Modern.az

Azərbaycanda 3 min metr yüksəklikdə Ekoloji Elm Mərkəzinin açılışı olub

Azərbaycanda 3 min metr yüksəklikdə Ekoloji Elm Mərkəzinin açılışı olub

Təhsil

22 Dekabr 2009, 09:51

Prezidenti cənab İlham Əliyevin “Böyük Qafqazın Bazardüzü-Şahdağ-Tufandağ ekosisteminin Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqatı ilə bağlı Tədbirlər haqqında” sərəncamına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılmış Böyük Qafqaz dağlarının şimal-şərq yamacında Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin açılışı olub. Modern.az-ın məlumatına görə, dekabrın 22-də keçirilən açılış mərasimində ekologiya və təbii sərvətlər Hüseyn Bağırovun iştirakı ilə rəsmi açılış mərasimi olub. 

Biomüxtəliflik, geoloji tədqiqatlar, hidrometeoroloji və ətraf mühitin monitorinqi sahələrini əhatə edən Mərkəzin yaradılmasında əsas məqsəd yüksək dağlıq ərazilərin bir ekosistem kimi kompleks öyrənilməsi və həmin ərazilərin meteoroloji, hidroloji rejiminin, xüsusilə də qar örtüyünün, buzlaqların tədqiqi, iqlim dəyişmələri, onun ətraf mühitə, biomüxtəlifliyə təsirinin öyrənilməsidir. Elm Mərkəzinin fəaliyyət göstərməsi üçün 3000 metrə yaxın yüksəklikdə müvafiq inzibati binalar tikilib, çətin və mürəkkəb iqlim şəraitində olduqca əhəmiyyətli tədqiqat işlərinin aparılması məqsədilə işçilər üçün müvafiq infrastruktur yaradılıb. Elm Mərkəzində, eləcə də Mərkəzdən aralı müxtəlif hündürlüklərdə - Şahdüzü (3000 m) və Kabaş (3500 m) dağ silsilələrində, ən mürəkkəb meteoroloji şəraitdə (güclü külək, aşağı temperatur, qalın qar örtüyü və s.) fasiləsiz fəaliyyət göstərməyə, məlumatların operativ olaraq Milli Hidrometeorologiya Departamentinə ötürməyə imkan verən, dünyanın ən aparıcı texnologiyalarından olan Finlandiyanın "Vaysala" firmasının istehsal etdiyi avtomatlaşdırılmış meteoroloji stansiyalar quraşdırılıb. Tufandağ (4200 m) və Şahdağ (4280 m) zirvələrində isə bu işlər davam edir.  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı