Modern.az

Uşaqlarda nitq PROBLEMİ – daha çox oğlanlarda olur…

Uşaqlarda nitq PROBLEMİ – daha çox oğlanlarda olur…

20 İyun 2019, 09:44

Hazırda bir çox valideynlərin ən çox şikayətləndiyi problemlərdən biri uşaqlarda gec yerimə və gec danışma ilə bağlıdır.

 

Bu barədə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının nevroloqu, Ümumdünya Nevroloqlar və Tibbi-genetiklər Assosiasiyasının üvü Nuran Əmənullayev Modern.az-a açıqlamasında bildirib ki, uşaqların sağlamlıq vəziyyətini qiymətləndirən zaman onlarda nitqin və yerişin inkişafını dəyərləndirmək lazımdır.

 

“Belə ki, artıq 1 yaşında uşaqlar addım atmağı bacarmalı və bir neçə sözü təkrarlaya bilməlidirlər. İki yaşın sonunda isə onlar sərbəst gəzməklə yanaşı daha mürəkkəb və incə hərəkətləri edir. Məsələn. pilləkənlə düşüb-qalxmaq, sağaxay uşaqlar sağ əllə, solaxaylar isə sol əllə daha çətin işləri icra etmək, və s kimi.

 

Həmçinin söz ehtiyyatları çoxalmış olur, kəlmələr və cümlələr qururlar. Artıq 2 yaşda ifadəli və 3 yaşda isə əlaqəli nitqin formalaşmaması onlarda nitqin inkişafdan qalmasını göstərir”.

O bildirib ki, anadangəlmə karlıqla doğulan uşaqlarda nitq aparatı zədəli olmasa da, onlar sözləri eşidib təkrar etmədikləri üçün, yalnız səslər çıxara bilirlər. Amma nitq ünsiyyətləri olmağı üçün bu hal lallıqla nəticələnir.

“Nitqin ləngiməsinə daha çox oğlanlarda olmaqla 3-10 faiz uşaqlarda rast gəlinir. Əsas səbəblər kimi bətndaxili infeksiyaları, doğuş zamanı asfiksiyaları, doğuş travmalarını, doğuşdan sonrakı dövrlərdə beynin infeksion xəstəliklərini, peyvənddən sonrakı ağırlaşmaları və s. göstərmək olar. Sadalanan bu hallar yerişin də inkişafının ləngiməsinə səbəb olan əsas patologiyalardır. Çünki bu zaman beyin toxumasında zədələnmə baş verir.

 

Nitqin və yerişin ləngiməsinin digər səbəbi kimi irsiyyəti və genetik faktorları göstərmək olar. Belə ki, bəzi ailələrdə doğulan uşaqlar adətən onların nəslindəki əksər uşaqlar kimi gec danışır və gec yeriyirlər. Son zamanlar nitqin gecikməsində loqopedlərin, uşaq nevroloqlarının və uşaq psixoloqlarının xüsusilə vurğuladığı ciddi səbəblər arasında valideynlərin körpələrlə az ünsiyyəti, erkən vaxtlardan uşaqların smartfon və televizor qarşısında çox vaxt keçirmələri, ailədaxili münaqişələr, stress hallar, uşaqlara qarşı psixi və fiziki zorakılıq vəziyyətləri də yer alır.

 

Mütəxəssislərin fikrincə, bu hallar eləcə də, uşaqların psixi inkişafılarına da ciddi mənfi təsir göstərir. Yerişin ləngiməsinin ciddi səbəbləri kimi beyin toxumasının zədələnməsi ilə nəticələnən, yuxarıda qeyd edilən patologiyalardan başqa, çox vaxt irsi xəstəliklər olan sinir-əzələ xəstəliklərini (əzələ distrofiyaları), eləcə də, doğuş anomaliyalarını, sümük-oynaq sisteminin xəstəliklərini, kalsium və vitamin D çatışmazlığını, maddələr mübadiləsinin pozulmalarını, erkən yaşlardan fiziki inkişaf tərbiyyəsinin aşılanmaması kimi bir çox amilləri misal çəkmək olar”.

 

Həkim qeyd edib ki, ümumiyyətlə həm yerişin, həm nitqin, həm də psixi funksiyaların normal inkişafı üçün uşaqlar vitamin və minerallarla zəngin təbii qidalarla bəslənməli, onlarla canlı ünsiyyətə vaxt ayrılmalı, həyatın ilk vaxtlarından başlayaraq onların fiziki tərbiyyəsinə önəm verilməlidir.

 

“Övladlarında nitqin və yerişin ləngiməsini hiss edən valideynlər mütləq vaxtında pediatra, uşaq nevroloquna və zərurət olduqda loqopedə, psixoloqa və ortopedə müraciət etməlidirlər. Gecikmədən, tez başlanmış müalicə-profilaktika tədbirləri daha effektiv və gözəl nəticələrin alınmasına kömək edir” .

 

Nuranə DAXİLQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir