Modern.az

“Bakıxanovlara həmişə haqsızlıq ediblər” - Məşhur nəslin davamçısı

“Bakıxanovlara həmişə haqsızlıq ediblər” - Məşhur nəslin davamçısı

Mədəni̇yyət

18 İyul 2019, 08:13

“Bir az gözləməli olacaqsız. Dərsimi qurtarım sonra...” Razılaşıram,  ən azından,  həzin bir melodiyanın dinləyicisi olmaq  imkanı qazanıram. Skripkanın, pianonun “canından” çıxan səslər məni gözəl ovqata kökləyir. Təsəvvürümdə onunla – Xalq artisti, bəstəkar  Tofiq Bakıxanovla söhbətimizin  yönünü bir daha ölçüb-biçirəm. Üzündəki qayğı, rahatsızlıq  ifadə edən cizgilər gözlədiklərimin əksini söyləsə də, hər halda, söhbəti elə musiqidən başlamağa qərar verirəm:

- Həmişə musiqiylə yanaşı olmaq az qala xoşbəxtliyin yarısıdı...

- Əgər bilsəydim ki, belə münasibətlə, çətinliklərlə üzləşəcəm, heç vaxt bu sənəti seçməzdim. Elə bir işin qulpundan yapışardım ki, asudə, rahat nəfəs alım.  Bizim sənətdə zəhmətin ölçüsü yoxdu. Bunun müqabilindəsə elə laqeydliklə üzləşirsən ki..! Musiqi Akademiyasında işləyən professorun aldığı məvacib qəpik-quruşdu. Dolan, görüm necə dolanırsan?!Təkcə not kağızları almaq, notları köçürməkçün nə qədər pul lazımdı. İndi əsl musiqiçilər gözdən-könüldən uzağa, lazımsız bir şey kimi qırağa atılıblar. Bircə ona şükür edirəm ki, nə yaxşı,  bu akademiya varmış.  Yoxsa,  lap dilənçi gününə düşərdik.

- Doğrusu, sizi bu qədər bədbin hesab eləmirdim...

- Axır vaxtlar başıma o qədər oyun açıblar ki...

- Niyə?

- İtən əsərlərimin hayına qalmışam. Nə vaxtdı rahatlığım yoxdu. Mənim, sənət dostlarımın -Ramiz Mustafayevin, Vasif Adıgözəlovun, İbrahim Məmmədovun, Arif Məlikovun, Nəriman Məmmədovun 25 ildə yazdığı  musiqi əsərlərinin əlyazmaları Azərbaycan Dövlət Filarmoniyasının kitabxanasından yoxa çıxıb. 1970-ci illərin qaydasına görə  bəstəkarların əsərlərini filarmoniya qəbul edirdi, əvəzində müəllifə arayış təqdim olunurdu. Başqa sözlə desək, filarmoniya həmin əsərlərin “ifasına razılıq” verirdi. Klavirlər, partituralar, 1957-81-ci illərdə bəstələnmiş    simfoniyalar, simfonik poemalar, uvertüralar, iri və kiçik həcmli musiqi əsərlərinin əlyazmaları  yerli-dibli yoxa çıxıb. Filarmoniyanın indiki rəhbərliyi isə əsərlərin əvvəldən burda olmadığını deyir. Bu məsələylə bağlı mədəniyyət nazirinin qəbuluna düşmək istədim. Açıq-aşkar qəbul eləmədi. Köməkçisi hər dəfə bir dillə məni yola verirdi.  Axırda dedi ki, nazir kimi istəyir, onu da qəbul eləyir. Nəysə, bu barədə nə qədər danışsam, yazsam da,  xeyri olmayıb. Əzab-əziyyətim özümə qalıb. Axırda əsəri təzədən nota köçürüb Axundov kitabxanasına verdim.

- Əlyazmalar kimin nəyinə gərəkdi axı?

- Ad çəkmək istəmirəm, o vaxtlar “mən-mən” deyən musiqiçilərin bəziləri Bəstəkarlar İttifaqı ilə konfliktdə olub. Ona görə də  Bəstəkarlar İttifaqından çıxan əsərləri filarmoniya qəbul eləmirdi. Əsərləri qəbul eləmədikləri halda,  arxivi qoruyub saxlayardılar?

- Gəlin  bir az açıq danışaq. O vaxt filarmoniyanın direktoru mayestro Niyaziydi...

- Bu, köhnə məsələdi. Təzədən açıb-ağartmaq istəmirəm. Bir də ki mən belə şeylərə öyrəncəliyəm. Bizim nəslə həmişə haqsızlıq olub. Babam Məmmədrza bəy 1914-cü ildən 1918-ci ilə qədər Xarkovda siyasi dustaq kimi yaşayıb. Şər atıblar üstünə. Sonra Sankt-Peterburqda Nikolayın vəkili ona bəraət qazandırıb. O vaxt bütün mülkünü, var-dövlətini əlindən alıblar. Atamın uşaqlığı isə İranda keçib, burdan didərgin salıblar. Sosialist inqilabından sonra da  kimin ki soyadında “bəy”,  “ağa”, ”xan” sözü vardı, gözümçıxdıya salırdılar. Bircə arabası da olsa,  əlindən alıb hökumətə verirdilər. Onsuz da bizim bir şeyimiz qalmamışdı. Bakıxanovlara qarşı belə haqsızlıqlar hələ də davam edir.  Tarix İnstitutuna Abbasqulu ağa Bakıxanovun adının verilməsilə bağlı  o qədər söz-söhbətlər yaratdılar ki! Ancaq  50 ildən sonra institut onun adını daşıya bildi.

- Deyilənə görə, İçərişəhərdə Bakıxanovların mülkünü də söküblər...

- Həə. Orda Bakı xanlarının evi vardı - 110 otaqlı.  Gedib gördüm ki, bircə divarı qalıb. Hamısını  yerlə yeksan ediblər. Hansı pullusa oranı restoran tikdirmək üçün alıb. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinə nə qədər gedib-gəldim ki, bu, tarixdi, onu söküb-dağıtmağa heç kəsin ixtiyarı yoxdu. Eşidən olmadı.

...Əngəllər, qayğılar, köhnə, təzə dərdlər Xalq artisti ilə söhbətimizin yönünü giley-güzara doğru dəyişdi. Amma nə olursa, olsun, mən yenə fikrimdə qalıram: həmişə musiqiylə yanaşı olmaq  az qala xoşbəxtliyin yarısıdı...

 

  1998

Səfurə Çərkəzqızı
“Sevdalılar”

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür