Modern.az

Məhbəsin sındıra bilmədiyi MÜCAHİD

Məhbəsin sındıra bilmədiyi MÜCAHİD

Reportaj

22 İyun 2019, 13:51

Ramazan SİRACOĞLU
 

Nola qılsam tərki-mey, minnət qılıb zahidlərə,

Neylərəm mey nəşəsin, mən kim, sənin heyraninəm. ( Füzuli )


Milli azadlıq hərəkatının lideri, Azərbaycan Demokratik Cümhuriyyətinin siyasi varisi Azərbaycan Respublikasının sabiq Prezidenti Əbülfəz Elçibəy keçən əsrin 70-ci illərindən bu günədək ictimai-siyasi gündəmdə öz mövqeyini qoruyub saxlamaqdadır. Onu tanıyıb bilənlər, sevənlər, təqdir, tənqid, təhqir edənlər, hətta Elçibəy adını qısqanclıqla qarşılayanlar arasında həm özümüzdən olanların, həm də başqalarının sayı -hesabı bəlli deyil. Lakin əminəm ki, sevənləri, təqdir edənləri, ardıcılları ona nifrət bəsləyənlərdən dəfələrcə çoxdur. Bu yazının məqsədi, Roma hüququnda təsbit olunduğu kimi, “ad narrandum, non ad probandum- təhkiyyə üçündür, sübut üçün deyil”dir, çünki qeyd olunanlar yaddaşa dayalıdır. Öncədən xatırlatım ki, Əbülfəz bəyin iştirakı və rəhbərliyi ilə təşkil olunmuş bütün mitinq və yürüşlərdə tərəddüdsüz olaraq iştirak etmişəm. Anadan olmasının 81-ci ilini sayqıyla qeyd etdiyimiz  Əbülfəz Elçibəyin bu ərəfədə dünyasını dəyişmiş ömür-gün yoldaşı bacımız Həlimə xanımın da adını  rəhmətlə anmağı özümə mənəvi borc bilirəm.  


Azadlıq mücahidi Əbülfəz bəyi universitetdə oxuduğum ilk günlərdən tanımışdım.  Bir təsadüfdən sonra, sözün əsl mənasında, onun çoxsaylı ardıcıllarından oldum. Yaxşı yadımdadır: oktyabr ayının 29, həftənin birinci günü idi. Bizi dərsdən çıxarıb  Yuxarı binaya (bizim fakültə o zaman Kommunist küçəsi, 8-də (İstiqlaliyyət) yerləşirdi və Universitetin əsas binası P. Lumumba-23-də (Z.Xəlilov-23) olduğundan oranı belə adlandırırdılar), 7 noyabr nümayişində sıra ilə addımlamağı öyrətmək üçün oraya “marşirovka”ya göndərmişdilər. Yuxarı binaya getmədən əvvəl nahar üçün “Azərnəşr”in arxa tərəfində “kəşf elədiyim” xudmani  kafeyə girdim. Rafiq müəllimlə (İsmayılov) Əbülfəz bəyi içəridə görəndə geri qayıtmaq istərkən Rafiq müəllim məni səslədi: - Bura gəl, bura gəl.
İstər-istəməz onlara yaxınlaşıb salam  verdim. Rafiq müəllim hara getdiyimlə maraqlandı. Çəkinə-çəkinə “marşirovka”ya dedim. Rafiq müəllim, “otur nahar elə, sonra gedərsən” deyib  Əbülfəz müəllimə tərəf döndü: - Anamın şagirdi olub, indi də bizim tələbəmizdir.
Əbülfəz bəy gülümsündü: -Şilyanlısan? Sevincək “bəli” dedim. Əbülfəz bəy də, “böyük kənddir, o kənddə çox olmuşam; otur, otur” dedi, hətta zarafat da elədi: “Gördün yemək, daha nə demək?” 
Onlarla bir masa arxasında oturmanın mənə verdiyi qürur hissi utancaqlıq hissimə qalib gəldi. Büruzə vermədən Rafiq müəllimlə Əbülfəz bəyi müşahidə edirdim. Mənə elə gəlirdi ki, Rafiq müəllim danışanda deyəsən, Əbülfəz bəydən ehtiyat eləyir. Bugünkü kimi yadımdadır, radioda o vaxtlar dəbdə olan “Binti şələbiyyə” mahnısı ifa olundu. Əbülfəz bəy o mahnı haqqında məlumat verməyə başladı: “Şələbiyyə vaxtilə İspaniyaya, indi isə Portuqaliyaya aid olan bir yerdir. “Binti Şələbiyyə”, yəni şələbiyyəli qız. “Ayunə ləvziyyə” isə “badam gözlü” mənasındadır. Misirlilər sözlərin tərkibindəki “qaf” hərfini tələffüz etmirlər, diqqət edin, “bihibbik min əlbi, ya əlbi” deyir, yəni, “canım, səni ürəkdən sevirəm”. 

Tarix müəllimi kimi tanıdığım Əbülfəz bəyin belə incəlikləri bilməsi məni sanki əfsunlamışdı. Nəyin bahasına olur-olsun o mahnının sözlərini tapıb əzbərləməyi qərara aldım ki, ona müraciət edə bilməm üçün əlimdə bəhanə olsun. Sağollaşıb ayrılanda, mən o kafeni, sözün əsl mənasında, Əbülfəz bəyin  heyranı olaraq tərk etdim.  Çox keçmədən mən  “Binti şələbiyyə”nin sözlərini tapıb öyrənmiş, Əbülfəz bəyə müraciət etmək üçün “dəlil” də tapmışdım: “binti şələbiyyə” bəlkə, “çələbi qızı” deməkmiş, yəni bəyzadə, ərəb dilində - ç -səsi olmadığından yəqin çələbiyə şələbi deyirlər? Əbülfəz bəy də məni dinləmiş, “bu da sizin variantınız olsun” demişdi.



İkinci kursda oxuyanda Əbülfəz bəylə daha çox söhbət edirdik. Yanvar ayının 15-də, biz partiya tarixindən imtahan verəndə, Əbülfəz bəyin  tutulması xəbəri ildırım sürəti ilə bütün universitetə yayıldı. Bu xəbər Əbülfəz bəyin tərəfdarı olan müəllimləri və onu sevən tələbələri sarsıtmışdı. Hərə bir söz deyirdi.  Dekanlıqdan dərsə davamiyyət jurnalını götürəndə yaşlı müəllimlərimizdən birinin deyindiyini eşitdim: “Yaxşı oldu ona, ağzına gələni danışırdı”.


Uzun müddət onu görə bilmədim. Hamı bir-birindən çəkinirdi, söz soruşmağa qorxurdu. May ayının ortalarında Əbülfəz bəyin il yarım həbs cəzası aldığı xəbəri gəldi. Müəllimlik fəaliyyətinə də  ömürlük qadağa qoyulduğunu öyrəndim. İllər beləcə keçdi.


Əbülfəz bəy həbsdən çıxdıqdan sonra Azərbaycan SSR Elmlər Akademiyasının (AMEA) Əlyazmalar Fondunda (İnstitutunda) işləməyə başlamışdı.  Mən də təyinat müddəti üzrə işlədikdən sonra aspiranturaya daxil olmuşdum və Əbülfəz bəy dünyasını dəyişənədək mütəmadi olaraq onunla görüşürdüm. Sonralar bu səmimiyyətimiz ailəvi münasibətə çevrildi. Sevinirəm ki, onun övladlarının təlim-tərbiyəsində az da olsa, mənim də rolum vardır.


Çox illər sonra, 2000-ci ilin aprel ayında birinci dəfə  xəstəliyi ilə əlaqədar olaraq Türkiyəyə gedib qayıdandan sonra, Əbülfəz bəylə söhbət edərkən Bəy özünün həbs hadisəsiylə bağlı maraqlı bir məqama toxundu. Əbülfəz bəyin sözlərinə görə, 1975-ci ildə  Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları onu  həbs edəndə şəxsiyyətini alçaldıcı hərəkətə yol verməmişdilər. O vaxt respublika ali məktəblərinin flaqmanının və yeganə universitetinin - Qırmızı Əmək bayrağı ordenli Azərbaycan Dövlət Universitetinin (indki BDU-nun )  müəlliminin, Kommunist Partiyasının üzvünün, tarixçi alimin  həbsi  böyük əks-səda oyandırmışdı. 1975-ci ilin aprelində Dövlət Təhlükəsizlik Komitəsinin sədri, general- mayor  V.S.Krasilnikovun  (1920- 2003) əmri ilə Əbülfəz bəyi onun kabinetinə aparmışdılar. Əbülfəz bəy orada Krasilnikovun suallarına rusca cavab verməkdən imtina edib. Krasilnikov ona “axı siz Ordubadda orta məktəbdə 10 il rus dili öyrənmisiniz, 1957-ci ildə universitetə rus dilindən qəbul imtahanı verib müvəffəq qiymət almısınız, universitetdə beş il rus dili keçmisiniz, 1962-ci ilin iyul-dekabr aylarında Moskvada QKES-in (İqtisadi Əlaqələr üzrə Dövlət Komitəsi) xətti ilə mühəndis- mütərcim kursunda oxumusunuz və nəhayət, 1963-1964-cü illərdə Misirdə ərəb-rus-ərəb dilləri üzrə mütərcim işləmisiniz, elmi tədqiqatınızda rus dilli qaynaqlardan yararlanmısınız, dəfələrlə ittifaq şəhərlərində olmusunuz. Niyə indi birdən-birə rus dilində danışa  bilmədiyinizi iddia edirsiniz?”.
Əbülfəz bəy də cavabında söyləyib ki, respublika DTK-nın ona qarşı hərəkəti  Azərbaycan SSR Konstitusiyayasının  və Cinayət-prosesual Məcəlləsinin 11, 11.1 və 12-ci maddələrinin kobud şəkildə pozulması deməkdir”.
Məsələn, Əbülfəz bəy kirayədə qaldığı mənzildə olmamasına baxmayaraq, DTK əməkdaşları o mənzildə axtarış aparmışdılar. Cinayət- prosesual məcəlləsinin 16-cı maddəsinə əsasən, təqsirli şəxs qismində saxlanılan, dindirilən, şübhə edilən, müqəssir bilinən və ya müttəhim öz fikrini daha sərbəst şəkildə danışdığı dildə—ana dilində ifadə edə bilmək hüququna malikdir. Əbülfəz bəyin inadla öz fikrindən daşınmadığını görən DTK sədri tərcüməçi çağırtdırır. Bu dəfə  Əbülfəz bəy mütərcimin işini çətinləşdirmək üçün qəsdən ədəbi dilimizin arxaik qatlarında olan, praktik dildə nadir işlənən, lakin sözlüklərdə təsbit olunmuş leksemlərdən istifadə edir: “Cənabi- alinizə  bünyəyi-ricsi dənilikdən mütəşəkkil  napayidar və müləvvəs dəhrdə bilmərrə adil davranıb məşhud nahaqqa qarşı münsif və mücadil olmağı istirham edirəm”.
Biçarə  tərcüməçi mat-mat Əbülfəz bəyin üzünə baxanda Bəy rus dilində DTK sədrinə deyir ki, “гражданин генерал, вы всего навсего председатель КГБ при Совете Министров Азербайджанской ССР, но ведете себя как хозяин республики. Но учтите, у нас есть такая поговорка: “Dəvədən böyük fil də var—Больше верблюда есть еще слон”.  (Vətəndaş general, siz vur-tut Azərbaycan SSR Nazirlər Soveti nəzdində DTK-nın sədrisiniz, amma özünüzü respublikanın ağası kimi aparırsınız. Lakin nəzərə alın ki, bizdə belə atalar sözü var: Dəvədən böyük fil də var!”).

Əbülfəz bəyin sözlərinə görə, ya onun Krasilnikova söylədiyi sözlərə görə, ya da hansısa başqa səbəbə görə, bir neçə müddətdən sonra, daha doğrusu, 23 aprel 1975-ci ildə axşamüstü onu Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin yanına gətiriblər. H.Əliyev DTK sədri V.S.Krasilnikova soyuq və amiranə şəkildə “докладывайте: кто он такой, что сделал, в чем провинился?.- Məruzə edin: O kimdir, nə edib, cinayəti nədir?)”.
Krasilnikov isə Bəy haqqında məlumatlar verdikdən sonra H. Əliyev sirayətedici nəzərlərlə Krasilnikovu süzərək soruşub: - и в конечном итоге вы пришли к такому выводу что, он? – və nəticədə siz belə qərarə gəlmisiniz ki, o ) Krasilnikov da  əlavə edib ki, “страшнее Солженицына.- Soljenitsından daha qorxuludur”).
Krasilnikov belə deyəndə H.Əliyev əsəbi halda DTK şəfindən soruşub: “Тогда зачем его вовремя не обезвредили, дали ему возможность расширить и продoлжать свою подрывную деятельность среди молодежи? Почему ваше  ведомство и лично вы потворствовали этому?  Откуда у вас такое шапкозакидательсто и безалаберность к делу?” – “O halda niyə vaxtında onu zərərsizləşdirmədiniz, ona gənclər arasında öz pozucu fəaliyyətini genişləndirməyə və davam etdirməyə imkan vermişsiniz? Nə üçün sizin idarə və şəxsən siz bu işə göz yummusunuz? İşə bu cür laqeydlik, arxayınçılıq münasibəti sizdə haradadandır?).



Əbülfəz bəyin sözlərinə görə, DTK sədri bir anda özünü itirmiş, dili pəltək vurmuş, ittihamçıdan müttəhimə çevrilmişdi. Özünə haqq qazandırmaq üçün sözlərini malalamağa çalışıb: “Виноват, товарищ Алиев. Он не создал никакие кружки, ничего плохого не написал против власти. Только использует шовинистические предложения при свох лекциях. Например, якобы взяточничество есть русское явление. Təqsirkaram, yoldaş Əliyev. O heç bir dərnək yaratmayıb, hakimiyyət əleyhində pis şeylər yazmayıb. Yalnız öz mühazirələrində şovinist cümlələr işlədir. Məsələn, deyir ki, guya, rüşvətxorluq rusların işidir”).


O anda  Mərkəzi Komitənin  birinci katibi istehzayla Krasilnikova baxıb:  “Эти слова принадлежат Ленину.  Ленин в 1921 году, а именно, 17 октября сего года, в своем знаменитом выступлении  на  2-ом  Всероссийскoм  съездe  политпросветов на тему  “Новая экономическая политика и задачи политпросветов” так и сказал: “И не только крестьянин, громадный процент коммунистов не умеет пользоваться советскими законами по борьбе с волокитой, бюрократизмом или с таким истинно русским явлением, как взяточничество. – Bu sözlər Leninə məxsusdur. 1921-ci ildə, daha dəqiqi, həmin ilin 17 oktyabrında siyasi maarif işçilərinin 2-ci Ümumrusiya qurultayında Lenin özünün “Yeni iqtisadi siyasət və siyasi maarif işçilərinin  vəzifələri” başlıqlı məşhur  çıxışında belə də deyib: “Sadəcə, kəndli deyil, kommunistlərin əksər hissəsi süründürməçilik, bürokratiya və ya əsl rus işi olan rüşvətxorluq halları ilə mübarizədə sovet qanunlarından istifadə etməyi bacarmır”).

H.Əliyev narazı halda başını bulayıb: “Виталий Сергеевич, ежедневно надо читать классиков марксизма-ленинизма. А этот болтун занимался болтавней, а вы хотели устроить бурю в стакане. Диссидента нашли. Только этого не хватало. По какой статье  хотите чтобы  его судили? – Vitali Sergeyeviç, hər gün marksizm-leninizm klassiklərini oxumaq lazımdır. Bu boşboğaz isə gəvəzəliklə məşğul olub, siz də istəmisiniz stəkanda tufan törədəsiniz. Əcəb dissident tapmısınız. Bircə bu çatışmırdı. Onun hansı maddə ilə mühakimə olunmasını istəyirsiniz?).

Pərtlikdən nitq qabiliyyətini itirmiş Krasilnikov mızıldanıb: “По статье 63: Антисоветская агитация и пропоганда. (63-cü maddə: Antisovet təşviqat və təbliğat ).

H.Əliyev qalib əda ilə Krasilnikovu xəbrədar edib: “Если его будут судить по этой статье, точно вас будут разжаловать. ищите другие статьи, если не хотите лишиться генеральских погонов.- Əgər onu bu maddə ilə mühakimə etsələr, mütləq sizin rütbənizi aşağı salacaqlar, başqa maddə axtarın, əgər general paqonlarından məhrum olmaq istəmirsinizsə”).


Əbülfəz bəyin dediyinə görə, Leninin rüşvət haqqındakı sözlərini o, Leninin əsərlərinin ruscasının  44-cü cildinin 171-ci səhifəsindən əzbərləmişmiş, amma H. Əliyevin  də o sitatı əzbərə bilməsi, doğrusu, onu çox həyrətləndiribmiş, çünki tarix fakültəsinin müəllimlərinin böyük qisminin Leninin əsərlərindən heç xəbəri yoxmuş.


Əbülfəz bəyin sözlərinə görə, H.Əliyev DTK şefinə beş dəqiqəliyinə kabinətdən çıxmasını əmr elədikdən sonra Bəydən soruşub ki, Əbülfəz müəllim, bu nə pəstahadır, açmısan? Dövlət və camaat tələbələri sənə əmanət edib ki, onlara təlim- tərbiyə, verəsiniz, elm öyrədəsiniz, sən isə başlamısan bazar söhbəti eləməyə: bağ belə gəldi, bostan elə getdi. Atan müharibədə həlak olub, anan əlil, xəstə və yaşlı qadındır, özün də ki, qırxı haqlamısan, hələ də subaysan,  ailə-uşaq sahibi olmalı vaxtın da çoxdan gəlib çatıb. Özü də bu nə ərizəsidir yazmısan: “Xahiş edirəm ki, məni “Çornı sotentsı- Qara güruh- dəstəsinin saxlanıldığı həbsxanaya göndərin”.



Əbülfəz bəyin sözlərinə görə, o da H.Əliyevə cavab verib ki, “Qara güruh”lardan siyasi mübarizə üsulunu öyrənmək üçün o cür ərizə yazıb. Belə deyəndə H.Əliyev əsəbi şəkildə ona “birincisi, indi SSRİ-də belə dəstə yoxdur, ikincisi, o “Qara güruh”lar qatı şovinist rus cinayətkarlarıydı, əllərinə keçsəydin səni parça-parça edərdilər. Sənin “Qara güruh”un Qobustandadır. Göndərəcəklər Qobustana, il yarım orda daş daşıyarsan ağlın gələr başına” deyib. Əbülfəz bəyin sözlərinə görə, bunu dedikdən sonra H. Əliyev qəzəbli halda ayağa qalxaraq  nüfuzedici baxışlarla onu süzüb. Bəy deyirdi ki, “mən çalışırdım ki, gözlərimi onun gözlərindən qaçırmayım”. Birdən o sağ əlini zərblə masaya vurub rus dilində yüksək səslə “Вы будете служить идеологии марксизма-ленинизма. Не знаете, научим, не хотите заставим!" (Siz marksizm- leninizm ideologiyasına xidmət edəcəksiniz. Bilmirsinizsə öyrədərik, istəmirsinizsə məcbur edərik”)- deyə qışqırdı.


Ondan sonra H.Əliyev təkrar DTK-nın sədrini içəri çağırtdırıb,  Əbülfəz bəyin istintaq  işinin tez bir zamanda tamamlanıb məhkəməyə çıxarılması barədə göstəriş verib. O ərəfələr bayram günlərinə təsadüf etdiyi üçün (28 Aprel Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 55 illiyi, 1 May zəhmətkeşlərin həmrəylik günü, 9 May faşizm üzərində qələbənin 30 illiyi) Əbülfəz bəyin məhkəməsi 12 mayda başlamış və bir həftəyə tamamlanmışdı. Məhkəmə Əbülfəz bəyi Azərbaycan SSR Cinayət Məcəlləsinin 67-ci (Milli və irqi hüquq bərabərliyini pozma) və 188.1 maddəsi ilə (Sovet dövlət və ictimai quruluşunu ləkələyən yalan uydurmalar yayma)  mühakimə edib barəsində bir il  altı ay həbs cəzası qərarı çıxarmış  və cəzasını çəkmək üçün Qobustan həbsxanasına göndərmişdi.

Məhkəmənin qərarıyla  həbs müddəti Əbülfəz bəyin DTK tərəfindən saxlanması günündən, yəni, 15 yanvar 1975-ci ildən hesablanacaqdı. Məhkəmə Əbülfəz bəyi  DTK sədri V.S.Krasilnikovun ilkin variantda nəzərdə tutduğu Azərbaycan SSR Cinayət Məcəlləsinin 63-cü maddəsi ilə (Antisovet təşviqat və təbliğat) mühakimə etsəydi o zaman ona azı 5-7 il həbs cəzası veriləcəkdi. Bu maddədəki sovet hakimiyyətini sarsıtmaq və ya zəiflətmək məqsədilə, yaxud ayrı-ayrı xüsusi təhlükəli dövləti cinayətlər edilməsi məqsədilə təşviqat və ya təbliğat aparılması, yenə həmin məqsədlə sovet dövləti və ictimai quruluşunu ləkələyən böhtançı uydurmalar yayma, habelə eyni məqsədlə bu məzmunda olub əl ilə yazılan, çap edilən və ya başqa şəkildə olan əsərləri yayma və ya hazırlama, yaxud saxlama  ittihamları ağırlaşdırıcı şərtlər sayılırdı.


Mən Bəydən  Azərbaycan KP MK-nın birinci katibi H.Əliyevin son anda onu DTK şefi V. S.Krasilnikovun pəncəsindən nə səbəbə qurtarmasını soruşdum
. Əbülfəz bəyin ehtimalına görə, H.Əliyev o dövrdə SSRİ miqyası üçün çox önəmli və həyati əhəmiyyət daşıyan Sov. İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd seçilməyə hazırlaşırdı.

“Əlbəttə, Heydər Əliyev əsla və əsla istəməzdi ki, belə bir məqamda, bu ərəfədə onun rəhbərlik etdiyi  məkanda hansısa siyasi motivli bir cinayət əməli baş versin, yaxud da respublikanın adı hallansın. Eşitdiyimə görə, o vaxtlar respublika daxilində və onun xaricində Heydər Əliyevi Moskvanın gözündən salmağa maraqlı olan qüvvələr varmış.  Görünür, Heydər Əliyev düşünüb ki, mənim  DTK tərəfindən həbsim həmin qüvvələrin  düzüb qoşduğu işlə bağli ola bilər. Ona görə də Heydər Əliyev DTK sədrini bir göz qırpımında suçlu duruma düşürmüşdü. Başqa sözlə, özünü o zamankı  opponentlərindən qorumaqla, müəyyən mənada mənə də yardım etmiş olub.  Təsadüfi deyil ki, 1976-cı ildə Respublika Prokurorluğunda kadr dəyişikliyi oldu,  baş prokuror Qambay Məmmədov tutduğu vəzifəsindən azad edildi, 5 mart 1976-cı ildə Heydər Əliyev Sov. İKP MK-nın Siyasi Bürosu üzvlüyünə namizəd seçildi”.


Əbülfəz Elçibəy çox istiqanlı, ailəcanlı, əxlaqlı, milli dəyərləri yüksək qiymətləndirən şəxsiyyət idi.
Zahiri baxımdan sərt görünüşlü Bəyin çox kövrək və həssas qəlbi vardı. Qızı ali məktəbə qəbul imtahanına gedəndə çox həyəcanlanmışdı, imtahandan sonra məni evlərinə dəvət etmiş, mən də Çilənayın cavablarını nəzərdən keçirəndə Bəy iki-üç dəfə “ümid var?”-deyə soruşmuşdu. Mən də, “ən azı 400 bal toplayıb, mütləq qəbul olunacaq” desəm də, Bəy son anadək nigaran qalmışdı. Bir dəfə gecə Bəylə söhbət edəndə qəfildən işıqlar söndü, o anda Turqut əlində kiçik fənərlə bizim oturduğumuz otağa girib oranı işıqlandıranda Bəyin gözündə yaş damlası gördüm. Kövrəldiyini  gördüyümü bəlli etməmək üçün  üzümü yana çevirmişdim.

Elçibəy çox həssas adamdı. Bəzən, ən kiçik, önəmsiz kimi görünən hərəkət onu çox mütəəssir edirdi. Mənə şövqlə danışırdı ki, Türkiyə Respublikasının SSRİ-dəki səfiri Vahid Halefoğlu (1919-2017 ) 1982-ci ildə Əlyazmalar Fonduna gələndə Füzulinin portretinin önündə durub məşhur “Məni candan usandırdı” qəzəlinin beytini deyəndə akademik Həmid Araslı (1902 - 1983) da səfirin sözlərini “Mənə tə’n eyləyən qafil səni görgəc utanmazmı?” misrası ilə tamamlayıb. Əbülfəz bəyə görə, bu mükalimə siyasi mesajmış və Həmid müəllim türk səfirini müşayiət edən sovet rəsmilərini nəzərdə tutaraq bunu söyləyib. Əbülfəz bəy özünəməxsus həyəcanla  danışırdı ki, türk müğənnisi Nəsrin Sipahi Bakıda “Yaşıl teatr”da konsert verəndə konsertdəki böyüklər “KQB”nin qorxusundan ona gül verə bilmirdilər, oradakı uşaqlar çöldən çiçək qoparıb türk müğənnisinə gətirdiklərində Nəsrin Sipahi “galiba büyükler duvarı aşamıyorlar” söyləyib. Bəyin zənnincə, bu da bir siyasi replikaymış. Bu bir danılmaz faktdır ki, Elçibəy aşırı bir Türkiyə heyranı idi. Hətta arada-sırada Azərbaycan və Anadolu türkcəsinin qarışımında poetikləşmiş ifadələr söyləməsi də vardı:

Seni ışık yaratmış türkün yari Çelebi,

Beni ışık hayranı—tıpkı kelebek gibi…

və ya

Deniz gözlüm, Tanrım sana kıymasın:

Ulusumun umudu var gözünde…

Elçibəy 1992-ci ilin oktyabrında Prezident kimi ilk səfərini də məhz Türkiyəyə gerçəkləşdirmişdi. Özünün sözlərinə görə, orada torpaqı öpmək üçün bir girəvə, münasib imkan axtarırmış. Gecə “Çırağan” otelindən çıxıb Mərmərə dənizinin sahilinə gəlir, onu qurudan, havadan və sudan mühafizə edən  komandoslar da təlimat üzrə onun ətrafında canlı sədd çəkiblərmiş. Bəy onlara “Sizə soyuq olacaq, sudan çıxın” desə də onlar nə sudan çıxmışlar, nə də Bəylə danışmışlar. 


Əbülfəz bəy alicənab şəxsiyyət idi
. Onu tanıdığım 27 il müddətində hansısa bir adamın ünvanına nalayiq söz və ya ifadə işlətdiyini heç eşitmədim. Onun haqqında “donos” yazmış, üzünə durmuş tələbələrindən də, müəllim həmkarlarından da  (bir neçəsinin adını söyləmişdi) bir dəfə olsun gileylənmədi. Haqqında ağlasığmaz iftiralar atanlara, şər-böhtan yağdıranlara, olmazın təhqirlərini edənləri də heç qınamırdı: “Zavallıların çörəkpulu məni söyməkdən çıxır, ehtiyacın üzü qara olsun, neyləsinlər yazıqlar?”.
 Çox nikbin idi, hər şeyin bir zamana ehtiyacı olduğunu düşünürdü.


Bəyin qeyri-adi musiqi duyumu vardı
. 19 mart 1984-cü ildə Filarmoniyada  yanaşı oturub Aşıqların IV qurultay iştirakçılarının konsertinə tamaşa edirdik. Aşıq Kamandar oxuyub qurtaranda Əbülfəz bəy dedi ki, “düşünürdüm ki, görəsən, Tufarqanlı Abbas, Xəstə Qasım, Aşıq Ələsgər necə aşıq olublar, nə təhər oxuyublar? Aşıq Kamandarı tanıyandan sonra anladım ki, onlar Aşıq Kamandar kimi aşıq olublar”. 
Fikrət Əmirovun musiqi bəstələrinin heyranı idi, Məmmədəli Əliyevin ifasında “Şeyx Sənan” əsərindəki kor ərəbin mahnısını dinləməkdən doymazdı. Təəssüflənirdi ki, Cavid əfəndiyə bu musiqi əsərini eşitmək qismət olmadı.  Bəyin düşüncəsinə görə, bəstəkar E.Sabitoğlunun şair B.Vahabzadənin “Kəpənək” şeirinə bəstələdiyi mahnı çoxlarına şən, məzəli mahnı kimi görünsə də, əslndə, bu əsərdə dərin nisgil var, əlçatmaz platonik sevginin mümkünsüzlüyünün üzüntüsü gizlənib o qammalarda: “o zərif qanadlı kəpənək bir simvoldur. Onu tutsan ölər, qəfəsdə də saxlaya bilməzsən,  ancaq “əllərində izi qalar”.


Arabir zarafatından da qalmazdı
. 1998-cu ildə Türkiyədən iki qonağı gəlmişdi, məni də  evlərinə çağırmışdı. Məni qonaqlarına “bu bey benim öğrencimdir” şəklində təqdim etdi. Müsafirlərdən biri  “efendimiz hangi görevdeydiler?”-deyə soruşanda Bəy gülərək “okumadığı okul kalmadıysa da, sovyet dönemində komünist, bizim zamanımızda cepheci, şimdi de YAP-çı olmadığından hiç zaman hiç bir görevde bulunmadı” deyərək əlavə etdi: “dostumdur”.
Yeri gəlmişkən, 1999-cu ilin yanvarında mənim “Azadlıq” qəzetində  yayınlanmış “Qalxın, Elçibəy gəlir!” adlı məqaləmi “ Elçibəy dostunun gözüylə” şəklində şərh etmişdilər.


Əbülfəz bəy özü deməsə də, etiraf etməyə qıymasa da çox güvənib dəyər verdiyi xalqın və dəstəyinə sarsılmaz ümid bağladığı beynəlxalq güclərin  mühüm anda ondan üz döndərməsini, meydanda tək qoymasını özünə çox dərd edirdi. 1993-cü ilin iyun ayının 12 də Prezident iqamətgahının önünə toplaşmış beş - altı yüz adam “Elçibəy! Elçibəy!” hayqıranda Əbülfəz bəy onlara etiraz etmişdi: “Azərbaycan! Qarabağ! Azadlıq!” haraylayın, insanlar fanidir, baqi olan vətəndir, azadlıq istəyidir. Bəyi o anda çox üzgün gördüm. Bu üzüntü beş-altı yüz adamla, can hövlündən pərən-pərən düşmüşlərlə, birbaşa Konstitusiya  vəzifəsini yerinə yetirməkdən imtina edənlərlə, siyasi reneqatlarla eyforiyaya düşmüş qiyamçılara müqavimət göstərmənin mənasızlığunun idrakından qaynaqlanmışdı…  


Kim nə deyir desin, Əbülfəz Elçibəy bütün doğruları və yanlışlıqları, savabları və günahları ilə  tariximizə imzasını atmış şəxsiyyətdir. Güvəndiklərini olduqları kimi deyil, görmək istədiyi şəkildə gördüyündən arabir irrasional seçimlər etsə də, kolxozda briqadir vəzifəsində çalışmağa qabiliyyəti olmayan bəzi qalstukluları göylərə çıxartsa da, qətiyyət tələb olunan məqamda bəzən tərəddüd etdiyi anlar olsa da,  Əbülfəz bəyin parlaq və güclü sima olduğuna əminəm. İnanıram ki, Əbülfəz bəy siyasət aləmində anidən parlayıb sonra yox olan komet deyil, o bu gün bizimlə, sabah isə mütərəqqi gəncliklə bərabər daha geniş və firavan üfüqlərə doğru yürüyəcək qüdsiyyətdir. Doğum günün mübarək, ELÇİBƏY!


Ramazan Siracoğlu, 
müəllif

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir