Modern.az

Şəhid Xaliq Əzizzadənin “Sonuncu zəng”i - Nişan üzüyü evdə qalan ƏSGƏR

Şəhid Xaliq Əzizzadənin “Sonuncu zəng”i - Nişan üzüyü evdə qalan ƏSGƏR

28 İyun 2019, 08:52

Modern.az saytında “Sonuncu zəng” rubrikasına davam edirik. Rubrikamızda vətən uğrunda canlarından keçib şəhidlik zirvəsinə ucalan oğul və qızlarımızın ailəsi və yaxınlarıyla sonuncu zəngi, telefon danışığı, son görüşü haqqında danışılır.


Rubrikanın növbəti təqdimatı aprel şəhidi Xaliq Əzizzadəyə həsr olunur.

Əslən Qərbi Azərbaycandan olan Xaliq Əzizzadə 1997-ci  ilin 27 avqust günündə Şərurda anadan olub. Xaliq Əzizzadə Bakının Xətai rayonunda yerləşən M. Hacıyev adına 116 saylı tam orta məktəbi bitirib. Əsgər Xaliq Əzizzadə 2016-cı ilin aprel ayında cəbhədə gedən şiddətli döyüşlərdə şəhid olub. 

Xaliq Əzizzadə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

 

Modern.az-ın Xaliq Əzizzadəylə bağlı suallarını atası Həsən Qasımov və anası Nigar Qasımova cavablandırıb.

Şəhid atası:

“Xaliq 1997-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Aşağı Yaycı kəndində dünyaya göz açıb. Həmin vaxtlarda Naxçıvan Muxtar Respublikasında İcra Nümayəndəliyində müxtəlif vəzifələrdə çalışırdım. Səlahiyyətlərimdən istifadə edərək Xaliqin soyadını atamın adıyla Əzizzadə olaraq dəyişdim. Biz 2002-ci ildə Bakıya gəldik. Xaliq burada 116 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub, 2014-cü ildə orta məktəbdən məzun oldu. Həmin il ali məktəb üçün qəbul imtahanından 1 balla kəsildi. Sonra biz Hərbi Komissarlıqdan möhlət aldıq, yenidən hazırlışdı. İkinci il 2 balla kəsildi. 2015-ci ildə Xaliq hərbi xidmətə göndərildi. Bir müddət Gəncədə N saylı hərbi hissədə xidmətdə oldu, 3 ay sonra Murova, Toğanaya göndərildi. Mən İcra Nümayəndəliyində Səfərbərlik İdarəsiylə birgə işlədiyimə görə oğlanlarımı da hərbi vətənpərvərlik ruhunda yetişdirmişdim”.


Şəhidin atası canı alovlar içində yanarcasına, göz yaşları içində, səsi titrəyə-titrəyə oğluyla son görüşündən danışır:


“2016-cı il mart ayının 28-də mən sonuncu dəfə Xaliqin olduğu hərbi hissəyə getdim. Son görüşümüzün üstündən 4 gün keçmişdi ki, hadisələr başladı. Mən həmin ərəfələrdə Xaliqə ard-arda zəng vururdum, lakin ona zəng çatmırdı. Mesaj yazdım ki, “hardasan, Xaliq? Narahatam” yenə cavab gəlmədi. Aprel ayının 5-də Müşviq Orucovun dəfn mərasiminə getmişdim. Amma özüm çox narahat idim. Günortadan sonra idi. Dostum mənə zəng elədi ki, “sənin Xaliq adlı qardaşın var?”.
Səhər saat 11-dən İcra Hakimiyyətinə xəbər gedib, lakin soyadı başqa olduğundan kimliyini təyin edə bilmirlərmiş. Sonra məndən həyat yoldaşımın adını soruşdular. Öyrənəndən sonra məni tibb məntəqəsinə çağırdılar. Sən demə Xaliq artıq həyatda yox imiş”.



Bir ata üçün oğul itkisi çox ağırdır. Bu, Həsən Qasımov oğlundan danışdıqca, aydın şəkildə hiss olunurdu. Xaliq həyatda heç bir arzusuna çatmadı. Atalar özlərini tox tutmağı bacarırlar bəzən. Lakin Həsən Qasımov bunu bacarmır. Bəlkə də Xaliq heç bir arzusuna çatmadığı üçün atası hələ də özünə gələ bilmir. Xaliq şəhid olduğu gündən atası bişmiş yemək yemir ki, oğlu soyuq torpaq altındadı, orda acdı...


“Mən yalnız o vaxt dinclik taparam ki, ərazi bütövlüyümüz bərpa olunsun, torpaqlarımız mənfur ermənilərdən geri alınsın. Bilərəm ki, oğlumun qanı yerdə qalmadı, şəhidlərimizin qisası alındı. Mən cənab Prezidentimizə öz minnətdarlığımı bildirirəm ki, bizi hər zaman diqqətə saxlayır. Artıq 1 küçəyə Xaliq Əzizzadənin adı verilib”, - deyə şəhidin atası bildirir:


“Mən Modern.az saytının rəhbərliyinə öz minnətdarlığımı bildirirəm ki, bu gün bizi yad edirsiz, bizə təsəlli verirsiniz”, - Həsən Qasımov əlavə edir.


Xaliq Nigar xanımın sonbeşiyi idi. Nigar ana onu digər uşaqlarından ayırar, daha çox istəyərmiş:

“Universitet oxumağını çox istəyirdim. Birinci il 1 balı, ikinci il 2 balı çamadı qəbul olunmağa. Atası oxutmaq istəyirdi, amma Xaliqin arzusu əsgər getmək idi. Murovu çox soyuq yer deyirdilər. Amma Xaliq həmişə razılıq edirdi. Hərbi xidmətdə vəzifəsi sanitar maşınını idarə etmək idi. Mart ayının 26-sı idi. Qardaşım zəng elədi ki, Xaliqin yanına getmək istəyirik, ailəvi şəkildə. Maşında 1 nəfərlik də yer var. İstəyirsən səni də aparaq. Dedim yoldaşımla məsləhətləşim sonra. Yoldaşım dedi ki, ibu dəfə qardaşıngillə get, sonra özümüz də ayrı gedərik. O vaxt müharibə yox idi, sakitlik hökm sürürdü. Ürəyimiz narahat deyild. Hazırlıq gördüm, yemək bişirdim. Zəng elədim Xaliqə ki, yanına gəlirik. Gecə saat 03:00-da Bakıdan çıxdıq. Səhər vaxtı çatdıq ora. Ordakı əsgərlərdən Xaliqi soruşduq. Dedilər ki, Xaliq 4-cü taborun əsgəridi.Yolu göstərdilər qalxdıq ora. Sən demə Xaliq ağacın arxasında bizi gözləyirmiş. Oğlum o qədər gözəlləşmiş ki, o qədər yaxşılaşmışdı ki, yəqin “yerin payı” idi. Xaliqin olduğu məntəqədən aşağıda istirahət mərkəzi var idi. Ora getdik, süfrə açdıq, söhbətləşdik. Axşamüstü saat 17:00-da çıxdıq ordan. Nə bilərdim ki, bizdən sonra müharibə olacaq”.


Xaliqin məzuniyyəti aprel ayının 11-nə düşürdü. Anası Nigar xanım oğlu üçün  komandirdən icazə alıb, onu özüylə evə aparmağı təklif etsə də, Xaliq buna razı olmayıb.

Aprel ayının 1-də Xaliqdən anasına zəng gəlir. Oğlunun səsindəki tənginəfəsliyi hiss edən ananın narahatlığı artır:


“- Nolub, Xaliq, səsin niyə elə gəlir?

- Heç, ay ana.

- Bala, şəhid olanlar var ha, özünü gözlə anan qurban.

- Narahat olma, ana. Mən məntəqədəyəm, döyüşə getməmişəm.


Sən demə məni aldadırmış. Xaliqin yoldaşlarını müharibəyə köməyə aparırmışlar. Komandir oğlumu maşından düşürüb ki, “yaralılara kömək üçün ehtiyac olar, sən qal”. Xaliqin əsgər yoldaşı mənə dedi ki, “Xaliq də bizlə müharibəyə gedirdi. Komandir onu maşından düşürtdü”. Səhəri gün Xaliq gedib komandirdən xahiş edir ki, o da döyüşlərə atılmaq istəyir. Xaliq döyüşə könüllü gedib. Amma mənə zəng vuranda yalan deyib ki, narahat olmayım”.



Xaliqin ailəsinə sonuncu zəngi aprelin 4-də olub. Axşamçağı saat 16:30-da. Nigar ananın telefonuna zəng gəlir. Zəng edən oğlu idi:


“- Ana, necəsən?

- Yaxşıyam anan qurban, sən necəsən? Müharibə nə yerdədi?

- Mən də yaxşıyam, narahat olma. Mən məntəqədəyəm. Ana, bilirsən niyə zəng eləmişəm. İstədim səsini eşidim. Həm də bildirmək istədim ki, telefonu bir neçə gün “zaryadkaya” qoşa bilməyəcəm. Baş qarışıqdı. Komandir qoymur telefon işlətməyə. Birdən telefonun “zaryadkası” qutarar, zəng çatmaz mənə. Narahat olma. Ana, qardaşım hanı?

- Burda, yanımdadı, Xaliq. Telefonu verim danışırsan?

- Hə, ana, ver səsini eşidim.


İstədim telefonu verim o biri oğluma. O anda Xaliq tələsik dedi ki, “ana, komandir gəldi”. Birdən telefon qapandı və səs kəsildi.


Aprelin 5-i idi. Yoldaşım dedi ki, şəhid gətiriblər. Dəfn mərasiminə gedəcək.
Səhər idi, amma əlim-ayağım elə qurumuşdu ki, durub iş görə bilmirdim. Bir az sonra qaynımın yoldaşı zəng elədi mənə: “Nigar Xaliqlə danışmısan?”. Sən demə onlar bilmirmiş hər şeyi. Dedim ki, “dünən danışmışam”.

Telefonu yerə qoydum. Bir az sonra qapı döyüldü. Qaçdım qapıya. Gördüm böyük qaynımdır. Dedim “nə yaxşı gəlmisən, Telman?”. Dedi ki, elə-belə gəlib. Dedim “gözlə Həsənə zəng vurum, tez evə gəlsin”. Dedi ki, “Xaliq yaralanıb Nigar”. “Denən Xaliq ölüb, ay Nigar!” deyə qışqırıb yıxılmışam yerə. Heç nədən xəbərim olmayıb. Aprelin 6-da saat 06:00 idi, balamın nəşini gətirdilər”.


Əsgər getməzdən 1 gün əvvəl anasının qolları arasında yatan Xaliq sanki bilirmiş ki, gedişinin dönüşü olmayacaq.


Xaliq məktəbdə oxuduğu vaxtlarda bir qız istəyirmiş. Anasından əsgər getməzdən əvvəl elçi getməsini istəsə də, Nigar xanım buna razı olmayıb:


“Elə deyirdi ki, “ana, üzük taxaq, rahat gedim əsgərliyə”. Deyirdim, “bala, get xidmətini çək, qayıt, ən gözəl üzüyü aparacam qıza”. Atası deyirdi ki, “Xaliqi tez evləndirəcəm, toyunu görmək istəyirəm. Birdən ölərəm, toyunu yaxşı eləməzlər”. Bacısıyla danışanda Xaliq deyib ki, “bacı, aprelin 11-i məzuniyyətə gələcəm, qıza elçi gedərsiz”. Getdim nişan üzüyü aldım. Balamın nişan üzüyü qaldı evdə, arzumuzu ürəyimizdə qoydu Xaliq”.

 

P.S. Rubrikanın gerçəkləşməsində yardımlarına görə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Alızadəyə öz təşəkkürlərimizi bildiririk.

 

Nuranə DAXİLQIZI 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi