Modern.az

Bizimkilər - Jalə Mütəllimova: “Mən evdar xanım olmaq arzusunda olmuşam” - FOTOLAR

Bizimkilər - Jalə Mütəllimova: “Mən evdar xanım olmaq arzusunda olmuşam” - FOTOLAR

Media

4 İyul 2019, 09:05

Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Qeyd edək ki, bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Uzun müddət üçün fikirləşdiyimiz bu rubrika istər tanınmış olsun, istər tanınmamış - “jurnalist ordusu”nu tanıtmağa hesablanıb... Bir sözlə, həmkarlarımızı “Bizimkilər”də daha yaxından tanıyaq... Beləliklə... 

“Bizimkilər” rubrikasının budəfəki qonağı “Yeni Müsavat” qəzetinin yazarı, Təhsil Nazirliyinə məxsus “Təhsil TV”də və “Azərbaycan müəllimi” qəzetində layihə rəhbəri Jalə Mütəllimovadır.

Jalə Mütəllimova 1976-cı ildə Zərdab şəhərində anadan olub. Zərdab şəhər 1 nömrəli orta məktəbini bitirib. Azərbaycan Dövlət Dillər Universitetinin Ölkəşünaslıq, Azrbaycan dili və Ədəbiyyatı fakültəsinin məzunudur. 1993-cü ildən ali təhsilə paralel Azərbaycan Demokratiyanın  İnkişafı  Fondunun Sosioloji Sorğu Mərkəzində fəaliyyət göstərib.
1993-1994-cü illərdə “Müxalifət” və “Cümhuriyyət” qəzetlərində çalışıb. 1995-1999-cu illərdə “Azadlıq” qəzetində aparıcı reportyor olub. “Kaspi” qəzeti və “Azadinform” xəbər agentliyində çalışıb. 2000-2004-cü ildə “Azadlıq” radiosunun Bakı bürosunda fəaliyyət göstərib.  2005-ci ildən APA İnformasiya Agentliyinin əməkdaşı kimi çalışıb. 2006-2012-ci illərdə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də fəaliyyət göstərib.  Dövlət Televiziyasının İctimai-siyasi proqramlar redaksiyasında redaktor olub. 
2013-cü ildə yenidən “APA Holdinq”də fəaliyyətə başlayıb. Holdinq nəzdindəki APA TV-də  teleaparıcı və layihə rəhbəri olub.  “APA Holdinq”in lent.az, kulis.az  saytlarında köşə yazarı olub. 2015-ci ildən “Yeni Müsavat” qəzetində köşə yazarıdır.
Hazırda Təhsil Nazirliyinə məxsus “Təhsil TV”də və “Azərbaycan müəllimi” qəzetində layihə rəhbəri, yazar kimi fəaliyyətdədir. Eyni zamanda, jalebloq.az ünvanlı fərdi bloqu fəaliyyət göstərir.
Ailəlidir, üç övladı var.

 


- İlk olaraq ənənəvi sualımızdan başlayaq: necə oldu ki, jurnalist olmaq qərarına gəldiniz?

 

- Ömründə bu sual haqqında düşünməmişəm ki, mən necə jurnalist oldum, nəsə yazdım, reportyorluğa başladım. Bir də gördüm ki, yazıram. Bu məndə orda məktəb vaxtlarından başladı. Həyatda hərənin bir təyinatı olur, görünür oturub yazmağa başlamaq da mənim peşə fəaliyyəti üzrə kim olacağıma təyinatım idi. Gördüm uşaq da olsam, yazıram. Ədəbiyyat müəllimimiz Mirsiyaf müəllim var idi, mənim yazılarımı oxuyurdu və kürəyimə vurub “halal olsun qızım, səndə alınır” deyirdi. Onda heç jurnalistika haqqında düşünmürdüm, sadəcə nəyəsə münasibət bildirirdim, məktəbin divar qəzetində nə isə yazırdım. Yəni hər halda yazmaq məndə alınırdı və bir də gördüm ki, azdan-çoxdan yazı yazan jurnalistəm.

 

- Bəzi həmkarlarınız jurnalistlik faəliyyətini ölkə xaricində davam etririlər. Heç ölkəni tərk etmək barədə düşünmüsünüz?

 

- Bu bir az provakativ sualdı. Mən ölkədən kənarda ən böyük müddətdə 10 gün yaşaya bilmişəm. 10 gündən  sonra başlamışam Azərbaycan üçün ağlamağa. Bilmirəm, olduğum yerlərdə insanlarmı fərqlidir, münasibətlərmi fərqlidir, bəlkə də onlar bizdən daha da mükəmməldir, deyə bilmərəm. Amma hər halda mən bura üçün darıxmışam. Sözün düzü, son günlər bu sual ətrafında düşünürəm, “görəsən çıxmaq istəsəm, gec olmaz ki?”, “Ailəmlə birgə çıxsam, yaşaya bilərəmmi?”. Amma insan kimi getməyi nəzərdə tuturam, nə siyasi mühacir kimi, nə də təzyiqə məruz qalmış biri kimi yox. Çünki şəxsən mənə heç bir təzyiq olmayıb. Sanki nə isə itələyir məni, tərəddüdlüyəm bu məsələdə. Amma övladlarımla bağlı konkret istəklərim var, dualarım var. Ən böyük arzum övladlarımın xaricdə təhsil almasıdır. Bilmirəm niyə, həm də xarici ölkələrdə yaşamaqlarını arzulayıram. Bəlkə də səbəbini bilirəm, amma bu mövzuda danışmaq istəmirəm.

 


- Bəzən işləyən xanımlar ev işlərinə vaxt ayıra bilməməkdən şikayətlənirlər. Siz necə, ev işlərinə zaman ayıra bilirsiniz?

 

- Səmimi bir etiraf edim. Bəlkə də bunu oxuyacaq dostlar, məni tanıyan insanlar inanmayacaq. Bu mənim heç bir zaman ictimailəşdirmədiyim bir fikirdi. Bəlkə də çox adam bunun primitiv fikir olduğunu, mənə yaraşmadığını deyəcək. Çox səmimi deyirəm, mən evdar xanım olmaq arzusunda olmuşam. Amma bir var sən özünə arzuladığın, bir də var həyatın sənin haqqında planlaşdırdığı. Jurnalistika da bəlkə də həyatın mənim haqqımda planlaşdırdığı işdir. Yəni mən planlı şəkildə jurnalist olmamışam, sadəcə həyat elə gətirib ki, yolum jurnalistikaya düşüb. Görünür bu mənim bir az da alın yazımdır. Heç vaxt ev işlərinin çoxluğundan şikayətlənməmişəm. Bəlkə də bir az əsəb gərginliyi olanda, bir az yorğun, stresli olanda və yaxud da düşünəndə, “mən bu mövzunu yazsam, ədalətsiz olaram” kimi  həmin anlarda ev işləri mənim köməyimə çatıb. Durub ev işlərini görmüşəm, yeməyimi hazırlamışam, evimi təmizləmişəm. Bizim evdə həyat yoldaşım da, övladlarım da mənim bişirmədiyim yeməkləri yemirlər. Mənim bişirdiyim yeməyi dadından tanıyırlar. Ev işlərinə o qədər vaxt ayırıram ki, evin bir küncündə kiçik yazı masam var. Orada oturanda evin hər bir tərəfi görünür. Evdə bir balaca səliqəsizlik olsa, yazı yaza bilmirəm. Düşünürəm ki, qadın birinci növbədə təmizliyinə, ailəsinə, səliqəsinə diqqət etməlidir, sonra da özünə və peşəsinə. Görüntüdə nə varsa, övlad olaraq, həyat yoldaşı olaraq bunlar hamısı qadının məhsuludur. Bu bir insani borc, qadınlıq borcudur, yerinə yetirməlisən. Sonra da işin var, peşən var, ictimai mövqeyinn var, onunla məşğul olmalısan.

 


- Jurnalistikada kimi özünüzə örnək götürmüsünüz?

 

- Jurnalistikada mənim iki örnəyim, bir müəllimim olub. Örnəklərim Ağamalı Sadiq Əfəndi və Nəcəf Nəcəfov olub. Hər ikisinə Allah rəhmət eləsin. Daha çox “Azadlıq”qəzetinin baş redaktoru Nəcəf Nəcəfovu örnək görmüşəm.

Təəssüf ki, mən onunla çox işləyə bilmədim, çünki o ağır xəstəlikdən əziyyət çəkirdi. Qəzetin baş redaktorluğunu Gündüz Tahirliyə vermişdi, özü qəzetin baş məsləhətçisi olaraq qalırdı. Çox maraqlı məsələ var idi, orada biz gənclərdən ibarət bir neçə jurnalist idik, hər dəfə bizi Hikmət Sabiroğluna, Azər Hüseynbalaya, Surxaya Hüseynliyə tapşırırdı. Tapşırırdı ki, bu qızlardan muğayat olun. Səhv etmirəmsə, Kəbirən Dilavərli, Şahnaz Bəylərqızı və mən idim. Çox nümunəvi adam idi, təəssüf ki, Azərbaycan mediası o cür nadir adamları erkən itirdi. İndi elə adamlar demək olar ki, yoxdur. Çox qəribə vicdan, əxlaq, mənəviyyat, ədalətlə bağlı tövsiyələri olurdu. Mənim indi 43 yaşım var, tam səmimi deyirəm ki, peşə fəaliyyətimdə hansısa bir səhv edəndə müəllimlərimi düşünürəm, məni onlar da görə bilər.
Bir müəllimim İbrahim Məmmədov olub, hazırda ARB telekanalında  sədr müavinidi. O da mənim üçün örnək insan olub. Biz bir redaksiyada iki nəfər olmuşuq, “Azadlıq” qəzetinin siyasət şöbəsinin işini aparmışıq. Sonra biz Dövlət Televiziyasının İctimai-siyasi proqramlar redaksiyasında davam etmişik. Həmin redaksiya Dövlət Televiziyasının ən ağır redaksiyasıdır. Demək olar ki, cənab Prezidentin bütün səfərləri, siyasi fəaliyyəti, onun analitikası o şöbə üzərindn işlənilir. Çox ağır və məsuliyyətli yükü olan şöbədir. Həmin şöbənin işinə sözbəsöz cavabdehsən. Baş redaktor bir sözü 10 aspektdən düşünürdü. Bu mənada mənim İbrahim Məmmədova böyük bir təşəkkür borcum var. Onun da çox qəribə insanlığı var. O da insanlıq keyfiyyətlərinə görə çox üstün xüsusiyyətə malikdir. İndi də onunla möhkəm dostluğumuz var. Mənim qardaşım olmayıb, mənə qardaşımın verəcəyi bütün məsləhətləri İbrahim Məmmədov verib. Peşə fəaliyyətimdə nə qazanmışamsa, ilkində İbrahim Məmmədov çox böyük dəstək olub. Buna görə onu heç vaxt unutmaram. 

 

- Özünüzdə bəyənmədiyiniz cəhətlərdən danışmağınızı istərdik. Əlinizdə imkan olsa,  hansı dəyişikliyi edərsiniz? 

 

- Son dərəcə ağrılı yerim başıma nə gəlirsə gəlsin, inanmağımdır. Düzdü, deyirlər ki, bir dəfə bağışlamaq böyük, ikinci dəfə bağışlamaq axmaqlıqdır. Mənim bir az rəhimli “axmaqlığım” var. Mən insanları bağışlamayanda elə bil özümü də bağışlamıram. Aşırı rəhmi içimdən silib atmaq istəyirəm. Cəmiyyət o qədər dekredasiyaya uğrayıb ki, sən davamlı özünü isbat etmək məcburiyyətində qalırsan. Bəzən sənin sadiq, sədaqətli adam olmağına inanmırlar. Məndə o da var. İstəyirəm ki, insanlar inansınlar ki, onları gerçəkdən sevən, aldatmayan, yalan danışmayan, səhv edəndə onu boynuna alan adam tipləri hələ də var. Onun daşıyıcıları sırasında düşürəm ki, mən də varam. Mən bunu məmnuniyyətlə dəyişərdim, görürsən ki, bu cür olmaq ağırdı, çətindi belə yaşamaq. Bəzən olur ki, müzakirə edilən məsələdə mənə aid bir detal yoxdu, amma başqa birinə ədalətsizlik var, mən orada dilimi sakit tuta bilmirəm, mütləq müdaxilə edirəm. Bu, bir az mənim başımı ağrıdır, tutaq ki, deyirlər “sənə nə dəxli var idi, özünə problem axtarırsan?”. Müdaxilə edirəm, çünki həmin haqsızlıq mənə də ola bilər, yaxılarıma da. Onda heç olmasa üzüm olsun, ayağa qalxıb deyim ki, niyə mənə, mənim yaxınlarıma bu qədər vicdansızlıq, ədalətsiz edirsiniz? Başqasına görə başımı baltanın altına qoymaq kimi bir xasiyyətim var. 

 


- Övladlarınızala münasibətlərdə dostsunuz, yoxsa sərt valideyn?


- 3 övladım var, onlara qarşı sərt olmaq olmaz. İndi uşaqlar elədir ki, onlara dost olmasa, heç nə əldə edə bilməzsən. Onlara dost olmalısan, bu birmənalıdır. Amma bəzən ürəyinə daş bağlayıb, sərt qərarlar qəbul etməlisən onlar haqqında. Məsələn, dərs rejimləri, yuxu rejimi, gündəlik qrafikləri haqqında, hansı tədbirlərdə iştirak etmək haqqında, həyətə düşməkləri və başqa-başqa məsələlərlə bağlı sərt qərarlar qəbul etməlisən. Uşaqlarımın arzularına maksimum əməl etməyə çalışan valideynəm. Amma  hərdən ən çox istədikləri bir şeyi etmirəm və yaxud da istədikləri anda etmirəm. Bilirsiniz, uşaqlara həm də yoxu öyrətmək lazımdır. Həmişə var, mümkündür, mütləq olacaq deməklə, bütün istəklərini anında həyata keçirməklə onlara ziyan vermiş oluruq. Harınlamış uşağı xoşlamıram. Elə bilməyin ki, təkcə imkanlının harını olur, kasıbın harını çox dəhşətli bir mənzərədir. Mən ideal imkanlı ailənin övladı deyiləm, eyni zamanda, mənim ailəmin övladları da ideal imkanlara malik deyillər. Mənəvi olaraq ideal ola bilərik, amma maddiyat olaraq yox. O üzdən hərdən yoxu da onlara göstərirəm, bilsin ki, bu olmaya bilər. Hərdən uşaqlara yoxun olmamasını da anlatmaq lazımdır, bu da aqressiya ilə yox, dostcasına olmalıdır.  Məsələn, bəziləri bunu mentalitetə bağlayır, amma mən ən intim söhbəti də oğlumla da, qızımla eləmək bacarığına malikəm. Uşaq bunu məndən gizlədərsə, mənə pis təsir edər. Deməli, mən dostluq münasibətlərində haradasa qüsura yol vermişəm və  uşaq həmin elementdə məndən çəkirinir. Fikirləşir ki, anamın reaksiyası necə olar, atama deməz ki? Ona görə də dost olmaq lazımdır, çünki övlad sənin əşyan deyil, Tanrının sənə əmanətidir. Əslində Tanrı insana övladı bəlkə də ona görə verir ki, sənin tərbiyənin hansı səviyyədə olduğunu cəmiyyətə, özünə göstərsin.

 

- Jurnalistikada illər ötdükcə, professionallıq artır, yoxsa azalır?

 

- Bizim müəllimlərimiz yaxşı müəllimlər olmuşdular, biz pis müəllim olduq. Biz yetişdirə bilmədik, əlimizdə saxlaya bilmədik, qoruya bilmədik. İllər ötdükcə, professionallıqdan, peşəkarlıqdan söz gedə bilməz. İllər ötdükcə, professionallıq yerini dostluq münasibətlərinə, şəxsi münasibətlərə verdi. Əvvəlki sualda örnək götürdüklərimdən danışdım. Nəcəf müəllim deyirdi ki, düşmənindən belə yazacaqsansa, vicdanlı olmalısan. Mənim yazdığım yazılar olub ki, deyiblər “sən bunu necə belə yazmısan? Axı bu adam sənin haqqında filan sözləri danışırdı”. Mən cavab vermişəm ki, “onun mənə olan pis münasibəti başqasına olan ədalətinin üstünü örtə bilməz”. Adamın məndən xoşu gəlməyə bilər, mənə bir antipatiyası ola bilər, amma yaxşı bir iş görübsə və bu işi yazıda bir ştrix olaraq əlavə etmək lazımdırsa, bunu edirəm. Belə nümunələr çoxdu. Yenə deyirəm, şəxsi hikkə qələmə yansımamalıdır.

Jurnalistika ilə bağlı hansı peşəkarlıqdan, professionallıqdan danışmaq olar?  Bu barədə danışmaq məni ağrıdır. Mənim ömrümdə bir yazılı müsahibəm olub. Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev çox önəmli bir tədbirə hazırlaşırdı və mənə müsahibə vədi var idi. Məndən o müsahinənin suallarını yazılı istədilər. Müsahibə “Azadlıq”  qəzetində çıxdı. “Azadlıq” qəzetində çıxan yeganə müsahibəsini Ramiz müəllim mənə vermişdi. Yazılı müsahibə səmimi, maraqlı alınmır, cavabların içindən çoxlu suallar doğur. Cavablardan bəlli olur ki, müsahibə yazılıdır, yoxsa canlı. Çünki cavablardan doğan suallar açıq qalır. Bu da günümüzün standartıdır, belə deyək, özümüzə təsəlli verək.

 


- Özünüz haqqında bizim bilmədiyimiz məlumatlar barədə danışmağınızı istərdik.

 

- Mən çox kövrək adamam, ilk baxışdan görənlər fikirləşir ki, kobud, sərt insanam. Amma bu əksinədi. Bilmirəm bu yaxşıdır, yoxsa, pis. Düşünürəm ki, pisdir, hər halda illər insanları bir az möhkəmləndirməlidir. Zəif adam da deyiləm, sadəcə kövrəyəm. Məni bir şeir də ağlada bilər, körpə uşağın baxışı da. Bir dəfə dostlardan birinin doğum dünü idi, özümüz üçün qeyd edirdik, çox gözəl bir qız yaxınlaşdı və satdığı salfeti təklif etdi. Adminstrator uşağa bir az kobud reaksiya verdi, qızın içəri girməsinə görə hətta işçiləri danladı. Heç unuda bilmirəm həmin anı, uşaq süfrədəki təamlara baxırdı. Təbii ki, orada o uşaq üçün bir bağlama düzəldi. Çünki uşaq orada yemək yeməsəydi, mənim boğazımdan yemək keçməzdi və gözümün yaşı qurumazdı. Mən uşaqlara çox düşkünəm, həddindən artıq həssasam.

 

- Jurnalistika ilə bağlı reallaşdırmaq istədiyiniz layihə var?

 

- Mən düşünürəm ki, etmək istədiyim layihə üçün bugünkü Azərbaycan mediasında heç kim məsuliyyəti üzərinə götürməz. Əslində çox sadə bir layihədir, açıqlamaq istəmirəm. Adım kimi əminəm ki, buna məsul olan redaktor yoxdu. Situasiya belədir ki, istəyərlər, amma alınmaz.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu