Modern.az

Alman professor: “Xaricdə çoxları Bakını Alov qüllələrindən tanıyır” - MÜSAHİBƏ

Alman professor: “Xaricdə çoxları Bakını Alov qüllələrindən tanıyır” - MÜSAHİBƏ

Mədəni̇yyət

11 İyul 2019, 08:10

“Ölkənizin rəngarəngliyini və tollerantlığını xüsusi olaraq qeyd edərdim”

 

Almaniyalı professor, hazırda Bakıda müəllim kimi fəaliyyət göstərən Maurus Roller Modern.az-ın suallarını  cavablandırıb.  İki ildir ki, ölkəmizdə olan Maurus Roller hazırda Qərbi Kaspi Universitetində çalışır.

Müsahibə zamanı onunla Azərbaycan haqqında təəssüratları, təhsil sahəsində müasir çağırışlar və digər məsələlər barədə söhbətləşdik.

 

- Salam professor Roller, özünüzü Bakıda necə hiss edirsiz?

 

- Salam. Çox sağ olun, yaxşıyam. Bu gün sizinlə danışmaq çox xoşdur.

 

- Doktor Roller  ilk sualım belədir. Niyə Azərbaycana səfər etməyi qərara aldınız? Və Bakıdakı həyatınız haqqında nə düşünürsüz?

 

- Mən Azərbaycana gəlməyi 2 il bundan əvvəl qərarlaşdırmışdım. Bakıya bir neçə dəfə səfər etmişdim və mübaliğəsiz deyə bilərəm ki, bu şəhərə vurulmuşdum.  Bakı beynəlxalq atmosferə, multikultural dəyərlərə və xarici işçilər üçün iş imkanlarına malik olan böyük şəhərdir. Əminliklə deyə bilərəm ki, Azərbaycanda keçirdiyim vaxt çox səmərəli və maraqlıdır.

 

- Maraqlıdır, siz Almaniyada Bakını və Azərbaycanı necə təsvir edirsiniz?

 

- Bu, çox maraqlı sualdır. Təəssüflər olsun ki, Almaniyada əksər insanlar Azərbaycan haqqında çox da məlumatlı deyillər. Onlar daha çox ölkənizdə keçirilmiş Avroviziya Mahnı Müsabiqəsi, Avropa Oyunları, Formula 1 və bu yaxınlarda keçirilən Avropa Liqasının final mərasimi haqqında məlumatlıdırlar. Lakin bu mərasimlər vasitəsilə onlar Bakının Azərbaycanın paytaxtı olduğunu öyrənmiş oldular. Düşünürəm ki, hələ də belə tədbirlər vacibdir. Bu kimi tədbirlər Azərbaycanın dünya miqyasında tanınmasında yardımçı olur. Bir çox insanların ölkəni dərhal tanıya biləcəyi Alov Qülləsinin şəklidir. Mənə elə gəlir ki, bu, Bakını tərənnüm edəcək simvol işarəsinə çevrilib.

Mən ölkənizin rəngarəngliyini və tollerantlığını xüsusi olaraq qeyd edərdim.

 

- Bakıda ən çox xoşladığınız yerlər hansılardır?

 

- Burada bir çox yerlər var ki, mənim xoşuma gəlir. Bunlar arasından Dənizkənarı Milli Parkı və İçərişəhəri daha çox sevirəm. Mənim işlədiyim universitetin əsas korpusu İçərişəhərdə yerləşir (Qərbi Kaspi Universiteti – red.). Lakin, Bakıda istirahət etmək üçün çoxlu maraqlı yerlər – parklar, kiçik kafelər də var. Yəqin ki, Bakını daha çox cəlbedici edən millilik və müasirliyin bir arada olmasıdır. Təkcə memarlıq abidələrinə baxmaq kifayətdir. Lakin Bakıda hələ də mənə məlum olmayan, tanımadığım yerlər var. Yəqin ki, o yerləri də tanımaq imkanım olacaq.

 

- Siz Qərbi Kaspi Universitetində çalışırsınız. İş yeri olaraq niyə o universiteti seçdiniz?

 

- Bu universitetin özünün fəlsəfəsi vardır ki, bu da mənə çox yaxındır – bu, Qərb standartlarına uyğun təhsilin gənclərə öyrədilməsidir. Qloballaşan və yüksək rəqabətin olduğu dünyada ən vacib amillərdən biri də təhsildir. Əgər gənclər həm milli, həm də beynəlxalq əmək bazarlarında yaxşı ixtisaslaşmış olsalar, o zaman XXI əsrdə uğur qazana biləcəklər.

 

- Qərb standartları deyəndə daha dəqiq nəyi nəzərdə tutursuz?

 

- Qərb standartları əldə edilən müasir biliyin tələbələrə tam anlaşılan şəkildə çatdırılmasıdır. Hazırda ən yaxşı universitetlərin yerləşdiyi ölkələr - ABŞ, İngiltərə, Fransa və Almaniyadır. Biz bu universitetlərlə əməkdaşlıq etməklə, müəllim mübadiləsi yaratmağa və ya tələbələrimizin bu proqramlara çıxışını təmin etməyə nail oluruq. Və bu, qeyd etdiklərim - əməkdaşlıq və beynəlxalq əlaqələrin genişləndirilməsi ideyasını hal-hazırda Qərbi Kaspi Universiteti yerinə yetirir.

 

- Siz işlədiyiniz universitetdə İngilis dili və ədəbiyyatı kafedrasının müdirisiz. İndicə universitetin fəlsəfəsi haqqında fikir bildirdiniz. Bu, sizin işinizə necə təsir edir, sizin işinizdə özünü necə göstərir?

 

- Əsas planım başlıca olaraq xaricdən müəllimlər dəvət etməkdir. Bu, o demək deyil ki, azərbaycanlı müəllimlər yaxşı tədris edə bilmirlər. Əksinə, fakültəmizdə yaxşı ixtisaslaşmış yerli müəllimlər var və mən buna görə çox şadam. Lakin bizim tələbələr ana dili ingilis dili olan  müəllimlərlə də ünsiyyət qurmağı bacarmalıdır. Yalnız bunun köməkliyi ilə onlar ingilis dilində səlis oxuma və ünsiyyət bacarıqlarına yiyələnərək, Qərb universitetlərində olan imkanlara nail ola biləcəklər. Onların təhsil sahəsində olan son yeniliklərlə (bizim kafedrada əsas hədəf İngilis ədəbiyyatı və dilçiliyi) tanış olmaları vacibdir Xarici universitetlərdə təhsil alan müəllimlər bizi lazım olan müasir bilik, müasir kitab və dərs materialları və müasir dərs metodları ilə təmin edəcəklər.

 

- Gələcək üçün planlarınız nədir?

 

- Filologiya və Tərcümə məktəbinin dekanı olaraq, mən təkcə ingilis dili və ədəbiyyatı kafedrası üçün deyil, həmçinin Tərcümə və Azərbaycan dili və ədəbiyyatı kafedrasını üçün də məsuliyyət daşıyıram. Və mən (müəllim həmkarlarımla bərabər) mümkün olduğu qədər yüksək standartlı təhsili təmin etmək üçün bütün qüvvəmlə çalışacam. Təkcə bu üç kafedra üçün deyil, bütöv bir universitet üçün çalışacam. Bu, bizim gələcək beynəlxalq nüfuzumuza yardım etmiş olacaq. Və bu da öz növbəsində beynəlxalq əməkdaşlığımızı genişləndirməklə yanaşı, tələbələrimizi daha yaxşı təhsil imkanları ilə təmin etmiş olacaq.

 

- Cənab Roller, sonuncu sualım bir qədər düşündürücüdür.  Əgər desələr ki, bir arzu tutun. O zaman o, nə olardı?

 

- Çox vaxt! Mən çox vaxt arzu edərdim. Zaman çox sürətlə keçir. Bəzən günlər mənim plan və ideyalarımı həyata keçirmək üçün kifayət etmir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır