Bu il də yay ayları özünəməxsus dəbi və geyim formları ilə fərqlənəcək.
Mövsümün fərqli geyim özəllikləri və gündəmdə olacaq rəngləri ilə bağlı Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış modelyer-dizayner Gülnarə Xəlilova Modern.az-a danışıb.
Modelyer bildirib ki, son illər hansısa bir rəngin önə çıxması çox az hallarda baş verir.
“Bir neçə ildir ki, bir çox rənglər öz aktuallığını qoruyub saxlayır. Məsələn, sarı qəhvəyi, mavi, portağal rəngi gündəmdədir. Geyim parçalarına daha çox şəxsi istəyə, şəxsi yaradıcılığa uyğun rənglər əlavə etmək olar. Yəni parçanın üzərinə istədiyimiz naxışı çəkə, rəngləyə bilərik. Pambıq, kətan, ipək, süni parçaların parıltılı, şəffaf eyni zamanda həcmli olanları dəbdədir. Həyatımızın ayrılmaz hissəsi olan cins parçalar da bu mövsüm gündəmdə olacaq. Geyimlərdə səliqəsiz bir formatda mozaik görüntü yaratmaq da maraqlı görünə bilər”.
Gülnarə Xəlilova geyim üslublardan danışarkən qeyd edib ki, yeni romantika, ekzotik görüntülər, mərasim və rəqs geyimlərini xatırlardan üslublar gündəmdədir.
“Romantik üslubu biz daimi olaraq ad günü, ziyafət, toy mərasimlərində istifadə edirik. Dərilərdən, fərqli, yumşaq olmayan fakturalardan hazırlanmış geyimlər aktual olacaq. Parıltı çox gündəmdədir. Geyimin üzərində güzgü parçalarından, muncuqlardan istifadə etmək olar ki, bu da artıq dizaynerin fantaziyasından asılı olan bir şeydir. Bununla yanaşı, soyuq tonlar da istifadə olunacaq.Ümumiyyətlə, bir çox rənglərdən kompüter qrafikası üslubunda olan geyimlər hazırlanır ki, bu geyimlərdə də çox xırda naxışlardan istifadə ediləcək. Zolaqların, damaların geyim üzərində qeyri-adi yerləşdirilməsi maraqlı görüntü yaradacaq.
Dizaynerlər insanın boşluqda olmasını məsələn, səhrada və s. kimi yerlərdə olduğunu xatırladan üslubda geyimlər hazırlayacaq. “Qadın gimnaziyası” adlanan üslub var ki, burada da qadınlarımız qlalstuk, ya da boyunluqdan istifadə edərək maraqlı obraz yarada bilər. Bu fəsil çanta və ayaqqabılarda da qeyri-adi formalaradan istifadə olunması dəbdə olacaq”.
Əzizə Zeynal