Modern.az

Təhsil naziri “Son zəng” günü qaçqın məktəbinə niyə getdi? - Fərqli düşüncələr

Təhsil naziri “Son zəng” günü qaçqın məktəbinə niyə getdi? - Fərqli düşüncələr

14 İyun 2019, 20:23

Bu gün Təhsil naziri Ceyhun Bayramov Qubadlı rayonu Mirağa Əliyev adına Hal kənd tam orta məktəbində “Son zəng” tədbirində iştirak edib.  

 

Tədbirdə çıxış edən nazir əvvəlcə məzunları XI sinfi uğurla başa vurmaları münasibətilə təbrik edib, onlara yeni-yeni nailiyyətlər arzulayıb. Ceyhun Bayramov ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm işlər görüldüyünü deyib.

 

Qubadlı rayonu Mirağa Əliyev adına Hal kənd tam orta məktəbinin uğurlarından söz açan Ceyhun Bayramov bildirib ki, son 5 ildə bu məktəbin məzunlarından 4 nəfər 600-dən çox bal toplayıb.

 

Təhsil naziri daha sonra 2018-2019-cu tədris ilində həyata keçirilən uğurlu layihələrdən və təhsil islahatlarından danışıb. Ceyhun Bayramov vurğulayıb ki, görülən işlərin əsas məqsədi hər bir Azərbaycan gənci üçün təhsilin əlçatan olmasını təmin etmək və savadlı nəsil yetişdirməkdir.

 

Təhsil nazirinin bu təqdirəlayiq addımı çox müsbət qarşılanıb. Həmçinin, nazir  Ceyhun Bayramovun cəmi 28 nəfər məzunu olan məcburi köçkün məktəblərinin birində “Son zəng” tədbirində iştirakı oradakı müəllim, valideyn və şagird kəsimi, eləcə də bu qəbildən olan digər orta təhsil müəssisələrində çalışanlar üçün əsl motivasiya olub.

 

Milli Məclisin deputatı Tahir MirkişiliModern.az.az-a açıqlamasında Təhsil nazirinin bu jestini çox müsbət qiymətləndirib və bunun hadisə iştirakçıları olan məzunların gələcək həyatlarındakı əhəmiyyətindən, motivasiyaedici gücündən danışıb:

 

“Sumqayıt  və Qubadlı məktəbləri ən yüksək təhsil göstəricilərinə sahib orta təhsil müəssisələrindəndirlər.  O məktəblərdə oxuyan şagirdlər qəbul imtahanlarında kifayət qədər yüksək göstəricilər əldə edirlər. Bu məktəblərdəki yüksək təhsil göstəricisi danılmaz  bir faktdır.

 

Təbii ki,  yüksək dövlət nümayəndəsinin, xüsusən də Təhsil nazirinin  hər kəsin  həyatında yadda qalacaq, önəmli sayılacaq “Son zəng” kimi bir gündə iştirakı həmin mərasimin  əhəmiyyətini daha da artırır və onu daha yaddaqalan edir. 

 

Bu addım həm də şagirdlərdə yüksək motivasiya yaradır. Bilirik ki, “Son zəng” günlərində məktəbi qurtaran şagirdlər  artıq  həyatın yeni bir  mərhələsinə qədəm qoyurlar.  Onların yeni mərhələyə bu cür yola salınması, Təhsil nazirinin xeyir-dua və tövsiyələri ilə uğurlanması məzunlar üçün çox əhəmiyyətlidir.

 

Düşünürəm ki,  belə tədbirlərdə  Təhsil nazirinin iştirakı şagirdlərin motivasiyası və həyata olan inamı üçün vacib əhəmiyyətlidir”.

 

Təhsil eksperti Etibar Əliyev nazir Ceyhun Bayramovun bu addımını alqışalayiq hal hesab etməklə yanaşı, məsələnin digər vacib və əhəmiyyətli aspektlərini də sadalayıb:

 

“Mən nazirin bu addımını çox yüksək qiymətləndirirəm. Bu gün köçkün məktəblərinə diqqət və qayğı gücləndirilməlidir. Xüsusilə, həmin məktəblərdə təməl fənlərin tədrisi ilə yanaşı, vətənpərvərlik istiqamətində də təbliğat işləri artırılmalıdır. 

 

Nazir bu addımı ilə  bu qəbildən olan  məktəblərə xüsusi diqqətin olduğunu göstərdi. Həmçinin,  Qubadlı rayon Hal kənd tam orta məktəbinə gəlib, buradakı “Son zəng” tədbirinə qatılmaqla  məcburi köçkün məktəblərində təhsil alan şagirdlərin diqqət mərkəzində olduğunu əyani şəkildə təsdiqlədi.

 

Nazirin şəxsən özünün  məcburi köçkün məktəblərinə diqqət göstərməsi praktik addımla özünü  bir daha göstərdi.

 

Düşünürəm ki bu, çox təqdirəlayiq addımdır. Nazirlə yanaşı, deputatlar  vətəndaş cəmiyyətinin nümayəndələri də həmin məktəblərə tez-tez üz tutmalıdırlar. Oradakı  maddi texniki bazanın yaxşılaşdırılması müəllim təminatı ilə bağlı ciddi addımların atılması çox vacibdir. Çünki bu məktəblərlə təhsilin səviyyəsinin inkişaf etmiş məktəblərlə eyniləşdirilməsi günün əsas  məsələlərindən biridir”.

 

Deputat Elman Məmmədov isə nazir Ceyhun Bayramovun bu hərəkəti  ilə  ölkə başçısından bir nümunə götürdüyünü qeyd edib:

 

“Cənab Prezident öz ad günlərini, ən əlamətdar günləri həmişə məcburi köçkünlərlə birgə keçirir. Ölkə başçısı xüsusi günləri məcburi köçkünlər yaşayan yerlərdə, məktəblərdə, müəssisələrdə keçirir. Eyni zamanda Birinci Vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyeva da bu ənənəni qoruyur.

 

Təhsil naziri Ceyhun Bayramov da bu ənənəni görür və bundan nəticə çıxardıb.  Arzu edərdim ki, digər məmurlarımız da  bu yolu  davam eləsinlər.

 

Bu gün Milli Məclisin növbədənkənar plenar iclası olduğu üçün mən “Son Zəng” tədbirlərində iştirak edə bilmədim. Amma mən özüm də bunu ənənə halına salmışam və hər il çalışıram ki, bu əlamətdar gündə ya rayonlarda, ya da ki, Bakıda bir-birinə yaxın olan bir neçə məcburi köçkün məktəbində iştirak edirəm. Bu lazımdı, bu stimul verici bir hərəkətdi və eyni zamanda digər məmurlara bir nümünədir.

 

Təhsil naziri Ceyhun Bayramovun məhz  belə bir əlamətdar gündə məcburi köçkün məktəbində iştirak etməsi orda təhsil alan gənclər üçün bir qürürverici bir hərəkə idi. Nazir həmin tədbirdə çıxış edərək məzunlara öz ürək sözlərini çatdırıb, onalara gələcək həyatlarında uğurlar arzulayıb. Bütün bunlar gənclərin gələcək həyatlarına, vətənpərvərlik ruhuna yüksək təkan verəcək.

 

Ceyhun Bayramovun bu jesti dövlət başçısının və onun ətrafında olanların məcburi köçkünlərə olan qayğısını bir daha təsdiq edir. Mən də bunu alqışlayıram”.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?