Modern.az

“Məşhur adamın məşuqəsi” - Xanım yazardan ilginc ETİRAFLAR - MÜSAHİBƏ

“Məşhur adamın məşuqəsi” - Xanım yazardan ilginc ETİRAFLAR - MÜSAHİBƏ

12 İyul 2019, 09:56

Aygül Ağayeva:Kişilər qadınlarla eyni cür sevmirlər... kişilər ehtirası, qadınlar hissləri sevirlər..."

 

Bu günlərdə Elmlər Akadmiyasının parkında “Qanun” nəşriyatının dəstəyi ilə Aygül Ağayevanın yenicə çapdan çıxan “Məşhur adamın məşuqəsi” kitabının imza günü keçirildi. “Məşhur adamın məşuqəsi”  “Qanun” nəşriyatının buraxdığı kitablar arasında ən çox satılan “20-lik”də birinci yerə çıxdı.

Modern.az-ın əməkdaşı “Məşhur adamın məşuqəsi”ni yazıb-yaradan Aygül Ağayeva ilə söhbətləşib.

- Bu sizin ilk kitabınızdır?


- Xeyr. Düzü, ilk kitabımı yazanda çap etdirmək istəmirdim. Çünki bu sahədə öz sözünü demiş insanların çox olduğunu düşünürdüm. Təvazökarlıqdan uzaq olsun, yaxşı yazdığımı bilirəm. Deyək ki, yaxşı olmayan bir əsəri kimsə hövsələsini tarıma çəkərək, oxudu. Bəs mənim hörmətim nə olacaq? İlk romanımın adı “Səni ürəyim sevdi” adlanırdı. 2011-ci ildə çap olundu. İlk kitabımı çapdan öncə yazıçı Vidadi Babanlıya təqdim etdim. Bir neçə tənqidçiyə də göstərərək, fikirlərini aldıqdan sonra çap etdirdim. Ön sözü də Vidadi Babanlı yazdı. Gözləməsəm də, kitabın üçüncü nəşri də gerçəkləşdi. Daha sonra isə ailəmlə bağlı yazı-pozuya müəyyən qədər fasilə vermək məcburiyyətində qaldım.

- Bizdə olan məlumata görə, yazarlıqla yanaşı,  müğənnilik fəaliyyəti ilə də məşğulsunuz. Sizdə incəsənətə olan sevgi hardan irəli gəlir?

- Bu sevgi məndə uşaqlıqdan var. İncəsənətə və musiqiyə sevgi mənim üçün hər şeyin fövqündə dayanır. İl yarımdır müğənniliklə məşğulam və bu sahədə də uğur qazanacağıma inanıram.

 
- Ədəbiyyatdan musiqiyə keçmisiniz. Bəzi insanlar daha tez məhşurlaşmaq üçün digər sənət sahələrindən musiqiyə keçir, müğənnilik edirlər.  Bəs sizin müğənnilik etmənizin səbəbi nədir?  Məşhur olmaq, yoxsa daha çox pul qazanmaq?


- Əgər sizin dediyiniz kimi, mənim məqsədim pul qazanmaq olsaydı, toylara gedib ara mahnıları ifa edərdim. İl yarım öncə mən müğənnilik fəaliyyətimə Elza İbrahimovanın bəstəsi olan “Bağışla məni” mahnısıyla başaladım. Daha sonra sənətinə böyük hörmət bəslədiyim məhşur bəstəkarımız Eldar Mansurovla iş birliyimiz oldu. Hazırda 4-5 mahnı üzərində işləyirəm.


- Necə oldu ki roman yazmağa başladınız?

- Həyatda etdiyim müşahidələrlə dolu idim və qələmə sarılan vaxtdan yazmağa başladım. Mən ilk romanımı Vidadi Babanlıya təqdim edəndə söylədim ki, əgər pisdirsə, səmimi olaraq mənə bildirin və bir daha yazmayım. Daha sonra insanlar mənə yazaraq fikir bildirməyə başladılar və düşündüm ki, kimlərinsə qəlbinə təsir edə bilirəmsə, deməli yazmağa və yaratmağa dəyər.
“Məşhur adamın məşuqəsi” romanında da mənə ilk  oxucu rəyi “Qanun” nəşriyatının korrektorundan gəldi. Yazmışdı ki, gərək bizim qızlarımızın taleyi belə olmayaydı.


- Romanda  təmiz bir qız zəngin bir adamın məşuqəsinə çevrilir. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı..

- Romandan göründüyü kimi, bu xanım yüngül əxlaqlı, yelbeyin biri deyil. Bu roman bir qadının dramıdır. Mənim  qəhrəmanım Jülidə bir qadın kimi çox cazibədardır. Ürəyimdən gələn bütün orijinal fikirlər romanda öz əksini tapıb və əsəri oxuyan hər kəs orada mənim heç harda olmayan orijinal fikirlərimlə tanış ola biləcək.


- Jülidə çox gənc bir xanım idi. O istəyərək məşuqəyə çevrildi, yoxsa hər şey bir anda baş verdi?

- Qadın istəməsə, heç nə baş verməz. Onun bacısı xəstə idi və bacısını müalicə üçün xaricə göndərmək lazım idi. Bu zaman Camal ona kömək edir və münasibətləri yaranmağa başlayır. Camal ilk başlarda ona tifil kimi baxırdı və heç zaman düşünməzdi ki, Jülidə qadın kimi onu cəzb edəcək. Hər şey zamanla dəyişməyə başladı. Camal sonradan düşündü ki, bu qızın yerişində, duruşunda, baxışında tam bir fahişə ədası var. Jülidə qadın kimi Camalı çox  ehtirasa gətirir və onların münasibəti yaranmağa başlayır.


- Qadının məşuqəyə çevrilməsinə səbəb onun yaşadığı cəmiyyətdir, yoxsa birbaşa olaraq qadının özüdür?

- Düşünürəm ki, səbəb qadının cahilliyi, təhsilsizliyi və dünyagörüşünün məhdudluğudur. Cəmiyyətin və həyatın sərt, yazılmamış qanunları həmişə olub və  olacaq da... Lakin mənim qəhrəmanım kifayət qədər ağıllı bir qadın idi. Təhsili olmasa da,  xeyli  kitab oxuyub. Jülidə  düşünərək, həyatda qalıb yaşaya bilmək üçün bu addımı atdı.


- “Məşhur adamın məşuqəsi” kitabının üz qabığına özünüzün kifayət qədər cazibədar şəklini yerləşdirmisiniz. Bu, gündəmə gəlmək istəyinin işartıları ola bilərmi?


-
Bunu sizdən gizlətməyəcəyəm. Etiraf edib - düşündüm ki, bu faktın məhz mənim müğənnilik fəaliyyətimə də köməyi olacaq. Əgər əsəri mən yazmışamsa və mənim xarici görünüşüm kitabın üz qabığında çap olunmağıma imkan verirsə, niyə də olmasın?


- Bəs şəkilinizin kitabın üz qabığında verilməsindən sonra əsərdə yaratdığınız məşuqə sürətinin real həyatdakı təcəssümünün məhz siz olduğunu düşünənlər oldumu?


- Bu sualı mənə ünvanlayanlar çox oldu. Eyni zamanda, bu sualı baxışlarından oxuduğum üzlər və gözlər də vardı. Bəlkə də bəzi insanlar risk edib sualı məndən soruşmaqdan çəkindilər. Artıq bu sualın mənə ünvanlanmasına alışmışam və bu məni heç vaxt narahat etmir. Özümü heç vaxt məşuqə kimi təsəvvür etmirəm, amma mən sizə söyləyim ki, romanda təsvir olunanların bütün motivləri birbaşa olaraq həyatdan götürülüb. Bu da məndə mükəmməl səviyyədə müşahidə qabiliyyətinin olmasından irəli gəlir.

- Jülidə və Camalın real sürətləri həyatda var?

- Bəli, əlbəttə... Mən o kişini də, o qızı da real olaraq görmüşəm. Eynilə onlar mənim romanda canlandırdığım kimidirlər. Əsərin ana xətti hər iki tərəfin dramıdır. Yəni ailə dramlarıdır.


- Əsərdə 1990-cı ildən sonra Azərbaycanın yenicə müstəqilik qazandığı acı illər təsvir olunub. Məhz həmin illərdə sizin yaşadığınız acı xatirələr varmı ki,  birbaşa olaraq romanda əks olunsun? O illər sizin üçün nə ilə yadda qalıb?

- Mən həmin illərdə yaşamışam və o zaman baş verən bütün çətinlikləri görmüş insanam. Mən o zaman rayonda yaşayan məktəbli idim. Ən çox yadda qalan o idi ki, həmin illərdə qatarla Bakıdan rayonumuza çörək gətirilirdi və həmin çörək bir göz qırpımında yoxa çıxırdı. Çörək ala bilmək üçün insanlar günlərlə növbələrə dururdular. Bəzən çörək paylanılan zaman mübahisələr və münaqişələr olurdu. Çörək əldə etmədən məyus halda evə qayıdan insanlar görürdüm. Qurd basmış unlar satılırdı və ondan alıb məcburən çörək bişirirdilər. Hətta onu belə tapmayanlar olurdu. Bu mənim yaddaşımın həmin illərlə bağlı ən ağrılı xatirələridir. Daha sonra ölkədə sabitlik yarandı və mən bugün rahat şəkildə sizə müsahibə verirəm.

 
- Azərbaycanda bu gün Elxan Elatlı, Varis Yolçuyev kimi yazıçılar var ki, onların romanları az qala bestsellerə çevrilib. Bir qadın yazar kimi əks cinsin nümayəndələrinə güclü rəqib olacağınızı düşünürsünüzmü?

- İndi ədəbiyyata olan oxucu marağı əvvəlki dövrlərə nisbətən xeyli azlıb. Düşünürəm ki, romanın təbliğatı və reklamı düzgün aparılarsa, bestsellerə çevrilə bilər. Əlbəttə, romanın məzmunu oxucunu riqqətə gətirməli, onu bir növ heyrətləndirməlidir. Əgər bunları bacarmırsa, heç olmasa ürək döyüntüsünü artırmalıdır. Həyatda o qədər də yox, amma ədəbiyyatda iddialıyam.  Az müddətdə qazandığım oxucu rəğbəti mənə bunu deməyə əsas verir. Əgər mənim romanım oxucuya bestsellərə çevriləcəyini deyə bilirsə, axı niyə də olmasın ?..
Hazırda üçüncü kitabımın üzərində işləyirəm. Birinci kitabım mənə gözləmədiyim uğur gətirdi. Ucuz şöhrət dalınca qaçan insan deyiləm, kitabın çox və qalın olması deyil, dəyərli olması mənim üçün önəmlidir. İndi sadəcə, stolun ayağını düz saxlamaq üçün xeyli sayda kitablar çap olunur. Bu tip kitab çıxarmaq bir müəllif kimi mənim üçün ölümə bərabərdir.
Bir gün ikinci kitabımın çapıyla bağlı Yazıçılar Birliyinin katibi Rəşad Məcidə müraciət etdim. O,  mənim kitabımı oxuduqdan sonra çox müsbət fikirlər söylədi, bu da məni çox sevindirdi. Rəşad bəyə dərin təşəkkürlərimi bildirirəm. Daha sonra  “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğluna minnətdarlıq edirəm. Rəşad Məcid kitabı təklif etdi və “Qanun” nəşriyyatı da onun çapını öz üzərinə götürdü. Mənə isə sadəcə olaraq bundan zövq almaq qaldı.


- Romanda sırf sizin başınıza gələn hadisələr əks olunubmu?


- Jülidənin uşaqlıq dövrü, kənd həyatında böyüməsi kimi bəzi hissələr var ki, orada sırf özümü yazmışam. Təbii ki, əsər tam olaraq məndən ibarət deyil. Burada yazıçı təxəyüllü də var ki, mən onsuz heç bir romanı təsəvvür etmirəm. Amma yazıçının böyüklüyü də ondadır ki, yazdığı və yaşadığı hər bir şeyi ürəyindən süzərək, qələmə alsın. Yaratdığım obrazı, onun hiss və həyəcanını həmişə duymuşam. Hətta pıçıltısını belə...

- Sizə görə bu gün Azərbaycan cəmiyyətində məşuqəyə çevrilə bilən Jülidə tipli qadınların sayı çoxdurmu?

- Mən əminliklə deyə bilərəm ki, bu gün cəmiyyətimizdə Jülidələrin sayı çox deyil. Orxan Kamalın “Nazanları"nın sayı çoxdur. Bunu ürək ağrısı ilə deyirəm. Cahil, təhsil almayan və ərəblərin qurbanına çevrilə bilən qadınların sayı artmaq üzrədir. Bir azərbaycanlı kimi belə qadınlara yazığım gəlir. Onlar qurbandırlar, o qadınlara düzgün istiqamət verilməyib.


- Romanın sonunda ehtirassız bir qadın ehtiraslı bir qadına çevrilir. Sizcə qadın ən çox nəyin qurbanı olur, şəhvətin, yoxsa ağılsızlığın?


- Düşünürəm ki, qadın ən çox öz sevgisinin qurbanına çevrilir. Kişilər qadınlarla eyni cür sevmirlər. Kişilər ehtirası, qadınlar isə hissləri sevirlər. Qadınlar çox sevdikləri zaman hər şeylərini qurban verməyə hazır olurlar. Qadınlar ağılla sevə bilməyəndə, qurbana çevrilirlər. Bunun sonu isə qadının faciəsidir.

- “Məşhur adamın məşuqəsi” romanını oxuyanda Jülidə tipli qadınlara rəğbət artacaq, yoxsa azalacaq?

- Cəmiyyətdə bir çox uşaqlardan ataları imtina ediblər. Mən bunu görmüşəm və yaşamışam. Uşaqlıqda ata qayğısından məhrum olmuşam və bugün qazandığım bütün uğurların arxasında birbaşa olaraq, gecəsini gündüzünə qatıb məni müəllim maaşı ilə böyüdən anamın və eyni zamanda mənə ana qayğısı göstərən nənəmin zəhməti dayanır. Nənəm olmasaydı, bəlkə də uşaqlığımda travma alardım. Bir daha söyləyirəm ki, Jülidə ittiham oluna bilməz. O ağıllı bir qadın idi və xüsusilə gələcəyini və xəstə bacısını düşünərək, bu addımı atdı.

- Romanın digər qəhrəmanı olan Camalı Azərbaycan kişisinin prototipi kimi təsvir etmisiniz. Əsərdə mental dəyərlərə toxunmanız nə ilə bağlıdır?

- Kişi psixologiyasını yaxşı bildiyim üçün deyə bilərəm ki, dünyanın heç bir yerində Azərbaycan kişisi kimi kişi yoxdur. Azərbaycan kişisi kifayət qədər dürüst, ədalətli və mərhəmətlidir. Mən dünyanın bir çox ölkələrində olub, qadın-kişi münasibətlərini müşahidə edən biri kimi bunu tam əminliklə deyirəm. Bizim kişilər namus və qeyrəti həyatlarının heç bir anında unutmurlar. Həmişə Allahıma təşəkkür edirəm ki, məni məhz Azərbaycanda yaradıb. Camal həyatının sonunda başa düşür ki, onda Jülidəyə qarşı olan sevgi imiş. İlk başda isə onu məşuqəsi kimi görürdü.

- Əsərdə Jülidənin haram yolla qazandığı pullar onun rahat yaşayaraq, arzularına doğru getməsinə yol açır. Sizcə doğrudanmı məşuqə kimi qazanılan pullar qadını xoşbəxt edə bilər?


- Pulu necə qazanması və qazandığı pulla xoşbəxt olub-olmaması yalnız qadının özündən, böyüdüyü mühitdən, düşüncəsindən və düşdüyü vəziyyətdən asılıdır. Jülidə sonda Camalın ona verdiyi pulları haram yolla qazanmır. Hətta Camalın evini tərk edərkən onun üçün aldığı bütün hədiyyələri orada qoyub gedir. Jülidəni Camalın pulu yox, sevgisi maraqlandırırdı. Onun həyatı, yəni bakirəliyi, arzuları Camala qurban getmişdi və bunun fövqündə Camal səfil vəziyyətdə onu çölə atmalı deyildi. Günümüzdə pulsuz yaşamaq mümkün deyil. Bu qadının yaşamaq üçün nə evi, nə də işi var. Qeyd etdiyim kimi, Camalın böyüklüyü də ondadır ki, vicdanını unudub qızı bir qəpiksiz çölə atmadı.

- Mental düşüncə ilə götürsək, bir Azərbaycan qadınının gələcək yaşamı üçün bakirəliyini qurban verməsi elə də rahat qəbul olunmaz. Bu gün bizim çox cüzi maaşla çalışan gözəl qızlarımız var ki, məşuqəyə çevrilmirlər. Səbirli olub yaxşı bir gələcəyə ümid edirlər. Bəs sizin qəhrəman bu tipli zəhmətlə ucalan qadınlarımızın qınağına səbəb ola bilərmi?


-
Həyatda və cəmiyyətdə hər tip qadın olur: zəhməti ilə çalışan, məşuqəyə və hətta fahişəyə belə çevrilən qadınlar. Bu, qadından və onun tutduğu yoldan asılıdır. Ola bilər ki, bəzi insanlar onu ittiham etsinlər, amma mən yenə də deyirəm ki, mənim qəhrəmanım ittiham olunacaq bir hərəkət etməyib. Sadəcə dəlicəsinə sevib... Mənim qəhrəmanım aldadılacaq bir qadın deyildi. O sevdiyi üçün həmin  kişiylə münasibətə razı oldu.
Romanda bir epizod var: Camal ona deyir ki, “əgər gedirsənsə, get. Narahat olma, mən sənin bacını müalicəyə göndərəcəyəm”. Lakin Jülidə getmir, onunla bərabər olmağı seçir.
Faciə hazırda bir çox qadınlarımızın türk seriallarından ilham almasıdır. Bu tipli seriallar qızlarımızın evdən qaçmalarına səbəb olur. Jülidənin ilahidən bədən quruluşunda, baxışında və yerişində bir kişini ehtiraslandıracaq hərəkətlər var və o,  getdikcə kişini başdan çıxarır. Əsərdə Jülidə obrazı təbii ki, qınağa səbəb olmaq üçün yaranmayıb. Mən Jülidənin taleyini təsvir etmişəm. Romanı oxuyan ağıllı bir xanım bundan kifayət qədər düzgün nəticə çıxaracaq. Düşünmürəm ki, bu romanı oxuyan savadsız və düşüncəsiz bir qız, gələcəkdə hər hansı bir yalnış addım atacaqsa, bunun günahı məndə olacaq.


- Bəs əgər sevirsə, nə üçün Camal Jülidə ilə evlənmir? Axı Camal illər öncə ailəsini itirmişdi və tək yaşayırdı. Yəni Jülidəylə nikaha girməyə ona nə mane olurdu?

- Mən burada cəmiyyətin acı qanunlarından biri olan təbəqələşməni vurğulamışam və tənqid etmişəm. İndi də Azərbaycan reallığında bu var. İmkanlı bir ailədə böyüyən oğlan kasıb bir ailədən gələn qızla evlənə bilməz. Bəlkə oğlan bunu istəyər, ailəsi razı olmaz.


- Bəlkə Jülidənin məşuqəliyi qəbul etməsi buna mane oldu. O, Camala qarşı olan hisslərinə nəzarət etsəydi, bəlkə də Camal onunla evlənəcəkdi?

- Bəli. İlk növbədə qadın öz sevgisinin qurbanına çevrildi və bu, ona həyatı bahasına başa gəldi. Həyatdır və insan istənilən zaman gözləmədiyi bir situatsiya ilə qarşılaşa, həyatını fərqli yöndə dəyişə bilər.


- Jülidə uşaq olarkən anası onu həyata hazırlamamışdı və ona heç nə öyrətməmişdi. Sonra ana öldü və ailənin çətinliyi Jülidənin üzərində qaldı. Bu əsərdə bir qisim analara ultimatum verilirmi ki, qızlarınızla daha çox vaxt keçirib, onları həyata hazırlayın?

- Analara ən böyük sözüm odur ki, qızlarına təhsil versinlər və aldığı  təhsil o qızı cahillikdən qoruyacaq, həyatı  boyunca təhsili ona arxa olacaq. Analar qızlarını ər üçün “kadr” olaraq hazırlamamalıdırlar. Xüsusilə də bəzi bölgələrdə bu ənənə yaşamaqdadır. Əsərdə nəinki analara, bir çox insanlara ultimatum verilir. Bu gün elə kişilərimiz var ki, çarəsiz və köməksiz bir qadının cəmiyyətdə itib-batmaması üçün ona əl tuta bilər, nəinki qadından istifadə edib, sonra ona maddi kömək etmək . Əgər ortaya madiyyat qarışırsa, bu, sevginin ən iyrənc tərəfidir. Maddiyyat üçün özünü satan və kiməsə yaxınlaşanda madiyyat güdən qadın mənim üçün eynidir. Sevgi mənim üçün ən ülvü hissdir və məhz sevgi pulun köləsi olmamalıdır.



- Romanınızı bir kəlmə ilə ifadə etmək sizə təklif olunsaydı, nə deyərdiniz?

- Qadın dramı.


- Romanda gənc və yetkinliyə yenicə çatmış Azərbaycan qızı çətinliklər səbəbindən öz namusunu itirir. Necə düşünürsünüz, əsərdəki hadisələr gənc qızlarımıza ibrət dərsi olar, yoxsa onları yoldan çıxarar?


-
Mən romanda Jülidənin keçdiyi bütün çətinlikləri göstərmişəm. Yeniyetməninin fikirlərini qarışdırmamaq üçün romanın üzərində 16+ yazılıb. İnanıram ki, romanı oxuyan və yaşı 16-nın üzərində olan gənclərimiz o səhvləri etməzlər. Jülidə isə çox ağıllı bir qadın idi və ağlı ilə düşdüyü çətin vəziyyətdən çıxa bildi. Bu əsər təbii ki, ibrət dərsidir.
Əsərdə çox maraqlı bir epizod var: Camal yeni evləndiyi arvadını evə gətirir və Jülidə onun üzünə gülmək məcburiyyətində qalır. Camal arvadı ilə söhbət edərkən, onun dodaqaları qadının qulaq məməciklərinə toxunur, bu mənzərəni seyr etmək Jülidə üçün ölümə bərabər idi. Əgər onun yerində iradəsi zəif bir qadın olsaydı, yəqin ki həmin an intihar edərdi. Jülidə isə etmədi və buna dözdü. Bu əsər təbii ki, bütün qadınlar üçün ən yaxşı bir ibrət dərsi olacaq.


- Nə üçün Jülidə? Romanda Azərbaycanın yenicə müstəqillik qazandığı 90-cı illər təsvir olunub, amma qəhrəmanınızın adı xarakterik Azərbaycan qızlarının adlarından biri yox, Jülidədir?

- Qəhrəmanımın taleyini romanı yazmağa başlamazdan öncə bildiyim üçün mən ona xarakterik Azərbaycan adlarından məsələn, “Sevinc” adını verə bilməzdim. Jülidə adının mənası dağınıq saçlı, pərişan üzlü deməkdir. Uzun illər öncə bir fransız romanını oxuduğum zaman bu adla qarşılaşdım və  daha sonra bu adın mənasını araşdırdım,  qəhrəmanıma da bu adı verməyi düşündüm.


- Sizcə bu gün kişilər tərəfindən “istifadə olunub”  atılan qadınlarımızın sayı çoxdur?

 
- Yenə də vurğulayıram ki, bu, qadının öz seçimindən asılıdır. Əgər bir qadın öz qürurunu unudub kişinin ondan istifadə etməsinə razı olursa, bu halda hər hansı bir kişidə günah axtarmaq lazım deyil. Nikahdankənar uşaq dünayaya gətirmək isə çox böyük risk və məsuliyyət tələb edir. Jülidənin anası onu nikahdankənar dünyaya gətirmişdi. Bizim  övladı üçün ömrünü-gününü sipər edib min bir əziyyətə qatlaşan analarımız var. Mən bu cür anaların və qadınların qarşısında baş əyirəm. Lakin bu gün Azərbaycan reallığında belə bir fakt da var ki, kişilərimizin əksəriyyəti öz qadınlarını boşayan zaman o qadından olan övladlarını da boşamış olurlar. Bir dəfə belə, övladları ilə maraqlanmırlar. Kişi olan bəndə anasının kimliyindən asılı olmayaraq, mütləq öz qanını daşıyan övladı ilə maraqlanmalıdır. Övladını ata qayğısından məhrum etməməlidir.


- Jülidə özündən xeyli böyük bir kişini sevir. O kişiyə öz namusunu qurban verir. Əlində sonda kifayət qədər çox pulu olur. Bəs oxucu finalda Jülidəni necə hiss etsin? Xoşbəxt, yoxsa bədbəxt bir qadın kimi?


-
Əsərin finalı açıq finaldır. Vurğuladığınız kimi, Jülidənin əlində xeyli miqdarda pul olur və o, ağıllı qadın olduğu üçün bu puldan düzgün istifadə edərək, öz həyatını qurmağı bacaracaqdır. Camalı sevmək eyni zamanda Jülidəyə böyük əzab verdi. Jülidə düşdüyü bütün çətinliklərə dözdü və ömrünün 20 ilini Camal üçün əzab çəkdi. İnsan qocalanda və ölümə yaxınlaşanda artıq müdrükləşməyə başlayır, etdiyi səhvlər yadına düşür. Etdiyi bütün səhvlər onu incidir. Camal da ömrünün sonuna yaxın Jülidəyə qarşı etdiyi səhvləri yadına salır. Başa düşür ki, həyatını ona qurban verən Jülidə ilə evlənməli idi.


- Əsərdə pul faktoru xeyli vurğulanır. Camal Jülidənin bakirəliyi fonunda  pul verərək, onu tərk edir. Namus pul ilə alınır. Bəs siz - Aygül Ağayeva üçün pul həlledici
əhəmiyyət daşıyır? Pulsuz da xoşbəxt olmaq olar?


- Şəxsən mənim üçün pulsuz yaşamaq faciədir. Sən xəstələnə və həkimə düşə bilərsən. Bu zaman pulun olmasa, ölə bilərsən. Ümmumiyyətlə, kapitalizmdə pul çox həlledici faktordur. Camal içindəki təəssüfü yatızdırmaq üçün pulu o qıza verdi ki, qız həyatda qala bilsin və mən də bunu oxucuya ötürdüm ki, oxucu sonda təəssüflənərək məni söyüb deməsin ki, niyə Jülidə aciz şəkildə küçədə qaldı?


- Bir zamanlar İsmayıl Şıxlı “Dəli Kür”ü yazanda bir çox mental düşüncəli insanlar onu tənqid etdilər. Çünki əsərdə qadın namusuna toxunulurdu. Sizin romanda da qadın namusu əsas prioritet istiqamətdir. Roman oxunduqdan sonra mental düşüncəli insanlar sizi tənqid etsə, bunu necə qəbul edəcəksiz? Onlara nə deyə bilərsiniz?


-
İsmayıl Şıxlı öz romanında yaşadığı cəmiyyətin eybəcərliyini göstərmişdi. Əsər tənqid olunsa da, bu gün  ən çox oxunan romanlardan biridir. Məhz o  əsərə çəkilən film bu gün də göstərilir və sevilərək izlənilir.
Mən də romanımda həyatda və cəmiyyətdə mövcud olan reallıqları göstərmişəm, qüsursuz heç bir cəmiyyət olmur. Acı həqiqət şirin yalandan min yox,  milyon dəfə qiymətlidir. Bütün cəmiyyətlərdə məşuqəyə və fahişəyə çevrilən qadınların olması təbii haldır. Düşünmürəm ki, məşuqə mövzusuna toxunduğum üçün kimsə məni təhqir edər. Hər bir cəmiyyətdə pozitiv və neqatv hallar olur. Reallıqdan heç zaman qaçmaq olmaz. Mən belə insanlara romanımı diqqətlə oxumağı,  gözlərini açıb cəmiyyətdəki bütün eybəcərlikləri görməyi və düşünməyi tövsiyə edə bilərəm...



Leyla Əsədullayeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir