Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanım bu gün dünyasını dəyişib.
Həlimə xanımın qardaşı Mirmövsüm Mahmudov Modern.az-a açıqlamasında bacısının 3 ay idi ki, Türkiyədə müalicə olunduğunu deyib:
“Bacım Həlimənin 3 ay bundan qabaq səhhətində problem yaranmışdı. O qədər də ciddi problem deyildi. Türkiyədə müalicə almasını məsləhət gördük. Hər şey yaxşı gedirdi. Qəfil ölüm xəbərini aldıq”.
Mirmövsüm Mahmudov bildirib ki, bacısının cənazəsini Bakıya gətirməyə hazırlaşırlar:
“Güman ki, bacımı Bakı qəbiristanlığında dəfn edəcəyik”.
Elçibəyin qaynının sözlərinə görə, bacısı son vaxtlar tez-tez mərhum həyat yoldaşı ilə bağlı xatirələrindən də danışırmış.
“Həlimə xanımın Elçibəyi yad etmədiyi gün yox idi. Onunla bağlı xatirələrini tez-tez dilə gətirirdi. Həyatdır. Hər ikisinin də taleyinə Türkiyədə vəfat etmək yazılıbmış”.
Qeyd edək ki, Əbülfəz Elçibəylə Həlimə xanımın iki övladı dünyaya gəlib: oğlu Ərturqut və qızı Çilənay xanım.
Allah rəhmət eləsin...