Modern.az

Azərbaycan dili könül, ürək dilidir, həm də...

Azərbaycan dili könül, ürək dilidir, həm də...

12 İyul 2019, 11:36

Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor

Təkcə torpaqdan deyil, dildən də pay olmaz. Bu mənada Bəxtiyar Vahabzadənin “Torpaqdan pay olmaz” şeirini dilə də aid etmək olar.

 

Biz yaxın olmuşuq qədimdən, yaxın. 
O qədər yaxın ki, bizim dağların
Kölgəsi düşübdür sizin dağlara.
Mən əfsus demirəm ötən çağlara.
Baxşının kamanı bizi ağladıb,
Cabbarın cəh-cəhi sizi ağladıb.

Babam baban ilə dost olub, ancaq
Dostluqdan bir kəlmə danışmazdılar.
Biri-birimizə diş qıcardaraq
Dostqludan deyirik o ki var.

Nədir bu eyhamlar, bu atmacalar,
Yenə şeytan girib araya bəlkə?
Deyirəm, kənardan barmaq basan var
Köz tutan o köhnə yaraya bəlkə?

Torpaq istəyirsən sən indi məndən,
Bu necə qardaşlıq, yoldaşlıq oldu?
Özgə torpağına göz dikdiyindən
Sənin neçə dəfə gözün oyuldu?
Sənə dərs olmadı yenə də bunlar,
Yoxsa tökülməli artıq qanın var?
Mənə üzəvari qardaş deyirsən,
Ancaq altdan-altdan iynələnirsən.
Əyyami-qədimdən sadədiləm mən,
Baş aça bilmədim hiylələrindən. 

Əgər düşmənsənsə, hiylədən əl çək,
Açıqca davalıq məramın olsun.
Mənimlə min ildir kəsdiyin çörək,
Aldığın kirvəlik haramın olsun!

Hardan sənin oldu bizim Qarabağ?
Adı sahibini demirmi aşkar?
Xoşluqla verməzlər torpağı ancaq
Qanla möhürləyib, zorla alarlar.

Hələ göz dikmisən Naxçıvana da.
Təbriz də, Sərab da bəlkə səninmiş?
Vartazar yaşayan bütün ölkələr

Yəni bütün dünya öz vətəninmiş?..

Günahım nədir ki, qanqal kimi sən
Bütün yer üzünə səpələnmisən?..

Arxını gəl selimə bənd eləmə,
Bu, qan davasıdır, bu, qan davası.
Xəbərimiz yoxdur… yamaqmış demə
Sərçə yuvasına qartal yuvası?!

Yatır bu torpaqda əcdadım mənim.
Şərəfim,
Şöhrətim,
Öz adım mənim...
Cəddimin yatdığı ulu torpağı,
Sinəsi sərvətlə torpağı,
Mən sənə pay verim?
Mən qul, sən ərsən?
Sən məni bu qədər axmaq bilirsən?

İsa bulağının zümzüməsini,
Cabbarın, Seyidin, Xanın səsini,
Dalğalı Qarabağ şikəstəsini,
Babək türbəsini necə pay verim?

Oğuz nəslindənəm, ər oğlu ərəm,
Özgə bağçasından bir gül dərmərəm,
Doğma torpağımdan çərək vermərəm,
Əgər dardasansa, sənə «hay» verim!

«Dığalar» yenə də yolunu azmış,
Məndən yuxarıya şikayət yazmış,
Neçə yol vermişəm, görünür azmış,
İstəyir mən ona yenə pay verim!

 


Millət dilinin və dilindəki sözlərin sahibi olma­lı­dır. Əgər belə olmazsa, onda millət başına nə gə­lə­cə­yi­ni bilməz. Ona görə də hər bir kəs öz milli dilini sev­məli, sevməkdən əvvəl onu duymalı və anla­ma­lı­dır. Sevgini, duyğunu, düşüncəni milli dil vasitəsilə tapmalıdır. Azərbaycan dilini sevməkdən sevdir­mək­dən əvvəl milləti sevmək, millətin yaratdığı milli də­yər­ləri, milli ədəbiyyatı, milli əsərləri sevmək, anla­maq, dərk etmək lazımdır. Bunun üçün millətimizin tarixini, yaşadığı əraziləri, bu ərazilərdə yaratdıqları mədəniyyətləri, həmin mədəniyyətlərin xarakterini və mahiyyətini bilmək böyük önəm kəsb edir. Ona gö­rə ki, bunları bilməyən kəslər milli düşüncə ruhun­dan uzaqlaşır, təhrifli düşüncə ilə yaşayır, məqsəd və amalları xətalara yol açır. Millətinin tarixini, yaşadığı əraziləri, bu ərazilərdə yaratdıqları mədəniyyəti bilən hər bir kəs təkcə dilini sevməyəcək, həm də milli kim­liyinə inanacaq, öz milli mənsubluğuna güvənə biləcəkdir. İlk mənbələrdən, qaynaqlardan məlumatlı olmaq təkcə tarix barədə məlumatlı olmaq deyil, həm də tarixə çevrilmişləri, tarixləşmişləri bilmək və bun­ların içərisidə özünü tanımaqdır. Gəlin bu sual­lara cavab tapmaqla özümüzü dərindən öyrənək və özü­mü­zə güvəncimizi artırağın. Hər birimiz Midiyalılar, Sasanilər dövrünün tarixini bilirikmi? Bunu bilmək yalnız tarixçilərin işi deyil, həm də hər bir millət öv­la­dının işidir. Millətin hər bir övladı Azərbaycanın İslamdan öncə tarixi-siyasi coğrafiyasını tarixçi alim kimi deyil, millət övladı kimi bilməlidir. Azər­bay­ca­nın İslamdan öncə tarixi-siyasi coğrafiyasını öyrən­mək üçün Midiyalar və Sasanilər dövrünün tarixini öyrənməyə diqqəti artırmalıyıq. Eyni zamanda Azər­bay­canın İslamdan sonra tarixi-siyasi coğrafiyası əsa­sında ərəb xilafəti dövründəki Azərbaycanı öyrən­mə­li­yik. Ona görə ki, həmin dövrlərdə mövcud olan Azər­baycan ərazilərində dilimiz də mövcud olubdur. Dilimizin ruhu, təbiəti, möcüzəsi həm də bu əra­zi­lər­dən qaynaqlanıbdır. Məsələn, “Mən yenidən Sare şə­hə­rindən Dur-Atanate şəhərinə çıxıram. Arraphalılar Dur-Atanatedən Dur-Taliti şəhərinə hərəkət edirlər. (Mən) yenidən Dur-Talitidən Azari şəhərinə yönə­li­rəm” mətnindəki Azari şəhərinin və qalasının türk boylarından olan azərilərin adı ilə adlanmasını ta­rix­çilər təbii hesab edirlər. Deməli, burada azərilərin ruhu var. Yaxud “Ərəblərin hücumu ərəfəsində inzi­bati vahid olan Azərbaycan ərazisi Həmədan, Əzhər, Zəncəna uzanırdı”, “Azərbaycanın ərazisi Bərdə tor­paq­larından Zəncana qədərdir. Varsan Azərbaycanın son nöqtəsidir. Azərbaycanın hüdudu Araza qədər­dir” fikirləri təkcə Azərbaycanın tarixi-siyasi coğ­ra­fiyası üçün gərəkli deyil, həm də Azərbaycan dili­nin formalaşmasında tarixi torpaqlarımızın önəmli rol oynadığını diqqət mərkəzinə çəkməkdir. Tarix el­mi­nə məlum olan “Azərbaycan böyük ölkə olub, cə­nu­bunda Həmədan, şimalında isə Dərbənd yerləşir” fikri də təkcə Azərbaycanın tarixi-siyasi coğra­fi­ya­sını, xəritəsini bərpa etmək baxımından deyil, həm də dilinin qidalandığı coğrafiyanı bərpa etmək baxı­mın­dan əhəmiyyətlidir. Bu mənada Azərbaycan dili həm də Azərbaycanın İslamdan sonrakı tarixi-siyasi coğrafiyasından – ərəb xilafəti, Arran, Şirvan, Xa­rəzm­şahlar, Teymurilər, Səfəvilər, Əfşarlar, Zəndlər dövrü tarixindən qidalanır. Səfəvilər dövrü tarixinə aid 1707-1725-ci illərdə İranda olmuş Polşalı keşişin yazdığı “Səfəvi dövləti Şah İsmayıl Xətaidən Şah Təh­masibəcən 12 məmləkətə sahib idilər: birincisi Əraq-i əcəm, ikincisi Xuzistan, üçüncüsü Loristan, dördüncüsü Farsnan Kirman, beşincisi Məkran, altın­cısı Simnan, yeddincisi Qəndəhar, səkkizincisi Zabu­lis­tan, doqquzuncusu və onuncusu Xorasan və Ma­zən­dəran, həm də Gilan, onbirincisi və onikincisi Azər­baycandan ki ibarətdir İrəvan və Şirvana və Gür­cüstanla Dağıstan (mətn tam deyil – B.X.)” məlumatı Səfəvilər dövlətinin tarixi-siyasi coğra­fi­yası üçün deyil, həm də Azərbaycan dilinin tarixən işləndiyi ərazilərin coğrafiyasını müəyyən etmək ba­xı­mından böyük əhəmiyyət daşıyır.


Azərbaycan dilinin ruhu, təbiəti Azərbaycan əra­zi­sindəki ən qədim yaşayış məskənlərindən qidalanır. Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma (Naxçı­van) mağaralarının nəfəsi dilimizin ruhuna hopubdur. Azıx mağarası ibtidai insanların formalaşdığı bir əra­zi olmaqla Azərbaycan dilinin genetikasında öz izini qoruyur. Azərbaycan dilinin ruhu və təbiəti Azər­bay­can ərazilərində 1,7-1,8 milyon il bundan əvvəl yaş­a­mış ilk ibtidai insanlara aid olan arxeoloji və paleon­toloji materiallardan qidalanır. Eyni zamanda ən qə­dim dövlətçilik ənənələrinə malik olan bir millət ol­maq­la 5 min illik dövlətçilik tarixindən qaynaqlanır. Tarixi liderlərimizin hər birindən güc alır: Cavan­şir­dən (hakimiyyət illəri: 642-681), Babəkdən (ərəb əsa­rətinə qarşı azadlıq mübarizəsinin başçısı: 816-838), Şəmsəddin Eldənizdən (hakimiyyət illəri: 1136-1175), Şeyx İbrahim Dərbəndidən (hakimiyyət illəri: 1382-1417), Uzun Həsəndən (hakimiyyət illəri: 1468-1478), Şah İsmayıl Xətaidən (hakimiyyət illəri: 1501-1524), Şah I Abbasdan (hakimiyyət illəri: 1587-1629), Nadir Şah Əfşardan (hakimiyyət illəri: 1736-1747), Fətəli xan Əfşardan (hakimiyyət illəri: 1747-1763), Cavad xandan (hakimiyyət illəri: 1786-1804), Qubalı Fətəli xandan (hakimiyyət illəri: 1758-1789), Azərbaycan Xalq Cümhuriyyətindən (23 ay ömür sürmüşdür), Müstəqil Azərbaycan Dövlətinin banisi ulu öndər Heydər Əliyevdən, Prezidentimiz İlham Əliyevdən.


Azərbaycan dili hərbiçilərimizdən – Bakıda Ba­kı­xanovlardan, Qazaxda Şıxlın­skilərdən, Vəkilov­lar­dan, Naxçıvanda Kəngərlilərdən istedadlı general­ları­mız­dan – Səməd bəy Mehmandarovdan, Əliağa Şıx­lins­kidən, Hüseynxan Naxçı­van­skidən, İbrahim ağa Usubovdan, Həmid Qaytabaşıdan, Kazım Qacardan, Cavad bəy Şıxlınskidən, Həbib bəy Səlimovdan, Cəmşid Naxçıvanskidən və digərlərindən güc alır.


Azərbaycan dili müxtəlif istilalara (ərəb, fars, mon­qol və s.) qarşı vuruşmuşdur. Eyni zamanda mil­li-tarixi faciələrimizdə – 1803-1813 və 1826-1828-ci il­lər­də Azərbaycanın iki hissəyə bölünməsində, 1918-ci il ermənilərin törətdikləri soyqırımda, 1920-ci il ap­re­lin 28-də Azərbaycan Demokratik Respublikası Sovet Rusiyası tərəfindən işğal olunduqda, 1947-ci il de­kab­rın 23-də SSRİ Nazirlər Soveti “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azər­bay­can SSR-nin Kür-Araz ovalığına köçürülməsi haq­qın­da” qərar verdikdə, 1948-1953-cü illərdə 100 min­dən çox azərbaycanlı öz ata-baba yurdundan kütləvi surətdə köçürüldükdə, 1990-cı il yanvarın 20-də Sovet ordusu Bakıda və respublikanın digər yerlərində dinc əhaliyə qarşı soyqırımı, törətdikdə, 1992-ci il fevralın 26-da rus ordusunun köməyi ilə ermənilər Xocalı soy­qırımını həyata keçirdikdə milləti bir amal, məqsəd ət­ra­fında birləşdirmək, millətin ruhunun sınmasının qar­şı­sını almaq yolunda ən böyük silah olmuşdur. Bir söz­lə, Azərbaycan dili Azərbaycan xalqının yaşadığı tarixi taleyi yaşamış bir dildir. Ona görə də Azər­bay­can dilində Azərbaycan xalqının bütövlükdə özü var. Azərbaycan dilində Azərbaycan xalqının dünəni, bu günü dil açıb danışır. Bu dil Azərbaycan xalqının hə­ya­tını tam şəkildə əks etdirir. Azərbaycan dilində Azər­­baycan xalqının həyatı güclü yer aldığına görə dilimiz könül dilidir, ürək dilidir. Könül dili, ürək dili olmaq üçün xalqın özü ilə birgə dili də çətin və ağır sınaq­lar­dan keçməyi bacarmalıdır. Xalqımızın bütün çətin və ağır sınaqlarında dilimiz xalqımızla birgə olmuşdur. Nəticədə xalqımız da, dilimiz də dünya xalqları və dün­ya dilləri sırasında öz milli xarakterini göstərə bilmişdir. Xalqımız dilimiz üçün, dilimiz isə xalqımız üçün bir memar rolunu oynamışdır. Belə ki, xalqımız dilimizi formalaşdırmış və bu günə gətirib çıxarmış, dilimiz isə xalqımızı yaşatmışdır. Azərbaycan xalqı və Azərbaycan dili qoşa qanad rolunda olmuş, xalqımızın və dilimizin qorunmasında “milli müdafiə cəbhəsi” rolunu oynamışdır. Həmin “milli müdafiə cəbhəsi” Azər­baycan dilinin könül dili, ürək dili olmasını dili­mi­zin taleyinə çevirə bilmişdir. Ona görə də kön­lü­mü­zə, ürəyimizə yol tapan ədəbi-bədii nümunələri daha tez duyuruq, sevirik və vətənimizin səsi kimi qəbul edirik. Bu mənada Bəxtiyar Vahabzadənin “Ana dili” şeiri vətənimizin səsidir. Bu şeir təfəkkürümüzə, ürəyimizə mənəvi qidadır. Dilimizin üstünə gələnlərə qarşı bir ordu qoşundur. Könlümüzdən keçənləri yük­sək bədii şəkildə söyləmək qüdrətində olan Azər­bay­can dilinin nəyə qadir olduğunu göstərən poeziya nü­mu­nəsidir. Bunu təkcə oxumamalı, həm də əzbərdən bil­mə­liyik. Həmin misralarla ürəyimizdə danışmağı ba­car­ma­lıyıq. Bir sözlə könül dilinin, ürək dilinin ba­riz nü­munəsi olan “Ana dili” şeirinin gücünə diqqət yetirək:

 

Dil açanda ilk dəfə «ana» söyləyirik biz,
«Ana dili» adlanır bizim ilk dərsliyimiz.
İlk mahnımız laylanı anamız öz südüylə
İçirir ruhumuza bu dildə gilə-gilə.

 

Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə miras verdiyi
Qiymətli xəzinədir…onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək.

 

Bizim uca dağların sonsuz əzəmətindən,
Yatağına sığmayan çayların hiddətindən,
Bu torpaqdan, bu yerdən,
Elin bağrından qopan yanıqlı nəğmələrdən
Güllərin rənglərindən, çiçəklərin iyindən,
Mil düzünün, Muğanın sonsuz genişliyindən,
Ağsaçlı babaların əqlindən, kamalından,
Düşmən üstünə cuman o Qıratın nalından
Qopan səsdən yarandın.
Sən xalqımın aldığı ilk nəfəsdən yarandın.

Ana dilim, səndədir xalqın əqli, hikməti,
Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış.
Ürəklərə yol açan Füzulinin sənəti,
Ey dilim, qüdrətinlə dünyalara yol açmış.
Səndə mənim xalqımın qəhrəmanlıqla dolu

tarixi varaqlanır,

Səndə neçə minillik mənim mədəniyyətim,
Şan- şöhrətim saxlanır.
Mənim adım-sanımsan,
Namusum, vicdanımsan!

 

Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək!
Ey öz doğma dilində danışmağı ar bilən fasonlu ədabazlar,
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Bunlar qoy mənim olsun,
Ancaq Vətən çörəyi,
Sizlərə qənim olsun!

 


Hər bir dilin fonetik, leksik, qrammatik quruluşu barədə tədqiqat işləri aparılmış, bu məsələlər araş­dır­ma­ların tədqiqat mövzuları olmuşdur. Ancaq millət­lə­rin tarixi ilə əlaqəli şəkildə dillərin tədqiq olunması ya olunmamış, ya da çox az olmuşdur. Bu istiqa­mət­də tədqiqatların ya az olması, ya da heç olmaması bə­zi dillərin ədəbiyyat və mədəniyyət dili olaraq başqa dillərə boyun əyib-əyməməsinin səbəbini üzə çıxara bilməmişdir. Bəzi qəbilə, tayfa dillərinin millət dilinə çevrilə bilməməsi, hətta başqa dillərin gücündən fay­da­lana bilməməsi səbəbləri tədqiqat mövzusu kimi araşdırılmamışdır. Bəlkə də bəzi dillərin başqa dil­lər­dən faydalanmaq gücü olmadığı üçün onlar kiçik mil­lətlərin, tayfaların dilləri kimi qalmış, onlar məh­dud bir dairədə, ərazidə işlənmişdir. Qeyd edək ki, Azərbaycan dili başqa dillərdən zənginləşmək gücü olan dil olsa da, onun işlənmə coğrafiyası dünyanın bir sıra dilləri, o cümlədən beynəlxalq dillərlə müqa­yi­sədə məhduddur. Belə ki, Azərbaycan dilinin işlən­mə coğrafiyası tarixən geniş olsa da (tarixi əra­zi­lə­ri­nin genişliyi ilə əlaqədar olaraq), hal-hazırda konkret ərazisi, sərhədi, coğrafiyası olan Azərbaycan Res­pub­likasının dövlət dilidir. Ancaq dünyanın bey­nəl­xalq dilləri bir ölkədə deyil, bir çox ölkələrdə işlənir. Təbii ki, belə dillər böyük mədəniyyətlərdən fay­da­la­naraq zənginləşmişlər. Beynəlxalq dillər, “imperator dillər” öz zənginliklərinə görə faydalandıqları dillərə də borcludurlar. Ona görə ki, onlar faydalandıqları dil­­lərdən istədikləri qədər, lazım olan qədər sözlər alır, öz mədəniyyətlərini, ədəbiyyatlarını inkişaf et­di­rə bilirlər. Bu prosesi milli maraqlarına uyğun şəkildə aparırlar. Güclü ölkə zəif ölkəni fəth etdiyi kimi, beynəlxalq dil də, “imperator dil” də zəif dilləri fəth edir. Müqayisə üçün qeyd edək ki, Azərbaycan dili nə beynəlxalq dildir, nə də “imperator dil”dir. Ancaq Azərbaycan dili ürək, könül dili olduğu üçün başqa dilləri fəth etmədən lazım olan sözləri alıb, alır və ala­caqdır. Onu da qeyd edək ki, Azərbaycan dili söz alış-verişində kifayət qədər gücü, qüdrəti olan dildir. Azərbaycan dili tarixboyu qonşuluğunda olan, eləcə də müxtəlif əlaqələrdə bulunan xalqlardan söz almış və onlara söz vermişdir. Bu cür mədəni əlaqə Azər­bay­can dilinin könül dili, ürək dili olmasından irəli gəlmişdir. Həm də Azərbaycan dili sadəcə olaraq kö­nül dili, ürək dili deyil, həm də tarixi-siyasi coğ­ra­fi­ya­sı, ədəbiyyatı, mədəniyyəti, qədim dövlətçilik ənə­nə­si olan dildir.


Yeri gəlmişkən onu da qeyd edək ki, ürək dili, könül dili heç zaman ölə bilməz, tarix səhifəsindən si­linə bilməz. Ancaq “imperator dil” imperiya dağıl­dıq­dan sonra sıradan çıxar, ölü dilə çevrilə bilər.


“İmperator dillər” hansılardır, onlar azdır, ya çox­dur və s. məsələlərə münasibətlər də olmuşdur. Təbii ki, dünyada “imperator dillər” azdır, ancaq bununla müqayisədə “imperator olmayan dillər” isə çoxdur. “İmperator dillər” dil, mədəniyyət impe­ra­torluğunu, hərbi və idarəetmə imperatorluğunu qur­muş dillərdir. Belə dillər sırasında latın, ərəb, ingilis və türk dillərini qəbul edənlər də vardır. Bəzi araşdırmalara görə, latın dilinin lüğət tərkibindəki söz­lərin yüzdə əllisi yunan dilindən alınmışdır. Dünyanın dastan ədəbiyyatının, şeirinin, fəlsə­fə­sinin, mifologiyasının yarandığı yunan dilinin özü də başqa dillərdən (Makedoniya, Suriya, Mesopotomiya və s. dillərdən) sözlər almışdır. Latın dilinə bir qisim mühüm sözlər isə dəyişmiş formada başqa dillərdən daxil olmuşdur. Ancaq latın dilinin səs sistemi və quruluşu millidir. Bu qədim dilin o qədər böyük qüdrəti var ki, fransız, ispan, italiyan, portuqal və s. dillərdən qaynaqlansa da, tibb, fizika, kimya və bir sıra elmlərdə istifadə olunan terminlər latın sözləridir.


Ərəb dilini də “imperator dili” hesab edənlər bu dildəki sözlərin böyük bir qisminin yunan, latın, san­skrit, fars və digər dillərdən alındığını qeyd edirlər. Ancaq ərəblər də aldıqları sözlərə öz dam­ğa­la­rını vurmağı bacarmış, həmin sözləri ərəbləş­dir­miş­lər. Burada ərəb dilinin fonetik və morfoloji imkan­la­rı böyük rol oynamışdır.


İngilis dili “imperator dili” olmaqla beş qitəyə söz vermiş, söz almış və zəngin bir dil səviyyəsinə gə­lib çıxmışdır. İngilis dilinin aldığı sözlər bu dilin təbiətinə uyğunlaşmış, eyni zamanda ingilis dilinin nü­fuzuna xidmət etmişdir. Yəni ingilis dili aldığı sözləri öz dilinin səs sisteminə uyğunlaşdırmış, ingi­lis­ləşdirmiş, milliləşdirmişdir. Tədqiqatlara görə, in­gilis dilinin lüğət tərkibindəki sözlərin yüzdə yetmiş beşi latın və fransız sözləridir. Belə sözlər də­yi­şikliyə uğramış, ingilis dilinin səs sisteminə uyğun­laş­mışdır. Araşdırmalara görə, ingilis dilində bu qə­bil­dən olan 90.000 söz vardır. Deməli, dilin özünəməxsus səs sisteminin olması vacib və əhə­miy­yətlidir. Belə ki, dilin özünəməxsus səs sisteminin olması imkan verir ki, alınma sözlər daxil olduğu dilin səs quruluşuna uyğunlaşsın.


Dünyada heç bir dilin lüğət tərkibi tam şəkildə milli deyildir. Ancaq dillərin hər birinin səs sistemi millidir. Səs sisteminin milli olması dil quruculuğu işində milli olmayan sözləri özününküləşdirir. Bu proses ingilis dilində də özünü göstərmişdir. Bəzi araşdırmalarda türk dili “imperator dili” hesab olunur, həqiqət kimi o da götürülür ki, bu dil Osmanlı İm­pe­ri­yasına qədər də mövcud olan dövrlərdə də “im­pe­rator dili” olmuş, “Asiya qitəsində başqa millətləri bir dövlət və güc sahibi olaraq idarə etmişlər”. Türklər bu işi sonralar da uğurla davam etdirmiş, Tan­rının sevimli və məğrur övladları kimi tarixə öz mö­hürlərini vurmuşlar. Müqayisə üçün qeyd edək ki, Azərbaycan dili türk dillərinə daxil olmaqla türklərə məxsusolan bütün dəyərlərdən qaynaqlanmışdır. Məhz Azərbaycan dilindəki gücün bir səbəbi də onun türk­lərə məxsusolan dəyərlərdən qaynaqlanması ilə bağlıdır. M.Kaşğarinin “Divani lüğət-it-türk” əsərin­dəki bu fikirdən qidalanmasıdır: “Gördüm ki, uca Tan­rı dövlət günəşini Türklərin bürclərindən doğdur­muş. Onlara Türk adını özü vermiş; onları yer üzü­nün xaqanı etmiş və dünya xalqının düzənlənməsini onların əllərinə buraxmışdır.” Bir sözlə, türk mədəniyyəti, ədəbiyyatı, dövlətçilik tarixi bütün türk millətini, o cümlədən Azərbaycan xalqını böyük güc sahibi edir.


Türk dilinin “imperator dili” olmasına əsas verən xarakterik cəhətlərdən biri kimi qədim türklərin həyat tərzi olmuşdur. Qədim türklər yaylaq və qışlaq həyat tərzi keçirməklə həmişə at belində olmuşlar. Yeni otlaq sahələri tapa bilmək üçün at belində ömürlərini keçirmiş, hətta zəngin şifahi ədəbiyyatlarını yarat­mış­lar. Təsadüfi deyil ki, türklərdə dastan ədəbiyyatı əsrlər boyu güclü olmuş, onların ədəbi-bədii, fəlsəfi düşüncəsini nəinki yazılı formada, həm də şifahi şə­kil­də dövrümüzə gətirib çıxarmışdır. Türklərin müx­tə­lif yerlərə at belində çapmaları başqa xalqlarla toq­quş­malarına səbəb olmuş, nəticədə başqa xalqların dil­lərindən sözlər almış, aldıqları sözləri özünün­kü­ləş­dirmişlər. Başqa dillərdən alınmış sözləri özünün­kü­ləşdirmək həmin sözləri diriltmək, yaşatmaqdır. Alın­ma sözləri hər dil dirildə bilməz, yaşada bilməz. Bunun üçün dilin özü diri olmalı və yaşamalıdır. Dil­lərin rəqabətinə, yaxşı mənada döyüşünə hazır olmalı, hərb dili kimi fəaliyyət göstərməlidir. Bu da türk dilinin xarakterində var. Əlişir Nəvainin dediyi kimi türk dili “feillər” və “məcazlar dili” olduğunu anladır. Onlar “Asiya bozqırlarında “gəl!”, “get!”, “vur!”, “qır!”, “çıx!”, “en!”, “dur!” və s. kimi tək­he­ca­lı feil­lə­rin sədaları altında olmuşlar. Həmişə hərə­kətdə ol­duq­larından feilləri də özləri yaratmışlar. Özlərinə lazım olan digər sözləri isə başqa dillərdən almışlar. Bunun üçün böyük millət olmaq lazımdır. Yaratdığın sözə də, aldığın sözə də sevgi ilə yanaş­maq, xor baxmamaq gərəkdir. Eyni zamanda millə­tinin tarixini bildiyin kimi, sözlərin də tarixini bilməlisən.


Türk dili, o cümlədən Azərbaycan dili “məcazlar dili” olmaqla ən gözəl şeirləri yazmağa, söyləməyə im­kan yaradan dildir. İlahi bu dilə elə qüdrət ver­miş­dir ki, onun ifadə etdikləri insanı tilsimləyir və qeyri-adi təsir gücünə malik olur. Nəticədə dil insanı ov­sun­layır. Yüzlərlə, minlərlə şeirlər, o cümlədən Nüs­rət Kəsəmənlinin “Unut kədərini” şeiri bu dil vasitə­silə oxucunun yaxşı mənada ağlını başından alır.

Nədir gözlərində bu qəmli sual, 
Unut kədərini, qəmini unut! 
Hələ ki ömründə mən varam sənin, 
Unut kədərini, qəmini unut! 

Bu da bir zamandı gəlib gedəcək, 
Sevincin kədərə gülüb gedəcək, 
Bu qəmli günlərin ölüb gedəcək, 
Unut kədərini, qəmini unut! 

Elə bil dağsan ki, vüqar yaraşır, 
Söylə, taleyində kimlər dolaşır? 
Sən elə işıqsan görənlər çaşır, 
Unut kədərini, qəmini unut! 

Dağlardan gəlmişik çəni unutma, 
O şirin çağları, dəmi unutma. 
Qurban gözlərinə, məni unutma, 
Unut kədərini, qəmini unut!
 


Bu hissləri ifadə etmək üçün İlahi hər dilə belə bir şans vermir, belə bir imkan yaratmır. Ancaq hansı dilə şans verir və imkan yaradırsa, həmin dilin nəinki özü, həm də həmin dildə yazılanlar abidəyə çevrilir. Bu mənada Azərbaycan dili abidəyə çevrilmiş dildir və bu dildə yazılanlar da abidələşmişdir. Ona görə də dilimizi vətənimiz kimi qorumalıyıq, sevməliyik.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi