Modern.az

51 ölkədən 120 gənc Azərbaycana gəlir

51 ölkədən 120 gənc Azərbaycana gəlir

4 İyul 2019, 13:24

8-14 iyul tarixlərində Şamaxı şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə Diaspor Gənclərinin II Yay Düşərgəsi keçiriləcək.  Düşərgəyə seçim mərhələsi iyunun 12-də yekunlaşıb, artıq düşərgənin başlamasına az vaxt qalıb. Maraqlıdır, düşərgəyə nə qədər müraciət olub, hazırlıq işləri nə yerdədir?

 

Məsələ ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev Modern.az-a bildirib ki, builki yay düşərgəsində təxminən xarici ölkələrdən 120 nəfər gəncin Azərbaycana gətirilməsi nəzərdə tutulub.

 

“Bu seçim 51 ölkədən həyata keçirilib.  Ötən ilki yay düşərgəsi ilə ilə builki yay düşərgəsinin əsas fərqi odur ki, bu il daha çox ölkəni əhatə etməyə çalışmışıq. Bildiyimiz kimi, ötən il 38 ölkədən gənclər düşərgədə iştirak etmişdi, bu il isə 51 ölkədən seçim oldu. Bundan əlavə, biz builki seçimlər zamanı daha çox Azərbaycanda uzun müddət yaşamayan, heç Azərbaycana səfər etməyən gənclərə, yaşadıqları ölkələrdə xüsusi uğurlar qazanmış şəxslərə, eyni zamanda, diaspor sahəsində fəallıq göstərənlərə üstünlük vermişik.

 

İcraçı direktorun sözlərinə görə, bu il Çilidən, Kolumbiyadan, İslandiyadan azərbaycanlı  gənclər müraciət edib, seçimlərdə uğur qazanıblar.

 

“Seçim prosesində gender bərabərliyinin qorunmasına çalışmışıq. Xanımlar və bəylərin sayları demək olar ki, bərabərdir. Eyni zamanda, uğur qazanmış gəncləri seçmişik. Xüsusi uğur qazanmış gənclərimizin içərisində startap keçirmiş və öz startaplarını biznesə keçirənlər də var. Yaşadıqları ölkənin ictimai-siyasi həyatında fəal olan, dövlət orqanlarında çalışan gəncləri də seçməyə çalışmışıq. Elmin müxtəlif sahələri üzrə uğur qazanan gənclər də seçimdə üstünlük qazanıblar. Onların içərisində Google təqaüdü ilə təhsil alan şəxslər də var, eyni zamanda, bizim 10 minlərlə izləyicisi olan blogerlərimiz də var”.

 

Elşad Əliyev bildirib ki, Yay düşərgəsi üçün Dövlət Komitəsi qarşıya 3 istiqamət üzrə məqsəd qoyub.

“Birincisi, Azərbaycan gənclərinin şəbəkəsinin yaradılması, keçən ilki düşərgə zamanı da biz sosial şəbəkələr zamanı həmin gənclərlə əlaqə saxlayırıq. Bu il də əsas məqsədlərdən biri belə bir şəbəkənin yaradılmasıdır.

İkinci məqsədimiz xaricdə yaşayan azərbaycanlı gənclərə Azərbaycanı tanıtmaq və bu yolla onların yaşadıqları ölkədə ölkəmizi tanıtmalarına zəmin yaratmaqdır.

 

3-cü məqsədimiz isə, xaricdə yaşayan azərbaycanlıların yaşadıqları ölkənin həyatına inteqrasiya etmələri məsələsində onlara köməklik göstərməkdir”.

 

Müsahibimizin sözlərinə görə, Yay düşərgəsinin Şamaxı şəhərində keçirilməsi ölkə Prezidenti tərəfindən 2019-cu ili “Nəsimi ili” elan etməsi ilə bağlıdır:

“Buna görə biz Şamaxıya üstünlük verdik. İstirahət düşərgələri ilə maraqlandıq, amma bizə yalnız istirahət üçün deyil, təlim keçmək üçün də bir yer lazım idi. Buna görə Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə razılaşdıq. Düşərgə Şamaxı rayonunun Pirqulu kəndində yerləşir. Təlimdə Azərbaycanla bağlı iştirakçılara ətraflı məlumatlar veriləcək”.

 

Müsahibimiz bildirib ki, seçim prosesi başlayandan düşərə bitənə kimi Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının hamısı bu işə cəlb olunub:

“Çünki komitə əməkdaşları müxtəlif ölkələr üzrə fəaliyyət göstərir. Ölkələr üzrə kuratorlar öz ölkələrindən gələn şəxslərlə əyani şəkildə tanış olurlar, əyani şəkildə söhbət aparırlar. Sıra ilə də olsa, Komitənin bütün əməkdaşları düşərgədə iştirak edəcəklər”.

 

E.Əliyev deyib ki, düşərgənin iştirak xərcləri tam olaraq Azərbaycan dövləti tərəfindən qarşılanır:

“Hətta burada gediş-gəliş, vizaların alınması üçün rüsumlar, iştirakçıların sığortalanması, yemək və bütün məsələlər dövlət tərəfindən qarşılanacaq. Bundan əlavə, biz müxtəlif nazirliklərlə əməkdaşlıq edirik. Vergilər Nazirliyi bizim tərəfdaşımızdır, bizi yerlə təmin edib, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu ilə əməkdaşlıq edirik. Digər nazirliklərlə də əlaqə saxlayırıq. Viza məsələləri ilə bağlı Xarici İşlər Nazirliyi bizə çox köməklik edir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir