Modern.az

Müstəqil Azərbaycanın ilk xarici işlər naziri: “Mən BMT-də azərbaycanca çıxış edərkən milçək uçsaydı, eşidilərdi” - MÜSAHİBƏ

Müstəqil Azərbaycanın ilk xarici işlər naziri: “Mən BMT-də azərbaycanca çıxış edərkən milçək uçsaydı, eşidilərdi” - MÜSAHİBƏ

Müsahibə

9 İyul 2019, 19:00

“SSRİ Xarici İşlər Nazirliyində təyinatımı eşidən keçmiş səfir və konsullar “kimdir bu Sadıqov?! Azərbaycanlı?! Qaralar da Avropaya ayaq açır?!” deyib, ağız büzdülər”

Hüseynağa Sadıqov: “BMT baş katibinin rəsmi nümayəndəsi Sayruz Vensi Ağdama apardım, Xocalıdan gətirilən meyitləri görəndə şoka düşdü”

Müstəqil Azərbaycan Respublikasının ilk xarici işlər naziri olmuş Hüseynağa Sadıqov Modern.az saytına geniş müsahibə verib. Onunla söhbəti təqdim edirik:


Arayış: Hüseynağa Sadıqov 1940-cı ilin mart ayının 14-də Bakı şəhərində anadan olub.

1958‐ci ildə Bakı şəhər 132№‐li orta məktəbi, 1963-cü ildə M.F.Axundov adına Azərbaycan Xarici Dillər İnstitutunun Avropa dilləri fakültəsini bitirib. İnstitutun nəzdində aspiranturada oxuyub.
1970‐ci ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici əlaqələr şöbəsində təlimatçı işləyib.

1968-ci ildə Moskvada SSRİ Nazirlər Sovetinin nəzdində Ali Xarici Turizm kurslarını bitirib.

1971-ci ildən Azərbaycan SSR Nazirlər Sovetində və Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində məsul vəzifələrdə çalışıb.

1974-cü ildən diplomatik xidmətdədir. Həmin ildən Almaniya Demokratik Respublikasının Leypsiq  şəhərində  SSRİ  konsulluğunda vitse‐ konsul, 1980‐ci ildən ADR‐in Rostok şəhərində SSRİ konsulluğunda konsul olub. SSRİ-nin Almaniya Demokratik Respublikasındakı Baş Konsulluğunda və Berlindəki səfirliyində diplomatik vəzifələrdə çalışıb.

1988-1991-ci illərdə Azərbaycan SSR-nin xarici İşlər naziri vəzifəsində çalışıb.

1991-ci ildə müstəqil Azərbaycan Respublikasının xarici işlər naziri vəzifəsinə təsdiq edilib.

1989-cu ildə ona SSRİ-nin I dərəcəli fövqəladə və səlahiyyətli elçi-müşaviri, 1992-ci ildə isə Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik dərəcələri verilib.

1992-ci ildə Azərbaycan Respublikasının Almaniya, İsveçrə, Belçika, Niderland, Lüksemburq və Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

Alman, ərəb, türk və rus dillərini bilir.

Almaniya Federativ Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və strateji əməkdaşlığın inkişafındaki xidmətlərinə görə 2006-cı ildə Almaniya Prezidenti tərəfindən Almaniyanın dövlət mükafatı- "Böyük Xidmət Xaçı" Ordeni ile təltif edilib.

 

- Hüseynağa müəllim, sizinlə Azərbaycanın Diplomatiya günündə görüşürük. Bu il Azərbaycan diplomatiyasının həm də 100 illiyi tamam olur. Öncə sizi diplomatiyanın 100 illiyi münasibətilə təbrik edirik.

 

- Çox sağ olun. Yüz il bundan əvvəl Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin və onun xarici siyasətinin qurucuları Məhəmməd Əmin Rəsulzadəni, Məmmədhəsən Hacinskini, Fətəli xan Xoyskini, Məmmədyusif Cəfərovu dərin ehtiramla yad edir və onların əziz xatirəsi qarşısında baş əyirəm!                              

2-ci Respublika (sovet) dövründə  Azərbaycanın xarici işlər nazirləri  işləmiş Nəriman Nərimanov, Mirzə Davud Hüseynov, Mahmud Əliyev, Tahirə Tahirova və Elmira Qafarovaya ulu tanrıdan rəhmət diləyirəm.                            
Uzun illər boyu müxtəlif formalarda sovet rejiminə qarşı apardığı mübarizə nəticəsində xalqımız 20-ci əsrdə ikinci dəfə dövlət müstəqilliyini bərpa etdi. Bu zaman xarici siyasətimiz ulu öndər Heydər Əliyevin tövsiyələri və bilavasitə iştirakı ilə prinsipcə milli maraqlarımıza uyğun formalaşmağa başladı.  
Bu strategiya hazırda müasir dövrün tələbləri nəzərə alınaraq, ulu öndərin siyasətinin uğurlu davabmçısı prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirlir.                

Bəşəriyyətin tarixində ilk diplomatiya insan qəbilələri arasında məhsul mübadiləsi, əkinçilik, ovçuluq sahələrinə görə yaranan  mübahisələri döyüşlə deyil, danışıqlar, sülh yolu ilə həll etmək məqsədilə yaranmışdı. Bu zaman qəbilələrdəki “Ağsaqqallar” bir növ diplomat rolunda çıxış edərək danışıqlar vasitəsilə mübahisələri həll edirlər.

Bizim düşündüyümüz mənada diplomatiya dörd min (4000) bundan əvvəl Hindistanda yaranıb. Hindistan diplomatları hətta bizim indi “qabaqlayıcı” (preventiv) diplomatiya adlnadırdığımız yəni qonşu dövlətlərlə müharibələrin qarşısını almaq haqda düşünürlərmiş. Qədim Çində isə qonşu qonşu dövlətlərlə bir-birinə hücum etməmək və mübahisəli məsələləri danışıqlarla həll etmək barədə müqavilələr bağlayıblar. Bu bəşər tarixində məlum olan ilk belə sənəddir. Beləliklə, “Diplomatiya sülh deməkdir”,  “Diplomatiya sülh paspoetudur” desək yanılmarıq. Daha sonralar Avropada yaranmış dövlətlərin Yunanıstanın, Romanın, Vizantiyanın diplomatiyası xalqlar arasında sülhə deyil, əksinə, onları bir-birinə qarşı qızışdırmağa yönəlmiş, “parçala, hökmranlıq et” prinsipini özlərinin başlıca doktrinası olaraq tətbiq edirdilər. Bu səbəbdən Taleyanın, Makiavelinin diplomatiyası imperiyaların ərazilərinin qonşu dövlətlərin əraziləri hesabına genişləndirilməsinə xidmət edən işğalçı, mənəviyyatsız diplomatiya kimi tarixə düşüb. Təəssüf ki, 20-ci əsrin ortalarında faşist Almaniyasında işğalçı xarici siyasət təkrar olunub. Lakin beynəlxalq antihitler  koalisiyası tərəfindən qarşısı alınıb və müəllifləri ciddi cəzalandırılıb.

 XX-ci əsrin 90-cı illərində Cənubi Qafqazda Ermənistan Respublikası işğalcı siyasəti tetbiq edərək "dənizdən-dənizə böyük Ermənistan” yaratmaq məqsədilə Azərbaycan Respublikasının ərazisinin 20%-ni işğal edib və 1 milyondan çox əhalisini etnik təmizləməyə düçar edib. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlarda və beynəlxalq aləmdə hökm sürən “ikili standartlar” işğlaçının qarşısını almağa və onu cəzalandırmağa mane olur.

     

Bu problemin çözülməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasına nail olmaq xarici siyasetimizin ve diplomatiyamızın ən ümdə vəzifələrindəndir.


- Müstəqil Azərbaycanın ilk xarici işlər naziri olmusunuz. O dönəmlər Azərbaycan üçün mürəkkəb siyasi quruluş kimi tarixə düşüb. Amma söhbətimizi bir qədər əvvəldən başlayaq. Diplomatiya sahəsinə gəlməyiniz necə baş verdi?

 

- Yazılana görə, Makedonıyalı İskəndər deyərmiş: "Mən valideyinlərimə minnətdaram ki, mənə həyat bəxş ediblər. Müəllimlərimə isə ona görə minnətdaram ki, bu gün mən kiməm".
Bu  sözləri mən də məmnuniyyətlə təkrar edirəm - orta və ali məktəbdə mənə dərs demiş müəllimlərimə minnətdaram! Dünyasını dəyişənlərin əziz xatirəsi qarşısında baş əyirəm!  
132 saylı orta məktəbdə mənə alman dilindən dərs demiş Altay Musayevi xüsusi qeyd etmək istəyirəm. O, bizə dərs deməklə yanaşı, həm də o zamankı xarici işlər naziri mərhum Tahirə Tahirovanın köməkçisi vəzifəsində işləyirdi. Dərs vaxtı o bizə diplomatiya tarixindən maraqlı hadisələr danışardı.

Ali məktəb müəllimlərindən bizə alman dilinin fonetikasından dərs demiş Cəfər Cəfərovu və leksika müəllimimiz Əminə Əliyevanı  dərin hörmətlə yad edirəm. Cəfər müəllim 1918-1920 -ci illərdə AXC tərəfindən Almaniyaya təhsil almağa göndərilmişdi və Berlin Universtitetini bitirmişdi. Universal biliklərə malik və mənəvi cəhətdən billur kimi təmiz şəxsiyyət idi.
Əminə xanım Əliyeva isə Almaniyada aspiranturada oxumuşdu və ADR-də namizədlik dissertasiyası müdafiə etmiş ilk azərbaycanlı qadın idi. Orta məktəbin yuxarı siniflərində oxuyarkən mənim arzum kinorejissor olmaq idi. Lakin orta məktəbi bitirmək ərəfəsində anam ürək xəstəliyinə tutulduğundan Moskvaya oxumağa getməkdən vaz keçdim, sənədlərimi Altay müəllimin məsləhəti ilə  Xarici Dillər İnstituna verdim və qəbul olundum. 1963-cü ildə bu İnstitutu fərqlənmə diplomu ilə bitirdim.
1962-ci ildə, 4-cü kursda oxuyarkən İnstitutun rəhbərliyi məni Ümumittifaq Səhmdarlar Cəmiyyəti  "İnturist"də alman dili tərcüməçisi vəzifəsində işləməyə göndərdi. Orada 3 il işlədikdən sonra 1965-ci ildə məni direktor müavini, 1969-cu ildə isə "Azərbaycan" hotel kompleksinə baş direktor təyin etdilər.
"İnturist" sistemində çalışdığım 9 il mənim ücün böyük həyat məktəbi oldu. Baş direktor Nurməmməd  Quliyevi tanıyanlar deyirdilər ki, mən xoşbəxtəm ki, ilk əmək fəaliyyətim belə təcrübəli və billur kimi təmiz bir şəxsiyyətin rəhbərliyi altında başlayıb. Nurməmməd Quliyev uzun illər DTK sədrinin müavini, 2-ci Dünya müharibəsi illərində İranda SSRİ DTK-nın rezidenti vəzifələrində çalışmışdı. Azərbaycanın bir çox çekistləri-generalları onu özlərinin müəllimi hesab edirlər. Mən də belə bir şəxsiyyətdən  həyat və əmək təcrübəsi almağımla fəxr edirəm!

1969-cu ilin iyununda Azərbaycan KP MK Plenumunda DTK-nın sədri Heydər Əliyev Mərkəzi Komitənin 1-cı katibi secildi. Respublika əhalisinin əksəriyyəti kimi biz gənclər də bu hadisəni böyük sevinc və ümid hissləri ilə qarşıladıq: ölkədə rüşvətxorluqdan, qohumbazlıqdan və digər neqativ hallardan təmizlənməyə böyük ehtiyac vardı. Biz gənclər böyük həvəslə bu mübarizəyə qoşulduq. 1970-ci ildə Nurməmməd Quliyevin zəmanəti ilə məni Mərkəzi Komitənin Xarici Əlaqələr Şöbəsinə referent vəzifəsinə işə dəvət etdilər. Bu mənim ücün beynəlxalq diplomatiya aləminə daxil olmaq istiqamətində nəhəng bir addım idi.  Mərkəzi Komitədə üç ildən çox işlədim. Bu illər mənim beynəlxalq siyasət sahəsində mütəxəssis kimi formalaşmamda böyük rol oynadı. MK-da işlədiyim illərdə, xüsusən, şöbə müdirini əvəz edərkən, ulu öndərin  Azərbaycana gələn yüksək səviyyəli xarici gonaqları qəbul prosesində iştirak etmişəm. Bu görüşlərdə onun çıxışlarında olan sarsılmaz məntiq, ifadələrin dəqiqliyi, səmimi afmosfer yaratmaq fitri istedadı mənə dərin təsir bağışlayardı. Belə tədbirlərdə iştirak etmək mənim üçün əsl "Diplomatik Akademiya"idi. Bu gün xüsusilə qeyd edirəm ki, mənim ən böyük müəllimim ulu öndər Heydər Əliyev olmuş və diplomat olmağıma görə ona minnətdaram!

 


- Belə anladım  ki, Heydər Əliyev Azərbaycan SSR-də hakimiyyətə gələndən sonra diplomatiyamız inkişaf yoluna qədəm qoyub.

 

- Diplomat kimi o inkişafa şahidlik edənlərdənəm. Heydər Əliyev o zaman Moskvanın qarşısında belə bir tələb qaldırdı ki, Azərbaycan Respublikasından olan kadrlardan xaricdəki səfirliklərdə, konsulluqlarda daha fəal istifadə edilsin. Moskva da bu tələblə razılaşdı. Mənimlə bağlı da də Heydər Əliyevin imzası, möhürü olan sənəd hazırlanıb Moskvaya göndərildi. Bir-iki ildən sonra xəbər gəldi ki, məni Moskvaya söhbət etməyə çağırırlar. Getdim. Mənə Almaniya Demokratik Respublikasının Leypsik şəhərində attaşe vəzifəsi təklif olundu. Bu, ən kiçik diplomatik vəzifə idi. Şöbə müdirlərim bir qədər tərəddd etsələr də, rəhmətlik Heydər Əliyev məni çağırdı. Hardasa bir saata qədər mənimlə söhbət etdi. Söhbət əsnasında mənə dedi: “Birinci dəfədir ki, Avropada Azərbaycana diplomatik vəzifə verirlər. Bundan qabaq bizimkilər ərəb və Afrika ölkələrində çalışıblar və çalışırlar. Avropa fürsətini əldən vermək olmaz. Biz sənin namizədliyini veririk və özünü orada elə göstər ki, o yeri respublikamızın adı ilə bağlasınlar".

 

- Bu qədər tərəddüdün içərisində Almaniyaya getdinizmi?

 

- Hətta, bir ildən sonra işimi  ikinci katib vəzifəsinə qədər yüksəltdilər. Onu da deyim ki, konsulluqda hamısı ruslar idi. Bir ildən sonra isə vitse-konsul oldum. O zaman SSRİ xarici işlər naziri Andrey Qromiko idi. Qromikonun əmri varmış ki, hər bir diplomatın xaricdə işlədiyi müddətdə vəzifəsi bir dəfə artırıla bilər. Məndə isə istisna olaraq 2 dəfə artırıldı. Bir dəfə SSRİ Xarici İşlər Nazirliyində oturmuşdum. Qonşu otaqdan səs eşitdim. Keçmiş səfirlər, konsullar nahar fasiləsində şahmat oynayırdılar. Qəfil adımı eşitdim. Biri dedi ki, “kimdir bu Sadıqov?! Azərbaycanlı?! Qaralar da Avropaya ayaq açır?!”. Elə bil, başıma qaynar su tökdülər. İsətdim qapını açıb cavablarını verim. Yadıma Heydər Əliyevin mənimlə söhbəti düşdü. Çünki cavab versəydim, məni buradan Bakıya geri qaytaracaqdılar. Otaqdan heç nə eşitməmiş kimi çıxdım. Tualetə gedib bir siqaret çıxarıb çəkdim. Xalqımın və özümün halıma acıdım. Bir də gördüm ki, gözümdən yaş axır. Elə Almaniyanın Leypsik şəhərinə gedəndə də eyni mənzərə ilə qarşılaşdım. Mənə dedilər ki, siz bura niyə gəlmisiz? Burda baş çıxara bilməyəcəksiz. Siz asiyalısız. Ərəb ölkələrinə getməlisiz”. Elə alındı ki, bu sözləri mənə deyən adam tabeliyimə düşdü.

Almaniyadan ölkəyə qayıdanda evə girən kimi rəhmətlik Kamran Bağırov mənə zəng etdi. Hal-əhval tutandan sonra Heydər Əliyevin  məni soruşduğunu və görüşmək istədiyini dedi.  Getdim Əliyevin yanına. Mənə dedi ki, “səfir səndən razılıq edir. Göstərilən etimadı doğrultmusan”. 2 ilə yaxın Azərbaycanda Mərkəzi Komitədə calışdım.                                   

 

- Azərbaycan SSR-in xarici işlər naziri təyin olunana qədər diplomatik fəaliyyətinizin əsas hissəsini Almaniyada keçirtmisiz. Bəs necə oldu ki, Azərbaycan SSR-in xarici işlər naziri oldunuz? Bu vəzifəni kim sizə həvalə etdi?

 

- 1985-ci ildə Berlindəki Səfirliyə  işə köçürüldüm. Berlinə təyin olunarkən vəzifəm elm və mədəniyyət üzrə Səfirliyin katibi idi. Qeyri-rəsmi isə "Birləşmiş partiya komitəsinin katibinin müavini, beynəlxalq informasiya (əks təbliğat) üzrə metodik şuranın sədri və mühazirəçilər qrupunun rəhbəri idim.

 


- Əks təbliğat dedikdə nəyi nəzərdə tutursuz?

 

 - Bu o demək idi ki, Qərbin, Amerikanın burjua təbliğatına qarşı müxtəlif metodlarla mübarizə aparmaq lazım idi. Çox vaxt səhər üzü saat 5-ə qədər oturub sülh və sosializm uğrunda necə mübarizə aparmaq barədə məqalələr hazırlayır, sonra onu mütəxəssislər vasitəsilə alman dilinə tərcümə edirdik. Universitetlərdə, fabriklərdə, zavodlarda çıxışlar edirdik. Almaniyada işlədiyim dövrdə 2 dəfə Qorbaçov və Şevarnadze (Gürcüstanın sabiq prezidenti) ora gəlmişdi. Bir dəfə səfirliyin rəhbər işçilərinin toplantısında Qorbaçov orada ola-ola cox açıq və kəskin çıxış etdim; yenidənqurmanın  və  demokratikləşmənin  yuxarıdan başlamalı olduğunu, müttəfiq respublikaların rəhbərlərinin Siyasi Büroya üzv secilmələrinin, rotasiya qaydasında sədrlik etmələrinin və respublikalara iqtisadi siyasətdə sərbəstlik verilməsinin vacibliyini vurğuladım.   
 
O zaman belə idi. Nefti özləri satıb bizə qəpik-quruş verirdilər. Buna da etirazımı dilə gətirdim. Yadımdadır ki, Qorbaçov mənim kimliyimi soruşdu. Cavab olaraq  səfir dedi ki, “Əliyevin kadrıdır”.

Müşavirədən sonra SSRİ xarici işlər naziri Eduard Şevardnadze məni onun üçün səfirlikdə ayrılmış iş otağına çağırdı. O, mənə dedi ki, prinsipcə mən haqlıyam və belə də olmalıdır.  Sonra da "lakin belə açıq danışmağı sənə məsləhət görmürəm. Başa düşürsənmi?!" dedi. Mən Şevardnadzeyə təşəkkür edərək "anladım",-deyə bildirdim.

Bir neçə ay keçəndən sonra səfir mənə dedi ki, “sizi Moskvaya çağırırlar”.

O çıxışdan sonra qovulacağımı gözləyirdim. Heç demə, məni Azərbaycana gətirib Mərkəzi Komitəyə şöbə müdiri qoymaq istəyirdilər. Bir axşam zəng gəldi ki, Şevarnadze (SSRİ-nin o vaxtı xarici işlər naziri) məni yanına çağırır. Axşam saat 10-nun yarısı Şevarnadzenin yanına getdim. Şevardnadze mənə sual verdi ki, “yenidən partiya işinə qayıtmaq, yoxsa, diplomatiyada qalmaq istəyirsiz?!”. Birmənalı olaraq diplomatiya sahəsində qalmaq istəyimi bildirdim. “Düz edirsiz. Diplomatiyada qalmaq yaxşıdır. Hazırlaşın, nazir vəzifəsini sizə həvalə edirəm. Mən Heydər Əliyevlə  danışmışam və o, sizin namizədliyinizi dəstəkləyir". O zaman Azərbaycan SSR-nin xarici işlər naziri Elmira Qafarova Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini seçilmişdi.

 

- Amma sizin Azərbaycan SSR-in sonuncu xarici işlər naziri təyin olunduğunuz il, yəni 1988-ci il ölkəmiz və xalqımız üçün siyasi baxımdan mürəkkəb və təlatümlü il idi. Dağlıq Qarabağın işğal edilməsi ətrafında siyasi oyunlar baş qaldırmışdı. Məhz, nazir təyin olduğunuz vaxtlarda Dağlıq Qarabağ məsələsinə  Mərkəzi Komitədə necə yanaşılırdı? Məxfi məsələlər nədən ibarət idi?

 

- Nəbzi çox yaxşı tutdunuz. 1988-ci il yanvarın sonunda xarici işlər naziri təyin olundum. Şevardnadze ilə görüşdən sonra Mərkəzi Komitəyə gəldim. Mərkəzi Komitənin şöbə müdiri koridorda qoluma girib dedi ki, “bilirsiz, sizin ölkədə faciə baş verib. Sumqayıtda azərbaycanlılarla ermənilər bir-birini qırıblar. Siz tamam təndirin içinə gedirsiz”. Dərhal Bakıya uçmam üçün şərait yaradılmasını xahiş etdim. Həmin gün Azərbaycana gəldim. O dövrdə Azərbaycanın beynəlxalq aləmdəki siyasi vəziyyəti çox mürəkkəb və zəif idi. Bu zəifliyi yaradan da erməni siyasətçilər idi.

 

- SSRİ-nin tərkibində yaşayan ermənilər lobbiçilik fəaliyyətlərini necə qurmuşdular? Bu nə dərəcədə mümkün idi?

 

- Ermənilər Eçmiədzin vasitəsiylə xaricdə yaşayan ermənilərə albomlar, kitablar, musiqi valları, Ermənistan haqda müxtəlif təbliğat materialları göndərirdilər. Erməni lobbisi xaricdə "Böyük Ermənistan" ideyasını fəal şəkildə təbliğ edirdi. Bir sözlə, Azərbaycanın beynəlxalq aləmdəki geosiyasi vəziyyəti yaxşı deyildi. Ümumittifaq miqyasda Azərbaycanın vəziyyətinə gəlincə, M.Qorbaçov hakimiyyətə gəldikdən sonra vəziyyətimiz çox mürəkkəb və zəif idi. Yeganə  güclü dayağımız olan Heydər Əliyev  Qorbaçov tərəfindən vəzifəsindən uzaqlaşdırılmışdı. Qorbaçovu əhatə edən müşavirləri  Aqanbeqyan, Şahnazarov və digərləri onu futuroloji təhlillər və proqnozlar vasitəsiylə inandırmışdılar ki, beynəlxalq miqyasda zəngin maliyyə və siyasi resurslara malik olan erməni diasporuna arxalana bilər. Beləliklə, ermənilər güclü təsir imkanlarına malik idilər.                                                    

Erməni lobbisindən söhbət düşmüşkən, bir söz deyim. 1913-cü ildə erməni katalikosu erməni xalqına müraciət edərək “nə oturmusuz Ermənistanda. Avropaya, Amerikaya gedin! Oralarda məskunlaşın və çalışın orada vətəndaş olun! Çünki vətəndaş olmayan seçici deyil. Onunla heç kim hesablaşmır. O ya xarici, ya da mühacirdir. Vətəndaş olun, qəzetlərin, jurnalların redaksiyasına girin, banklara, parlamentlərə daxil olun. Orada  erməni məsələsinin həll edilməsinə kömək olun”. Gördüyünüz kimi, 1913-cü ildə heç SSRİ mövcud deyildi. Hətta 1913-cü ilin yanvarında Lepsius adlı yunan keşişi və erməni jurnalisti Spantaryan “Alman-Ermənistan dostluq cəmiyyəti” yaradıblar.

 

 - Reallıq odur ki, Azərbaycan ziyalıları, mütəfəkkirləri dünyanın bir çox ölkələrində məskunlaşsa da, ancaq biz diasporun nə olduğunu bilmirdik. 

 

- Mirzə Ələkbər Sabir yaxşı deyib. “Əcnəbi göydə balonlarla uçur, biz hələ avtomobil minməyiriz. Yaralı yerimiz odur ki, biz torpağa bağlı millətik. Açıq sizə deməliyəm. Kimsə irəli gedirsə, çalışırıq ki, həmin adamı geri dartaq. Bizdə bir-birimizə qarşı paxıllıq hissi çox güclüdür. Rusun ən böyük düşməni araqdırsa, azərbaycanlının da ən böyük düşməni paxıllıqdır. Sabir demişkən “millət necə tarac olur-olsun, nə işim var, düşmənlərə möhtac olur-olsun nə işim var”. Əksəriyyətimiz bir vaxtlar bu düşüncədə idik. Bayaq dediz ki, SSRİ-də erməni lobbisi necə yaranıb?! Sovet dövründə Ermənistan yeganə sovet respublikası idi ki, orada xaricdə yaşayan ermənilərlə məşğul olan Dövlət Komitəsi vardı. Heç bir respublikaya belə bir komitə yaratmağa icazə verilməmişdi. Onların sədri Mərkəzi Komitənin katibi Dallakyan idi.

Azərbaycana gəldikdə isə, burada hökumətin yuxarı eşelonunda vəzifə, hakimiyyət davası gedirdi !   1980-ci illərin sonunda yaranmış siyasi gərginliklərdən ermənilər istifadə edib Dağlıq Qarabağa helikopterlərlə silah  daşıyırdılar.

Ali Sevetin iclasında çıxış edərək dedim ki, helikopterlərdən  birini vuraq  və sonra onları götürüb dünya mediasına göstərək. O vaxtı Levon Ter-Petrosyan çıxış edərək demişdi ki, “nazir Sadıqov qorxmur ki, biz də Bakıdan Naxçıvana gedən təyyarəni vurarıq?!”.
 Sonra cavab olaraq bildirdim ki, “bunda vicdansızlığa baxın. Silah daşıyan təyyarə ilə sərnişin daşıyan təyyarəni eyni tutur və bizi hədələyir”. Daha sonra hökumətə təklif verdik ki, təcili olaraq Naxçıvanda irimiqyaslı təyyarələri qəbul edən hava limanı tikilməlidir. Bu təklifimiz yerinə yetdi. Çünki aşağıdan uçan təyyarələri vurmaq asan idi. Bu gün də Bakıdan Naxçıvana uçan təyyarələr Ermənistan üzərindən uçur, amma onların elə gücü yoxdur ki, atəş açsınlar.

 

 
- Hüseynağa müəllim, Azərbaycan SSR-in  sonuncu və müstəqil  Azərbaycanın  Xarici İşlər Nazirliyini formalaşdıranda komandanızda kimlər vardı?

 

- Çox kiçik heyətlə işə başlamışdıq. 13 nəfər işçi idik. Bu sıraya həm sürücü, həm də xadimə daxil idi.  Açıq deməliyəm ki, orada çalışan diplomatlar imkanlı ailələrin uşaqları idi. Təəssüf ki, savadsızlar da vardı. Dağlıq Qarabağ məsələsi ilə bağlı mətbuata açıqlama hazırlayan eləsi vardı ki, bir yazıda 20-25 səhvə yol verirdi. Bizə həm də kadrlar lazım idi.  Nazirliyə işə qəbul olunmuş ən yaxşı kadrlar sırasında Xələf Xələfovun, Samir Şərifovun, Nadir Hüseynovun, Araz Əzimovun, İbrahim Hacıyevin,Tofiq Zülfüqarovun, Faiq Bağırovun, Pərvin Mirzəzadənin, Fəxrəddin Qurbanovun və başqalarının adlarını çəkmək olar.      

                                          

- Hazırki xarici işlər naziri Elmar Məmmədyarovun fəaliyyətini bəyənirsizmi?

 

-  Bu haqda danışmaq etika cəhətdən düzgün olmaz. Əvvəla mən nazir təyin ediləndə Elmar Məmmədyarov artıq Nazirlikdə işləyirdi. Bircə onu deyə bilərəm ki, nazirliyin fəaliyyətini dəstəkləyirəm. Təbii, tənqidi baxışım da var.

 

- Maraqlıdır, vaxtilə eyni komandada çalışdıqlarınızla bu gün hər hansı təmasınız varmı? Vaxtilə şagirdləriniz olmuş şəxslər, bu gün müəllimlərini arayırlarmı?

 

-  Əlbəttə, arada məni yad edirlər. 1992-ci ildə səfir gedəndə nazirlikdə 70-dən artıq işçimiz vardı. Hətta 160 nəfərlik ştat cədvəlini hökumətə təklif vermişdik.

 

- Müstəqillik illərində xarici işlər naziri postu tutmağınız qısa müddət sürüb. Ancaq bir çox  hadisələr nazir olduğunuz dönəmlərə təsadüf edib. Məsələn, Azərbaycan Xocalı soyqırımından bir neçə gün sonra BMT-yə üzv qəbul edildi. Təbii, əsrin dəhşətli soyqırımından sonra beynəlxalq quruma qəbullanmağımız birmənalı qarşılanmadı. Həmin vaxt məlum situasiya necə baş verdi? 


- Xocalı soyqırımı baş verəndən sonra BMT-yə üzv olmaq üçün mənimlə birgə Elmar Məmmədyarov və Fəxrəddin Qurbanov getmişdi. Elmar Məmmədyarov o zaman protokol işləri ilə məşğul olurdu. Fəxrəddin Qurbanov isə mətbuat üçün informasiya hazırlayırdı. Hava limanında faciə barədə eşitdik, ancaq geri gayıtmağı məgsədəuyğun hesab etmədim. Çünki  faciəni dünyaya yaymaq üçün böyük fürsət yaranmışdı. BMT-yə üzv olan dövlətlərin hamısı orada iştirak edəcəkdi. 
Bakıya dostlarıma zəng edib dəqiq məlumat aldım. Təəssüf ki, hökumətə telefon açsam da, bir nəfər də olsun adam tapmadım. BMT-yə üzv qəbul olunduğumuz zaman Azərbaycan dilində çıxış etməyi qərara aldım. Xocalı soyqrımında 366-cı motoatıcı alayın iştirakını nəzərə aldıqda bu çox önəmli idi. Təyyarədə olanda çıxışımı rus dilindən Azərbaycan dilinə tərcümə etmişdim. Həmçinin, çıxışıma Xocalı soyqırımı barədə də əlavələr etdim. Daha sonra Məmmədyarov və Qurbanova tapşırdım ki, sinxron tərcüməyə nəzarət etsinlər. Mən Azərbaycan dilində çıxış edərkən milçək uçsaydı eşidilərdi. Çünki “bu nə dildə danışır?!” deyib tez qulaqcıqlarını taxıb qulaq asmışdılar.

 

- Təbii, Azərbaycanın BMT-yə qəbul olmağını həzm etməyən dövlətlər var idi. Onlar hansı dövlətlər idi?

 

- Hətta, az olsa da, mane olanlar da vardı. O vaxt Ermənistanın səsvermə hüququ yox idi.Lakin Ermənistanin dostları olan ölkələr vardı. Hansı ki onlar indi də Ermənistana dost və havadardilar. Maneçilik törətməyə çalışırdılar.

 


- Yəqin ki, söhbət Rusiyadan gedir?

 

- Təkcə Rusiya deyildi. Başqa Avropa ölkələri də vardı.

 

- O zaman Azərbaycanın gərgin siyasi şəraitdə BMT-yə qəbul olmasını dəstəkləyən dövlətlər hansılar idi?

 

- Bu işdə ən çox aktivliyi Türkiyə göstərirdi. Ardınca Almaniya, İngiltərə, İsveçrə, İspaniya, Pakistan, Hindistan və Çin bizi ilk gündən dəstəklədilər

 

Əslində həmin gün bizim üçün həm bayram idi, həm də matəm. Ona görə matəm idi ki, Xocalı şəhərimiz yerlə-yeksan olunmuşdu.  Ona görə bayram idi ki, müstəqil Azərbaycan BMT-yə üzv qəbul edilirdi. Çıxışımdan sonra azərbaycanlılar və türklər Xocalı üçün göz yaşı axıdırdılar. Səhəri gün BMT-nin Baş katibi ilə görüşdüm. Onunla görüş zamanı təkid etdim ki, ya özü, ya da nümayəndəsini göndərib hadisə ilə yerində tanış olsun. Özünün gələ bilməyəcəyini, ancaq rəsmi nümayəndəsini göndərəcəyini bildirdi. Bir həftə sonra BMT-nin baş katibinin rəsmi nümayəndəsi, Amerikanın keçmiş dövlət katibi Sayrus Vensin başçılığı ilə nümayəndə heyəti Azərbaycana gəldi. Mən onu Ağdama aparıb vəziyyəti göstərdim. Ağdam məscidində Xocalıdan gətirilən meyitləri görəndə şoka düşmüşdü. "Hətta faşistlər II İkinci Dünya Müharibəsi zamanı belə vəhşiliklər törətməyiblər" deyə Sayrus Vens həyəcanla qeyd etdi. Geri qayıtdıqdan sonra o, mövcud vəziyyət barədə ətraflı arayış hazırladı və ilk qətnamə də o sənəddə sonra qəbul olundu. Bundan sonra martın 26-da  BMT-ki nümayəndəliyimizi təsis etdik. Sonra BMT-nin müvafiq qətnamələri qəbul edildi.

 

- Qısa da olsa, cəbhə hakimiyyəti dövründə çalışmısınız. Onlarla bağlı hər hansı xatirələriniz varmı?

 

- Bir hadisəni danışım. Yaqub Məmmədov  1992-ci ildə Ali Sovetin sədri olmaqla yanaşı, prezident səlahiyyətlərini icra edirdi. Mayın əvvəli Türkiyənin prezidenti Süleyman Dəmirəl Bakıya gəlməli idi. Qonağı harda yerləşdirmək, hansı söhbətləri aparmaq barədə proqram hazırlamalı idim. Dərhal Heydər Əliyevə zəng etdim. Heydər Əliyev o zaman Naxçıvanda blokada şəraitində idi. Hökumət telefonu ilə zəng etsəm də, bağlı idi. Şəhər telefonu ilə zəng etmək məcburiyyətində qaldım. Bilirdim ki, şəhər telefonu nə danışdıqlarımızı yazır. Heydər Əliyevlə danışanda məni tanıdı. Dəmirəlin Bakı proqramını müzakirə etdik. Heydər Əliyev mənə dedi ki, “Naxçıvanla Türkiyə arasında “Ümid körpüsü” açılacaq. Səni də dəvət edirəm. Gəl, iştirak et”. Məmnuniyyətlə gəlmək istədiyimi, ancaq icazə verilməyəcəyini söylədim. Əliyev sağollaşanda dedi ki, “Süleyman Dəmirələ məndən salam de. O öz təyyarəsini ardımca göndərib məni evinə qonaq aparıb”. Süleyman Dəmirəl Bakıya gələndə onu qarşılama mərasimində mənimlə birgə Ali Sovetin sədri Yaqub Məmmədov, daxili işlər naziri İsgəndər Həmidov da vardı. Təyyarədən düşəndə hamının yanında dedim ki, “Süleyman bəy, dünən Heydər Əliyevlə danışdım. Sizə salamı var”. Sonra telefonuna zəng edib “Heydər bəy, gözlərindən öpürəm” dedi.
Süleyman Dəmirəl Türkiyəyə qayıdandan sonra mənə zəng gəldi. Zəng edən də İsa Qəmbər idi. Artıq İsa Qəmbər Ali Sovetin sədri idi. Mənə dedi ki, “sizin səfirlik açmaqla bağlı bir arzunuz vardı. O arzunuz nə yerdə qaldı?!”. Məsələnin nə olduğunu anladım. Ardınca, “bu gün nazirliyi Tofiq Qasımova təhvil verin”. Telefonda İsa Qəmbərə dedim ki, “İsa bəy, əgər istəyirsiz ki, bu təyinatı ictimaiyyət düzgün anlasın, o zaman hər iki təyinatı bu gün edin”. Telefonun dəstəyinin o tərəfində kimdənsə məsləhət alaraq “etiraz etmirlər” cavabını verdi. Mən Almaniyaya səfir, Tofiq Qasımov isə xarici işlər naziri təyin olundu. Baxmayaraq ki, 2 həftə əvvəl mənə demişdi ki, "siz bu sahənin professorusuz. Hələ sizinlə uzun müddət işləyəcəyik".

 

- Hüseynağa müəllim, çətin və mürəkkəb dövrdə Azərbaycan tarixinə ilk nazir diplomat kimi düşmüsünüz. Maraqlıdır, niyə övladlarınız diplomat olmaq istəmədi? Bu sizin arzunuz idi, yoxsa uşaqlarınız özləri imtina etdilər?

 

- Bir qızım, bir oğlum və dörd nəvəm var. Qızım və oğlum Berlindəki səfirliyin nəzdindəki orta məktəbi medalla bitiriblər. Qızım BDU -n tətbiqi riyaziyyat fakültəsini bitirib,Almaniyada informatika ixtisasına yiyələnib, riyaziyyat və informatika sahəsində mütəxəssisdir. Hazırda Nyu-Yorkda dünyanın ən böyük bankında vitse-prezident vəzifəsində çalışır.

Oğlum Berlin universitetinin hüquq fakültəsini fərqlənmə ilə bitirib, magistraturanı Londonda oxuyub. Nyu-Yorkda təcrübə kurslarını bitirib. Hüquqşünas olaraq Vəkillər Kollegiyasının üzvüdür. On il “Transnasional Konsern”in vəkili işləyib, təcrübə topladıqdan sonra indi şəxsi vəkillik şirkətində calışır. Nəvələrim məktəblidirlər. Hesab edirəm ki, hər kəs sevdiyi işlə məşğul olsa, daha yaxşıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir