Modern.az

Prezidentin təltif etdiyi SABİQLƏR

Prezidentin təltif etdiyi SABİQLƏR

11 İyul 2019, 15:29

Prezident İlham Əliyev iyulun 9-da Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Bu təltifetmə Azərbaycan diplomatiyasının 100 illiyi münasibətilə gerçəkləşib.


Sərəncamda xeyli tanınmış diplomatın adı var.

Məsələn, nazir Elmar Məmmədyarov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, nazir müavinləri Araz Əzimov, Ramiz Həsənov, Nadir Hüseynov, Xələf Xələfov, Mahmud Məmməd-Quliyev, Hafiz Paşayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Modern.az-ın məlumatına görə, sərəncamda adı keçən diplomatların bir qismi vaxtilə Azərbaycanda yüksək vəzifələr tutmuş sabiqlərdir.

Tanınmış səfirlər Həsən Həsənova (sabiq Baş nazir), Hidayət Orucova (Dini Komitənin keçmiş sədri), Polad Bülbüloğluna (eks-mədəniyyət naziri), Həsən Zeynalova (Naxçıvan MR-in Bakıdakı nümayəndəliyinin keçmiş rəhbəri), Vilayət Quliyevə (sabiq xarici işlər naziri), Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyevə (XİN eks-mətbuat katibi) 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni verilib.

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni alanlar sırasında Eldar Həsənov (keçmiş baş prokuror), Tamerlan Qarayev (Milli Məclisin eks vitse-spikeri), Yaşar Əliyev, Mahir Əliyev, Lətif Qəndilov, Rəşad Məmmədov, Elxan Poluxov (XİN-in sabiq mətbuat katibi), Elin Süleymanov, Tahir Tağızadə (XİN-in keçmiş mətbuat katibi), Tural Rzayev, Vaqif Sadıqov kimi tanınmış səfirlər yer alır.

“Tərəqqi” medalı ilə təltif olunanlar arasında da xeyli tanınmış diplomat var: Xəzər İbrahim (XİN-in sabiq mətbuat katibi), Pərvin Mirzəzadə, Nəsimi Ağayev..


Sabiq  xarici işlər naziri Tofiq Zülfüqarov Modern.az-a açıqlamasında təltif olunanlardan 90 faizinin xidmətləri olduğunu qeyd edib.

“Əslinə baxanda bu, böyük bir hadisədir. Digər qurumlarla nisbətdə diplomatlara  bu cür medalların verilməsi ilk dəfə baş verir. Nəhayət ki, diplomatik sahədə atılmış uğurlu addımlardan sonra diplomatlara da orden və medallar verildi. Müstəqillik dövründən indiyə kimi əsas uğur ondan ibarətdir ki, diplomatların zəhmətləri nəticəsində Azərbaycan beynəlxalq aləmdə kifayət qədər nüfuz qazanıb.  Xarici dövlətlərlə uğurlu diplomatik əlaqələr qurulub”.


Tofiq Zülfüqarov Qarabağ münaqişəsində diplomatiyanın hələ ki daha ciddi uğurlara imza atmadığını da qeyd edib:

“Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində diplomatların hələ ki ciddi uğurunu görə bilmərik. Amma dünyanın müxtəlif yerlərində diplomatlar Azərbaycanın həqiqətlərini dünyaya  çatdırmaqla məşğuldular”.


Jalə Mehdi

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?