Modern.az

Yollarda bizi öldürən SƏBƏBLƏR

Yollarda bizi öldürən SƏBƏBLƏR

12 İyul 2019, 08:23

Son zamanlar yol qəzalarının sayında artım müşahidə olunur. Xüsusilə də qəzalar zamanı ölüm halları çoxalıb. Azərbaycanda avtomobil sayı Avropa ölkələrindən az olsa da, qəzaların çoxluğuna görə öndəyik.


106.3 radiosundakı “Avtostop” verilişinin aparıcısı Tural Yusifov Modern.az-a deyib ki, qəzların baş verməsinin bir neçə səbəbi var.


“1-ci səbəb Azərbaycanda üstünlüyün köhnə avtomobillərdə olmasıdır. Yəni istismara yararsız, vaxtı keçmiş avtomobillərin sayı ölkədə çoxdur.


2-ci səbəb, təkərlərlə bağlıdır. Azərbaycanda ikinci əl köhnə təkər satışı var. Bu ən təhlükəli səbəblərdən biridir. Hətta onun bazarı belə var, halbuki, qanunla işlənmiş təkərlərin ölkəyə gətirilməsi qadağandır, amma gətirirlər və istifadə də olunur.


3-cü məsələ imtahan prosesinin qeyri-effektiv olmasıdır, çünki 15 dəqiqəyə 9 suala cavab verib, vəsiqə alınırsa, bu, effektiv deyil və təhlükəlidir. Sənin biliyini 10 sualla yoxlamaq doğru deyil. Adamlar hüquqşünas olmaq üçün 500-dən çox bal yığmalıdırlar, halbuki, sabah hüquqşünas olub-olmadığı bilinmir. Amma insanların taleyini həll edəcəklər, buna görə 10 sualdan 9-na düzgün cavab verməlidirlər, bununla da sürücülük vəsiqəsi alacaqlar.


4-cü səbəb sürücülük ustalığının aşağı səviyyədə olmasıdır. Bu da imtahandan qaynaqlanır, girirlər imtahana, tezbazar sürücülük vəsiqəsini alırlar və onların sürücülük ustalığı çox aşağı səviyyədə olur, heç kim də yoxlamır.


5-ci səbəb isə o adamlar hansı ki yol qəzalarında həlak olurlar, qəza törədirlər, bunlar daimi olaraq yol hərəkəti qaydalarını pozanlardır. Yəni hadisələrdə adətən birinci dəfə dəhşətli qəza törədən olmur. Daimi olaraq yol-hərəkəti qaydalarını pozan adamlar dəhşətli qəzalara səbəb olurlar. Hadisə də bir dəfə olur, öz həyatı daxil, hər kəsin həyatına son qoyur.


6-cı səbəb, yol polisinin daimi qəza törədənləri aşkara çıxarıb onlarla profilaktik işlər aparmaması və ya qanunu belə şeylərə görə sərtləşdirməməsidir. Məsələn, qırmızı işıqda keçənləri 60 manat cərimə gözləyir, amma, avtomobilinin şüşəsinə “plyonka” çəkənlər 150 manat cərimə olunur. Bunlardan hansı təhlükəlidir?! Əlbəttə ki, qırmızı işıqdan keçən. Qanunlar məntiqə əsaslanmalıdır, məntiqlə cəza vermək lazımdır.


Bizim sürücülərin məsuliyətsizliyi 7-ci səbəbdir. Sürücülərimiz baş verən hadisələrdən nəticə çıxarmırlar, avtomobilini tanımırlar. Avtomobil bədən üzvü deyil, ətalət qanununa tabedir, fizikadır. Yəni mən saatla 100-lə gedəndə əyləc məsafəm nə qədər olacaq, hava qaranlıqdır, mənim sürətim çox olacaq ya yox, hava yağışlıdır, mənim əyləc məsafəm nə qədər olacaq? Bunlar dəhşətli qəzalara gətirib çıxarır”.

 

Ekspert bildirib ki, Azərbaycanda avtomobil çox deyil, cəmi 1 milyon 300 mindir:


 

“Onların 80 faizi köhnə avtomobillərdir. Amma biz bu qədər avtomobillə qəza sayına görə Avropa ölkələrini  geridə qoyuruq, bizdə daha çox adam ölür. Bu, sırf texniki amillərlə bağlıdır. Yük avtomobillərinin arxasında mühafizə qurğusu olmalıdı, bilmirəm 2 gün əvvəl qəza törədən “Kamaz”da həmin qurğu var idi, yoxsa yox. Çünki mühafizə qurğusu olmayan yük maşını ilə qəzada minik maşını onun altna girir, bu da böyük faciələrə səbəb olur.  Həmin avtomobil iki postdan keçib, niyə yoxlamayıblar?”

 

T.Yusifovun sözlərinə görə, qanunda elə dəyişiklik edilməlidir ki, insanlarda daxili bazara maraq olsun:


“Əgər 4 min manata alınan maşının gömrük rüsumu 5000 manatdırsa, təbii ki, gedib Gürcüstan nömrəli maşın gətiriləcək. Yəni mənim avtomobilimin gömrük rüsumu onun qiymətindən daha baha başa gəlir. Onu cəlbedici etmək lazımdır. Hazırda bizdə gömrük rüsumları 7 pillədən ibarətdir. Bu rüsum insanları məcbur edir ki, Gürcüstan nömrəsi ilə ölkəyə maşın gətirsinlər. Sadəcə onu stimullaşdırmaq lazımdır. Ölkə başçısının imzaladığı, 8 aydır qüvvədə olan Yol Hərəkəti Təhlükəsizliyi Dövlət  Proqramında stimullaşdırma nəzərdə tutulub. Çox təəssüf, Gömrük Komitəsi daşı ətəyindən yerə tökmək istəmir ki, bu qiymət aşağı düşsün. Elə imkanlar olmalıdır ki, insanlar avtoparkı yeniləsinlər. Gömrük Komitəsi niyə düşünmür ki, insanlar niyə gedib Gürcüstan nömrəsi ilə maşın gətirirlər? Onlar bütün bunları yaxşı bilir, amma yenə də stimullaşdırıcı addım atmırlar”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub