Modern.az

Bu il 150 bal toplayan abituriyentlər də ixtisas seçə biləcək - ŞAD XƏBƏR

Bu il 150 bal toplayan abituriyentlər də ixtisas seçə biləcək - ŞAD XƏBƏR

Təhsil

9 İyul 2019, 15:58

Bu gün DİM-tərəfindən «Abituriyent» jurnalının 4-cü nömrəsi nəşr olunub. Burada ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu verilib. 

2019-cu ildə ali məktəblərə ixtisas seçimi edənlər bu jurnaldan istifadə etməlidirlər.

Modern.az-ın məlumatına görə, təhsil eksperti Kamran əsədov təəssüflə bildirib ki, hər il minlərlə abituriyent ixtisas seçimi zamanı buraxdığı səhvə görə ali məktəbə qəbul ola bilmir.

“Əziz abituriyentlər, ixtisas seçimi prosesi zamanı diqqətli olun. Hər kəsi narahat edən bir sual var ki, bu il keçid balı neçə bal olacaq?
Qeyd edim ki, ixtisaslar üzrə keçid balları ixtisas seçimi başa çatdıqdan sonra müəyyənləşir. Buna görə də bu il ayrı-ayrı ixtisaslar üzrə keçid ballarının hansı səviyyədə formalaşacağı, keçid ballarının ötən illə müqayisədə artıb-artmayacağı, hansı ixtisaslar üzrə daha rəqabətli müsabiqə vəziyyətinin yaranacağı barədə indidən dəqiq məlumat vermək mümkün deyil. Çünki bu, ixtisas seçimindən sonra bəlli olur”. 

K.Əsədov deyir ki, bu il bütün ixtisaslar üzrə müsabiqəyə buraxılış balının 200 olmasına baxmayaraq 150 bal toplayan abiturientlər də ixtisas seçimində iştirak edə bilər.

“Onların da özəl və ya Bakı şəhərindən başqa, digər şəhər və rayon dövlət universitetlərinə qəbul olmaq şansları var.
2019-cu ildə ixtisaslar üzrə formalaşacaq ballar haqqında qabaqcadan dəqiq məlumat vermək düzgün deyil. Qəbul imtahandan sonra keçid balının formalaşmasına 3 əsas amil – abituriyentlərin sayı, imtahan nəticəsi və plan yerlərinin sayı təsir edir. Ona görə də keçid balları hər il dəyişərək fərqli olur”.

K.Əsədov deyib ki, bu il ixtisas seçimi edərkən 2018-ci ildə formalaşmış ballara çox ümid edib seçim etməyin.

“Bu xüsusi ilə ödənişsiz plan yerləri ilə bağlıdır. 2019-cu ildə ödənişsiz plan yrlərinə qəbul zamanı ballar ciddi şəkildə aşağı düşəcək.

Belə ki, 2019-2020-ci il qəbul ilində ödənişsiz plan yerlərinin sayı 31 faizdən 45 faizə çatdırıldı. Yəni keçən il 12 min tələbə pulsuz təhsil alırdısa, bu il 21 min, yəni plan yerinin azı 45 faizi ödənişsiz plan yeri olacaq. Eyni zamanda bu il ümumi plan yerlərinin sayı da artırılaraq 48 minə çatdırıldı və bu o deməkdir ki, bu il 48 min abituriyentin tələbə adı qazanmaq imkanı var. 

Misal üçün I ixtisas qrupu üzrə Riyaziyyatdan 2018-ci ildə dövlət sifarişli yerin sayı 75 plan yeri idi, bu il 150 ödənişsiz plan yeri ayrılıb. Riyaziyyat müəllimliyi ixtisası üzrə 2018-ci ildə dövlət sifarişli yerin sayı 260 plan idi, bu il ödənişsiz yer 300 oldu, Riyaziyyat və İnformatika müəllimliyi ixtisası üzrə 2018-ci ildə 260 pulsuz yer var idi, bu il pulsuz yer 385-ə qaldırıldı. 

II ixtisas qrupunda Beynəlxalq münasibətlər ixtisası üzrə 2018-ci ildə 50 pulsuz yer var idisə, 2019-da 80 oldu, Coğrafiya müəllimliyində dövlət sifarişli yerlər 2018-də 120 yer idisə, bu il 175 pulsuz yer ayrılıb. Maliyyə ixtisası üzrə 2018-ci ildə 90 pulsuz yer var idi, bu il 160 yer ayrılıb pulsuz plan yerinə. Mühasibat ucotu və audit üzrə 2018-ci ildə 165 pulsuz yer var idisə, 2019-cu ildə bu rəqəm 275-ə qaldırıldı. İqtisadiyyat ixtisası üzrə 2018-də 200 pulsuz yer var idisə, 2019-da bu rəqəm 305-ə qaldırılıb. 

III ixtisas qrupu üzrə Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi üzrə 2018-ci ildə 240 yer pulsuz idisə, 2019-da bu ixtisasa 444 ödənişsiz yer ayrılıb. Tarix müəllimliyi üzrə 2018-ci ildə 160 pulsuz plan yeri var idisə, bu il ödənişsiz plan sayı 235-ə qaldırılıb. Hüquqşunaslıq ixtisası üzrə 2018-ci ildə cəmi 100 pulsuz yer var idisə, bu il, 2019-cu ildə Hüquqşunaslıq üzrə ödənişsiz plan yerlərinin sayı 215-ə qaldırlıb. Tərcümə ixtisası üzrə 2018-ci ildə 100 plan yeri var idisə, 2019-cu ildə bu ixtisasın pulsuzuna 180 plan yeri ayrılıb. 

IV ixtisas qrupu üzrə Mualivə işi 2018-ci ildə 320 pulsuz yer var idisə, 2019-cu ildə Müalicə işi ixtisası üzrə 550 yer ayrılıb. Biologiya ixtisası üzrə 2018-ci ildə 70 pulsuz yer var idisə, bu il, 2019-da bu ixtisas üzrə 150 ödənişsiz yer ayrılıb. Stomotologiya üzrə 2018-ci ildə 30 dövlət sifarişli yer var idisə, bu il pulsuz yerin sayı 65-ə çatdırılıb. 

Bu rəqəmlər o deməkdir ki, 2019-cu ildə ödənişsiz ixtisalar üzrə keçid ballarında azalma olacaq. Yəni missal üçün 2018-ci ildə Hüquqşunaslıq üzrə 670 balla ödənişsizə qəbul olmaq mümkün idisə, 2019-cu ildə bu bal bir az aşağı olacaq. Bütün ixtisaslar üzrə ödənişsiz yerlərin ballarında 20-30, müəyyən ixtisaslar üzrə isə, xüsusi ilə II ixtisas qrupunda daha çox bal aşağı düşəcək. Yəni bu il abituriyentlərin daha az balla ödənişsiz ixtisaslara qəbul olmaq şansı var”.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü