Modern.az

ADU-da Yapon dili Natiqlik Müsabiqəsi keçirilib  

ADU-da Yapon dili Natiqlik Müsabiqəsi keçirilib  

25 İyun 2019, 16:50

Azərbaycan Dillər Universitetində GUAM +B ölkələrinin 6-cı Beynəlxalq Yapon dili Natiqlik Müsabiqəsi keçirilib. Müsabiqə beş dövlətin – Gürcüstan, Ukrayna, Moldova, Belarusiya və Azərbaycanın iştirakı ilə keçirilib. 

 

Modern.az xəbər verir ki, hər il Yapon Fondu tərəfindən dəstəklənən və keçirilməsi nəzərdə tutulan bu müsabiqə Azərbaycanda 2-ci dəfə keçirilir.

 

Universitetin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla və Yaponiyanın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Katori Teriyuki çıxış edərək, tədbirin əhəmiyyətini yüksək qiymətləndiriblər.

 

Qeyd olunub ki, Yapon dili bacarığının inkişaf etdirilməsi məqsədilə nəzərdə tutulan müsabiqə ölkələrarası beynəlxalq əməkdaşlıq və dostluq münasibətlərinin inkişaf etdirilməsi baxımından da böyük əhəmiyyətə malikdir. 15 nəfər tələbənin qatıldığı bu yarışmada Azərbaycanı 4 nəfər tələbə təmsil edib ki, onların da 2 nəfəri ADU-nun Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsinin tələbələri Lalə Bağırova və İlahə Məmmədova olub.

 

Müsabiqənin 15 iştirakçısı içərisində ADU-nun  tələbələri natiqlik bacarığının yüksəkliyi ilə digər iştirakçılarından seçilib. Hər iki tələb yarışmaya çox ciddi hazırlaşıb və onların hər biri kürsünün ən yüksək yerlərinə layiq ola biləcək səviyyədə olublar. Lalə Bağırova 2-ci, İlahə Məmmədova isə 3-cü yerə layiq görülüb.

 

Müsabiqənin keçirilməsində ADU-nun Yaponiya Araşdırmalar Mərkəzinə müxtəlif təşkilatlar öz dəstək və köməyini göstəriblər. “İlk növbədə universitetimizin rəhbərliyinə, xüsusilə rektorumuz Kamal Abdullaya öz dərin təşəkkürümüzü bildiririk. Bundan başqa Yaponiyanın Azərbaycandakı səfirliyinə, ITOCHU Oil Exploration (Azerbaijan) Inc. şirkətinə, ISR AUTO Lexus Bakı və TEC International şirkətlərinə, eləcə də bizimlə əməkdaşlıq etmiş ADU Tələbə Həmkarlar İttifaqına, Soni Xidmət Mərkəzinə və Tokyo Elektrik Enerjisi Xidmətləri şirkətinə öz minnətdarlığımızı bildiririk”- deyə, tədbirdə qeyd olunub.

 

Sonda GUAM+B ölkələrinin 7-ci Beynəlxalq Yapon dili Natiqlik Müsabiqəsinin Moldovada keçirilməsi yekdilliklə qəbul olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı