Modern.az

Nəqliyyat Nazirliyi taksi sürücülərinə güzəştə getdi

Nəqliyyat Nazirliyi taksi sürücülərinə güzəştə getdi

23 Yanvar 2012, 17:23

Azərbaycan Nəqliyyat Nazirliyi bu gündən etibarən taksi fəaliyyəti üçün avtomobillər üzrə buraxılış ili ilə bağlı tətbiq olunan məhdudiyyəti aradan qaldırıb.

Bundan sonra taksi fəaliyyəti ilə məşğul olmaq üçün buraxılış ili 5 ildən artıq olan avtomobillərə də icazə veriləcək. Bunu «APA-ECONOMICS»ə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib: «Buraxılış ilindən 5 il keçməsi məsələsi ləğv edilib. Çünki elə avtomobillər var ki, bunlar həmin vaxtdan əvvəl buraxılsa da, texniki cəhətdən saz avtomobillərdir və taksi fəaliyyəti üçün texniki tələblərə, lisenziya almaq şərtlərinə cavab verir».

Xatırladaq ki, taksi fəaliyyəti üçün lisenziya alınması barədə Nəqliyyat Nazirliyinin tətbiq etdiyi şərtlərə əsasən, taksi fəaliyyəti üçün lisenziyalar yalnız son 5 ildə istehsal olunan avtomobillərə - buraxılış ili 2007-ci ildən əvvəl olmayan avtomobillərə verilə bilərdi. Lakin indi bu qayda ləğv edilib. N.Həsənovun sözlərinə görə, Nazirliyin rəhbərliyi bu qaydanın ləğvi zamanı edilən çoxsaylı müraciətləri, hazırda taksi fəaliyyəti üçün istifadə olunan avtomobillərin bir hissəsinin texniki vəziyyətinin normal olduğu, eləcə də bəzi sürücülərin belə avtomobilləri yenicə aldığını nəzərə alıb: «Buna görə taksi avtomobilləri üçün buraxılış ili məhdudiyyəti ləğv edilib».

Bununla yanaşı, qaydanın ləğv olunması heç də o demək deyil ki, taksi fəaliyyəti üçün bütün avtomobillərə lisenziya veriləcək. Əvvəla keçmiş SSRİ və indiki Rusiya istehsalı olan avtomobillər buraxılış ilindən asılı olmayaraq taksi kimi istifadə olunmayacaq, taksilərin hamısı xarici maşınlar olmalıdır. Bundan başqa, N.Həsənovun sözlərinə görə, lisenziya verilməsi üçün avtomobil texniki cəhətdən saz vəziyyətdə olmalı və lisenziya üçün qoyulan parametrlərə cavab verməlidir: «Maşınların texniki vəziyyəti ciddi surətdə araşdırılacaq, texniki tələblərə cavab verən səviyyədədirsə, ona lisenziya veriləcək».

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir