Modern.az

Tanınmışların Şirməmməd müəllimə VİDA MESAJİ - YENİLƏNİB

Tanınmışların Şirməmməd müəllimə VİDA MESAJİ - YENİLƏNİB

24 İyun 2019, 23:29

Bu gün axşam saatlarında dünyasını dəyişən Azərbaycan jurnalistlərinin gerçək mənada ağsaqqalı, Cümhuriyyət tariximizin fədakar araşdırmaçısı professor Şirməmməd Hüseynovla bağlı ölkənin tanınmış simaları xatirələrini paylaşıb.

Modern.az sosial şəbəkələrdə paylaşılan həmin vida mesajlarını oxuculara təqdim edir:

 

Professor Qulu Məhərrəmli:

Azərbaycan jurnalistikasının əfsanəsi, millət yaddaşının keşikçisi, böyük maarifçi-pedaqoq, mənəvi irsimizin, o cümlədən Cümhuriyyət tarixi və İstiqlal mübarizəmizin, Rəsulzadə fenomeninin və mətbu irsimizin cəfakeş araşdırıcısı, görkəmli tədqiqatçısı-alim, professor Şirməmməd Hüseynov vəfat edib...

Bu acı xəbəri xarici ölkədə almaq ikiqat ağırdır. Dərdi bölüşməyə, itkinin və kədərin miqyasını anlatmağa kimsə yox...

İki gün əvvəl özü xəstəxanadan mənə zəng etmişdi. Bir qəzet məqaləsinin adını dəqiqləşdirirdi. Bir saat sonra yenə zəngləşdik, ordan-burdan danışdıq və qorxa-qorxa səhhətini soruşdum. “Yaxşıyam, məndən nigaran qalma” dedi. Amma çox nigaran qalmışdım. Ertəsi gün axşam bir də zəng etdim, telefonu qızı Fərəh xanım götürdü, ustadı soruşdum, “yaxşıdır” dedi. Amma onun qayğılı səsindəki övlad kədəri min kilometr uzaqdan belə duyulurdu...

Ş.Hüseynovun tarixi bir missiyası var idi və bu missiyanı şərəflə yerinə yetirdi. Milləti maarifləndirdi, milli düşüncəmizi, istiqlal duyğularımızı körüklədi, xalq olaraq hansı yolla gedəcəyimizi göstərdi. Yaxın keçmişimizlə mənəvi-ruhi əlaqəni bərpa etdi, bizə Cümhuriyyət dərsi keçdi. Qurucu babalarımızı tanıtdı, Rəsulzadənin üzərindəki qara qısqanclıq pərdəsini qaldırıb onu gün işığına çıxartdı, əsərlərini çap etdi, ideyalsrına qol-qanad verdi, mətbu irsimizlə bağlı qiymətli kitablar yazdı. Tamamlaya bilmədiyi işləri qalsa da, özündən sonrakılar üçün zəngin irs və mənalı yaşamaq örnəyi qoyub getdi. Həyatı və yaradıcılığı həqiqət, ləyaqət və vicdan üzərində qurulmuş Şirməmməd Hüseynovun vəfatı ilə mətbuat tariximizdə, jurnalistikamızda böyük bir epoxa sona yetir. Əziz müəllimim, böyük ustad, Allah sənə rəhmət eləsin!!! Bu millət üçün etdiyiniz təmənnasız xidmətlər heç vaxt unudulmayacaq, yeriniz hər zaman görünəcək!! Ruhun böyük Zərdabinin, Rəsulzadənin, Ağaoğlunun, Üzeyir bəyin müqəddəs ruhuna qovuşur. O gözəl ruhun şad olsun!!!!

 

“525-ci qəzet”in redaktoru Yusif Rzayev:

 


Az qala, 20 ildir, "525"də hər həftə yazıları gedirdi. Hər həftə yazıları vaxtında göndərirdi, yenə ürəyi rahat olmudu, zəng edib soruşudu: "Oğlum, yazı gəldimi?"
Həvəsi olanda, göndərdiyi yazılarla bağlı informasiya da verirdi, əzbər cümlələr deyirdi yazılardan. Hər dəfə bu zəkaya, bu şövqə heyran qalırdım və həm də mənə dərs dediyinə görə qürur quyurdum.

2 həftə əvvəl zəng elədi, "Yusif, oğlum, bu yazı bu ay sonuncu yazıdı, yazını hazırlayıb göndərməkdə mənə kömək eləyən adamlar tətilə çıxır. Bir də sentyabrda görüşərik".

Və indi bu ağır xəbər eşitdim.

Qışqırıb bağırmaq, hönkürmək istəyirəm, gücüm çatmır..

Mən bir zamanda, bir ölkədə yaşadığıma, müəllimim olduğuna görə fəxr elədiyim tək, yeganə kişini itirdim.

Azərbaycan isə böyük Şirməmməd Hüseynovu itirdi!

Ruhunuz şad olsun, böyük kişi!

 

Jurnalist Ləman Ələşrəfqızı:

 


Sonuncu dəfə 28 mayda zəng elədim ona. Səsimi eşidib elə sevindi ki...Dedim Şirməmməd müəllim, bu gün sizin bayramınızdır ilk növbədə. Borc bildim özümə sizi təbrik etməyi. Necəsiz, nə edirsiz sualıma? - hər həftə “525-ci qəzet”də bir səhifə yazım gedir qızım-dedi. Neynəyəcəm, işləyirəm.


Az əvvəl Şirməmməd müəllimin nömrəsindən zəng gəldi. Gördüm Ülkər xanımdı-həyat yoldaşı. Ağlaya-ağlaya "Ləman, Şirməmməd getdi" -dedi. Allah Sizə rəhmət eləsin Cümhuriyyət yaşlı, Cümhuriyyət başlı Kişi! Əminəm ki, cənnətə də cümhuriyyət deyib qədəm basacaqsız.


Jurnalist Aygün Muradxanlı:


Əziz müəllimim, böyük maarifçi, Azərbaycan Xalq Cümhuriyyətinin əvəzsiz araşdırmaçısı Şirməmməd müəllim dünyadan köçdü. O, mənimçün böyük bir qəzetçi nəsli yetişdirən müəllim olmaqla bərabər, qaragüruh, kommunist tör-töküntüləri ilk cümhuriyyətimizə savaş açanda, öz nüfuzu ilə o dalğanı yatırıb 1918-20-ci illərdəki şərəfli tariximizə, Məhəmməd Əmin Rəsulzadə irsinə gözünün nuru ilə işıq tutan BÖYÜK AYDINdır. Şirməmməd müəllim öz əzmi ilə rəsmilərə ilk cümhuriyyət dönəminə diqqəti dövlət siyasəti səviyyəsinə yüksəltməyin vacibliyini anladan ADAMdır... Yeri cənnət olsun...

 

Professor Cəmil Həsənli:

 


Milləti diri saxlayan kişilərdən biri də bu dünyadan köçdü. Biz ondan yüz gözləyirdik, o, 95 yaşında bizdən ayrıldı. Amma canından əziz bildiyi, bütün varlığı ilə sevdiyi Cümhuriyyətin 100 illiyini gördü. Bəlkə də həyatda Şirməmməd müəllimin ən böyük arzusu da elə bu idi. Biz onun simasında Həsən bəy Zərdabini ikinci dəfə itirdik. Mənim üçün Şirməmməd müəllim böyük alim, böyük müəllim və böyük vətəndaş idi. Həmişə ustadi-əzəm deyə müraciət edirdim. Rəsuzadə irsinin millətin ruhuna hopmasında müstəsna xidməti oldu ustadı-əzəmin. Allah ona uzun ömür verdi və hələ heç kim Allahın verdiyi uzun ömürdən Şirməmməd müəllim kimi millət üçün, xalq üçün, milli yaddaş üçün belə səmərəli istifadə etməmişdi. İşıq axtarışında idi. Axtardığı işığı Rəsulzadədə tapmışdı. Məmməd Emin sevdalısı idi. Zərrə-zərrə böyük qurucunun irsini toplamaqla özü də millətin zərrəsinə çevrildi. Rəsulzadənin seçilmiş əsərlərinin İlk cildini 1992-ci ildə 5-ci cildi isə 2018-ci ildə nəşr etdi. Bu cildlərlə Rəsulzadəyə ilk qalıcı abidəni Şirməmməd Hüseynov qoydu. 15 il əvvəl “Milli haqq və ədalət axtarışında” kitabını nəşrə hazırlyanda ona ön söz yazmağı məndən rica etdi. “Mənəviyyat adamı” adlı qısa bir ön söz yazdım. Onun foto surətini aşağıda Sizlərə də təqdim edirəm.


Şirməmməd müəllim mübarizə adamı idi. Mən post-Stalin dövrü Azərbaycanında milli məsələni araşdıran zaman maraqlı bir məqam diqqətimi cəlb etdi. 1958-ci ildə Azərbaycan alimlərinin müəllifliyi ilə “Azərbaycan Kommunist Partiyasının tarixi” adlı kitab nəşr olunmuşdu. Moskva kitaba millətçilik damğası vurdu. Həmin ilin noyabrında Nikita Xruşşov Mərkəzi Komitənin ideologiya şöbəsinin müdiri Snastin başda olmaqla geniş bir heyəti Bakıya göndərdi ki, bu kitabın külünü göyə sovursunlar. Bakıdan Ali Partiya Məktəbinin professoru Pyotr Valuyev də onlara qoşuldu. Həmin araşdırmada Şirməmməd müəllimlə bağlı hissəni bu vida sözündə bir də xaırlatmaq istəyirəm. Orada deyilir: "Sonra söz Azərbaycan Dövlət Universitetinin gənc müəllimi, Moskva Dövlət Universitetində aspiranturanı bitirdikdən sonra Azərbaycan mətbuatı tarixi üzrə uğurla namizədlik dissertasiyası müdafiə edib Bakıya qayıtmış Şirməmməd Hüseynova verildi. O dedi: “Pyotr Valuyevin indiki çıxışından sonra partiya tarixi institutu tərəfindən yazılmış “Azərbaycan Kommunist Partiyasının tarixi” kitabına, onu hazırlayan kollektivə mənim hörmətim və məhəbbətim daha da artdı. Ona görə ki, uzun zaman Azərbaycan Kommunist Partiyasının tarixini yazmaq elə bir əllərə, elə adamlara tapşırılırdı ki, onlar Azərbaycanı tanımırdılar... Onlar Azərbaycan dilində olan ədəbiyyatı, materialları yaxşı oxumağı bacarmadıqları üçün Azərbaycanın özünəməxsus xüsusiyyətləri ilə əlaqədar olan bir sıra məsələləri də həll edə bilmirdilər... Kitabın ən yaxşı məziyyətlərindən biri də odur ki, burada “Hümmət” təşkilatının rolu doğrudan da əməlli-başlı geniş surətdə əks edilmişdir.” Şirməmməd Hüseynovun fikrincə, kitabın digər mühüm cəhəti Azərbaycanda bolşevik hərəkatı ilə yanaşı, inqilabi demokratik hərəkatı da əhatə etməsində idi. O deyirdi: “Məlumdur ki, Azərbaycanın mütərəqqi yazıçıları, inqilabçı demokratları Azərbaycanın müstəqilliyi uğrunda... mübarizə aparırdılar.” Kitabın girişində Azərbaycanın Rusiyaya birləşdirilməsinin mütərəqqi hadisə kimi dəyərləndirilməsinə toxunan Şirməmməd Hüseynov bildirdi: “Lakin biz bununla yanaşı Azərbaycan xalqının bu birləşmədən sonra öz milli istiqlaliyyəti uğrunda mübarizədən əl çəkdiyini söyləyə bilmərik. Kitabda Azərbaycanın ya Rusiya, ya da İranla birləşdirilməsi məsələsi qoyulur. Bununla əlaqədar belə bir sual meydana çıxır ki, məgər 6-7 milyonluq bir xalqın, onun qabaqcıl adamlarının Azərbaycanın milli istiqlaliyyətini bərpa etmək fikri olmamışdırmı?” Nəhayət, Şirməmməd Hüseynov öz çıxışında daha ciddi bir məsələyə toxundu. Bu, Azərbaycanın birləşdirilməsi məsələsi idi. O deyirdi: “Kitabda Cənubi Azərbaycanla Şimali Azərbaycan arasındakı inqilabi əlaqələrdən danışılmışdır. Ancaq bu məsələnin əsas məğzi – Azərbaycanın birləşdirilməsi uğrundakı mübarizə məsələsi məncə kölgədə buraxılmışdır. Bu məsələni ciddi qoymaq lazımdır.


Şirməmməd Hüseynovun bu məzmunda çıxışı Moskvadan gələnləri əməlli-başlı narahat etdi. Onun çıxışı haqqında dərhal Moskvaya məlumat göndərdilər. Sov.İKP MK-da Bakıda keçirilən müşavirənin stenoqramı ilə tanışlıqdan sonra təbliğat və təşviqat şöbəsinin müdiri V.Snastin bildirirdi: “Azərbaycan Dövlət Universitetinin müəllimi Ş.Hüseynov deyir ki, kitabda Azərbaycanın ya Rusiyaya, ya da İrana birləşdirilməsi məsələsi qoyulur. Bəyəm Azərbaycanın öz müstəqil inkişaf yolu ola bilməzdi? Məsələni belə formada qoymaq nə dərəcədə doğrudur? Bəyəm fəhlə sinfi məsələləri belə həll edir, bəyəm bolşeviklər bu məsələləri belə həll edirdilər? Yoldaş Hüseynov isə məsələni fəhlə sinfinə, bolşeviklərə yaraşmyan formada qoyur.” (Bax: Jamil Hasan Khrushchev's Thaw and National Identity in Soviet Azerbaijan, 1954-1959. The Harvard Cold War Studies Book Series. Lexington Books, Lanham, Boulder, New York, London, 2014, P.348)


1967-ci ilin sentyabr ayının 9-da Universitetin “alimlər qrupu” filologiya fakültəsinin dosenti Şirməmməd Hüseynovdan Azərbaycan KP MK-ya geniş bir anonim məktub yazmışdılar. Orada deyilirdi ki, o, Mərkəzi Komitənin və Nazirlər Sovetinin nüfuzunu tanımır, yoldaş Yelistratovun (həmin dövrdə Azərbaycan KP MK-nın ikinci katibi) göstərişlərini lağa qoyur.” Sonrakı məsələlər də aydındır.


Bax belə bir yol keçib Şirməmməd müəllim. Mən onu əbədi bilirdim, heç vaxt onun haqqında vida sözü yazacağımı düşünmürdüm. Əslində, ölən cismidir, ruhu diridir və bu ruh millətin diriliyi üçün hələ çox “dirilərdən” daha çox iş görəcək. Ruhun şad olsun ustadı-əzəm!


Jurnalist Müsəllim Həsənov:


Baxıram, az qala bütün dostların səhifəsində kədər işarəsi var... Deməli, bütün Azərbaycan mətbuatı kədər içindədir. Böyük MÜƏLLİMimizi itirdik... Allah rəhmət eləsin...



Jurnalist Natiq Məmmədli:

 


Allah rəhmət eləsin! Ürəyi və düşüncələri işıq dolu kişi! Bütün işıqlı MİRZƏLƏRİMİZƏ salam deyərsən! Yerin qəlbimizdə, öyrətdiklərin başımızda olacaq!

 

Jurnalist Elçin Mirzəbəyli:


Şirməmməd müəllim bu dünyadan rahat köçdü - arzularına qovuşaraq. Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpasını, dövlətimizin milli təməllər üzərindən yüksəlişini, üçrəngli bayrağın Vətən göylərində tutrəyişini..., Azərbaycan Xalq Cümhuriyyətinin, Qafqaz İslam Ordusunun Bakı zəfərinin 100-cü ildönümünü, Azərbaycan və Türkiyə hərbçilərinin birgə yürüşünü gördü... Özündən sonra tarix boyu dəyərini itirməyəcək əsərlər qoydu, yolunu davam etdirəcək yüzlərlə mürid yetişdirdi. Şirməmməd Hüseynov dünyanın ən xoşbəxt ölüsüdü. Mən hər kəsə belə ölüm arzulayıram.
Ruhu şad olsun...

 

Professor Nəsir Əhmədli:


1956-cı ildə Vaqif Vəkilova (Səmədoğluya) zəng gəlir. Dəstəyi qaldırır, deyirlər ki, atan (Səməd Vurğun) rəhmətə gedib. Dəstək əlindən düşür və Vaqif şeirlərinin birində onu “dünyanın ən ağır qanteli” adlandırır. Bu gün metro ilə işdən evə gələrkən telefonuma zəng gədli ki, Şirməmməd müəllim vəfat edib. Telefon əlimdən düşdü və “dünyanın ən ağır qanteli”nin nə olduğunu anladım... Daha yaza bilmirəm.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü