Modern.az

Bakı bulvarının SOYĞUNÇULARI - Onlardan turistlər də narazıdır!

Bakı bulvarının SOYĞUNÇULARI - Onlardan turistlər də narazıdır!

Ölkə

26 İyun 2019, 15:43

Havalar isindikcə, heç kim evdə oturmaq istəmir, axsamlar şəhər gəzintisinə çıxır. Bakıda gəzməyə çoxlu yer olsa da, ən ideal məkan Xəzərin sahilində yerləşən Bakı bulvarıdır desək, yanılmarıq. Paytaxt sakinləri və qonaqlar fürsət tapdıqca, Bakı bulvarını gəzməyə çalışırlar.

Təbii ki, gəzintiyə çıxanlar elə dəniz sahilində çay içmək də istəyir. Ancaq “Milli park”  adlandırdığımız bulvarda çay qiymətləri elədir ki, bəzən bu,  istəyə mane olur. Belə ki, bulvarın pik saatlarında sadə çay tapmaq mümkünsüz məsələyə dönür. Restoran sahibləri sadə çay verməkdən imtina edərək, çayın yanında mürəbbə və şokolad təklif edir ki, bunun da minimum qiyməti 7 manat olur. Bulvardakı bir çox yerlərdə isə sahibkarlar sadə çaya  qadağa qoyaraq, yalnız dəstgahla verirlər. Çay dəstgahının qiyməti isə minimum 20 manatdır. Yəni iki nəfərlə oturub çay içmək 20 manata başa gəlir. Bu vəziyyət yerli sakinlərlə yanaşı, Bakıya gələn turistlərin də narazılığına səbəb olur. 

 

Məsələ ilə bağlı Modern.az-a danışan Azad İstehlahçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, onlara da bulvarda verilən çayın qiyməti ilə bağlı kifayət qədər şikayət daxil olur:

“Bu, soyğunçuluğun başqa bir formasıdır. Bununla bağlı biz 3 il əvvəl Dənizkənarı Bulvar İdarəsinə rəsmi məktub göndərmişdik. Həmin məktubdan sonra bir müddət qiymətlərə nəzarət olundu, şikayətlər azaldı”.

 

Eyyub Hüseynovun sözlərinə görə, sahibkarlara bu məsələ ilə bağlı müraciət edəndə yüzlərlə bəhanə gətirirlər:

“Amma onların aqrumentləri əsassızdır, bununla turizmə də ciddi ziyan vururlar. Bu məsələ ilə İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti hansısa addım atmalıdır, monitorinq keçirməlidir.Təəssüf ki, heç bir ciddi iş görülmür. Bulvarda başladılan bu “soyğuçuluq” ənənəsi xərcəng xəstəliyi kimi şəhərin bir çox yerinə də yayılıb. Artıq bir çox parklarda sadə çay vermək ənənəsi ortadan qalxıb. Çay istəyirsən, yanında mürəbbə, dəstgah gətirirlər. Bəlkə mən istəmirəm, cibimdə 20 manatım yoxdu, nə etməliyəm? Bu məsələyə İqtisadiyyat Nazirliyi ciddi nəzarət etməlidir. İndi elə bir şərait yaradırlar ki, ölkəyə gələn turist bir də gəlmək istəmir. Bütün bu məsələlər bir-birinə zəncirvari bağlıdır”.

 

AİB sədri bildirb ki, sahibkarlıq obyektləri pul qazancaq deyə, istehlakçıların hüququ pozulmamalıdır.


“Biz son zaman şikayətlərin artdığını müşahidə edirik. Bunun üçün Dənizkənarı Bulvar İdarəsinə yenidən rəsmi məktubla müraciət etməyi düşünürük”.

 

Qiymətlərin vəziyyəti ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin də mövqeyini öyrənməyə çalışdıq. Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı dedi ki, Milli parkdakı kafe və çayxanaların heç biri Dənizkənarı Bulvar İdarəsinə aid deyil:

“Onlar sadəcə burada ərazidən istifadə edirlər. İctimai iaişə obyekti kimi Bulvar İdarəsinə məxsus deyil. Oradakı qiymətləri də restoranları işlədənlər müəyyən edirlər. Biz sadəcə onlara tövsiyə edirik ki, qiymətlər insanların istəyinə uyğun olsun. Qiymətləri onlar tənzimləyir, ona görə də Dənizkənarı Bulvar İdarəsi hərhansı qiyməti müəyyən etmək səlahiyyətinə malik deyil”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir