Modern.az

Bakı-Məşhəd marşrutu üzrə razılıq əldə olundu

Bakı-Məşhəd marşrutu üzrə razılıq əldə olundu

18 İyun 2019, 13:42

 

Bakı-Məşhəd müntəzəm sərnişin daşıma marşrutunun açılmasına dair razılıq əldə edilib.

Bu barədə Modern.az-a Dövlət Avtomobil Nəqliyyatı Avtomobil Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib.

N.Allahyarova qeyd edib ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında 2002-ci ilin may ayında Tehran şəhərində imzalanmış “Beynəlxalq avtomobil daşımaları haqqında” Sazişin 13-cü bəndinə əsasən beynəlxalq avtomobil əlaqələri sahəsində Birgə Komissiyanın növbəti iclası 2019-cu ilin iyun ayında Bakı şəhərində keçirilib:

 

“Görüşdə Azərbaycan nümayəndə heyətinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, İran nümayəndə heyətinə Yol və Şəhərsalma Nazirliyinin Yol və avtonəqliyyat departamentinin tranzit və sərhəd-keçid məntəqələri ilə iş üzrə baş idarəsinin rəisi cənab Mənuçehr Salmanzadə rəhbərlik edib.

 

İclasda Azərbaycanla İran arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, ticarət əlaqələri üzrə və hər iki ölkənin avtodaşıyıcıları tərəfindən "İcazə" blanklarının istifadəsi ilə bağlı statistik məlumatların mübadiləsi və kontingenti barədə, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, 2019-cu ildə daşımaların həyata keçirilməsi üçün istifadə olunan "İcazə" blanklarının kvota sayı, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər müzakirə edilib.

 

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov son illər ölkəmizdə irimiqyaslı islahatların həyata keçirilməsindən, respublikamızın beynəlxalq aləmə inteqrasiyası istiqamətində əldə edilən irəliləyişlərdən, o cümlədən Azərbaycan ilə İran arasında ikitərəfli əlaqələrdən, həmçinin yol-nəqliyyat strukturundakı yeniliklərdən, həyata keçirilən iri regional layihələrdən danışıb. Həbib Həsənov qeyd edib ki, 2018-ci ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ticarət dövriyyəsi 446 mln. ABŞ dolları təşkil etmişdir ki, bu da 2017-ci il ilə müqayisədə 74% artıq olub”.

Onun sözlərinə görə, ikitərəfli görüş zamanı əldə edilən ən vacib razılıq "Bakı-Məşhəd" müntəzəm sərnişin daşıma marşrutunun açılması və Azərbaycan Respublikasında qeydiyyatda olan yük nəqliyyat vasitələrinin İran İslam Respublikasının ərazisinə yüksüz daxil olması üçün tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması barədə olub.

 

Yuxarıda qeyd edilən məsələlər, həmçinin reqlamentdə nəzrədə tutulan aidiyyəti üzrə digər aktual məsələlər də müzakirə edildikdən sonra nümayəndə heyəti arasında müvafiq Protokolun imzalanması ilə “Azərbaycan-İran Qarışıq Komissiyası”nın növbəti iclası öz işinə yekun vurub. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır