UEFA-nın keçmiş prezidenti Mişel Platini həbsdən azad olunub. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 12 saat davam edən sorğu-sualdan sonra sərbəst buraxılıb.
Ondan 2016-cı il Avropa çempionatının və 2018-ci il Dünya Çempionatının keçirilmə şərtləri və qaydaları barədə məlumat alınıb.
Platinin saxlanılmasını 2022-ci il Dünya Çempionatının ev sahibi seçkisi ilə əlaqələndirirlər. Söhbət Qətər dövlətinin ev sahibliyi edəcəyi turnirdən gedir.
Fransız funksioner korrupsiya ittihamlarını yalan adlandırıb.
Həmin işlə bağlı 2015-ci il oktyabrın 8-də bir qrup FİFA rəhbəri həbs olunub. FİFA-nın Arbitraj Palatası bu işlə bağlı Platinini 8 illik diskalifikasiya etmişdi. Mişel Platini 2016-cı il sentybarın 14-də UEFA-nın prezident postundan gedib.
Xatırladaq ki, Mişel Platini 1984-cü ildə Fransa yığma komandası ilə birlikdə Avropa çempionu olub. “France Football” nəşri onu XX əsrin ən yaxşı fransız futbolçusu elan edib. Fransa millisinin heyətində o 41 qola imza atıb.