Modern.az

Şairə Kəmalə Ağayeva vəfat edib

Şairə Kəmalə Ağayeva vəfat edib

Allah rəhmət eləsi̇n

18 İyul 2019, 20:45

Azərbaycan mədəniyyətinə itki üz verib.

 

Modern.az-ın məlumatına görə, tanınmış şair, dramaturq, Əməkdar incəsənət xadimi, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü, Prezident təqaüdçüsü Kəmalə Ağa qızı Ağayeva 2019-cu il iyul ayının 18-də vəfat edib.

Kəmalə Ağayeva 1936-cı il iyulun 10-da Naxçıvan şəhərində anadan olub. 1953-57-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun fransız dili fakültəsində təhsil alıb. Təhsilini başa vurduqdan sonra uzun illər pedaqoji fəaliyyət göstərmiş, fransız dilindən dərs deyib.

 

Müxtəlif vaxtlarda C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında və Naxçıvan Dövlət Kukla Teatrında ilk ədəbi hissə müdiri vəzifəsində çalışmışdır. 2002-2005-ci illərdə “Ümid çırağı” jurnalının baş redaktoru olub.

 

Fəal bədii yaradıcılığa 1957-ci ildən başlamış, “Azərbaycan” jurnalında “Hilal olaydım” adlı ilk mətbu şeiri dərc edilib. Onun “Məhsəti”, “İsmət”, “O, bizim dağların oğludur”, “Mənim tanrım gözəllikdir, sevgidir”, “Apardı sellər Saranı”, “Göyçək Fatma”, “Tıq- tıq xanım”, “Məlikməhəmməd” və “Sirli sözlər” pyesləri tamaşaya qoyulmuş, efirdə səslənmiş, tamaşaçıların və dinləyicilərin rəğbətini qazanıb.

Kəmalə Ağayeva bədii tərcümə ilə də məşğul olmuş, fransız şairləri Pol Elüar, Pol Verleni, L.Araqon və b. əsərlərini Azərbaycan dilinə çevirib.

 

Bədii yaradıcılığı ilə yanaşı, ictimai fəaliyyəti ilə də tanınmış, Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin (1965-1983), Azərbaycan Yazıçılar Birliyinin təftiş komissiyasının (1981-1983) və Kitabsevərlər cəmiyyəti idarə heyətinin üzvü, Naxçıvan şəhər Sovetinin deputatı (1982) olub.

 

Kəmalə Ağayeva həm keçmiş İttifaq respublikalarında, həm də xarici ölkələrdə keçirilmiş müxtəlif ədəbiyyat tədbirlərinin, görüşlərin iştirakçısı olmuş, çıxışları böyük təqdirlə qarşılanıb.

“Baharın sözü”, “Gül yarpağı”, “Sən olmasaydın”, “Arpaçayın nəğməsi”, “Daş piyalə”, “O dağlarda gözüm qaldı”, “Vətənə sevdalıyam”, “Qönçələr” və digər maraqlı kitabları, əsərləri istedadlı şairə geniş oxucu auditoriyası qazandırıb.

Yaradıcılığı oxucularla yanaşı, dövlət tərəfindən də yüksək qiymətləndirilib. 1984-cü ildə Əməkdar mədəniyyət işçisi adı alıb, 2002-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına, 2003-cü ildə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. .

 

Allah rəhmət eləsin...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır