Modern.az

Kəmaləddin Heydərov İlham Əliyevə məruzə etdi - FOTOLAR

Kəmaləddin Heydərov İlham Əliyevə məruzə etdi - FOTOLAR

24 Yanvar 2012, 19:07

Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün dövlət başçısının Fərmanına uyğun olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən Niderland Krallığının “Damen” şirkətinin istehsal etdiyi “CSD-500” torpaqsoran qurğuları, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmiləri, tədqiqat kateri Bakıya gətirilib.
Prezident İlham Əliyev yanvarın 24-də gətirilən qurğulara, yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirib.
Prezident İlham Əliyev torpaqsoran qurğular, yedək və təchizat gəmiləri, tədqiqat kateri ilə tanış olmaq üçün Yaxt Kluba gəlib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov gətirilmiş qurğular, gəmilər və kater barədə Prezident İlham Əliyevə məruzə edib. Bildirib ki, Niderland Krallığının “Damen” şirkətinin istehsal etdiyi “CSD-500” torpaqsoran qurğular su səthindən 14 metr dərinliyə qədər məsafədə dibdərinləşdirmə işlərini yerinə yetirir.

Üç nəfər heyətdən ibarət, ümumi uzunluğu 49,10 metr olan qurğunun suvurma nasoslarının gücü saatda 4 min kubmetrdir. Çay məcralarında süxurun tərkibindən asılı olaraq dibdərinləşdirmə işləri zamanı qurğunun istehsal gücü də dəyişir. Bu qurğular əsasən lil, qum və bərk süxurları soraraq boru kəməri ilə uzaq məsafələrə vurulmasını təmin edir. Qurğunun qazıma nöqtəsindən boru kəməri ilə birbaşa uzağa vurmaq məsafəsi 1500 metrdir. Bütövlükdə əlavə ötürücü stansiyalar quraşdırmaqla nasosların vurma məsafəsi maksimum 5 kilometrə qədər çatdırıla bilər. İstifadə olunan üzən boru kəmərləri Rusiyada kompozit materialdan hazırlanmışdır. Quruda istifadə olunacaq borular isə Sumqayıtdakı “AZENCO” ASC tərəfindən istehsal edilib.
Yedək və təchizat gəmilərinin göstəriciləri barədə də dövlət başçısına məlumat verilib. Bildirilib ki, Türkiyə Respublikasının Tuzla şəhərində istehsal edilmiş yedək və təchizat gəmilərindən biri 1200, digər ikisi isə 900 at gücünə malikdirlər (YQ-1, YQ-2, YQ-3). Bu gəmilər torpaqsoran qurğuları müvafiq məsafələrə yedəkdə apararaq təchizat işlərini təmin edəcək. Göyərtəsindəki 10 ton yükqaldırma qabiliyyətinə malik teleskopik kran müxtəlif növ təchizat və köməkçi işləri yerinə yetirmək imkanına malikdir.
Tədqiqat kateri (TK-1) də Türkiyənin Tuzla şəhərində istehsal edilib. Bu kater dibdərinləşdirmə tədbirlərində tələb olunan tədqiqat işlərinin yerinə yetirilməsini təmin edəcək.
Qeyd olunub ki, göstərilən işlərin həyata keçirilməsi üçün Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin nəzdində Dibdərinləşdirmə İşləri İdarəsinin yaradılması nəzərdə tutulub. İdarənin fəaliyyətini təmin etmək üçün müvafiq nəqliyyat-texniki vasitələr alınacaq. Bu məqsədlə dünyada daşqınların qarşısının alınması və dibdərinləşdirmə tədbirlərinin həyata keçirilməsində aparıcı ölkə olan Niderland Krallığının “Deltares” və “Royal Haskoning” institutları ilə müvafiq məsləhətləşmələr aparılır. Gəmilərin fəaliyyətinin təmin edilməsi üçün əsas bazanın Neftçala, köməkçi bazaların isə Salyan və Sabirabad şəhərlərində yerləri seçilmiş, “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu tərəfindən müvafiq layihə hazırlanıb. Layihəyə uyğun olaraq körpü, anbarlar, təmir sexləri və inzibati binalar inşa olunacaq.
Dibdərinləşdirmə işlərinin dəqiq həyata keçirilməsi üçün Neftçala, Salyan və Sabirabad rayonları əhatə olunmaqla bütün Kür çayı boyunca batimetriya işləri artıq başa çatdırılıb. Bu tədbirlərin Neftçala, Salyan və Sabirabad rayonlarında planlı şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Tələb olunan işləri görmək üçün hər rayonda bir torpaqsoran qurğu, bir yedək-təchizat və bir kiçik yedək gəmisi işləyəcək. Müasir avadanlıqlarla təchiz edilmiş tədqiqat kateri isə hər üç rayonun ərazisində batimetriya işlərini həyata keçirəcək.
Çayın dibindən sorularaq çıxarılan su-qrunt qarışığı, suyun üzərində qalma qabiliyyətli kompozit materialdan hazırlanmış borular, quru ərazidə isə polietilen borular ilə durulducu hovuzlara töküləcək, sonra isə müvafiq istiqamətdə çaya axıdılacaq, qrunt isə texnika vasitəsilə kənara daşınacaq. Durulducu hovuzların layihə işləri başa çatdırılmışdır və yaxın vaxtlarda icrasına başlanılacaq. Ümumi sahəsi 202 hektar olan durulducu hovuzların ikisi Neftçalada, dördü Salyanda, üçü isə Sabirabadda inşa ediləcək. Neftçala, Salyan, Sabirabad rayonlarının ərazilərində 1,3 milyon kubmetr qruntun çıxarılması nəzərdə tutulur.
Gətirilmiş qurğular, gəmilər və katerlə yaxından tanış olan Prezident İlham Əliyev sonda torpaqsoran qurğunun işləmə prosesini də izləyib.





Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi