Modern.az

Havaların kəskin dəyişməsi kənd təsərrüfatında fəsadlara yol açdı

Havaların kəskin dəyişməsi kənd təsərrüfatında fəsadlara yol açdı

İqtisadiyyat

1 İyul 2019, 15:27

Son iki gündə havaların kəskin dəyişməsi kənd təsərrüfatının müxtəlif sahələri üçün ciddi risk faktorları yaradır. Bu barədə Modern.az-a danışan Kənd Təsərrüfatı Nazirliyinin eksperti Nicat Nəsirli bunu “bitkilər üçün stress amilləri” adlandırıb. N.Nəsirli ayrı-ayrı sahələr üzrə müşahidə olunan faktiki vəziyyəti də açıqlayıb.

Ekspert bildirib ki, meyvəçilikdə - mövsümün bu çağında yağıntıların düşməsi nəticəsində havada nəmlik normasının artması xüsusən alma ağacları üçün təhlükəli xəstəlik olan “dəmgil”in aktivləşməsinə səbəb olur:

“Bağban “dəmgil”ə qarşı yalnız kimyəvi mübarizə tədbiri aparmalıdır ki, bu da qulluq işlərinin artması və məhsula çəkilən xərclərin yüksəlməsi ilə müşahidə olunur. Eyni zamanda, yağıntılar mövsümün ən sevilən giləmeyvəsi olan gilasa mənfi təsir göstərir. Ağacın üzərində qalan, yığılmamış  gilasa yağış dəyərsə,  çatlama əmələ gəlir və məhsulun əmtəə görünüşü itir.

Üstəgəl, mövsümün əsas zərərvericiləri olan “Şərq meyvəyeyəni”, “Şərq almayeyəni” və Kaliforniya yastacasnın aktiv fazasıdır, onlara qarşıda ayrıca mübarizə aparılmalıdır”. 

 

N.Nəsirli üzümçülüklə bağlı qeyd edib ki, temperaturun qəflətən yüksəlməsi üzüm tinglərində su balansını pozur, qarsılma halları yaradır, gilələrdə günəş yanıqlarının və büzüşmələrin əmələ gəlməsinə səbəb olur:

“Havanın rütubətli olması və gecə müşahidə edilən soyuqlar bir sıra göbələk xəstəliklərinin aktiv (mildiu, oidium, ölü kol və s.) inkişafına səbəb olur. Digər tərəfdən, hava şəraitində, xüsusən də gündəlik tempuraturda müşahidə edilən kəskin tərəddüdlər (amplitud) üzümdə metobolizm, fotosintez kimi fizioloji proseslərin pozulmasına səbəb olur ki, sonda bu da məhsulun keyfiyyətinə mənfi təsir edir”.

 

Nazirlik əməkdaşının sözlərinə görə, hava şəraitinin kəskin dəyişməsi əkinçilikdə - xüsusilə biçində ciddi fasilələr yaradır:

“Tam yetişərək biçilmə mərhələsinə çatmış taxıl sahələrində yatma, dən tökülməsi kimi fiziki itkilərə gətirib çıxarır, üstəgəl biçilmiş məhsul xırmanda düzgün yerləşdirilməyibsə, nəm havaların təsirilə çürüyür. Mövsümi becərmə işləri gedən qarğıdalı, şəkər çuğunduru sahələrində güclü küləklə müşayiət olunan qeyri-sabit hava şəraiti bar orqanlarının zədələnməsinə, tam qırılmasına gətirib çıxarır ki, bu da sahədən əldə olunan məhsuldarlığı aşağı salır”.


Yemçiliyə
gəldikdə, N.Nəsirli deyib ki, yağıntılar biçilərək sahədə quruma mərhələsində olan otun keyfiyyətinə pis təsir göstərir, ot qaralır və təsərrüfat əhəmiyyəti itir. Eyni zamanda, biçin prosesində fasilələr yaradır.

Ekspert deyib ki, tərəvəzçilikdə -  açıq sahədə salınmış bitkilərdə çiçəklərin tökülməsi, əzilmə, aşma kimi hallar yaradaraq məhsulun bəribaşdan əmtəəlik qabliyyəti aşağı salır.

N.Nəsirlinin sözlərinə görə, heyvandarlıq yeganə sahədir ki, belə havalar olduqca əlverişli hesab olunur:

“Hazırda müşahidə olunan hava iri və xırda buynuzlu heyvanlarda , eyni zamanda quşçuluqda ideal sayılır. Heyvanlarda bədən temperaturunun aşağı düşməsi nəticəsində yemin həzmə gediciliyi artır, hayvan daha iştahla yeyir və özünü bir növ komfortlu hiss edir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?