Modern.az

Vətənə, dilə aşiqlik, yaxud sevgi...

Vətənə, dilə aşiqlik, yaxud sevgi...

5 İyul 2019, 14:47

Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor


İnsan mənsub olduğu millətin, konkret olaraq han­sısa valideynin övladı olmaqla yanaşı, həm də yaşadığı ərazinin, vətənin övladıdır. Vətən övladı və­tə­nin coğrafi təbiətinə, iqliminə, relyefinə uyğunlaşır və bu uyğunlaşma əsasında yaşayır. Coğrafi təbiətin, iqlimin, relyefin imkan vermədiklərini öz həyat tər­zi­nə yaxın buraxmır. Həyat tərzinin özü də istər-istə­məz dilin formalaşmasında mühüm rol oynayır. Bu mənada türkün həyat tərzinin dilə təsirini də unutmaq olmaz. Məsələn, türklər tarixən at belində, at üzə­rin­də döyüşmüş, vuruşmuş və yaşamışlar. Bozqır çöl­lə­rin relyefi və at belində olmaq türklərin uzun-uzadı danışmasına imkan yaratmamışdır. Onlar təkhecalı sözlərlə cümləni, cümlənin bildirdiyi mənanı ifadə etmişlər. Təkhecalı feillər əmr formasında bir növ hərb dilinə uyğun səslənmişdir: gəl!, get!, vur!, dur!, qır!, at! və s. Təbii ki, bu hal – təkhecalı feillərin hərb dilinə uyğunluğu türk dillərinin, o cümlədən Azərbaycan dilinin möcüzəli xüsusiy­yət­lərin­dən biri­dir. Təkhecalı feillərlə yanaşı, ikihecalı, üçhecalı feil­lərin də hərb dilinə uyğunluğunu görməmək mümkün deyil. Məsələn, ağna!, ağrı!, ara!, apar!, söylə!, yüyür!, çağır!, alazla!, sadala!, tolazla! və s. Türk dillərində feillərin hərb dilinə uyğunluğu onu göstərir ki, bu, qədim türklərin həyat tərzi ilə bağlı olmuş, günümüzə qədər qorunub saxlanılmışdır.


Hər hansı bir dilin lüğət tərkibindəki alınma söz­lə­rin həmin dilin qrammatik quruluşuna, qayda-qa­nun­larına uyğunlaşdırılması bir zövq məsələsidir. Bu zövq məsələsində də Azərbaycan dilinin imkan­la­rı genişdir. Dilimizin lüğət tərkibində olan ərəb, fars, monqol, avropa və s. mənşəli sözlər Azərbaycan dili­nin qrammatik quruluşuna və qayda-qaynununa uy­ğun­laşmışdır. Azərbaycan dilinin özü alınma sözləri qəbul etmiş və mənimsəmişdir. İndi həmin sözlər Azərbaycan dilində səslənir və Azərbaycan dilinin qayda-qanunlarına uyğun işlənir. Dilin özünün qəbul etdiyi, bəyəndiyi, vətəndaşlıq hüququ verdiyi sözlər bir daha Azərbaycan dilinin möcüzəli təbiəti ilə bağlıdır. Torpaq hər bitkini yetişdirmədiyi kimi, dil də hər sözü qəbul edib, ona vətəndaşlıq hüququ vermir. Hansı dil bunu bacarırsa, deməli, həmin dilin zövq imkanları genişdir. Bu mənada Azərbaycan dili zövq imkanı geniş olan dildir. Öz zövqünün im­kan­larına uyğun olaraq təkcə milli sözlərin deyil, həm də alınmaların dildə duruş gətirməsinə imkan yaradır. Onu da qeyd edək ki, dildəki sözləri, kəlmələri duyan, sevən və işlədən həmin dildə danışan insan­lar­dır. Bu mənada Azərbaycan dilindəki milli söz­lər­lə yanaşı, alınma sözləri duyan, sevən və işlədənlər cəsarətli insanlardır, yəni azərbaycanlılardır.


Onlar milli sözlərlə yanaşı, alınma sözləri, kəl­mə­ləri işlətmək və bugünkü günə gəlib çıxarmaq cə­sarəti ilə Azərbaycan dilini gözəlləşdirmiş, inciyə, sədəfə çevirmişlər. Bunu anlamamaq ata-babala­rı­mı­za, ana-nə­nələrimizə qiymət verməmək olar. Deməli, Azər­bay­can dilindəki milli sözlərlə yanaşı, alınma sözlərə dəyər vermək ata-babalarımıza, ana-nənələri­mi­zə dəyər ver­mək­dir. Bir məsələyə də diqqət yetir­mək lazımdır. Bu da odur ki, Azərbaycan dilinin lü­ğət tərkibindəki alın­ma sözlərin, əcnəbi sözlərin ol­ma­sı azərbaycanlıların başqa xalqlarla əlaqəyə gir­mək mədəniyyətidir. Başqa xalqlarla əlaqənin ən bariz göstəricisi dildir. Bu baxım­dan Azərbaycan dili başqa xalqlarla əlaqədə söz alış-verişinə hazır olmuş­dur. Söz alış-verişinə hazır olmağın özü də dil mədə­niy­yətidir. Hər dilin qadir olmadığı dil möcüzələrin­dən biridir. Azərbaycan dilindəki söz alış-verişinin səviyyəsi göstərir ki, dilimizin mədəniyyət dili kimi möcüzəsi də yüksəkdir.


Hər birimiz iki şeyi sevməli və qorumalıyıq. Onlardan biri vətənimiz, digəri isə dilimizdir. Hər ikisinə olan sevgi və hər ikisinin qorunması digər dəyərlərimizin sevilməsinə, qorunmasına ən böyük yardımçı, ən böyük dayaqdır. Ona görə də hər bir kəs doğma ana dilini, Azərbaycan dilini, vətənini sevmək dərsini öyrənməlidir. Doğma ana dilini – Azərbaycan dilini sevmək dərsi deyəndə vaxtilə Birinci Türk Dili Qurultayında aydınlar qarşısında çıxış etmiş görkəm­li ədib Halid Ziya Uşaklıgilin dedikləri yada düşür. O deyir: “Mən türkcənin əzəli bir aşiqiyəm. Hamımız elə deyilikmi? Mən türkcəni müxtəlif dövlərində, müxtəlif paltarlarla, müxtəlif şəkillərdə gördüm və sevgilimi o libaslar altında, öz cövhərində sevdim.

Mən əski Babıalı (katiblərindən eşitdiyim bəzəkli dili) sevdiyim kimi,  (Bab-ı Ali sadələşdirilmiş şəkildə Babıalı Osmanlı dövləti dövründə Sədrəzəm sarayına verilən addır. XVIII əsrin sonlarına yaxın bir dövrə qədər Paşa sarayı, Paşa qapısı, Bab-ı Asafı kimi adlarla tanınan Sədrəzəm sarayına I Əbdülhəmid za­ma­nın­dan etibarən Bab-ı Alı deyilməyə başlamışdır. Osmanlı dövləti Bab-ı Alıdan idarə olunurdu. Ərəbcə “qapı” mənasında olan bab ilə farsca “uca” anla­mın­da ali sözünün birləşməsindən yaranmışdır – B.X.) Ağsarayda qarpız sərgisində müştəri yığmaq üçün çağıran Türk dəliqanlısının dürlü zarafatlarla dolu türkcəsini də sevdim.

Mən divan ədəbiyyatının gözəlliyi ilə məst ol­dum.

Fəqət sevgili İzmirimin (İzmirdə hər cür qədim, qaçaq, oğurluq malın tapıldığı məkan – B.X.), İki Çeş­məlik qızının əncir qurudarkən söylədiyi türkü ilə də məst oldum.

Mən o sevgilini atlas şalvarıyla, başının üzərin­də altun işlənmiş toqqasıyla (dingəsiylə – B.X.) gördüm. Mən onu pərişan könüllü şairin:

O gül-əndam bir al şala bürünsün yürüsün

Ucu könlüm kimi ardınca sürünsün yürüsün.

beytində olduğu kimi, bir al şala sarınıb yürüdüyünü görərək də sevdim.

Başında qotazı (qədimdə qadınların bəzək üçün saçlarının üstünə taxdığı rəngarəng və müxtəlif formalı başlıq, bəzi quşların başında olan tüklər – B.X.), belində qurşağı, sədəf oymalı taxta divan üzərinə uzanmış; yaxud Sadabadda (Sada­bad//Sa­dabat tarixi kompleksi İranın paytaxtı Tehranda yerləşən saraydır. 8 iyul 1937-ci ildə Sadabad//Sa­dabat sarayında Türkiyə, İran, İraq və Əfqanıstan ara­sında İtaliyanın Ortadoğudakı siyasətinə qarşı mü­dafiə məqsədilə bağlanan saziş də bu adla tanınır–B.X.), Göysuda (Göysu//Göksu Türkiyədə çaydır. 1190-cı ildə üçüncü Xaç yürüşü vaxtında Müqəddəs Roma imperiyasının imperatoru I Fridrix Barbarossa bu çayda atdan düşüb boğulmuşdur – B.X.) seyranə çıxmış halıyla da gördüm, yenə sevdim. Fəqət təbiət­də hər şey təkamüldən, inqilabdan ibarət olduğu üçün hər dövrün zövqü də eyni olmur.

Mən son dövrün, İpəkişin (İpəkiş//İpekiş Bursada yerləşir. 01 oktyabr 1925-ci ildə Atatürkün dəstəyi ilə Bursa Toxuculuq Fabriki – İpekişin əsası qoyulmuş, 1927-ci ildə fəaliyyətə başlamış, ipək istehsalı sahə­sində böyük rol oynamışdır – B.X.) kəpənək qanadı qədər incə, zərif, dörd metrlik qumaşıyla geyinmiş, başında kiçicik papağıyla, bir ruzigar kimi, qaldırım­lar üzərində səkə-səkə yürüyən və ruzigarmı onu götürür, omu ruzigarı sürüklüyür deyə, insanı şüb­hə­yə salan halı ilə də türkcəni gördüm və sevdim”.

Halid Ziya Uşaklıgil türk dilini sevməyi bu cür anlatmağa çalışmışdır. O, Mustafa Kamal Paşanı türkcənin aşiqi hesab etmişdir. Türk dilinin tarixində son dil inqilabının Atatürklə bağlı olduğunu qeyd etmişdir. Atatürkün Günəş-Dil nəzəriyyəsinə görə, türkləşmiş hər sözü türk dilinin sözü kimi qəbul et­məsi anlayışını təbii saymışdır. Halid Ziya Uşaklıgil yazır: “Atatürk bu anlayış (Günəş-Dil nəzəriyyəsinə görə, türkləşmiş hər sözü türkcə saymaq anlayışı – B.X.) içərisində ölmüşdür. Bu səbəblə, eyni anlayış bizə yalnız tariximizdəki saysız ataların deyil, son olaraq Atatürkün də mirasıdır.


Çünki Mustafa Kamal Paşa çox qısa bir zamanda çevrəsindəki saxtakarlardan ayrılaraq, türkcəni həqiqi aynasında görmüşdü.


Türkcə budur və bundan sonra da belə olacaq­dır”. Halid Ziya Uşaklıgil Mustafa Kamal Atatürkü türkcənin aşiqi hesab etməklə yanaşı, türk dilinin bir qə­dim aşiqinin də adına qayıdır. O da “Di­vani lüğət-it-türk” əsərinin müəllifi Mahmud Kaş­ğa­ridir. Mahmud Kaşğarinin XI əsrdə Bağdadda yazdığı lü­ğət­də söylədiyi “Türk dilini öyrənin! Çünki türklərin uzun sürəcək hökmranlığı olacaqdır” fikri həqiqət kimi səs­lə­nir. Hər iki türk dili aşiqindən güc alaraq Nihad Sami Ba­narlının söylədiyi “Türk dilini seviniz! Çünki türk­lə­rin ən azı geçmişləri qədər bö­yük gələcəyi olacaq və bu gələcək o keçmişə dayana­caqdır” fikri bütün zamanlar üçün söylənilmiş fikir­dir. Bu fikirlər onu deyir ki, dil sev­gisi ilə yaşayan hər bir kəs öz doğma dilinə məhəb­bət və istəklə yanaşmalıdır. Və Azərbaycan dilinə sev­gi­ni, aşiqliyi əzəli və əbədi sevgiyə, aşiqliyə çevir­mə­li­dir. Dilimizi öz cövhərində sevməlidir. Onun loru qo­lu­nu da, küçədə, bazarda işlənən qolunu da, bizi öz mö­cü­zəsi altına salan, məst edən ədəbi-bədii və poetik qo­lunu da sevməklə yanaşı işlətməlidir. Azərbaycan dilini nağıllarımızda, dastanlarımızda, folklor nümunə­ləri­miz­­­də, ana-nənələrimizin laylalarında, kənd-kəsəyi­miz­dəki məhəlli sözlərimizdə, dialekt və şivələrimiz­də, xalq mahnılarımızda, inək və qoyun sağarkən ana-ba­cı­larımızın eydirmə nəğmələrində, torpağı əkib-becərən əkinçilərin nəğmələrində sevməli və sevdirməliyik. Azər­baycanımızın hər bir kəndinin, qəsəbəsinin, şəhə­ri­nin ətrini doğma ana dilimizdən al­mağı bacarmalıyıq. Əsən küləklərdə, yağan yağış­lar­da, axan çaylarda Azər­bay­can dilinin ətrini duy­maq hissini artırmalıyıq. Hissi­miz və duyğumuz o qədər güclü olmalıdır ki, təmasda olduğumuz hər bir şeydə Azərbaycan dilinin nəfəsini, ruhunu, təbiətini, gücünü axtarıb tapmalıyıq. Aşiq olan­lar hansı əzab-əziyyətə qatlanırsa, doğma ana dilimizin aşiqləri də həmin əzab-əziyyətə qatlanmaqdan usan­ma­ma­lıdır. Aşiqlik usanmağı, yorulmağı sevmir. Dilə aşiq­lik də belədir. Onun yolunda cəfa çəkməlisən, onda səfasını da görəcəksən.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir