Modern.az

Dilə, dil quruculuğuna qarşı diplomatiya... - II YAZI

Dilə, dil quruculuğuna qarşı diplomatiya... - II YAZI

Ədəbi̇yyat

18 İyun 2019, 08:51

Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor 


C.Oruell yeni dil konsepsiyasının yaranması ilə bağlı ideyanı irəli sürərkən Kommunist Partiyasının SSRİ-nin yaranmasında həyata keçirdiyi siyasəti nəzərdə tuturdu. Bu siyasətin mahiyyəti belə idi ki, savadsızlıq kütləvi şəkildə ləğv olunmalıdır. Ancaq savadsızlığın kütləvi şəkildə ləğv olunması dedikdə, heç də xalq kütləsini dünya mədəniyyətinin zən­gin­lik­ləri ilə tanış etmək məqsədi hədəf kimi götürül­mə­miş və məqsəd kimi nəzərdə tutulmamışdır. Xalq küt­ləsinin kütləvi şəkildə savadsızlığının ləğvi de­dik­də xalq kütləsinin hakim ideologiyanın təsiri altına sa­lınması, xalq kütləsinin hakim ideologiyanın qu­lu­na çevrilməsi əsas məqsəd kimi götürülürdü. Savad­sız­lığın ləğvi bəsit, primitiv dünyagörüşlü, eyni za­ma­nda birqaydada düşünən insanların formalaş­ma­sı­na xidmət edirdi. Bununla da yeni dil siyasəti dü­şün­cə­nin, dünyagörüşün məhdudlaşması məqsədi güdürdü.


Sözlər, kəlmələr hər hansı bir predmeti, hadisəni bildirir, izah edir. Sözlər, kəlmələr bu cür lüğəvi mə­na­dan başqa, digər sözlərlə əlaqəyə girməyə, bununla da müəyyən hadisələri, əşyaları, predmetləri izah et­mə­yə, şərh etməyə can atır. Ancaq totalitar cəmiy­yət­lər­də həyata keçirilən yeni dil siyasətinin məqsədi söz­ləri, kəlmələri bir predmetə, bir hadisəyə bağ­la­maq­dır. Bu isə insanlarda mübarizlik, fərqli düşün­mək hisslərini öldürmək idi.


Yeni dil siyasətində lüğət tərkibini məhdudlaş­dır­maq, sadələşdirmək totalitar rejimin məqsədinə xidmət edirdi. Bu mənada “1984” adlı romanda yeni dil konsepsiyasının məqsədi “A”, “B”, “C” lüğətləri va­sitəsi ilə daha da açıqlanır. [4, 290-293] “A” lü­ğə­tin­də gündəlik həyatımızda istifadə etdiyimiz sözlər (geyim, məişət, gəzinti və s.-lə bağlı sözlər) əhatə olu­nur­du. [4, 290-291] Bu lüğətdə olan sözlər az səs tər­ki­binə malik olmalı, bir anlayışı ifadə etməlidir. Belə ol­duğuna görə, “A” lüğətində olan sözlər fəlsəfi dü­şün­­cələrə, ədəbi-bədii məqsədlərə cavab vermirdi. Ona görə də “B” lü­ğə­ti ədəbi-bədii, fəlsəfi, siyasi məq­sədlərə xidmət edir­di. “B” lüğətində olan sözlər qı­sa, lakonik, aydın sözlər idi. Bu sözlərdən istifadə edənlər siyasi mövqe tutmağa məcbur olurdular. [4, 292-293]


“B” lüğətinə daxil olan sözlər mürəkkəb söz­lər­dən ibarət olmalıydı. Həmin mürəkkəb sözlər sadə sözlərin birləşməsindən yaranmalıydı. Onların tələf­füzü isə asan və rahat olmalıydı.


“C” lüğəti ancaq elmi və texniki terminlərdən qu­rulurdu. Buradakı sözlərin mənası da totalitar re­ji­mə uyğun gəlməyən mənalardan təmizlənməli idi. [4, 293]


C.Oruell qeyd edir ki, lüğət tərkibi belə olan yeni di­lin qrammatikası da normal dilin qrammati­ka­sın­dan fərqlənməlidir. Ona görə ki, bəsit, sadə lüğət tər­ki­bi dilin qrammatikasına da, qrammatik quruluşuna da öz təsirini göstərir.


C.Oruellinin yeni dil konsepsiyasında lüğət tərkibi linqvistik-məntiqi cəhətdən deyil, sosio-mə­də­ni cəhətdən müəyyənləşir. Bu da totalitar rejimləri birləşdirən ümumi cəhətlərdir.


C.Oruellinin “1984” adlı romanında Müharibə – Sülhdür, Azadlıq – Köləlikdir, Cəhalət – Qüvvədir şüarında dillə bağlı olan məqamların şərhinə ehtiyac vardır. Dil üçün niyə Cəhalət – Qüvvədir? Ona görə ki, Neolit dövrünün sonundan başlayaraq dünyada üç növ – Ali, Orta və Aşağı növ insanlar olmuşdur. Bu növ insanlar arasında dəyişmələr getmişdir. “Onlar öz aralarında dəfələrlə yenidən bölünmüşdülər, say­sız-hesabsız fərqli adlarla dünyaya gəlmişdilər, əsr­dən-əsrə sayları arasındakı nisbət, habelə qarşılıqlı mü­nasibətləri dəyişmişdi. Lakin mahiyyət etibarilə cəmiyyətin göstərdiyimiz düzəni heç bir təbəddülata uğramamışdı. Hətta ən cahanşümul sarsıntılardan, ən qar­şısıalınmaz dəyişik­lik­lər­dən sonra da hara atılma­sın­dan asılı olmayaraq, quruluş–hacıyatmaz oyuncağı kimi öz əvvəlki vəziyyətinə qayıtmışdı.


Adıçəkilən qrupların məqsədləri tamamilə fərq­li­dir...” [1, 207] Dünyaya gələn insanların hansı növdə olması (Ali, Orta və Aşağı) cəmiyyətin düzəninə təsir göstərə bilir. Təbii ki, Ali növdə olanlar cəmiyyətin inkişafına daha yüksək səviyyədə, Orta növdə olanlar bununla müqayisədə nisbətən az, Aşağı növdə olan­lar isə daha az təsir göstərirlər. Bu nisbət cəmiyyətin idarəolunmasında da, insanların bir-birinə münasibə­tin­də də özünü göstərir. Həm idarəolunmada, həm də münasibətdə dilin oynadığı rolu inkar etmək müm­kün deyildir. Ona görə də Ali növdə olanlar Orta növ­də olanlardan, Orta növdə olanlar isə Aşağı növ­də olanlardan dil düşüncəsi baxımından fərqlənirlər. Dil düşüncəsi və dil düşüncəsizliyi ifadələri də bura­dan qaynaqlanır. Heç zaman Aşağı növdə olanlar dil düşüncəsinə mükəmməl yiyələnə bilmirlər, onlar dil qaydalarını pozurlar, dil düşüncəsizliyinə xidmət edir­lər. Bütün cəmiyyətlərdə, bütün dövlətlərdə belələri var və həmişə də olacaqdır. Dil düşüncəsi zəif olanlar, dil düşüncəsizliyinə xidmət edənlər dilin özündə bir cəhalət yaradırlar və həmin cəhalət dilin ziyanına olan bir qüvvəyə çevrilir. Bu mənada “1984” adlı romanda olduğu kimi Cəhalət – Qüv­və­dir şüarının fəlsəfi mahiyyəti ilə razılaşmalı oluruq. Dün­yanın bütün dillərində Cəhalət – Qüvvədir şüa­rının fəlsəfi mahiyyətinə xidmət edən insanlar var və bunun qaşısını almaq mümkün deyil. Ona görə ki, dünyaya həmişə Ali, Orta, Aşağı növdə olan insanlar gəlir və onların hər biri də öz növünün təbiətinə uyğun olaraq həm cəmiyyətə, həm dövlətə, həm bir-birinə, həm də dilə xidmət edirlər. Dilə xidmət de­dik­də dildən istifadə etməkdən başlamış onun zən­gin­ləşməsinə qədər görülmüş bütün işlər nəzərdə tutulur.


Ali, Orta, Aşağı növ insanların məqsədləri niy­yət­ləri fərqli olduğundan onlar üçün fövqəldil və dil məsələsi də məqsədlərinə və niyyətlərinə uyğun qu­ru­lur. Bunu başa düşmək üçün “1984” adlı roman­da­kı bu bədii parçanı başa düşmək zərurəti yaranır: “Bu üç qrupun məqsədləri tamamilə fərqlidir. Ali təbə­qə­nin niyyəti ucaldığı mərtəbədə qalmaqdır. Orta tə­bə­qə yerini Ali təbəqə ilə dəyişmək istəyir. Aşağı tə­bə­qə­yə gəldikdə isə o, daim ağır zəhmət altında əzil­di­yin­dən təsadüfdən-təsadüfə gündəlik həyatın hüdud­la­rından kənara baxmaq imkanı əldə edir və müəyyən məqsəd ətrafında birləşməyi bacaranda bütün ayrı seçkiliklərin aradan qaldırıldığı, hamının bərabər olduğu cəmiyyət haqqında düşünür. Beləliklə, tarix boyu əsas cizgiləri həmişə eyniyyət təşkil edən mübarizə dönə-dönə təkrarlanır”. [1, 223]


Dil üçün niyə Müharibə - Sülhdür? “1984” adlı ro­man­dakı bir məqama diqqət yetirək, sonra bu sua­lın açı­mına keçək. Romanda yazılır: “Dünyanın üç föv­qəl­döv­lətə bölünməsi hələ XIX əsrin ortalarına doğ­ru se­zi­lən və zamanla gerçəkləşən hadisə idi. Ru­si­ya Av­ro­pa­nı, Birləşmiş Ştatlar isə Britaniya İm­pe­ri­ya­sını öz da­xi­lin­də əritdikdən sonra fövqəldövlətlərin ikisi – Avrasiya və Okeaniya yaranmış oldu. Üçüncü fövqəldövlət – İs­ta­siya isə yalnız aradan xaotik mü­ha­ribələrlə dolu on il ke­çəndən sonra vahid ölkə kimi meydana çıxa bildi. Bu üç fövqəldövlət arasındakı sərhədlər bəzi yerlərdə hələ də mübahisəlidir, bəzi yer­lərdə hərb Allahının istəyinə uyğun olaraq dəyişir. Lakin ümumilikdə onlar təbii coğ­rafi sərhədlərə uy­ğun gəlir” [1, 208] Təkcə dünya föv­qəldövlətə, ya­xud da fövqəldövlətlərə bölünmür, həm də dünyanın dilləri fövqəldil və fövqəldillərə bö­lü­nür. Fövqəl­döv­lət­lər arasında isti və soyuq müharibələr getdiyi kimi, fövqəldillər arasında da müharibələr gedir. Onlardan biri digərini üstələmək istəyir. Fövqəl­dil­lər­dən biri digəri ilə müqayisədə işlənmə coğrafiyasını ge­niş­­lən­dir­məyə çalışır. Ancaq fövqəldillər arasındakı bu mü­ha­ribələrin olmasına baxmayaraq, onların hər birinin öz işlənmə coğrafiyası var. Dünyanın coğrafi sər­həd­lərini, daha doğrusu, fövqəldövlətlərin sərhədini də­yiş­mək çətin olduğu kimi, fövqəldillərin işlənmə coğ­ra­fi­ya­sını da dəyişmək çətindir. Ona görə də hə­mişə föv­qəl­dövlətlərin arasında və fövqəldillərin ara­sın­da mü­ba­ri­zə getsə də, nələrin baş verəcəyi haq­qın­da qəti fikir söyləmək mümkün deyildir. Ancaq fakt ondan ibarətdir ki, fövqəldövlətlərin də, fövqəl­dil­lə­rin də arasında ge­dən uzun mübarizəyə baxmayaraq, mövcud coğrafi sər­həd­lərin dəyişməzliyi, demək olar ki, öz yerində qalır. Yenə də “1984” adlı romana mü­ra­ciət edək. Romanda ya­zılır: “Avrasiya Portu­qa­li­ya­dan tutmuş Berinq bo­ğa­zı­na qədər Avropanın bütün şimal hissəsini və Asiya torpaqlarını əhatə edir. Okeaniya Amerika, Britaniya da daxil olmaqla At­lan­tik adaları, Avstralaziya və Afri­ka­nın cənubundan ibarətdir. Müqayisə baxımından föv­qəl­dövlətlərin ən kiçiyi sayılan, qərb sərhədləri hələ tam müəyyən­ləş­mə­yən İstasiyaya Çin və ondan cənub­dakı ölkələr, Yapon adaları, Mancuriya, Monqolustan, habelə Ti­betin böyük, lakin bəzən nəzarətdən çıxan his­sələri daxildir”. [1, 208] Göründüyü kimi, dünyanın üç fövqəldövlətinin – Avrasiya, Okeaniya, İstasiya əra­zi­ləri barədə, torpaqları barədə coğrafi sərhəd gös­tə­rilir. Məhz fövqəldillər üçün də bu cür coğrafi sər­hə­di müəy­yən etmək mümkündür.


“1984” adlı romandakı üç fövqəldövlət ara­sın­da­kı mübarizəni, müharibəni fövqəldillər arasında da müşahidə etmək olur. Romandakı fövqəldövlətlər ara­sındakı müharibə ilə bağlı “Tərkibindəki ərazilər­dən asılı olmayaraq, bu üç fövqəldövlət iyirmi beş il­dən bəridir ki, aramsız müharibə aparır. Müharibə isə artıq XX əsrin ilk onilliklərində olduğu kimi, tam ümidsiz və ölümcül qarşıdurma deyildir. İndiki mü­ha­ribə, əslində, biri digərini məğlub etməyə qadir ol­ma­yan, savaşdan maddi maraq güdməyən və ara­la­rın­da ciddi ideoloji fərqlər nəzərə çarpmayan güc­lərin məhdud məqsədlərlə apardıqları hərbi əməliy­yat­lardır”. [1, 208] “Zorakılıq, soyğunçuluq, uşaq­la­rın öldürülməsi, əhalinin başdan-başa köləyə çevril­məsi, əsirlərə münsibətdə odda yandırmağa və diri-diri torpağa basdırmağa qədər gedib çıxan amansız rəf­tar üsulları, az qala, normal hal sayılır. Bütün bun­lar düşmən tərəfdən deyil, müharibə aparan ölkənin özü tərəfindən həyata keçiriləndə isə hətta təqdir olunur”. [1, 208-209] fikirləri fövqəldillər arasında da özünü göstərir. Bugünkü dünyanın dil mən­zə­rə­si­nə diqqət yetirsək, görürük ki, dillərin arasındakı mü­ha­ribə dövlətlərin arasındakı müharibəni xatırladır.


“1984” adlı romandakı Müharibə – Sülhdür şüarı ilə bağlı bir çox məqamları fövqəldillər arasındakı münasibətə tətbiq etmək olar. Onların bəzilərinə diq­qət yetirək: “Üç fövqəldövlətdən heç birini hətta qalan ikisinin hərbi ittifaqı sayəsində də işğal etmək müm­kün deyil. Onların qüvvələri, təxminən, bəra­bər­dir, təbii müdafiə potensialları isə tükənməzdir. Av­ra­siya özünün intəhasız əraziləri ilə, İstasiya torpaq­la­rının məhsuldarlığı və əhalisinin işgüzarlığı ilə etibarlı mü­da­fiə olunur”. [1, 209] Bu qeyd olunanlar fövqəldillər üçün də eyni qayda­da­dır. Belə ki, föv­qəldillərin bəzilərinin ittifaqı sayəsində başqa birini işğal etmək mümkün deyil. Sadəcə olaraq, föv­qəl­dövlətlərin tam nəzarət edə bilmədiyi mü­ba­hi­səli əraziləri olduğu kimi, fövqəldillərin də boşluq olan hissəsində bu və ya digər manevrlərin baş verməsi təbiidir.


“1984” adlı romandakı başqa bir məqama diqqət yetirək: “Fövqəldöv­lət­lərin heç biri digəri ilə müqa­yi­sədə nəzərəçarpacaq üstünlük qazana bilməmişdir. Amma işin maraq doğuran tərəfi başqadır: bu döv­lət­lərin üçü də indiki axtarışlar nəticəsində əldə edə biləcəklərindən daha güclü, daha dağıdıcı silaha – atom bombasına malikdir”. [1, 216] Eynilə bu və­ziy­yəti fövqəldillərdə də müşahidə etmək olar: fövqəl­dil­lərin biri digəri ilə müqayisədə nəzərəçarpacaq üstünlük qazana bilməmiş, hər biri öz nüfuzunu qoru­yub saxlamışdır. Başqa məqamlar da fövqəldillərə tətbiq olunma baxımından maraqlıdır. Məsələn, “Mü­ha­ribə həmişə sağlam ağılın mühafizəçisi idi. Bu işlə, əsasən, hakim təbəqə məşğul olduğundan hərb də on­la­rın keşiyində daha möhkəm dayanırdı. Müharibəni ya udmaq, ya da uduzmaqdan başqa yol olmadı­ğın­dan heç bir hakim təbəqə özünü məsuliyyətsiz apara bilməzdi”. [1, 220] Fövqəldillər arasındakı müharibə də hansısa dilin udmasından, hansısa dilin uduz­ma­sın­dan başqa yol tapa bilmir. Ona görə də hər bir föv­qəl­dil özünü məsuliyyətli aparır. Ancaq bununla belə, uzun müddət davam edən müharibə öz təhlükəliliyini itirir və sülhə çevrilir. Eyni zamanda daimi sülh də daimi müharibənin eyni olur.


Dil üçün niyə Azadlıq – Köləlikdir? Bu şüarın açımından əvvəl Azadlıq intellektuallıqdırmı? sualına cavab axtaraq. Doğrudan da, hər azad olan insan in­tel­lektual səviyyəyə malikdirmi? Yaxud da intellek­tual səviyyəsi olan hər bir insan azaddırmı? Bəzən azad olan insanın intellektaullığı olmaya bilər, bəzən də intellektual səviyyəsi olan insanın azadlığı olmaya bilər. Belə olanda intellektual səviyyəsi olmayan azad insanı heç kəs qəbul etməyəcək və ona bəzən də­li kimi baxacaqdır. Eyni zamanda intellektual sə­viy­yəsi olan azad insanlara cəmiyyətin də birmənalı münasibətini gözləmək olmur. Bəzən intellektual səviyyəli azad insana cəmiyyət düzgün qiymət verməyə bilər. Bir sözlə, intellektual səviyyəsi olan, yaxud intellektual səviyyəsi olmayan insanın azadlığı ona nə verə bilər? Ola bilsin ki, xoşbəxtlik, ola bilsin ki, bədbəxtlik və köləlik. Yəni azadlığın intellektual və qeyri-intellektual insanlara nə verəcəyini bir­mə­na­lı qəbul etmək mümkün deyil. Bu mənada dildən azad şəkildə, kim necə istəyirsə, o şəkildə istifadə et­mək qaydası nəticə etibarilə dilin ziyanına işləyir. Bu, fövqəldillərə də, adi  dillərə də aid olan bir mə­sə­lədir. Bu gün fövqəldillərdən də, adi dillərdən də öz istədiyi şəkildə, azad şəkildə istifadə edib, onun qay­da-qanunlarını, ruhunu, təbiətini pozanlar var. Belə­lə­ri azadlıq bayrağı altında istifadə etdikləri dilin ru­hunu incidir, təbiətini dəyişir, qayda-qanunlarını pozurlar. Belə olan təqdirdə azadlıq dili kölə vəziy­yə­tinə salmağa xidmət edir. Bu zaman fövqəldillər öz nüfuzunu itirir (məsələn, ingilis dili və onun variant­la­rının yaranması buna sübutdur), adi dillər isə dil düşüncəsizliyi “xəstəliyi”nə tutulur. “1984” adlı ro­ma­nından bircə məqamı xatırlamaqla fikrimizin daha da konkret olmasına önəm veririk. Bu məqam da odur ki, kobud məntiqi səhvlərə yol verməmək özünü­durdur adlanmışdır. Özünüdurdur sisteminə görə, təhlükəli fikirlərin qarşısını almaq üçün beyin­dəki kor nöqtə hərəkətə keçməlidir. Yanlış fikirlər, qeyri-dəqiq fikirlər, qeyri-düzgün fikirlər beyinə yol tapmamalıdır. Ancaq kobud məntiqi səhvlər, onları görməmək, hətta səfehliyin intellekt qədər zərurət olması, “İki üstəgəl iki beşə bərabərdir” tipli ifadə­lə­rin meydana çıxardığı riyazi problemlər, əqli kəndir­baz­lığın tələb olunması [1, 299] azadlığı köləliyə çevirməkdən başqa bir şey deyildir. Bu cür azadlığın dilə tətbiq olunması dil düşüncəsizliyini meydana çıxarır, ayrı-ayrı azad əqli kəndirbazların hesabına dilin öz azadlığını, dilin öz azad təbiətini, dilin öz azad qayda-qanunlarını əlindən alır. Nəticədə azadlıq köləliyə xidmət etmiş olur. Bu gün dünya dillərində belə bir hal narahat doğuran problem kimi möv­cud­dur. Bir daha qeyd edək ki, dünyanın fövqəldillərinin və hər bir dilinin başına oyun açan oyunbazlar ziyanlı işlərindən əl çəkmək barədə fikirləşmirlər.


Beləliklə, yeni dil konsepsiyası ilə dilləri yıx­maq, dil daşıyıcılarını kütlə halına salmaq əsas hədəflərdən biri kimi qarşıya məqsəd qoyulmuşdur. Bu proses totalitar rejimin mövcud olduğu cəmiy­yət­lərdə həyata keçirilmişdir. Milli sözləri, həm də dildə vətəndaşlıq hüququ qazanmış sözləri dəyişdirmək, onların əvə­zin­də bir qisim anlaşılmayan sözlər icat etmək, dilə gətirmək dilin ruhuna, təbiətinə yad olan bir proses kimi mövcud olmuşdur. Bu prosesi dün­ya­nın müxtəlif yerlərində yaşayan millətlər öz dillərinin taleyində necə hiss etdikləri barədə özləri düşün­mə­li­dir­lər.


Dil quruculuğu  prosesi iki istiqamətdə daha çox diqqəti cəlb edir: totalitar rejimin maraqlarına uyğun istiqamətdə və dilin özünün zənginləşməsi istiqa­mə­tin­də. Təbii olaraq belə bir sual meydana çıxır: dil qu­ru­cu­lu­ğu, yaxud dil inqilabı nə üçün lazımdır? Hər şeydən əvvəl, dil quruculuğu, dil inqilabı hər bir cəmiyyətdə ol­malıdır. Ona görə ki, bu olmazsa, onda cəmiyyətdə hə­yata, dünyaya baxış düşüncə səviyyəsi baxımından ge­ridə qala bilər. Cəmiyyətin səviyyə­si­nin yüksəlməsi üçün mövcud vasitələrdən, yollardan biri dil quru­cu­lu­ğunu, dil inqilabını düzgün həyata keçirməkdir. Buna cəmiyyətin özü inkişaf etmək na­mi­nə möhtacdır. Bəlkə də bu barədə çox vaxt fikir­ləş­mirik, ancaq buna möhtac olduğumuzu qəbul et­mək məcburiyyətindəyik. Dil quruculuğu, dil inqilabı dil mədəniyyətinin for­ma­laş­ma­sında cəmiyyətə və onun hər bir üzvünə su qədər, hava qədər, çörək qə­dər lazımdır. Bu lazımlı işin ma­hiy­yəti cəmiyyətə və onun hər bir üzvünə nə qədər ay­dın olarsa, inkişaf, yüksəliş bir o qədər artar. Təbii ki, dil zəngin və milli dil halına gətirilər. Mədəniyyət, elm dili kimi for­ma­laşar. Sözlərin, kəlmələrin başına heç kəs oyun aça bil­məz. Onları yeri gəldi-gəlmədi dəyiş­dir­məz, istə­dik­ləri şəkildə tələffüz etməz və işlətməzlər. Bə­zən sözlərin, kəlmələrin üzərində kimlərsə oynayır, haqqı çatmayan işlərlə məşğul olurlar. Ancaq unudurlar ki, sözlər, kəlmələr millətindir və millət öz dühasının yaratdıqlarını dəyişdirməyə heç kəsə haqq vermir. Xal­qın dühasının yaratdığı zəngin dilə, millətin dilinə hör­mət etmək, bu dildən düzgün istifadə etmək hər bir kəsin borcudur.


Ədəbiyyat:

 

  1. Nihat Sami Banarlı. Türkçenin sırları. İstanbul, Aralıq 2015, 317 səhifə.
  2. Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti. 1-ci cild. A-L. Bakı, “Şərq-Qərb”, 2013, 408 səhifə.
  3. Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2006, 744 səhifə.
  4. Mir Cəlal. Ədəbi tənqid (1931-1974). “Zərdabi-Nəşr” MMC Nəşriyyat Poliqrafiya müəssisəsi, Bakı, 2018, 520 səhifə.

 

SON...

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır