Modern.az

Məleykə Abbaszadənin sinif yoldaşı: “Onu maşın vurduğunu eşidəndə çox həyəcanlandıq” - MÜSAHİBƏ

Məleykə Abbaszadənin sinif yoldaşı: “Onu maşın vurduğunu eşidəndə çox həyəcanlandıq” - MÜSAHİBƏ

18 İyun 2019, 15:18

Azər Mehdiyev: “Məleykə xanımın ad günündə həmişə atəşfəşanlıq olardı, səbəb isə...”

 

- Üstündən illər keçib. Yaddaşınızda necə qalıb?

 

“...49 il əvvəlin qızıl medalçısı, sinfin lideri kimi... Çox intizamlı idi. Boynuma alım ki, məndən də çox... Həmişə bizdən bir addım öndə olub. Elə o vaxtdan heç vaxt güzəştə getməzdi. Həqiqəti sevən insandır. Elə öz həqiqətlərinin ardınca inadla getdiyinə görə, uğur qazandı...”

Demək olar, hər şagirdin tələbəliyə gedən yolu onun məktəb illərində formalaşan intellektual nüfuzu və təşkilati səlahiyyətlərindən keçir. Məhz bu amillər bu günün şagirdini sabahın aktiv tələbəsi kimi formalaşdırır.

 

Modern.az xəbər verir ki, yazının əvvəlindəki qeydlər AzEdu.az-ın “Sinif yoldaşı” layihəsinin budəfəki qəhrəmanı Dövlət İmtahan Mərkəzinin Direktorlar şurasının sədri Məleykə Abbaszadəyə aiddir.

Sinif yoldaşı Azər Mehdiyev Məleykə xanım haqqında söhbətə məhz həmin etiraflarla başlayır...

 İndi də Məleykə Abbaszadənin televiziya kanallarındakı çıxışlarını görəndə onu belə xatırlayır:

“Məleykə xanım pioner qrupunun rəhbəri idi. Hələ o vaxtdan çox böyük hörməti vardı. Yadımdadır, səsi elə gözəl, aydın idi ki... Kütlə qarşısında çıxış edəndə ən sonuncu sıralardan belə eşidilirdi”.

 

“Universitetə bir şərtlə qəbul oluna bilərdim: atam işdən çıxmalı idi”

 

Azər Mehdiyevin 65 il əvvəl tanıdığı sinif yoldaşını məhz səsi ilə xatırlaması təsadüfi deyil. O, respublikanın yeganə rəsmi foniatrıdır (səs tellərini müayinə edən həkim). Ölkənin tanınmış ifaçılarının səs tellərini müayinə edir. Dediyinə görə, onun rəyi ilə ən tanınmış müğənnilərin belə konsertləri ləğv oluna bilər.

Sinif yoldaşı haqda danışmazdan öncə ondan özü barədə də bir qədər məlumat verməsini rica edirik. Hekayəsinə 49 il əvvəlki balaca oğlanın – yəni, Məleykə xanımla eyni sinifdə oxuyan Azərin - ən böyük arzusundan

“Valideynlərim həkim idi. Atam indiki Azərbaycan Tibb Universitetində dərs deyib. Anam isə müharibə vaxtı cərrah olub. Uzun müddət Çexoslovakiyada işləyib.

Həkim ailəsində böyüməyimə baxmayaraq, seçimim çox qəribə oldu. Aviakonstruktor olmaq istəyirdim. Amma qaydalara görə, ziyalı ailələrinin övladlarını bura qəbul etmirdilər. Atam rəhmətlik məni çağırıb dedi ki, “Azər, bilirsən, nə var? Dağı dağ üstünə qoyma. Özün hər şeyi gözəl bilirsən”. Uzun – uzun düşündüm: ingilis dilini bilmədiyimə görə, Xarici Dillər Universitetinə, ziyalı ailəsindən olduğuma görə isə Jurnalistika və Şərqşünaslığa qəbul oluna bilməzdim. Yerdə yalnız tikinti sənayesi, texniki sahələr qalırdı. Tibb Universitetinə qəbul edilə bilərdim, amma bir şərtlə: atam işdən çıxmalı idi. Rektorla danışıb ərizəsini yazdı. Elə həmin il o universitetə daxil oldum.

Bəlkə də, indi mənə çox ehtiyac var, aid olduğum yerdəyəm. Amma həkim çox, əsl konstruktor isə azdır. Dönüb geriyə baxanda ağlıma yüz şey gəlir. Amma bircə kəlmə deyə bilirəm : “Qismət””

Dediyinə görə, sinif yoldaşını-Məleykə Abbaszadəni belə səlahiyyətli işdə görmək onun üçün heç də gözlənilməz olmayıb. Məleykə xanımın illər əvvəl nümayiş etdirdiyi liderlik bacarığı hələ o vaxtdan bunu deməyə əsas verirdi. Bütün deyilənlərə isə  189 nömrəli orta məktəb şahidlik edib:

“Məleykə xanımın ata soyadı Mustafayeva idi. Məktəbdə o kiçik, qarabəniz qızı bu adla tanımışam. Elə indi də kimsə Məleykə Abbaszadə deyəndə mənə qəribə gəlir. Düzü, I-II siniflərdə onlarla oxumamışam. Amma əminəm ki, elə ilk sinifdən sonacan qiymətləri “5” olub. Sonradan nədənsə məktəbini dəyişdi. Əlaçı olmaqdan əlavə, ictimai işlərdə də çox aktiv idi.

İlk 2 sinfi Hindistanda oxumuşam. Bakıda anadan olsam da, atamın işləri ilə əlaqədar Hindistana getmişdik. Orada xeyli rus vardı. Mənsə, “pioner”, “kommunizm”, “Moskva” sözlərindən başqa rus dilində bircə kəlmə də bilmirdim. (gülür) Azərbayacan dilində tərbiyə almışdım. Düzü, əvvəl orada bizi də “rus” adlandırırdılar. Sonradan öyrəndilər ki, SSRİ-də bizim kimi bir xalq yaşayırmış”.

Azər həkim sonradan təhsilini Azərbaycanda davam etdirməli olur. Elə həmin il Məleykə Abbaszadə ilə sinif yoldaşı olur. Deyir ki, 189 nömrəli məktəb mərkəzdə yerləşdiyinə görə, bütün ziyalıların övladları burada oxuyurmuş. Məleykə xanımla dostluğunun necə yaranmasını soruşanda isə Azər bəyin cavabı belə olur:

“O vaxt dostu vəzifəyə görə seçmirdik ki… Kimi tanıyırdıq, onunla dostluq edirdik”.

 

Azər həkim bir qədər düşünüb, sonra yenə davam edir... Sanki yaddaşını vərəqləyir, İllər əvvəlin hekayəsini istədiyi andan danışmaq, xoş xatırlamaq istəyir:

“Yadımdadır, müəllim otağa daxil olub şagirdləri yerləşdirdi. İl boyu hərə bir yerdə əyləşirdi. Mən isə gözlərim zəif  olduğuna görə, ön sırada otururdum. Həmişə düşünürdüm ki, görəsən, arxa partada əyləşənlər lövhəni necə görə bilirlər? Sonradan bildim ki, görmə problemim var imiş. (gülür) Arxada əyləşəndə də icazə alıb gələr, lap qabaqdan lövhəyə baxardım. Məleykə isə harda oturmasından asılı olmayaraq, eynək taxardı”.

 

“Azərbaycanca ilk rok musiqini bizim qrup ifa edib” 

 

Oxuduqları sinifdə bütün uşaqlar ziyalı ailəsindən olublar. Dövrün ənənələrinə görə, ziyalı övladları musiqiyə gedirdilər. Məleykə xanım da bu ənənədən geri qalmayıb. Azər həkim isə onunla müqayisədə ənənəyə daha sadiq qalmağı bacarıb. Ağ xalatına sarılsa da, musiqinin notları bir an da qulağından getməyib. Elə onun iş otağının dekorasiyası da illərin gizlətdiyi istedadından xəbər verir: musiqi ilə tibbin vəhdətindən…

“Tibb Universitetində oxuyanda təsadüfən tələbələr arasında keçirilən bir rok musiqi festivalı barədə xəbər aldım. 11 illik musiqi məktəbinin bitirsəm də, təhsilim məni notlardan bir qədər ayırmışdı. Ona qədər heç bir işimi yarımçıq qoymamışdım. Həmin festivalda bildim ki, oradakıların çoxundan yaxşı ifa edirəm. Beləcə yenidən rok cameəsinə düşdüm, sənətkarlarla tanış oldum. Azərbaycan dilində ilk rok musiqini də elə bizim qrup ifa etdi: “Qaya” qrupu… Dahi musiqiçilər gəlib bizim məşqlərə qulaq asırdılar. Flora Kərimova və Yalçın Rzazadə bizim solistlərimiz olub. Nə vaxtsa Tofiq Quliyev, Şövkət Ələkbərova kimi insanlarla oturub-durduğuma görə, özümü çox xoşbəxt hesab edirəm. Yadımdadır, o vaxtlar həmişə düşünürdüm ki, kaş, yanımda bir diktofon olardı, bu dahilərin səsini yazardım”.

 

“Onun bütün doğum günlərində atəşfəşanlıq görmüşük”

 

Azər həkimdən Məleykə xanımla bağlı məktəb xatirələrini, aralarında keçən dialoqları danışmasını xahiş edirik:

“Aramızdakı heç bir kiçik dialoq belə yadımda qalmayıb. O vaxt bilsəydim ki, mənə bu sualı verəcəksiniz, yadda saxlamağa çalışardım. Ehhh… Hardadır əvvəlki yaddaşım…

Hə yadıma düşdü…

Bilirsiz də Məleykə xanım fevralın 23-də anadan olub. O vaxtlar həmin tarixdə Sovet ordusunun yaranmasını atəşfəşanlıqla qeyd edirdilər. Zarafatla deyirdim ki, Məleykə, bu atəşfəşanlıq sənin şərəfinədir. Onun bütün doğum günlərində atəşfəşanlıq görmüşük.

Eyni sinifdə oxumaq az deyilmiş kimi, müəyyən müddət bir partanı da bölüşmüşük.

Bir gün isə eşitdik ki, onu maşın vurub. Həyəcan keçirdik. Bir müddət dərslərdə iştirak edə bilmədi. Adam var ki, dərsə gəlməyəndə heç yada düşmür. Amma onun yeri əməlli-başlı görünürdü. Çünki həmişə göz önündə və aktiv idi”.

 

“Ona oxşamaq istəyirdim”

 

O, sinif yoldaşının liderlik qabiliyyətini dəfələrlə vurğulayır:

“Özünə qarşı tələbləri vardı. Hər kəsdə özünə hörmət yaratmışdı. Belələri çox az olur. Özünə də şərtlər qoymuşdu: Ya hər şeyin yaxşısını etməliyəm, ya da heç nə etməməliyəm. Heç vaxt orta səviyyədə qərarlaşmaz, həmişə hər şeyin ən yaxşısını bacarmalıdır. Bu, çox xoşum gəlirdi. Ona oxşamaq istəyirdim. Liderlik qabiliyyəti Məleykə xanıma uğur qazandırırdı. Düzgün qərarlar verir, qəti hərəkət edirdi: “Kimin xoşuna gəlmirsə, gəlməsin, “Mən beləyəm” deyişmiş kimi qəti...

Çox ciddi idi. Hələ onu zarafat edən görməmişəm. Bəlkə də olub, amma bizimlə məsafəli idi. Zamanını dəyərləndirər, boşluğa yol verməzdi. Həmişə nəsə etməyə hazır idi”.

 

“Kimə aman verərdi ki, onu dərslərdə qabaqlasın?”

 

Ən çox sevdiyi fənlərə gəlincə isə…

“Bütün fənləri sevərdi. Nə danışırsınız? Kimə aman verərdi ki, onu qabaqlasın? Fikrimcə, heç çətinlik çəkdiyi fənn də yox idi. Ola bilər, rəsm, musiqi kimi dərslərdə kimsə Məleykədən üstün olsun. Amma zehni fənlərdə, qətiyyən!

Məleykədən qəfil çoxdan keçirilmiş dərsi soruşsan, rahatlıqla cavablayardı. Sinifdə ən yaxşı oxuyan o idi. Bəzi uşaqlar yalnız ixtisaslarına uyğun fənləri oxuyardılar. Amma mən indiyəcən Astronomiya, Poleologiya oxuyuram. Coğrafiya isə ən sevimli fənnimdir. Nə olsun ki, həkiməm? Məleykə də belə idi…

Bizdəki qısqanclıq deyil, rəqabət idi… Sağlam rəqabət… Paxıllıq yox idi. Yadımdadır, qonşuluqdakı 2 yəhudi qız medal alandan sonra düşündüm ki, onlar bunu əldə edə  bilibsə, niyə də mən bacarmayım. O vaxtlar Azərbaycanda müxtəlif xalqların nümayəndələrinin yaşaması bu rəqabəti daha da artırırdı. Məleykə xanım həmişə deyərdi ki, başa düşmürsənsə, otur yarım saat çox kitab oxu. İndi mənə dəhşətli gəlir. Axı, oxumadan necə dərsə getmək olar? Biz bunu ayıb bilərdik. Geyimdə hamımız eyni idik. Yalnız biliyə görə yarışardıq. Kimin kasıb, kimin varlı olmasının heç bir fərqi yox idi”.

Azər həkimin sözlərinə görə, sinif yoldaşının riyazi bilikləri çox güclü olub:

“Müəllim misalı lövhədə yazıb qurtarmamış, Məleykə xanım çoxdan həll edib bitirirdi. Bir Məleykə, bir də onunla eyni binada yaşayan Vaqif adlı oğlan,  ikisi də Riyaziyyatdan çox güclü idilər”.

Gözlərini divara zilləyib, bir qədər qıyır. Nəyisə xatırlamağa çalışırmış kimi susduqdan sonra davam edir:

“İkinci parta… Səhv etmirəmsə, ikinci partada əyləşirdi. Hərdən yerlərimizi dəyişərdik.

Çox gözəl müəllimlərimiz vardı. Sakitlik, mehribanlıq, dərsi izləmək... Nəyə desən, dəyərdi…

O illər tam başqa idi. Mənim övladlarım da təhsil alıb. Amma o vaxtkı mühit hara, indiki hara... Sinifdə milçək uçsa, səsi eşidilərdi. Oturuşumuza belə diqqət edərdilər, əyilmək olmazdı. Biz də uşaq olmuşuq, yeri gəlsə, dəcəllik də etmişik. Amma hər şeyin qaydası var. Bizim üçün bilik birinci gəlirdi.

Uşaqlar gecəyəcən futbol oynayardılar. Təəccüblənərdik ki, axı, gecədir, qaranlıqdır. Heç topu görə bilmirsiz. Dərslərinizi nə vaxt hazırlayacaqsız?

Mən dərsdən əlavə musiqi ilə məşğul olurdum. Gündə 7 saat məşq edirdim. Valideynlərim heç vaxt deməzdilər ki, dərsini oxu. Şəxsi məsuliyyətimə güvənirdilər. Şagird məsuliyyətini özü daşımağı öyrənməlidir. Məleykə xanım da, mən də həmişə məsuliyyətimizlə seçilmişik”.

Onun sözlərinə görə, Məleykə Abbaszadənin müəllimləri ilə çox yaxşı münasibəti olub. Heç vaxt aralarında konflikt yaşanmayıb:

“Onsuz da, o vaxtlar müəllimlə konflikt mövcud deyildi. Mən mübahisənin nə olduğunu indi bilirəm. Axı, bir şagirdin müəllimlə nə konflikti ola bilər?! Müəllim də öhdəsinə düşəni etməlidir. Dünyada küt şagird yoxdur. Düzgün öyrədilməyən uşaq var”.

 

“İmtahanlarda heç kimdən kömək ummurdu”

 

Dövlət İmtahan Mərkəzinin qaydalarına əsasən, köçürmə hallarına yol verən abituriyentlər imtahandan kənarlaşdırırlar. Maraqlıdır, Məleykə xanımın özü imtahanlarda kimdənsə kömək istəyib?

“Ona kömək lazım deyildi. İl ərzində dərslərini oxuyur, imtahanlarda heç kimdən kömək ummurdu. Heç buna ehtiyacı da yox idi.

Əksinə, biz dərslərindən geri qalmış 2-3 şagirdə kömək edirdik. Məsələn, oxuduğum sinifdən 2 nəfər bizim evə gəlir, məşğul olurduq. Anam əvvəlcə bizi özü yedirdər, sonra isə dərslərə başlayardıq. İndi üçün yad olan xeyli dəyərlər var idi…”

 

“Dostları da ziyalı ailələrin övladları idilər”

 

Onun məktəb xatirələrinin arasında böyük, geniş bir kitabxana da yer alır. Bu kitabxana, Məleykə xanımın uşaqlığının keçdiyi evdə yerləşir:

“Düzü, o kitabxanadan bizdə də vardı. Amma kitabların 99%-i tibbə aid idi. Ona görə də oxuduğum kitabları əldə etmək üçün kitabxanalara gedirdim. O vaxtlar kitab tapmaq bilirsiz nə idi? Çox çətin iş idi.

Məleykə xanımgilin evində az olmuşam. Amma yadımdadır, çox sadə ev idi. Ümumiyyətlə, sadə ailə idilər. Hələ evlərində dəbdəbəli nəsə görməmişəm.

Şahmat klubunun üstündəki evi deyirəm… Yalnız doğum günlərində qonaq gedərdik.

Bilirsiz, Məleykə xanım biraz başqa adam idi. Hər adamla dostluq etməzdi. Liderlik bacarığı onu sinif yoldaşlarından ayırmırdı. Sinifdə 2-3 qızla yaxınlıq edərdi. Dostları da ziyalı ailələrin övladları idilər. Ən yaxın dostu Süsən Məlikova idi”.

 

“Birgə futbol oynamışıq”

 

Sinif yoldaşı Məleykə xanımı illər ərzində tanısa da, hər hansı xüsusi istedadının şahidi olmayıb:

“Amma qardaşı Mustafa istedadlı idi. Yadımdadır, musiqini xoşlayar, mən ifa edəndə qulaq asardı. Yaşca məndən kiçik idi.

Ailə üzvlərini xatırlayıram. Yaxşı münasibətlərimiz olub. Bacısı Rəna, rəhmətlik qardaşı Mustafa… Yaşca kiçik olsalar da əlaqəmiz vardı. Birgə futbol oynamışıq.

Atası vəzifə sahibi, hörmətli adam idi; dövlət komitəsinin sədri olub. Öz xüsusi maşınları olurdu. Anası isə işləmirdi. Həmişə onu evdar, zəhmətkeş, mülayim xanım kimi bilmişəm.

Sonradan Məleykə xanım Moskvaya gedib, orada elmi iş müdafiə etdi, həyat yoldaşı ilə tanış oldu.  İki gözəl balası dünyaya gəldi. Onları çoxdan, hələ 7 yaşları olanda görmüşəm. Əkiz olsalar da, bir-birilərinə heç bənzəmirlər. Onların xətri mənə çox əzizdir. Sonra eşitdim ki, Nərgiz xaricdə təhsil alıb. Həmin balaca qızı “Avroviziya”da aparıcı görəndə təəccüblənmişdim. Nə tez böyüdülər…”

 

“Məleykə xanıma dəfələrlə demişəm ki, testin əleyhinəyəm”

 

Azər həkim danışdıqca hiss olunur ki, yaddaşı korşalsa da, bəzi xatirələr onu tərk etmir. Həmin xatirələrdə o dövrün - məktəb illərinin saflığı, səmimiyyəti yer alır:

“Bilirsiz, onda cəmiyyət başqa idi. Elə bil, getdikcə pisləşirdi. Mən rüşvəti III-IV kursda oxuyanda tanıdım. O vaxtacan nə rüşvət?! Adını belə bilmirdik. Atam müəllimimə deyirdi ki, Azər yanına gələcək, ona çoxlu sual ver, gör nə bilir. İndi hamısını test ediblər. Məleykə xanıma dəfələrlə demişəm ki, testin əleyhinəyəm. Bu, yalnız sınaq üçün yaxşıdır. Amma onu əsas bilik kimi nəzərə almaq, mənasız suallar salmaq düzgün deyil”.

Ondan sinif yoldaşı ilə sonuncu görüşlərini xatırlamasını rica edirik:

“Sonuncu dəfə məni və dostu Süsən xanımı Buzovnadakı evinə qonaq çağırmışdı. Bizi yaxşı yedizdirdi. (gülür) Orada qardaşı, bacısı ilə də görüşdüm. Övladlarımızdan, ailəmizdən danışdıq. Üstündən illərin ötdüyü hiss olunurdu…”

 

- Sinif yoldaşınıza nə arzu edirsiniz? İllər sonra yenidən onun haqda danışsanız, nələrin dəyişməsni istərdiniz?

 

“Atam deyərdi ki, vəzifəni çox fikirləşmə. Bunlar müvəqqəti şeylərdir. Bəlkə də gün gələcək, sənin tibb elmləri namizədi olmağın heç kimə lazım olmayacaq. İndiki kimi… Heç kimə lazım deyiləm…

Amma Məleykə xanıma işində daha da irəliləməyi, hər zaman indiki kimi lazımlı olmağı arzu edirəm…. Çox, sağlam, gümrah yaşasın…”

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi