Modern.az

Xəyallarımızın şəhərində 3 gün... REPORTAJ

Xəyallarımızın şəhərində 3 gün... REPORTAJ

26 Yanvar 2012, 13:48

Dumanlı Təbrizdə ayaz düşüncələr burulğanı


Mərkəzi Klinik Xəstəxanada növbəti müayinələrdən sonra əməliyyatın qaçılmaz olduğunu bu səhiyyə ocağının baş həkimi Kamran Musayevdən eşidəndə ağlıma da gəlməzdi ki, ürəyində ciddi problemləri olan yaxın qohumumu təkrar müayinə üçün yaxın olduğu qədər də hər birimizdən dünyalarca uzaq olan vətən torpağına – adı gələndə hər birimizin dodaqları səyriyən, gözləri dolan, qəlbimizi titrədən Təbrizə aparacam. Qohum-qəbilə israr etdi ki, Azərbaycan təbabətinə o qədər də bel bağlamaq lazım deyil və xəstəyə cəfa olsa belə onu təkrar müayinə üçün Təbrizə və ya Tehrana aparmaq pis olmazdı, bəlkə əməliyyatsız da keçinmək mümkün oldu. Hətta bir neçə nümunə də gətirildi ki, Bakıda filankəslərin əməliyyatının qaçılmaz olduğu söylənilsə də İrana aparıldıqdan sonra bir neçə dava-dərmanla tamam sağalıblar. Odur ki, bütün şübhələrə və sonradan narahatlıq yarada biləcək dedi-qodulara son qoymaq üçün səfər tədarükü görmək lazım idi.

Təbii ki, ilk öncə bir neçə məlumatlı şəxslə əlaqə saxladım və konkret kimin üstünə getməli olduğumuzu dəqiqləşdirdim. Bildirildi ki, kardiologiya, xüsusilə ürək cərrahiyəsi sahəsində Təbrizdəki bir sıra klinikalar və tibbi personal daha öndədir və üstəlik, orada adam özünü qəribçilikdə hiss etmir. Yəni qürbət ölkə olsa belə, Təbriz əhli tamamilə özümüzünkülərdi və insan özünü sanki Bakıdakı kimi hiss edir. O da qeyd olundu ki, Təbrizdə doktor Pərvizi soyadlı dünya şöhrətli bir azərbaycanlı ürək cərrahı var və o, bugünədək Bakıdan gedən yüzlərlə xəstəyə ikinci həyat bəxş edib. Beləcə, onun bütün koordinatlarını götürərək yola çıxdıq və Təbrizə doğru istiqamət götürdük.

Yol boyu elə hey düşünürdüm ki, “hər şərdə bir xeyir var”sözlərini nahaq yerə deməyiblər və kim bilir, belə bir xəstəmiz olmasaydı, haçansa xəyallarımızın şəhərini, param-parça olmuş sinəsi dağlı Azərbaycanımızın qos-qoca paytaxtını görmək mənə nəsib olacaqdımı…?

Biləsuvardan o taya adlayan kimi bizi qarşılayan cənublu tanışımızın maşınına əyləşəndə ondan xahiş etdim ki, bu səfər “həm ziyarət,  həm təbabətdi”, ona görə də yol boyu az qala gördüyümüz hər tikili, hər yer barədə bizə müfəssəl məlumat versin ki, həm 500 kilometrə yaxın yorucu yol gözlərimizdə qısalsın, həm də dolğun təəssüratla qayıdaq. Sağ olsun, 3 gündə 3 il danışmaqla qurtarılmayacaq informasiyalar əldə etdik, elə zənn etdik ki, sanki illərdi bu ölkədə yaşamışıq.

Doğrusu, son illər Qərb dünyasıyla, xüsusilə də ABŞ-la qoz-qoz oynayan, atom silahını axşama-sabaha əldə etməyə hazırlaşan bir “xoxan” ölkə kimi dünyaya təqdim olunandan xeyli əvvəl – illər öncə İran İslam Respublikası xəyallarımda 2500 ildən artıq tarixi olan, zəngin, qüdrətli və  nəhəng bir dövlət kimi canlanırdı. Ancaq elə ki, sərhəddi keçdik və İranın Biləsuvar rayonundan 60 kilometr məsafədə olan Parsabada çatdıq, bütün xəyallarım billur bir şüşə kimi cilik-cilik oldu və gözlərim önündə sovetlərin çöküşündən sonrakı Azərbaycanı xatırladan, baxımsızlıqdan dad deyən, sanki taleyin ümidinə buraxılmış solğun mənzərələr canlandı. İnsafən yollar ensiz olsa da bizimkilərdən heç də geri qalmırdı və diqqəti çəkən bir də o idi ki, 80 milyonluq bir ölkənin əhalisinin sayına görə ikinci şəhəri olan Təbrizə aparan yollarda inanılmaz seyrəklik idi. Təəccübümüzü bizi müşayət edən əslən Parsabaddan olan soydaşımıza bildirəndə söylədi ki, yaz-yay aylarında bərk qələbəlik olur, bu vaxtlarsa həmişə bu cür sakitlikdi. Yeri gəlmişkən, tez-tez Şimali Azərbaycana gəldiyini, hətta Bakıda və rayonlarda da maşın sürdüyünü deyən parsabadlı qardaşımız gileylənir ki, bizim yollar qan-qadalı, sürücülərsə dəlixanalıqdı. Bildirir ki, İranda belə sürücüləri ömürlük sükan arxasında oturmaqdan məhrum edərlər. Bu azmış kimi, sən demə, İranda insan həyatı bizdəkindən 60 min dəfə qiymətliymiş. Yəni avtoqəzada birinin ölümünə bais oldunsa qanın batdı, 60 min dollar ölü yiyəsinə təzminat verməlisən, ondan sonra da qanunun digər sərt cəzaları gəlir.  Görünür, elə buna görədir ki, İran ərazisində olduğumuz 3 gün ərzində bir dənə də avtoqəzanın şahidi olmadıq.

Başı qarlı Savalan dağının ətəklərindən keçib (sürücümüz söz verir ki, yayda gəlsəniz sizi düz dağın təpəsinədək çıxararam və orada bir- iki günlük çadır qurmasanız Savalan haqqında təssüratınız dolğun olmaz. “Ya qismət”-  deyib yola davam edirik.) Meşkin şəhərini geridə qoyuruq və bizi qarşılayan növbəti şəhər “Babək” filmində ölməz xalq qəhrəmanının usta Bərzənişi hakim təyin etdiyi və məkrli İbn-Bəisin gözü düşdüyü qədim Əhərdir. Bu şəhərə çatanda bir anlıq qəlbim möhkəm döyünməyə başladı və mənə elə gəldi ki, sanki 11 əsr öncə Babəkin ayaq izləri qalmış yerlər “xoş gəldin” eləyir…

Təxminən 120 kilometr də getdikdən sonra dağlar qoynunda yerləşən Təbrizin həndəvərinə çatırıq və şəhərin girəcəyindəki qeyri-adi rəngli, duzluluqdan üzərində ot bitməyən sıldırım qayalı dağlar diqqətimiz cəlb edir və sürücüyə söz atıram ki, görəsən, təbrizliliərin özləridəmi dağları kimi dadlı-duzludur? “Nə deyim, yaxşısı budur, özün gör, qiymət ver”- cavabını alıram.

Bu da Təbriz. Niyə gizlədim ki? Şəhərə daxil olar-olmaz qəhər məni boğdu. Həmin an hisslərimə hakim ola bilmədim və bir anlıq özümü itirsəm də tez də ələ aldım. Mənə elə gəldi ki, illər öncə bu şəhərdə doğulmuşam, küçələrində ayaqyalın gəzmişəm, havasını udub syunu içmişəm və günlərin bir günü məni eynilə Kəlbəcərdən didərgin salqdıqları kimi, Təbrizdən də dərbədər ediblər, yalnız üstündən illər keçdikdən sonra indi qayıdıram…

İş elə gətirdi ki, biz şəhərə çatanda axşam düşürdü və yollarda qismən tıxaclar başlamışdı. Ancaq sürücümüz narahatlığa əsas olmadığını bildirir və birbaşa doktor Pərvizinin çalışdığı kilinikaya gedirik. Onu da öyrənirəm ki, İranda axşam saat 5-ə kimi həkimlər dövlət xəstəxanalarında çalışır, yalnız rəsmi iş vaxtı bitdikdən sonra öz klinikalarına gedərək yerli və ya əcnəbi pasientləri qəbul edirlər(Oradakı tibbi sığorta məni heyrətləndirdi və insanların az qala pulsuz müayinəsi, müalicəsi diqqətimdən qaçmadı). Yəqin “gedim-getməyim” dilemması qarşısında qalan xeyli sayda vətəndaşımız üçün maraqlı olar ki, oradakı tibbi xidmətin keyfiyyəti və qiyməti barədə gördüklərimi qeyd edim. Birmənalı olaraq bildirim ki, istər həkim müayinəsi və müalicə təyin edilməsi, istərsə də apteklərdəki qiymətlər bizdəkindən qat-qat keyfiyyətli və ucuzdur. Məsələn, vaxtilə Boris Yeltsini əməliyyat etmiş dünya şöhrətli amerikalı kardiocərrah De Beykinin klinikasında çalışmış və hal-hazırda dünyanın 4-5 ən məşhur kardiocərrahlarından hesab olunan doktor Pərvizinin qəbulu 30 min tümən, yəni 15 manatdır. Eyni zamanda analizlər də ən azı Bakıdakından 2-3 dəfə ucuzdur. Ancaq əməliyyat qiymətləri arasında elə də böyük fərq yoxdur. Növbəti gün analizlərin cavabını göstərmək üçün axşam saat 6-da Pərvizinin yanına getdikdə bildirdilər ki, gündüzlər işlədiyi “Şəms” adlı dövlət xəstəxanasında təcili əməliyyat zərurəti meydana çıxıb, odur ki, hələ gəlməyib. Biz də ora getdik və bəlli oldu ki, xəstə Şuşadan olan vətəndaşımızdır. Sən demə, həmin gün Pərvizi daha bir bakılını əməliyyat edibmiş. Oradakılarla söhbətləşdik və bəlli oldu ki, bizimkilərdən insaflıdırlar və qiymətlərdə endirim etmək mümkündür. Yəni bizdəki əməliyyat qiymətlərindən bir neçə min dollar aşağı qiymətə şəfa tapmaq da olar.

Oxucular üçün maraqlı ola biləcək bir epizodu da xatırlatmaq istərdim. Pərviziylə bir qədər söhbət etdim və heyrətini gizlətmədi ki, 80 milyonluq İranda olan ürək xəstələri 8 milyonluq Azərbaycandakından azdır. O, bunu bizlərin hədsiz qarınqulu olması, yəni aşırı qidalanma və gərgin həyat tərziylə əlaqələndirdi.

Yeməkdən söz düşmüşkən, iki gün ərzində səhərdən axşam saat 6-dək Təbrizi gəzmək imkanım oldu və açığı deyim ki, baş vurduğum bir neçə restoranda könlümə yatan yemək tapa bilmədim. Mənə elə gəldi ki, onların düyüdən və yarmalı supdan, bizim kabablarla müqayisə olunmayacaq kababaoxşar qızardılımış ətdən savayı yeməkləri yoxdur. Əlbəttə, bəlkə heç belə deyil, ancaq mən Təbriz mətbəxini xeyli dadsız və kasad gördüm. Hətta hansı restorana (əgər həmin məkanları restoran adlandırmaq mümkündürsə!) gedirdiksə Bakıdan gəldiyimizi bildikdə yaxınlaşıb üzrxahlıq edirdilər ki, sizin mətbəxə bələdik, ona görə də çətin ki, yeməklərimizi bəyəndirə bilək. Üstəlik, məni müşayət edən parsabadlı soydaşımız zarafatla dedi ki, bax gör, bu boyda şəhərdə sən cüssədə və köklükdə adam varmı?

Təbii ki, Təbrizə gedəsən, ustad Şəhriyarın məzarını ziyarət etmədən dönəsən, bu, onu dəli kimi sevən birisi üçün böyükdən-böyük qəbahət olardı. Təxminən iki saat ərzində böyük ustadın məqbərəsində oldum və qəbri üzərində xeyli dayanıb sükuta daldım. Mənə elə gəldi ki, o, bu gün dünyasını dəyişib və sayğı duruşundayam. Ziyarətgahın divarlarında Azərbaycanın görkəmli şəxsiyyətlərinin kiçicik heykəlləri qoyulmuşdu və xüsusi bir kitabxanada Şəhriyarın kitabları sərgilənirdi. Dahi şairimizlə halallaşıb çıxıram və bir daha dönmək arzusuyla üzərində əzəmətli abidə ucaldılmış nisbətən kiçik və alçaq məqbərəni tərk edirik.

“Əlvida”- deməyə dilim gəlməyən, qəlbimdə qarmaqarışıq duyğulu, hüznlü, qərib hisslər oyadan Təbrizim, səni dönə-dönə ziyarət etmək üçün tərk etmək zorundayam, bağışla məni.

Beləcə, səhər saat 5-də sakinləri hələ qış yuxusunda mürgüləyən şəhəri tərk edirik. Sürücümüz bildirir ki, Bakıdan fərqli olaraq bu vaxtlar Təbrizdə ölü sükut hökm sürür və demək olar ki, küçədə nə adam, nə maşın gözə dəyir. Şəhərdən çıxandan sıx dumana düşürük və hətta Əhərə çatmamış azırıq da. Ancaq bir yanacaqdoldurma məntəqəsindən istiqaməti dəqiqləşdiririk və yolumuza davam edirik. Artıq günorta saat 12-dir və biz İran tərəfdə Biləsuvar gömrük postunda növbədə dayanmışıq…

Zülfüqar Hüseynzadə
Bakı-Təbriz-Bakı   

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir