Modern.az

Azərbaycan dili fərdlər arasında birlik yaradır... - II YAZI

Azərbaycan dili fərdlər arasında birlik yaradır... - II YAZI

Ədəbi̇yyat

1 İyul 2019, 08:53

Buludxan Xəlilov,

filologiya üzrə elmlər doktoru, professor 


Şeir dilinin özünəməxsus tərifləri var və bunlar Azərbaycan dilində qorunur. Məsələn, insanın mər­kə­zə çəkilməsi və ona önəm verilməsi, özgənin duru­mu­na çıxış yolu axtarmaq, insanın hansı durumla və problemlə üz-üzə dayandığını göstərmək və s. şeir dilinin özünəməxsusluğu kimi təqdim olunur. Bununla belə, şeir dili, o cümlədən şairlərin dili Tanrı dilidir. Həqiqəti və gerçəkliyi bu dil qədər an­la­dan dil yoxdur. Şeir dili ton, intonasiya, ritm, böl­gü, vurğu və s. baxımdan dil içərisində ikinci bir dil­dir. Bu dil hər bir insanın içərisində və ruhunda var. Ancaq onu bir hala gətirmək, ətrafdakılara anlatmaq hamıda yox, yalnız şairlərdədir. Şair sözlərdən elə is­ti­fadə edirlər ki, onun heç ruhuna da toxunmur, ək­si­nə, onu ruh dilinə, sevgi dilinə yüksəldirlər. Nəticədə di­lin təəssübkeşi olurlar. Məsələn, Süleyman Rüstə­min “Dilimə dəymə” şeirində olduğu kimi.

Mən sənin dilinə dəymirəm, cəllad,

Gəl sən də bu ana dilimə dəymə!

Sənin də bağın var, gülün var, çəkin,

Bağımda əkdiyim gülümə dəymə!

 

Həsədlərlə baxdın çəmənimə sən,

Gör bir nələr etdin vətənimə sən,

Yan – deyib, od vurdun bədənimə sən,

Altında atəş var, külümə dəymə!

 

Mən ağa ağ dedim, qaraya qara,

Sən məni istədin çəkəsən dara,

Yenicə sağalır vurduğun yara,

Mənim bu yaralı könlümə dəymə! 


Hər bir şairi, yazıçını istedadları ilə yanaşı, həm də yazdıqları dil ucaldır. Bu zaman dil əvəzsiz bir xə­zi­nə rolunu oynayır. Bu xəzinəni şeir və yazıçı xərc­lə­dikcə xəzinə tükənmir, əksinə, xəzinənin bərəkəti üzərinə bərəkət gəlir. Azərbaycan dilinin xəzinə bə­rə­kətini artıran şairləri, yazıçıları az olmayıbdır. Di­li­mi­zin xəzinə bərəkətini artıran şair və yazıçılar de­dik­də ilk yada düşənlər sırasında Səməd Vurğunun adını çəkməmək olmur. O, şeirimizdə Azərbaycan dilinin imkanlarından istifadə edərək bir dönüş ya­rat­mış, Azərbaycan dilinin şeir dili kimi, bədii dil kimi sevilməsinə xidmət etmişdir. Səməd Vurğun Azər­bay­can ədəbi dilinin şeir qolunu milyonların istifa­də­si­nə vermiş, bunu xalqın duyğu və arzularına yaxın ol­ması ilə bacarmışdır. Onun müraciət etdiyi möv­zu­lar, bü­töv­lükdə yaradıcılığı insanı ovsunlayan bir dünyadır. Elə “Dünya” şeirinin özü ayrıca bir dünyadır.

 

Ulduzlar havanın bağrını dəlir,

Qayalı dağlardan duman yüksəlir,

Xəyalım gecəni salama gəlir,

Çapırdır atını birbaşa dünya.

 

Yerlərə baxıram – bağçalı, bağlı,

Göylərə baxıram – qapısı bağlı.

Kainat ixtiyar, sirli, soraqlı,

Əzəldən yaranıb tamaşa dünya.

 

Bir də görürsən ki açılan solur,

Düşünən bir beyin bir torpaq olur;

Bir yandan boşalır, bir yandan dolur,

Sirrini verməyir sirdaşa dünya.

 

Əzəldən belədir çünki kainat,

Cahan daimidir, ömür amanat.

Əldən-ələ keçir vəfasız həyat,

Biz gəldi-gedərik, sən yaşa, dünya!

 

Buludlar dağılır uzaqda lay-lay,

Yenə öz yerində yuvarlanır ay;

Fəqət nə Cəlal var, nə də ki, Humay,

Nə ömrə acıyır, nə yaşa dünya. 


Yaxud Səməd Vurğunun “Ala gözlər” şeirimi onun yaradıcılığının Azərbaycan dili  xəzinəsinin nə qə­dər bərəkətli, böyük təsir gücünə malik olduğunu, oxucunun qəlbini fəth etməsini, təmiz, saf lirika nü­mu­nəsi kimi oxucu kütləsinin zövqünü ələ almasını üzə çıxarmır? Əksinə, Səməd Vurğun bütün yara­dı­cı­lığında olduğu kimi, bu şeirində də Azərbaycan dilinin poetik imkanlarını yüksəkliklərə qaldırır.

 

Yenə qılıncını çəkdi üstümə

Qurbanı olduğum o ala gözlər.

Yenə cəllad olub durdu qəsdimə

Qələm qaş altında piyalə gözlər.

 

Başımdan getmişdi sevdanın qəmi,

Xəyalım gəzirdi bütün aləmi.

Bu dustaq könlümü, deyin yenəmi

Çəkdiniz sorğuya, suala gözlər?

 

Sevda yolçusuyam əzəl yaşımdan,

Könlüm ayrı gəzir can sirdaşımdan:

Dağıdır huşumu alır başımdan

Süzülüb gedəndə xəyala gözlər.

 

Gərdanın minadır, boyun tamaşa,

Ay da həsəd çəkir o qələm qaşa.

Bir cüt ulduz kimi verib baş-başa

Yanıb şölə salır, camala gözlər.

 

Mənim sevgilimdir o gözəl pəri,

Qoy üzə vurmasın keçən günləri.

Mən qədir bilənəm əzəldən bəri,

Sizinlə yetmişəm kamala, gözlər.

 

Cahanda hər hökmü bir zaman verir,

Dünən dövran sürən, bu gün can verir.

İllər xəstəsiyəm yaram qan verir,

Siz məni saldınız bu hala, gözlər. 


Söznən nəfəs alan, dili duyan, dil adlı xəzinənin bə­rəkətini artıran şair və yazıçılardan fərqli olaraq, bu xəzinədən istifadə etməyi bacarmayanlar da var. Onlar dil adlı xəzinədən istifadə etməyi bacar­ma­dıq­la­rına görə heç özləri də bilmirlər ki, dildən nə istə­yir­lər. Gah dilə hücum edir, onu yaralayır, gah da dilin qayda-qanunlarıni pozur, gözdən salmaq istə­yir­lər. Onlar problemi özlərində deyil, dildə axtarırlar. Be­lə olduğundan “Altun yumurtlayan toyuq” heka­yə­si yada düşür. Hekayənin məzmunu belədir: Təmiz bir adamın toyuğu hər gün xalis bir altun yu­murt­larmış. Adam bir gün fikirləşir ki, toyuğun gün­də bir altun yumurtlaması azdır. Fikirləşir ki, toyu­ğun qarnında bir xəzinə var, həmin xəzinəyə sahib olmaq lazımdır. Belə hesab edir ki, gündə bir altun yumurtanın sahibi olmaqdansa, birdəfəlik xəzinəyə sahib olmaq daha yaxşıdır. Ona görə də toyuğun ba­şı­nı kəsir, toyuğun qarnında, qursağında xəzinə ax­ta­rır. Ancaq heç bir xəzinə tapmır. Beləliklə, hər gün toyuğun yumurtladığı bir altundan da, toyuqdan da olur. Bu mənada bəzən dilimizi boğazlayanlar, dilin başına oyun açanlar, dil adlı xəzinənin necə xərc­lən­mə­sini bacarmayanlar dilin özünü qiymətdən salırlar. Belə olanda dil ağrıyır, ah-nalə edir, əziyyət çəkir.


Sözlərdən, kəlmələrdən kimin istifadə etməsi və ona kimin ruh, can verməsi əsas məsələlərdən biridir. Sözlər, kəlmələr neytral halda dayanıb gözləyirlər. Gözləyirlər ki, onlardan kim və necə istifadə edə­cək­dir. Sözlərdən, kəlmələrdən kimin istifadəsi və necə istifadəsi dilin möcüzəli aləmini üzə çıxarır. Dil lüğət tərkibindəki sözlərin, kəlmələrin və onların istifadəsi hesabına qüdrətli olur. Şairlər, yazıçılar dil adlı sə­nə­tin möcüzəli aləminə bir cür ruh, can verir, musi­qi­şü­nas­lar tamam ayrı cür boya qatırlar. Dilin ən ümdə möcüzələrindən biri şeirin musiqi dilinə, nəğməyə çevrilməsidir. Hər hansı bir dildə yaranan şeirlərin bir qismi uzun əsrlər boyu musiqi alətlərinin müşahi­də­si ilə söylənmiş və oxunmuşdur. Bu da təbii ki, şeirə, yəni şeirdəki sözə, geniş mənada dilə bir gözəl­lik vermişdir. Dilin, eləcə də dildəki sözlərin, kəl­mə­lə­rin gözəlliyini və duyumunu musiqi alətlərinin səs­lə­ri daha da güclü etmişdir. Təsadüfi deyil ki, qədim yunanlılar sözü “lir” adlı sazla, iranlılar “rud” adlı çal­ğı aləti ilə, türklər “saz”la söyləmiş və bunların kö­məyi ilə dilin, sözün, kəlmənin duyumunu artır­mış­lar. Dilə, sözə, kəlməyə musiqi qatmağı hələ ibti­dai insanlar anlamış və bunu həyat tərzinə çevir­miş­lər. Laylalardan, nanaylardan başlamış ta bugünkü mahnılara qədər, bunların hamısı bir həqiqəti təsdiq etmişdir ki, dillər şeir dili olub-olmamalarına görə də bir-birindən fərqlənmişdir. Bu mənada Azərbaycan di­linin bir möcüzəsi də onun şeir dili olmasıdır. Azər­baycan dilinin musiqiyə yatımlı olması onun şeir dili olması ilə bağlıdır. Hər dil şeir dili ola bilmir. Azər­baycan dilinin şeir dili olması bu dilin möcüzəli xüsusiyyətlərindən biridir. Bu möcüzəyə qol-qanad verən Azərbaycan dilinin səs quruluşunun ifadəli ol­ma­sı, ahəng ünsürünün üstünlük təşkil etməsi, avaz­lan­manın, intonasiyanın yüksək rol oynamasıdır. Həm də Azərbaycan torpağının, iqliminin, coğrafi­ya­sı­nın özəllikləridir. Biz Azərbaycan dilinin yaratdığı bütün möcüzələrə görə bu torpağa, iqlimə, coğrafi­ya­ya borcluyuq. Azərbaycan dilinin yaratdığı möcü­zə­lə­rin təkamülündə azərbaycanlıların tarixboyu yaşa­dıq­ları torpaqlar da vətən torpağı kimi dilimizin dia­lektlərini, şivələrini, ləhcələrini formalaşdırmaqda ye­nə də dilin möcüzəsinə xidmət etmişdir. Yəni azər­bay­canlıların yaşadıqları torpağın, vətənin coğrafi­ya­sı, iqlimi, relyefi, təbiəti dilin möcüzə yaratmasına müsbət təsirini göstərmişdir. Dialektal səs çeşid­lə­ri­nin, sözlərin və onların mənalarının yaranması azər­bay­canlıların yaşadıqları ərazilərin, vətənin coğrafi təbiəti, iqlimi, relyefi ilə bağlı olmuşdur. Bir sözlə, coğrafi mühit, iqlim, relyef dilin yaratdığı möcüzəyə xidmət etmişdir.


Azərbaycan dilinin şeir, musiqi, nəğmə dili ol­ma­sını xalq mahnıları, el mahnıları da təsdiq edir. Xalq mahnılarında, el mahnılarında şeirin ruhu ilə mu­siqinin bir-birini tamamlaması nəticə etibarilə dili sevdirir. Azərbaycan dilinə sevgi həm də xalq mah­nı­la­rından, el mahnılarından qidalanır. Məsələn, “Qa­la­lı” xalq mahnısını necə sevməmək olar? Axı burada şeirlə musiqi bir-birini tamamlayır:

 

Bu gün ayın üçüdür

De gülüm nanay, ay naninay.

Girmə bostan içidir,

Yar girmə bostan içidir.

Dodaqların bal şəkər,

Dilin badam içidir.

 

Qız, belin incədir, incə,

Ləblərin qönçədir, qönçə.

 

Dam üstədir damımız.

De gülüm nanay, ay naninay.

Qoşadır eyvanımız.

Sən ordan çıx, mən burdan

Kor olsun düşmanımız. 


Yaxud “Sona bülbüllər” xalq mahnısında şeirlə musiqinin vəhdətini görməmək mümkün deyil:

 

Su atdım hara dəydi, sona bülbüllər?

Əlim divara dəydi, sona bülbüllər.

Dilim-ağzım qurusun, sona bülbüllər

Nə dedim yara dəydi, sona bülbüllər?

 

Elə yar-yar deyirlər

Heç məni demirlər

Elə bil yar deyiləm

Heç məni dindirməz.

 

Azərbaycan dili şeir, musiqi, ruh dili olduğu üçün Üzeyir Hacıbəyli istedadı ilə yanaşı, dilin öz im­kanlarından istifadə edərək “Leyli və Məcnun”, “Şah Abbas və Xurşid banu”, “Əsli və Kərəm”, “Ha­run və Leyla”, “Rüstəm və Söhrab”, “Koroğlu” ope­ra­larını, “Ər və arvad”, “O olmasın, bu olsun”, “Ar­şın mal alan” komediyalarını yazmışdır. Bununla da Üzeyir Hacıbəyli sübut etmişdir ki, Azərbaycan dili bədii ruhu olan dildir. Azərbaycan dili təmiz və mü­qəd­dəs xalq zövqünə və istəklərinə uyğun dildir. Azər­baycan dili dərin milli və sosial köklərə malik olan dildir. Azərbaycan dili musiqi dili ilə danışmağı bacaran dildir. Azərbaycan dili şeir, musiqi, ruh dili olmaqla Üzeyir Hacıbəylinin xidmətləri sayəsində (yazdığı operalar və komediyalarla) Yaxın Şərq öl­kə­lə­rində və bir sıra digər xarici ölkələrdə tanınmış, şöhrət qazanmış dildir. Azərbaycan dili xalqın tari­xi­ni, yaradıcı təfəkkürünü əks etdirən dildir.

 

SON...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!