Modern.az

Cavanşir Feyziyevin beşcildliyi qazax dilində də çıxdı

Cavanşir Feyziyevin beşcildliyi qazax dilində də çıxdı

25 İyun 2019, 15:46

Beynəlxalq Türk Akademiyası (BTA) tərəfindən Qazaxıstanın paytaxtı Nur-Sultanda təşkil olunan IV “Böyük Çöl” Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycan parlamentinin deputatı, siyasi elmlər doktoru Cavanşir Feyziyevin “Türk dünyası” beşcildliyinin qazax dilində nəşrinin təqdimatı keçirilib.

Təqdimat mərasimində Azərbaycan, ABŞ, Rusiya, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Monqolustan və digər ölkələrdən nüfuzlu alimlər, dövlət xadimləri və diplomatlar iştirak edib.

Modern.az-ın məlumatına görə, BTA prezidenti Darxan Kıdırali bildirib ki, Türk dünyasında türk sivilizasiyası, mədəniyyəti, elmi, dövlətçilik tarixi, hərb sənəti və s. haqqında əhatəli bir kitabın ərsəyə gəlməsi çox əhəmiyyətli hadisədir. "Türk dünyası" kitabı türk dünyası ilə bağlı əsas fakt, mövzu və problemləri əhatə etməklə zəngin informasiya qaynağı təqdim edir. Nəşr müasir türk dünyası haqqında müfəssəl elmi mənzərə və təsəvvür formalaşdırır. Təhlil olunan bütün faktların, hadisə və proseslərin inkişaf qanunauyğunluqlarının, dinamikasının öyrənilməsi müasir humanitar elmlər üçün də aktuallıq kəsb edir. Kitabın ən önəmli cəhəti sadə, anlaşıqlı dildə olması, elmi-publisistik üslubda yazılmasıdır. Bu nəşrin daha geniş kütlələrə xitab etməsinə imkan yaradır.

Beynəlxalq Türk Akademiyası tərəfindən qazax dilinə tərcümə olunan və nəfis tərtibatda işıq üzü görən kitab "Türk sivilizasiyasının təməl dəyərləri", "Türk xalqları", "Türk dövlətçiliyi tarixi", "Türkşünaslıq" və "Türk dünyasının tarixi şəxsiyyətləri" adlı 5 cilddən ibarətdir.

Kitablarda türk sivilizasiyasının təməl dəyərləri, türk dilləri, türk tarixi və mədəniyyəti, diplomatiyası, həyat tərzi, adət-ənənələri, dünyagörüşü və türklərin müasir dünyadakı mövqeyi haqqında geniş məlumat verilir. Eyni zamanda, digər cildlərdə türk etnocoğrafiyası, qədim türk boyları, türk dövlətləri və imperiyaları, müasir dövrdə türkdilli dövlətlərin təşkilatlanma və inteqrasiya prosesləri, türkşünaslığın aktual problemləri, türkçülük ideologiyası, türkçülüyü təhrif edən yanaşma və nəzəriyyələrin tənqidi analitikası, habelə, türk dünyasının görkəmli şəxsiyyətləri barədə ətraflı məlumatlarla tanış olmaq mümkündür.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?