Modern.az

Gəncədə 60 min şəxsin istifadə edə biləcəyi Regional İnformasiya Mərkəzi yaradılıb

Gəncədə 60 min şəxsin istifadə edə biləcəyi Regional İnformasiya Mərkəzi yaradılıb

22 Dekabr 2009, 12:45

Azərbaycanda məhdud imkanlı insanlara müasir texnologiyalardan istifadə üçün imkanlar yaradılır. Modern.az-ın məlumatına gprə, Rabitə və İnformasiya Texnologiyaları Naszirliyindən bildirilib ki, bu təşəbbüs ilk dəfə YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən irəli sürülüb.

2005-ci il dekabrın 9-da BMT-nin İnkişaf Proqramı ilə Heydər Əliyev Fondu arasında “Görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsinə dair” layihə çərçivəsində Bakının Nərimanov rayonundakı kor və zəif görən uşaqlar üçün respublika internet məktəbində model İKT sinifləri yaradılması ilə həyata keçirilib. Bu işin davamı olaraq, Heydər Əliyev Fondu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi layihə əsasında məhdud imkanlı insanların informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə imkanlarının artırılması məqsədi ilə Gəncə şəhərində Regional İnformasiya Mərkəzi yaradılıb. Yaradılmış mərkəzin xidmətindən Gəncə və Naftalan şəhərlərində, eləcə də Ağstafa, Daşkəsən, Qazax, Gədəbəy, Goranboy, Samux, Tovuz, Göygöl, Şəmkir rayonlarında yaşayan və fiziki qüsuru olan 60 mindən çox insan istifadə edə biləcək.

Hazırda analoji mərkəz Naxçıvan Muxtar Respublikasında da yaradılır. Müasir texnologiyalarla təchiz olunacaq bu mərkəzdə də oxu zalı, təlim-tədris mərkəzi, audiokitabxana, kitabxana fondunun audioformata çevrilməsi üçün səsyazma studiyası, sürətli internetə çıxışla və xüsusi olaraq kor və görmə qabiliyyəti zəif uşaqlar üçün nəzərdə tutulmuş son model kompüterlərlə təmin olunmuş kompüter mərkəzi qurulacaq, Mərkəzin İnternet saytı yaradılacaq. 50 adda kitab brayl əlifbası ilə çap olunaraq kitabxananın səsyazma studiyasının köməyi ilə audioformata çevrilməsi nəzərdə tutulur.

Mərkəzdə görmə qabiliyyəti zəif olan insanlar üçün kompüterlərə elektron böyüdücü cihazların quraşdırılması, brayl şriftli kitabların nəşri, lal və karlar üçün subtitrli filmlərin nümayişi, əqli cəhətdən zəif insanlar üçün zehni inkişaf etdirən kompüter oyunlarının yaradılması nəzərdə tutulur. Buraya əlil arabası ilə gələnlərin maneəsiz hərəkətinin təmin olunması üçün müvafiq şərait yaradılacaq.

Birgə əməkdaşlıq çərçivəsində yaradılan bu Mərkəzlər məhdud imkanlı insanların cəmiyyətin həyatında fəal iştirakını, informasiya kommunikasiyaları vasitəsilə məlumat əldə etmək və biliklərini artırmaq imkanlarının genişləndirilməsini, bütövlükdə yaşayış tərzinin yaxşılaşdırılmasını təmin etməyə yönəlib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?