Modern.az

Rektor: “Hər bir telekanalın siması onun rəhbərinin simasıdır” - MÜSAHİBƏ

Rektor: “Hər bir telekanalın siması onun rəhbərinin simasıdır” - MÜSAHİBƏ

1 İyul 2019, 17:11

Faiq Hüsiyev: “Biz seçdiyimiz tələbələrin hamısını işlə təmin edə bilmərik”  

Bu günlərdə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Teleradio Akademiyasının iki aylıq kursaları sona çatıb. Bu münasibətlə Akademiyanın rektoru Faiq Hüsiyev Modern.az-ın suallarını cavablandırıb. Onunla söhbəti təqdim edirik:

 - Faiq müəllim, dinləyici qəbulu elanlarında qeyd olunmuşdu ki, Akademiyada təhsil alanların bəziləri işlə təmin olunacaq. Akademiyada kadrların hazırlanıb, daha sonra işə qəbulu ümumilikdə telekanala nə qazandıracaq?


- Biz düşünürük ki, Azərbaycan Televiziyasının kadr təminatı, kadr potensialı gələcəkdə Teleradio Akademiyasının hesabına formalaşacaq. Biz burada gəncləri  öyrədəcəyik və bəzilərini, yəni ən istedadlılarını Azərbaycan Televiziyasına işə götürəcəyik. Yəni burada təhsil alan dinləyici ondan nə tələb olunacağını və imkanlarının bizə uyğun olub-olmadığını müəyyən etməyi bacaracaq. Adətən kənardan gələn dinləyicilər TV mühitinə uyğunlaşa bilmirlər və bu həm rəhbərlik üçün, həm də dinləyicilərin özləri üçün müəyyən çətinlik yaradır. Çünki əksəriyyətinin baza təhsili müxtəlifdir. Akademiyanın üstünlüyü ondan ibarətdir ki, dinləyicilərə intensiv nəzəri biliklər verilir və  tədrisin ikinci ayında dinləyicilər televiziyada praktik məşğələlərə qatılaraq, işin müəyyən bir qismini mənimsəməyə çalışırlar. Bu zaman həm rəhbər qurumlar, həm də tələbələrin özləri işə yararlı olub-olmadıqlarını anlayırlar. Elan etdiyimiz 2 aylıq kurslar bitdi. Dinləyicilərimizdən ən istedadlıları televiziyada işlə təmin olunacaq. Bildiyiniz kimi, televiziyada ştat vahidləri məhduddur və biz hamını işlə təmin edə bilmərik. Ümumiyyətlə, televiziya elə mühitdir ki, burada savadlı, yaradıcı və daim axtarışda olan insanlar çox olmalıdır. Həmçinin də qabiliyyəti və müsbət insani keyfiyyətləri yüksək olan insanlar. Televiziyaya eyni zamanda, kollektivdə işləməyi bacaran insanlar üz tutmalıdırlar. Məsələn, elə insanlar var ki, öz fərdi keyfiyyətlərini hər şeydən üstün tuturlar və kollektivin ümumi ab-havasına uyğunlaşa bilmirlər. Adətən  bu tipli insanlar həm televiziya, həm də özləri üçün problem yaratmış olurlar.



- İki aylıq kurslar müddətində siz həm dinləyicilərin Akademiyaya qəbulunda, həm də tədris prosesində yaxından iştirak etdiniz. Televiziya aparıcılığı, jurnalistika və redaktor dərslərində özünüz də müəllim kimi çalışdınız və bu zaman tələbələrin imkanları,  probləmləri ilə yaxından tanış ola bildiniz. Bəs məzunlarınızın işə qəbulu necə aparılacaq? Fərqlənən dinləyiciləri  rektor olaraq siz, yoxsa qrup müəllimləri seçərək rəhbərliyə təqdim edəcək? 
 


- Biz bu prosesi kifayət qədər mütərəqqi və demokratik bir proses etmişik. İşə qəbul prosesində müəllimlərin və tələbələrin praktika keçdikləri redaksiyaların rəhbər şəxslərinin fikirləri bizim üçün əsas götürüləcək. Əgər o şəxslər təşəbbüs göstərərək çıxış edəcəklərsə, biz də təqdimat yazaraq həmin tələbələrin adlarını teleşirkətin sədrinə təqdim edəcəyik. Seçilən dinləyicilər bir aylıq sınaq müddəinə  dəvət olunacaqlar və iş əsnasında onlarla bağlı qəti qərar veriləcək. Televiziya çox  unikal bir sahədir. Televiziya jurnalistikası təbii ki, öz çəkisi ilə KİV-in digər sahələrdəki jurnalistikadan xeyli fərqlənir. Ola bilər bu bir qədər konservativ yanaşma olsun və ümüd edirəm ki, digər sahədə olan jurnalistlərimiz bu sözümə görə məndən inciməzlər. Çünki televiziya ən kütləvi informasiya vasitəsidir. Ən kütləvi informasiya vasitəsində çalışan jurnalistlərimiz, ən nümunəvi, ən intellektual və ən savadlı olmalıdırlar. 730 nəfər Teleradio Akademiyasına qəbul üçün CV göndərmişdi və biz onların içindən 530 nəfəri müsahibəyə dəvət etdik. On gündən yuxarı müddət ərzində müraciət edənlərlə  ilkin söhbətlərimiz oldu. Buraya seçilən gənclər üç mərhələnin sonunda seçilənlərdir. Sertifikat alan 80 dinləyicimizin sırasında televiziya aparıcıları, müxbirlər, redaktorlar, rejissorlar, videooperatorlar və radio jurnalistləri də var.

On ilə yaxındır ki, Akademiyamız fəaliyyətdədir. Bu il ilk dəfə olaraq Akademiyamıza kənardan dinləyicilər qəbul olundu. Bu illər ərzində Akademiyada Azərbaycan Televiziyasında hansı sahədə boşluq və ya zəiflik  vardısa, işçilərimiz üçün o sahədə xüsusi proqramlar əsasında dərslər təşkil olunurdu. Eyni zamanda, işçilərimiz üçün ödənişsiz olaraq dil kursları keçirilirdi. Ümumiyyətlə deyim ki, Akademiyamız bu iki aylıq müddət ərzində də ödənişsiz olaraq fəaliyyət göstərirdi. Heç bir dinləyicidən  tədris prosesi ərzində ödəniş alınmadı.


- Bəs gələcəkdə necə, Akademiya yenə də öz ənənəsinə sadiq qalaraq, ödənişsiz fəaliyyət göstərəcək?


- Müəyyən dərslərimiz var ki, ödənişsiz tədris olunacaqdır. Lakin, gələcəkdə bəzi dərslərin ödənişli olaraq da keçirilməsini düşünürük. O kursların keçirilməsində biz xarici ölkələrdən yüksək qonorarlı mütəxəsislər dəvət edəcəyiksə, təbii ki dərslər ödənişli olacaq. Məsələn, yeni montaj texnologiyaları əsasında ödənişli videomontaj kursları, animasiya kursları  açmağı düşünürük. Bu sahədə yeni və keyfiyyətli texnologiyaların alınması, eyni zamanda, o texnologiya ilə işləyə bilən  müəllimlərin xaricdən Akademiyamıza dəvəti planlaşdırılır. Dinləyicilər  bu proqramlarda işləməyi bacardıqdan  sonra asanlıqla iş tapa biləcəklər. Peşəkar videomontajçıya, qrafistə və qrafist-animatora televiziya bazarında böyük təlabat var. Onların işləri saniyə hesabı ödənilir!  
Akademiyamızda tədris prosesi  təkcə biliyin ötürülməsi prosesi deyil. Eyni zamanda, mərhələli olaraq müəllimlər və digər yoldaşlarla ünsiyyət prosesidir və televiziya sahəsində dünya praktikasına yaxından baş vurmaqdır. Dinləyicinin bizim üçün ən mühüm əhəmiyyət kəsb edən keyfiyyəti onun fərdi məsuliyyətidir. Əgər bir insanda fərdi məsuliyyət yoxdursa, o heç bir sahədə yaxşı mütəxəsis ola bilməz. İnsan eyni zamanda, özünü tərbiyələndirmək prosesi ilə də məşqul olmalıdır. Əgər hər bir insan öz üzərində çalışırsa, gələcəkdə yaxşı bir mütəxəsis kimi özünü cəmiyyətə təqdim edə bilər.



- Uzun illər televiziyada fəaliyyət göstərən bir jurnalist kimi Akademiyada təhsil alan jurnalistlərə tövsiyələriniz nə oldu?

- Hər bir televiziya işçisi, jurnalist öncə şəxsiyyət olmağı bacarmalıdır. Bu gün mətbuatımızda senzuranın olmaması çox gözəldir və biz bundan maksimum istifadə etməyi bacarmalıyıq. Amma senzor eyni zamanda, hər bir jurnalistin içində olmalıdır və o, öz içində müəyyən etməlidir ki, nəyi efirə vermək olar və nəyi olmaz. Mütləq qaydada hər bir jurnalist öz üzərində işləməyi, özünü formalaşdırmağı bacarmalıdır və ilk növbədə nəzərə almalıdır ki,  hazırlayacağı materialı görənlər, eşidənlər, oxuyanlar arasında onun ailə üzvləri və övladları da var. Həm oxucu, həm tamaşaçı, həm də ailəsi qarşısında məsuliyyət hissi duymalıdır. Jurnalist cəmiyyətdə tərbiyələndirici bir insan olmalıdır. Çünki indiki kommunikasiya mühitini formalaşdıran insan hərtərəfli, peşəkar olmalıdır.


- Son dövrlərdə tərbiyəvi verilişlərə telekanallarımız arasında demək olar ki, yalnız Azərbaycan Televiziyasında rast gəlinir. Bu barədə fikirlərinizi öyrənmək maraqlı olardı...


- Ümumiyyətlə, əvvəllər  televiziya jurnalistikasında bir varislik halqası  var idi. Mən çox təəssüf edirəm ki, bu gün həmin halqa qırılıb. 1956-cı ildə Azərbaycan məkanında Azərbaycan Televiziyası yarandıqda, digər telekanallar yox idi. Lakin 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra zaman-zaman yeni telekanallar fəaliyyətə başladı. Hərəsi öz yolunu tutdu... Əslində varislik halqasının qırılması ciddi problemlərə yol açır... Bəzi telekanallarda çox ucuz məzmunlu, ancaq reytinqə hesablanmış verilişlər ortaya çıxır. Mən düşünürəm ki, bu tipli verilişlər ciddi təhlükə mənbəyidir. Auditoriyanın zövqünü bu cür korlamaq olmaz. Jurnalistikanın əsas özülləri məlumatlandırmaq, maarifləndirmək və əyləndirməkdir. Bu gün elə telekanallarımız var ki, onların korporativ siyasətinin əsasında  ancaq əyləndirmək dayanır. Təbii ki, tamaşaçı ekran qarşısında əylənməlidir. Amma bu o demək deyil ki, tamaşaçı ancaq əylənərək vaxt itirməlidir. Əyləncə yalnız demək və gülməkdən ibarət deyil. Əyləncə eyni zamanda maraqlı, bədii zövqü formalaşdıra biləcək  tamaşa və yaxud filmi izləməkdir. Əyləncəyə yanaşma tərzi də, fərqli olmalıdır. Amerika televiziyaçıları  “infoteyment” deyilən bir termini ortaya qoydular. Bu yanaşmada  informasiyanın özünü də, əyləncəli şəkildə çatdırırlar. Əgər sən auditoriyanı öz qarşında saxlayırsansa, ona mütləq şəkildə nə isə öyrətməlisən. Təbii ki, yaxşı bir şey öyrətmək lazımdır. Şəxsiyyətə və cəmiyyətə yararlı bir şey öyrətmək lazımdır. Mən həmişə demişəm, televiziya cəmiyyətlə iqtidar arasında bir bufer rolunu oynayır. Bu çox önəmli məsələdir. Televiziyanın efir siyasəti sosial sorğular və ya siyasi sorğular əsasında formalaşır. Bu faktdır ki, televiziyanın rəhbər şıxsləri bu siyasətin birbaşa yönəlməsində çox böyük rol oynayırlar. Telekanalın yaxşı və ya pis olması, sırf onların da istedadından asılıdır. Hər bir telekanalın siması, onun rəhbərinin simasıdır. Mən düşünürəm ki, kənardan kadrlar cəlb etmək məqsədilə atılan addımlar, bizim telekanalın  yeni rəhbərliyinin uğurlu addımlarından biridir. Ola bilər ki, axtardığımız ideyaları biz kənardan götürək. Hər bir sturuktur üçün bu kifayət qədər normal bir haldır. Təbabətdə belə bir ifadə var: “yeni qan” lazımdır. Əgər həyat özü, təbiət özü dəyişirsə, niyə də televiziya dəyişməsin? Televiziya cəmiyyətin bir güzgüsüdür və cəmiyyətin güzgüsü də, cəmiyyətə uyğun olaraq dəyişməlidir.


- Bildiyimiz qədəriylə Akademiyaya qəbul olunan dinləyicilər  arasında qeyri-ixtisas təhsilli və televiziya mühitindən xeyli uzaq olanlar da  var idi. Akademiyanın müəllimləri isə uzun illər televiziyada çalışan insanlar idi. Məhz belə dinləyicilərlə müəllimlər arasında anlaşılmazlıqlar olurdumu?


- Mən bu iki ay ərzində belə problemlə qarşılaşmamışam. Düşünürəm ki, əgər Akademiyamızda bu tip hallar olsaydı, mənim mütləq şəkildə xəbərim olardı. Müəllimlərin isə klassik pedaqoji təhsilinin və təcrübəsinin, yəni əvvəllər müəllimlik fəaliyyətinin olması bizim üçün mütləq deyildi. Onlar uzun illər televiziyada çalışmış peşəkar kadrlar idilər. Hərçənd ki, elə mənim özüm də daxil olmaqla bəzi müəllimlərimizin müxtəlif ali təhsil məktəblərində dərs demək təcrübəsi də var. Xatırladım ki, bizim Teleradio Akademiyası ali təhsil müəssisəsi deyil. Kadrların ixtisas artırması ilə məşğul olan bir müəssisədir. Bizə daha çox maraqlıdır ki, burada dərs deyən kadrların bilik və bacarıqları çox olsun, ən əsası isə onlar öz bilik və bacarıqlarını ötürməyi bacarsınlar. Dərs deyən müəllimlər arasında bir nəfər elmlər doktoru-professordur, dörd nəfər filologiya üzrə fəlsəfə doktorudur, əksəriyyəti fəxri adların daşıyıcılarıdır. Müəllimlər arasında 30-40 il teleradioda çalışanlar var. Belə peşəkarların təcrübəsindən bəhrələnməmək olar?


- Bəs qonşu dövlətlərdən, digər xarici ölkələrdən gələcəkdə Akademiyaya dinləyici qəbul etmək fikriniz var?


 - Bəli. Maddi texniki bazamızı yüksəltdikdən sonra digər dövlətlərdən də dinləyici qəbul etmək fikrindəyik. Əslində, biz çox istiyərdik ki, bu Akademiya gələcəkdə media sənayesi sahəsində ixtisaslaşdırılmış bir ali məktəb olsun! Bir illik magistratura təhsili vermək olar. Onsuz da dünyada jurnakistika üzrə  qəbul olunmuş magistratura təhsili bir ildir. Bu gün bizdə də buna böyük ehtiyac var.


 - Baza olaraq Akademiyanın təchizat prosesi necədir? Tələbələr çəkiliş üçün lazım olan bütün avadanlıqla təmin olunur?


 - Akademiyamızın texniki bazası Azərbaycan Televiziyası nəzdində formalaşmışdır. Hal-hazırda Akademiyamızda tələbələrə lazım olan əksər texniki avadanlıqlar var. Ən əsası baza istehsalat müəssisəmiz var - "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC!


 
- Akademiyanı bitirən tələbələr növbəti illərdə dərslərdə iştirak edə bilər?


 - Əslində, biz artıq yeni dinləyiciləri  götürməyin tərəfdarı olacayıq. Əgər dinləyici öyrənmədiyi yeni bir ixtisası mənimsəmək istəyirsə, yəni Akademiya nəznində keçirilən başqa bir sahəni öyrənmək istəyirsə, artıq o dinləyici düşünürəm ki, müsabiqə mərhələlərini keçmədən birbaşa olaraq dərslərə qatılmaq imkanı qazanacaq. Bunun üçün dinləyici Akademiyamıza müraciət edərək, bizdən aldığı sertifikatı təqdim etməlidir.


 - Akademiyanın digər telekanallarla əlaqəsi necədir? İşçi qüvvəsi üçün sizin Akademiyaya müraciət ediblər?


 - Çox maraqlı bir nüansa toxundunuz. Gələcəkdə digər hər hansı bir kanaldan Akademiyamıza müraciət olunarsa, biz dinləyicilərimizin işlə təmin olunması üçün digər telekanallara da müraciət edə bilərik. Amma baxın! Bu kadrları ilk növədə bizim səhmdar cəmiyyətə daxil olan telekanallar və radiomuz üçün hazırlayırıq. Bizdə işlə təmin olunmayanları digər kanallara yönləndə bilərik, amma bu tövsiyə xarakteri daşıya bilər. Digər tərəfdən, başqa telekanalların sifarişi əsasında da, onların yönəltdiyi dinləyicilərin hazırlıq məsələsini də gələcəkdə müzakirə etməyi planlaşdırırıq!


 - Tələbəlrin qəbulu prosesində ortaya qoyduğunuz yaş məhdudiyyəti nə ilə əlaqədardır?


 - Jurnalistikada və ümumiyyətlə televiziyada yaş məhdudiyyəti çox önəmlidir. Televiziya gənc və çevik insanları çox sevir. Yəni bu sahədə olan insan daim öyrənməli və öz üzərində işləməyi bacarmalıdır. Təbii ki, təhsil almağın heç bir yaş məhdudiyyəti yoxdur. Yaşlı və təcrübəli insanlara da böyük ehtiyac var və onlar teleradioda uğrla çalışırlar! Amma televiziya həm də fiziki cəhətdən daha sağlam, cavan orqanizm və yeni bir beyin tələb edir. İnsan həyatının müəyyən mərhələsində iş təcrübəsi qazanır, sonrda öz bilik və bacarıqlarını öyrətməyə çalışır. Ümumiyyətlə, dərinə getmək istəməzdim, yəqin ki, müasir televiziyada elə incəliklər var ki, biz onları yaşlı insanlara öyrətməkdə çətinlik çəkərik! Cavanları öyrətmək daha rahat və məqsədəuyğundur! Düzdür bu qısa tədris proseində müəyyən mənada  gənclərin ümumi dünyagörüşlərində məhdudluğun şahidi oldum.


 - Bəs bu hal sizə görə, nədən irəli gəlirdi?


 - Deyərdim ki, informasiya yükünün bolluğundan irəli gəlir. Bəzi gənclər informasiya yükünü mənimsəyir, lakin intellektual yükü mənimsəyə bilmirlər. Odur ki, öz dünyagörüşlərini formalaşdırmaq üçün kifayət qədər çox oxumalıdırlar. Oxumaq lazımdır ki, kimlərdənsə bəhrələnərək, özünü inkişaf etdirməyi bacarasan. 


 - Akademiyanı bitirən dinləyicilərə nə arzu edərdiniz?


 - Onların hamısına gələcək fəaliyyətlərində uğurlar arzu edirəm. İlk öncə isə özlərini şəxsiyyət kimi formalaşdırmağı arzulayıram. Arzu edirəm ki, onların vətənə, millətə olan məhəbbətləri daim artsın. Bu söz xatirinə olmasın. İnsan peşəkar ola da bilər, olmaya da bilər, amma əsas odur ki, vətənlərini sevsinlər. Eyni zamanda, gənclərimizə ədalətli olmağı arzu edirəm. İlk növbədə insan öz vicdanına, daha sonra isə cəmiyyətə qarşı ədalətli olmağa çalışmalıdır.


 - Müsabiəyə görə sağ olun! 


 - Siz də sağ olun ki, fəaliyyətimizi diqqətdə saxlayırsınız!




Leyla Əsədullayeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir