Modern.az

ABŞ-ın neft şirkəti department rəhbərliyini azərbaycanlıya tapşırıb

ABŞ-ın neft şirkəti department rəhbərliyini azərbaycanlıya tapşırıb

24 İyun 2019, 08:18

Bugünkü qəhrəmanım Vüsal Nəzərovun cəmi 28 yaşı var. Rusiyanın Arxangelsk şəhərində dünyaya gəlsə də, 1 yaşından 26 yaşınadək Azərbaycanda yaşayıb. Orta təhsilini Naxçıvanski adına hərbi liseydə başa vurub. 2008-2012-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alaraq, mühəndis-iqtisadçı ixtisasına yiyələnib. 2012-2013-cü illərdə hərbi xidmətdə olub. 2013-cü ildə “Schlumberger” şirkətinin Bakı ofisində əmək fəaliyyətinə başlayıb. Üç il orada satınalma üzrə mütəxəssis, sonradan isə baş mütəxəssis vəzifələrində çalışıb. 2016-cı ildə işinə fasilə verərək, bir il İtaliyanın Piza Universitetində biznesin idarə olunması üzrə təhsilini davam etdirib və magistr dərəcəsi alıb. 2017-ci ildə Bakıya dönərək, bu dəfə “Schlumberger” şirkətinin neft quyularının qazılması şöbəsində mütəxəssis işləyib. 2017-ci ilin avqust ayından həmin şirkətin ABŞ-ın Texas ştatının Hyuston şəhərində yerləşən baş ofisində çalışır. Əvvəlcə Rusiya və mərkəzi Asiya ölkələri üzrə ixracat şöbəsində mütəxəssis vəzifəsini icra etsə də, hazırda Avropa və Yaxın Şərq ölkələri üzrə departamentin rəhbəri vəzifəsində işləyir...

...Atası hərbçidir. Anası isə evdar xanımdır. Vüqar adlı bir qardaşı da var. Vüqar Almaniyanın Frankfurt Universitetində magistr təhsili alır...

Bütün gənclər kimi Vüsalın da arzuları çoxdur. Gələcəkdə ixracat üzrə məsləhət şirkəti yaradıb, müştərilərinə bu sahədə dəstək vermək istəyir. Dünya ədəbiyyatını mütaliə etməkdən yorulmur. Azərbaycan yazarlarından Aslan Quliyevin, Varis Yolçuyevin, Elxan Elatın, Çingiz Abdullayevin əsərlərini oxuduğunu söyləyir. İdmanı çox sevir. Paraşütdən tullanmağı xoşlayır. Tez-tez balıq ovuna gedir. Musiqiyə həvəsi onu bir il skripka dərsləri almağa ruhlandırıb, artıq bu musiqi alətində sərbəst ifa etməyi bacarır...

...2018-ci ildə ailə qurub. Ömür-gün yoldaşı Günay xanım Azərbaycan Dillər Universitetinin məzunudur. Vüsal tezliklə ata olacağına sevinir...

Milli-mənəvi dəyərlərə bağlı insandır. Milli kimliyini unutmur. Çalışır ki, davranışı, əməlləri ilə amerikalılar arasında xalqımızın başını uca etsin, azərbaycanlıları onlara sevdirə bilsin. Mədəni, yüksək intelekli gəncdir. İti zəkası, aydın düşüncə tərzi ilə fərqlənir. Zəhməti, bacarığı, savadı sayəsində vəzifə pillələrində irəliləyərək Amerika cəmiyyətində nüfuzlu şəxslərdən biri olmağa səy göstərir...

Deyir ki, Azərbaycan neft sənayesinin beşiyidir. Bu sahədə ölkəmizin böyük təcrübəsi var:
“Bu barədə mənimlə işləyən amerikalılara bilgi verməkdən yorulmuram. Onları Azərbaycan, Bakı haqqında bacardığım qədər məlumatlandırmağa çalışıram”...

Bəli, yüksək təhsil almış Azərbaycan gəncləri bacarığına, savadına, işgüzarlığına, səmimiyyətinə, mədəniyyətinə görə dünya gəncləri ilə eyni səviyyədədir. Onlara meydan verib, şərait yaradanda, hətta əcnəbi həmyaşıdlarından irəli gedə bilirlər. Lap elə bizim Vüsal Nəzərov kimi. Zarafat deyil, gənc olmasına baxmayaraq, Amerika kimi nəhəng bir ölkədə məşhur “Schlumberger” neft şirkətinin Avropa və Yaxın Şərq ölkələri üzrə departamenti ona həvalə olunub...



Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu