Modern.az

Əfqanıstana gedən 5 qızdan biri - AZƏRBAYCANLI TƏRCÜMƏÇI: “Orda qarşılaşdığım bir hadisəni heç vaxt unutmuram” - MÜSAHİBƏ

Əfqanıstana gedən 5 qızdan biri - AZƏRBAYCANLI TƏRCÜMƏÇI: “Orda qarşılaşdığım bir hadisəni heç vaxt unutmuram” - MÜSAHİBƏ

Mədəni̇yyət

9 İyul 2019, 09:41

Dünyanın əşrəfi olan insan illər keçdikcə yaşa, kamala dolur, müdrikləşir, dərinləşir. Bəs qoclmaq bilməyən daşlar, onların bina etdiyi divarlar, dolub-boşalan otaqlar necə? Zamanın sınağında qoynuna hansı səsləri, ünləri, məskən edir? Nə qədər tarix qalalarımız var ki, eşidən, dinləyən kəslərə daşına, divarına hopmuş səsləri, hekayətləri çatdırmağa can atır. Onlar tariximizin hər qatında, torpağımızın hər bucağında bina edilib. Ünvanı paytaxt Bakı olub yaşı artıq  80-ni haqlamış belə tarix qalalarından biri də qocaman Nizami Muzeyidir. O, çoxuna bəlli olduğu kimi elmin, ədəbiyyatın, müdrik sözün məbədi, şəhər memarlığının gözəl incisidir. Lakin əvvəli “Metropol” mehmanxanası (XIX əsr), indisi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi olan bu 80 yaşlı məbədin də çoxsaylı otaq və dəhlizləri unudulmaz sədaların, mənalı söhbət və xatirələrin ocağıdır. Onların bəzilərinin sorağı muzeyin quruluşundan – 1940-cı illərdən və sonrakı onilliklərdən gəlirsə, bəziləri bu gün də şaqraq, bu gün də dəyərli alim fikrinin tərcümanıdır. Nizami Muzeyinin belə əziz səslərindən, simalarından biri də ömrünün artıq on altıncı ilini bu məbədlə bağlamış şərqşünas alim, professor Şəfəq Əlibəylidir.

 

- Şəfəq xanım, ilin, günün bu çağında, ömrün 70-ci yayında özünüzü necə hiss edirsiz?


- Özümü sevib-sevilən bir insan kimi hiss edirəm. Mən insanları sevirəm onlar da məni sevir. Hal-hazırkı ovqatım budur. Amma əlbəttə ki, gələn yaşların, illərin özü ilə gətirdiyi yorğunluq da var. Hesab edirəm ki, o yorğunluğu duymağın da öz şirinliyi var. O da hər kəsə nəsib olmur. Buna görə də şikayət etmirəm. Mənə bu yaşı, bu ömrü verdiyi üçün Allaha şükür edirəm.

 

 
- Siz
XX əsr mədəniyyət tariximizdə şair, tərcüməçi, jurnalist, ictimai xadim kimi iz qoymuş Ənvər Əibəylinin övladlarından birisiniz. Ənvər müəllimin ədəbi-bədii mühitdə tanındığı, ictimai həyata atıldığı dövr Sovet rejiminin ən totalitar, sərt illərinə təsadüf edib. 1939-cu ildə Sovet Yazıçılar İttifaqının üzvü, 1948-1952-ci illərdə Yazıçılar İttifaqının mətbu orqanı “Ədəbiyyat” qəzetinin redaktoru və s. Bu elə bir zaman idi ki, azərbaycanlı soyadlarından “mir”, “seyid”, “bəy” kəlmələri birmənalı olaraq ixtisar edilirdi. Ənvər Əlibəyli necə? “bəy” sözünə görə vaxtilə təqib və tənqidlərlə üzləşirmi?

 

- Atamın belə bir şeiri var:


“Süleymana qalmayan dünya,

Sənə də qalmayacaq”-

Deyilən bir misal var,

Dolaşır dodaq-dodaq.


Bu düzdür. Biz gedəcəyik, ancaq dünya yenə də insanlara qalacaq!


Bəli insanlara qalan bu dünyada adlar da qalır.  Bu adlar içində  ehtiramla anılan Ənvər Əlibəylinin - atamın adı da var. Bu cəhətdən özümü xoşbəxt sayıram. Xoşbəxt sayıram ki, öz sadəliyi, vətənə sevgisi, həzin yaradıcılığı, xeyirxahlığı  ilə yaddaşlarda yaşayan, unudulmayan bir şəxsin qızıyam. Soyada gəlincə... Atam bəy nəslindəndir. Ağamirzə bəyin nəvəsidir. Ağamirzə bəy indiki Türkan kəndi daxil olan geniş bir ərazinin bəyi olub. Bu haqqda rəsmi sənəd də mövcuddur. Onun vətəgələri, geniş əkin sahələri varmış.  İndi də qədim tikintilərdən qalan fraqmentlərdə, sökük tağların üzərində Ağamirzə bəyin adına rast gəlmək olur. Deyilənə görə çox zabitəli bir şəxs olub. Qocalar söyləyirdi ki, nadinc uşqaları Ağamirzə bəyin adı ilə qorxudarlarmış.


Soruşdunuz ki, soyadındakı “bəy” sözünə görə vaxtilə təqib və tənqidlərlə üzləşməli olubmuş? Belə bir hadisəni yada sala bilərəm. Sovet dönəmində respublikalarda yüksək vəzifələrə təsdiq Moskvada  olmalı idi. Atam da Dövlət Radio və Televiziya Komitəsinə sədr vəzifəsinə təsdiq edilmək üçün Moskvaya çağrılır. Odlu- alovlu müharibə yolu keşmiş, Ali Partiya Məktəbinin məzunu olmuş bir adam üçün müsabiqədən keçmək elə də çətin bir iş deyildi. Çətinlik soyad məsələsində idi. Atama təklif olunur ki, soyadındakı “bəy” sözünü ləğv etsin.  Təbliğat və təşviqatla məşğul olan, sovet ideologiyasına xidmət edən bir idarənin başında soyadında “bəy” sözünün olması düzgün deyil. Atamın cavabı belə olur ki, “Onda köhnə vəzifəmdə qalsam yaxşı olar. Soyadım da dəyişməz”.

 

- Vaxtilə Nəbi Xəzri Ənvər Əlibəyli haqqında “Şair kimi də, insan kimi də təvazökar olan bu insan çox yazırdı, amma az çap olunurdu”  deyirmiş. Şərqşünas- alim Şəfəq xanım bu azlığın yerini doldurmağa özünü məsul, həmçinin, müvəffəq sanırmı? 


- Vəzifə onun vaxtını çox alırdı. Müharibə də səhhətinə  zərbələr vurmuşdu. Az çap olunmasının səbəblərindən biri bu idi. Başqa bir səbəb də var idi, yazdıqları bəzi şeirlər o zamanın tələblərinə uyğun deyildi. Məsələn,  Rəşid Behbudovun ifasında dünyanı gəzən, çox məhur “Azərbaycan” mahnısının oxunmayan, iki yerə bölünmüş Vətənə, Azərbaycana işarə edən bir bəndini yada salmaq istərdim:

Sənə şirin arzum deyim, diləyim deyim,

Havam deyim, suyum deyim, çörəyim deyim,

İki yerə parçalanmış ürəyim deyim,

“Yurdum, yuvam, məskənimsən” Azərbaycanım!

Odlar yurdu Vətənimsən Azərvaycanım!


“Al bayraqlı Vətənimsən” əvəzinə “Odlar yurdu Vətənimsən” olub.

Əlbəttə  üzərimdəki məsuliyyəti həmişə hiss etmişəm.  Oxucular onu əsas bir nəğməkar şair kimi tanıyırlar.  100 illik yubileyi münasibəti ilə “Nəğmələr” adlı kitab nəşr olundu və sözlərinə yazılımış mahnılar diski buraxıldı. Amma onun cəbhə şeirləri ilə oxucular az tanış olduğundan bu haqqda yazmağı özümə borc bildim. 525-ci qəzetin 9 may 2009-cu il nömrəsində “Döyüşçü –şair Ənvər Əlibəylinin cəbhə dəftəri” adlı məqaləm nəşr olundu. Dediyiniz azlığın yerini doldurmaqda müvəffəq olmağa isə hələ də çalışıram. Onun haqqında olan sözümlə, yazımla, onunla bağlı əməlimlə...

 

- Şəfəq xanım, yaşda valideyni ötüb keçmək, ondan böyük olmaq necə bir hissdir?


- Siz lap sarı simə toxundunuz. O hissə ad vermək çox çətindir. O qədər qəribə, kövrək, həzin və hardasa fəlsəfi bir hissdir ki... Atamla yaşıd, yəni 51 yaşım olanda həyata bir anlıq onun gözü ilə baxmaq istədim. O yaşda hansı arzular, hansı hisslər insanı bürüyür?  Ondan böyük olanda isə onun nə qədər erkən getdiyini daha dərindən anladım. Nədənsə tez-tez onun bu misralarını xatırlayırdım:

 

Söyləyin. Təbiətin varmıdır ədaləti?

Ölüm əbədilikdir. Yaşamaq müvəqqəti.


- Çalışma, təcrübə illərinizin erkən çağı Əfqanıstanla bağlıdır. Ata itkisindən üç il sonra gənc bir xanım üçün uzaq Kabilə yollanmaq qərarını vermək çətin olmadı ki? Bu ölkə ilə bağlı yaddaqalan xatirələrinizi eşitmək istərdik.


- Şərqşqnaslıq fakültəsində oxuyan hər bir tələbə bilirdi ki, xaricdə təcrübə keçmək və işləmək ehtimalı var. Ona görə hardasa həmişə buna hazır idik. Kabilə yollanmaq qərarını vermək çətin olmadı, axı mən tək deyildim, biz 5 qız idik. Kabil Politexnik İnstitutunda tərcüməçi işləyəcəkdik.        
Elə də oldu. Mən “Avtomobil yolları tikintisi” kafedrasına təyin edildim. Kafedranı sovet mütəxxəsləri  təşkil edirdi. Tədris rusca olduğundan biz tərcüməçilərə ehtiyac vardı. Tərcümə etdiyimiz fənni öyrənirdik. Yoxsa tərcümə anlaşılmaz alınardı  Artıq  yollarda yalnız yol romantikası deyil, yol tikintisi də məni müşayət edirdi.  Yollara başqa bir gözlə baxmağa alışırdım.       
Tərcüməçilik fəaliyyətimdə baş verən bir hadisəni heç vaxt unutmuram. Diplom işlərinin müdafiəsi idi.  Mən tərcümə edirdim. Yaxşı oxuyan bir tələbə kafedra müdirinin verdiyi suala səhv cavab verdi. Mən gördüm ki, tələbə səhv cavab verdi. Ürəyim yandı ki, bu suala görə qiyməti əla olmaz. Mən tərcümədə onun dediyini yox, əmin olduğum  cavabı tələbənin adından dedim. Kafedra müdiri susurdu. Nəhayət üzünü mənə tutub dedi: “Алибейли, перевод должен быть честным”, yəni    
“Əlibəyli, tərcümə dürüst (vicdanlı) olmalıdır”. Demə, uzun illər kafedrada müdiri kimi çalışan bu müəllim farsca danışa bilməsə də, nitqi başa düşür. O da olsun öz fənni. O xəcalət hissi ağır oldu. Anladım ki, tərcümə etikasını pozmaq böyük xətadır.                                              
İndi keçək xoş məqamlara. Həmin illərdəki  uğurlu  tərcüməçilik fəaliyyətimə görə Ümumittifaq Gənclər İttifaqının Fəxri Fərmanı ilə təltif olundum.                                                                                                          
Əfqanıstan təzadlı məqamlarla dolu, məğrur xalqlı, zəngin təbiətli bir ölkə kimi yadımdadır. Yuxularıma girən bu ölkənin mavi ekranda ağır vəziyyətini görəndə ürəyim sızıldayır.


- Şəfəq xanım, bu gün elmi işlərin yazılması, onların qiymətləndirilməsi ətrafında bir çox mübahisəli fikirlər, narazılıqlar var. Sizin  ilk tədqiqat işiniz, müdafiəniz də neçə il əvvəl kifayət qədər mürəkkəb bir yol keçib. Artıq akademik mühitdə kifayət qədər səlahiyyətə, təcrübəyə malik bir mütəxəssis kimi bu günün tədqiqatçılarına, gənc alimlərinə nəyi tövsiyyə edərdiniz? Sizcə bugünkü elmi mühitdə nə yaxşıdı nə qüsurludur?


- Narazı olduğum məqamlardan biri, tədqiqat üçün elmi mövzuların seçimi, onların adlarının verilməsidir. Elmi rəhbərlərin bu sahədə çox məsuliyyətli olması gərəkdir.  Bir də qeyd etmək istərdim ki, filologiya sahəsində klassik irsimizlə bağlı mövzular azalmaqdadır. Bu da sonda mütəxəssis   kəsadlığına gətirib çıxara bilər.


- Alimlərə istinad etsək, siz klassik ədəbiyyatda  farsca olan “Divan”ların dil və üslubunun tədqiqində yeni cığır açmısız. Sizdən əvvəl də bu iş görülürdümü? Elədirsə kimi özünüzə ustad sayırsınız?  


- Belə bir çığırla addımlamaq və dissertantlarımı bu yola sövq etmək uzun illərin nəticəsidir. Yalnız farsca deyil, ümumiyyətlə klassik əsərlərin dil və üslubu ilə məşğul olan filoloqlarımızın tədqiqatları  mənim üçün bu yolda çox əhəmiyyətli olub. Rəhim Sultanov, Təhminə Rüstəmova,  Ağamusa Axundov, Cahangir Qəhrəmanov, Musa Adilov, Türkan Əfəndiyeva, Roza Eyvazova, Mənzərə Məmmədova və s. Onlardan öyrənib, öyrətməyə çalışıram. Konkret sahəm isə klassiklərimizin farsdilli nəzm əsərlərinin dil və üslub xüsusiyyətlərinin tədqiqidir. Onlar söz qəsri qurublar, amma necə qurublar?  Poetik tərcümədə öz əksini tapa bilməyən, şairin ustadlığını əks etdirən, Şərq poetikası və ərəb qrafikası ilə bağlı bəzi mühüm  məqmlar məhz belə tədqiqatlarda açıqlanır, şairin fərdi üslubu haqqında tam fikir söyləməyə imkan yaradır.


- Bildiyimizə görə, hazırda XIX əsrdə, həm də nəzmlə yazılmış bir farsca-azərbaycanca lüğəti çapa hazırlayırsız. Lüğət hazırlamaq təcrübəsini səhv etmirəmsə hələ Kabildə işlədiyiniz vaxtlardan qazanmısız. Şeir quruluşuna malik bu lüğətlə necə? Məşğul olmaq çətin deyil ki? 


- Əlbəttə hər işin   öz çətinliyi var. XIX əsrin əvvəllərində yaşamış azərbaycanlı alim Əli ibn Hacı Mustafa Badkubinin “Təcridü-l-lüğət” adlı farsca - azərbaycanca olan mənzum lüğətini çapa hazırlayıram. Mənzum lüğətlərlə bağlı çətinlik onların əruzla yazılmasındadır.  Lüğətin transliterasiyasında   əruzla bağlı məqamlarda diqqətli olmaq lazımdır. Mənzum lüğətlər leksikoqrafiyamızın unudulmuş qollarındandır. Onları tədqiq etmək, işıqlandırmaq leksikoqrafiya tariximizi işıqlandlrmaqda maraqlı olar.


- Bir müsahibənizdə bəhs etdiyimiz bu lüğətdən belə bir sitat gətirirsiz: “Türk danışığı zabitəli və möhtəşəmdir. Onda hərzə sözlər olmur. Bu dil şücaət və qəhrəmanlıq dilidir. Türk kəlmələri bilməyən qeyri-türklər belə vuruşlarda bu dildən istifadə edir. Çünki bu sözlər qılınc kimi təsir edir. Bunu görənlər də var, eşidənlər də...” XI əsrin türkçü alimi Mahmud Qaşqarlı da “Divanü Lüğəti’t-Türk”də  “Tanrı onlara türk adını verdi və onları yer üzünə elbəyi etdi. Zəmanənin xaqanlarını onlardan çıxardı” yazır. Tarixin minilliyin əvvəlində və sonlarında bizə bəxş etdiyi bu iki əsər arasında ideya, əqidə oxşarlğı görürsünüzmü?

 
- “Divanü Lüğəti’t-Türk” müqayisəedilməz bir əsərdir. Amma hər halda türklərin maddi, mənəvi mədəniyyətinə dair dəyərli məlumatların  mövcud olduğu  bu lüğətlər ideya, əqidə cəhətdən səsləşə bilərlər. Hər iki  lüğət qeyri türklərə türk dilini öyrətmək, türk dilini yaymaq missiyası daşıyır. Hər ikisində hikmətli sözlər, atalar sözləri, şeir nümunələri yer almışdır. Hər ikisində yeri gəldikcə fonetik və qrammatik qanunların izahı  verilir. Hər ikisi türk dillərinin tarixi tarixi leksikologiyasını öyrənməkdə dəyərli mənbədir.


- Şərqin bədii-fəlsəfi fikir tarixi məlumdur ki, müdriklik, irfan xəzinəsidir. Özünüz də bayaq klassik irsi “söz qəsri” adlandırdınız. Vaxtilə, Nəsimi müridlərindən birindən soruşurlar: “Bu cavanın üzündə nə görürsən ki, bu qədər həyəcan və məstlik göstərirsən?” O cavab verir: “Onun üzünün aynasında Haqqın surətini görürəm”.  Bilicisi olduğunuz qədim Şərq ədəbiyyatı sizə hansı mənəvi dəyərləri, dərinliyi qazandırdı? Bu dərinliyin dili ilə XXI əsr insanına hansı sirri vermək istərdiniz?


- Sevgi dərinliyini anlatdı: Tanrı sevgisi, insanlara sevgi, həyat sevgisi. Anladım  ki, sevgi qorxudan, ayrılıqdan, ehtirasdan çox-çox güclü olan bir hissdir. Söz qüdrətini duydum.  Sirr soruşursunuz. Bir daha yada salmaq istərdim: Bu Dünya son deyil!


- Şəfəq xanım, bəzən fərəhli, bəzən də hüznlü bir ömür yolunun artıq yetmiş duracağını adlamısınız. Sizi kifayət qədər tanıyan və qəlbinizdəki həyatsevərliyə, sönməz yaradıcılıq eşqinə şahid olan bir şəxs kimi yaşınızın üstünə gələcək yaşlarda da qarşımızda gözəl xanım, səmimi insan və böyük alim Şəfəq Əlibəyli görəcəyimizə şübhə etmirəm və bunu ürəkdən arzu edirəm. Mənim sualım elmin, ədəbiyyatın digər bir mənbəyi – 80 yaşlı qocaman Nizami Muzeyi haqqındadır. Artıq neçə illərdir ki, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində
“Komparativistika və bədii tərcümələr” şöbəsinə rəhbərlik edirsiz. Həyatınızda, elmi yaradıcılığınızda necə bir yeri var Nizami Muzeyinin?


- Qocaman Nizami Muzeyində, bu zəngin tarixi keçmişi olan möhtəşəm binada işləmək insana qürur hissi bəxş edir. Bəli, doğrudan da hər dəfə bu söz məbədinə daxil olanda bir qürur hissi keçir qəlbimdən. Muzeydə işləməyim elmi yaradıcılığıma öz təsirini göstərdi. Mən burada artıq yalnız dilçi kimi deyil, tam filoloq kimi, daha geniş diapazonda işləməyə başladım. Ədəbiyyatımızın ən qədim dövrlərindən müasir dövrünə qədər  olan bir yolu yenidən keçdim. Poetik tərcümə yaradıcılığımda geniş yer tutmağa başladı. Publisistik yazılarlarım çoxaldı. Muzey mənə yeni bir impuls verdi.                                                                                          
Bir də... indi məni muzeylə həzin bir məqam da birləşdirir. Muzeyin guşələrindən biri atama, şair Ənvər Əlibəyliyə həsr olunub. Həmin guşədə onun ən əziz əşyalarından nümunəlıər, mizüstü saatı, alışqanlar kolleksiyası yerləşdirilib. Bəlkə də onun ruhu hərdən qonağımız olur. Bir məqamı da qeyd etmək istərdim. Farslar demiş: “Əz şoma çe penhan?”, yəni sizdən nə gizli? Dostum, Rafael Hüseynovla işləmək, onun rəhbərliyi altında fəaliyyət göstərmək çox maraqlıdır, bir enerji mənbəyidir.



Nəzmiyyə Yiğitoğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?