir dastan yazdım. On beş il öncə buna görə Azərbaycan Bayrağı ödülünü aldım. Bilirsinz, bu gün Türkiyədən sonra türk dünyasında Azərbaycan gəlir. Ona görə Azərbaycandan gözləntilərimiz çoxdur. Adətən böyük adamdan giley edərlər, sizdə bir misal var, “Uman yerdən küsərlər”. Biz qardaşlarımızdan umuruq. Baxın, düz yeddi ildir ki, dünya xristianları İraq xrisitianlarının yanındadır. Bütün dünyanın digər etnikləri öz etniklərinin yanındadır. Amma biz əliboş, arxasız kimi qalmışıq. Buna baxmayaraq, İraq parlamentində biz 9 millət vəkili olaraq türkmanlar üçün mücadilə aparırıq. Ümidimiz böyükdür. Böyük arzularımz var. Tarixi torpaqlarımzda Füzuli, İmam Hüseyn, İmam Əli yatır. Bu yerlərdə ibadətgahlarımız, böyük tariximiz var. Bura şumerlərin yeridi, İraq bizim məmləkətdir. Tarixi torpaqlarımıza sahib çıxmamız gərəkdir. Bunun üçün Gənclik və Spor Nazirliyində gənclərlə davamlı təmasdayam. Ümumən belə deyərəm, bu gün İraq türkmanları böyük təhlükə altındadır. Hər gün onlarca, yüzlərcə canlar veririk. Türkiyə yaralılara kömək edir, ancaq bu, probemin həlli deyil. Bizim silahlı qüvvələrimizin olması vacib məsələlərdəndir. Aktiv bir təşkilat qurmamız da lazımdır. Bir sözlə, hazırda İraq türkmanları çətin dönəmdə yaşamaqdadırlar. Kəndlərimizdə insanlar palçıqdan tikilən evlərdə yaşayırlar. Su, məktəb kimi vacib şeylər kəndlərimizdə yoxdur. İnsanlarımız davamlı olaraq ölüm təhlükəsi altındadırlar. Haqlarımızı kürd qrupu alıb, hansı ki, Səddam dönəmində bunu əlimizdən BƏS partiyası almışdı.

- Belə fikirlər var ki, yeni seçki qanunu türkmanların parlamentə düşməsini əngəlləməkdən ötəridir. Gerçəklik nədən ibarətdir?

- İndi bizdə yeni seçki qanunu çıxıb. Bundan sonra İraqda 325 millət vəkili olacaq. Böyük yerləri götürdülər. Sonra milli azlıq kimi kürdlərə 63, xristianlara 5 yer verildi. Türkmanlara isə 1 yer belə verilmədi. Buna görə bizi böyük bir tarixi sınaq gözləyir. Bu bizlərədən ötrü ölüm-qalım, səfərbərlik  zamanıdır.

- Türkmanlara yer ayrılmamasının nə ilə bağlı olduğunu sizlərə anlatdılarmı?

- Deyim, İraq türkmanlarının da dünya türkləri kimi sözü bir deyil. Bu, acı bir gerçəkdir. Həm də türkmanlar öz ölkələrində kiminsə onlara azlıq gözü ilə baxılmasını istəmirlər. Çünki İraqda üçüncü əsas millətik. Ona görə də  amacımız qarşıdan gələn seçki yarışına girməkdir.  

- Bəzi məlumatlara görə,  imkan tapan türkmanlar Kərkükü tərk edirlər. Bunlar doğrudurmu?

- Belə hallar var. Zəngin insanlar, böyük sayda ailələr məcburən məmləkəti buraxıb getdilər. İndi bizim əlimizdən nə gəlir, deyim. Biz siyasi deyil, heç olmasa insani tərəfdən dünya türklərindən kömək istəyirik. Övladlrımızın ali təhsil almalarına kömək etsinlər. İraq zəngin bir ölkədir, dünyanın hər yerindən buraya şirkətlər gəlir. Onların arasında Azərbaycandan da şirkətlər gəlsəydi, çox gözəl olardı. İndi ərəb ölkələri ilə Avropa ölkələrinin şirkətləri İraqda iş görməkdən ötrü yarışa giriblər.

- Maraqlıdır, türkmanlar indi daha çox hansı toplumla yaxındır?

- Ərəblərlə çox yaxşı münasibətlərimiz var. Kürdlərlə də millət olaraq biz insana insan gözü ilə baxırıq. Amma siyasi partiyalar, şovinist qurumlar bizim kimliyimizi yox etməyə çaışırlar. Bunun qarşısını almaqdan ötrü onların qarsısında durmağımız vacibdir.

- Ərəblərlə yaxşı münasibət varsa, onlar sizlərə niyə kömək etmirlər?

- Bizim haqqımızı yeyənlərin başında kürdlər dayanır. İndi İraqda hökumət yeni və zəifdir. Ona görə də hər bir toplum yalnız özünü qorumağa çalışır. 

- İraqın işğalının uzanmasını burada yaşayan bütün toplumlar istəyirlərmi?

- İşğalın uzanmasını yalnız kürd qrupu istəyir. Çünki bundan böyük fayda götürürlər. Ərəblər bu işğala qarşıdır. Əminəm ki, məmləkətini sevənlər onun işğal altında olmasını istəməz.

- Yaxın vaxtlarda keçiriləck parlament seçkilərində yer tuta biləcəksinizmi?

- İnsanların səsini almaqdan ötrü İraqa ərəb ölkələrindən bol-bol paralar gəlir. İnsanların səsini pulla almağı qarşıya məqsəd qoyublar. Ona gərə də gələn il keçiriləcək parlament seçkləri ilə baglı çox narahatam.

- Siyasi baxımdan kürdlərlə problem yaşadığınız ortada. Bəs fərd olaraq hansı münasibətdəsiniz?

- Millət arasında bu gərginlik yoxdu. Amma partiya olaraq kürdlər bu ayrılmanı yapdılar.

- İraqın federasiyalara bölünməsi məsələsinə münasibətiniz necədir?

- Bunu istədilər, ancaq bacarmadılar. Biz torpaq bütünlüyü, ölkənin parçalanmaması üçün çalışırıq.

- Kərküklülər İraqda sərbəst dolaşa bilirlərmi?

- Əlbəttə, yalnız kürdlər təfindən bizə Qüzeydə bir basqı var.

- Türkmanlar yaşadıqları bölgələrdə kürdlərin yerləşdirilməsi xəbəri həqiqətdirmi?

- Minlərcə yabançını bizim torpaqlara yerləşdirirlər. Onları daha çox Türkiyə, İran və Suriyadan gətirirlər. Bununla Kərkükün demoqrafiyasını dəyişmək istəyirlər. Kərkükü gələcəkdə kürdlərə bağlamaq istəyirlər. Amma o yerlər bizə dədələrimizdən qalıb. Həm də Türkiyə burnunun ucunda bir bölücü dövlətin qurulmasını qəbul etməz. İran, Suriya da bununla razılaşmaz. O biri tərəfdən Kərkükün sahibi bizik. Bir daha səslənirəm, gələcəkdə Kərkükdə daha dəhşətli oyunlar ola bilər. Bundan sonra bizə kömək fayda verməyəcək. Xəstəyə öləndən sonra dərman vermək gərəksizdir. Bu, onu yenidən həyata qaytaran deyil. 

- İraq parlamentində bu məsələləri qaldırmısınızmı? Rəhbərliyin bu məsələyə münasibəti necədir?

- Bunun üçün parlamentdə davamlı olaraq mücadilə aparırıq. Haqlı olduğumuz üçün bütün ərəblər tərəfindən də müdafiə olunuruq.

 

Modern.az  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir