Modern.az

Azərbaycanda son 10 ildə mətbuatın itirdikləri

Azərbaycanda son 10 ildə mətbuatın itirdikləri

Media

19 İyul 2019, 09:46

İyulun 22-si Azərbaycan mətbuatının yaranmasının 144 illiyi qeyd olunacaq. Təkcə son dövrlərdə mətbuatımızın uğurları, inkişafı haqqında ağız dolusu danışmaq olar. Buna baxmayaraq, təəssüf ki, Azərbaycan mətbuatının itkiləri də az olmayıb. 

 

Modern.az son 10 ildə vəfat edən jurnalist həmkarlarımızın siyahısını hazırlayıb.

 

Bir müddət öncə bütün Azərbaycan ictimaiyyətini  görkəmli alim, mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, professor Şirməmməd Hüseynovun rəhmətə getməsi ilə sarsıtdı. 94 yaşlı qocaman jurnalistin ölüm xəbəri mediada iyunun 24-ü yayıldı.

 

 

Şirməmməd Hüseynov 1924-cı ildə Şəkidə anadan olub. 1941-1943-cü illərdə Şəki şəhəri 2 illik müəllimlər institutunda fizika-riyaziyyat fakültəsində təhsil alıb. 1945-1950-ci illərdə ADU-nun filologiya-jurnalistika şöbəsində təhsil alıb. 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin aspirantura şöbəsində təhsil alıb. 1954-cü ildə MDU-da Jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib. 


1954-1961-ci illərdə BDU-nun Filologiya fakültəsinin Jurnalistika kafedrasının müəllimi, dosenti vəzifələrində çalışıb. 1962-1969-cu illərdə BDU-nun Filologiya fakültəsinin dekan müavini olub. 1961-1971-ci illərdə BDU-nun Jurnalistiknın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti vəzifəsində çalışıb. 1971-1976-cı illərdə BDU-nun Jurnalistika fakültasinin dekanı vəzifəsində çalışıb. 
1971-1988-ci illərdə BDU-da Mətbuat tarixi kafedrasının dosenti, 1976-1988-ci illərdə həmin kafedranın müdiri vəzifəsində işləyib. 1988-ci ildən BDU-da Mətbuat tarixi kafedrasının professorudur. 
Azərbaycan Demokratik Cumhuriyyətinin, Məmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində xidmətləri olub.

 

Bu il iyunun 25-də isə “Sovet Ermənistanı”  qəzetinin son baş redaktoru, tarix elmləri namizədi, görkəmli alim, tanınmış yazıçı, tarixçi, publisist, ictiami-siyasi xadim, Ermənistan SSR-in Əməkdar jurnalisti İsrafil Məmmədov dünyasını dəyişib.

 

 

İ.Məmmədov 1927-ci ildə Zəngəzur mahalının Mehrı rayonunun Əmrəkar kəndində anadan olub. Orta məktəbi qızıl medalla bitirərək öz kəndində - bitirdiyi məktəbdə müəllimlik edib. 1990-cı il yanvarın 19-da ailəsi ilə birgə Bakıya pənah gətirib. İsrafil Məmmədov bir sıra sahələrdə çalışıb. O, rayon qəzeti və paralel olaraq rayon radiosunun aparıcısı olub, həmçinin Mehrı rayon komsomol komitəsinin birinci katibi vəzifəsində işləyib. İrəvan Ali Partiya məktəbini bitərərək 1955-90-cı illərdə "Sovet Ermənistanı" adlı respublika qəzetinin son baş redaktoru olub. Təhsil nazirinin müavini, Respublika "Bilik" Cəmiyyəti İdarə Heyəti sədrinin müavini, Jurnalistlər İttifaqı sədrinin müavini, EA Tarix İnstitutunda "Ermənistanda Azərbaycan mətbuatı tarixi" üzrə baş məsləhətçi vəzifəsində çalışıb.

 

Uzun müddət komada qalan jurnalist, Mediapress İnformasiya Agentliyinin baş redaktoru Natiq Qocaman isə 2019-cu il fevralın 24-də dünyasını dəyişdi. O, fevralın 1-i axşam saatlarında insult diaqnozu ilə əvvəlcə 1 saylı Kliniki Tibbi Mərkəz (Semaşko) xəstəxanasına, oradan da Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib. Bütün səylərə baxmayaraq, beyninə su yığılan jurnalistin komadan ayılması mümkün olmadı.

 

Qeyd etməliyik ki, Natiq Qocaman uzun müddət "Oxu məni" qəzetinin təsisçisi və baş redaktoru vəzifəsində çalışıb.

 

2019-cu ildə vəfat edənlər sırasında publisist-şair, uzun müddət Azərbaycan jurnalistikasında sözünü demiş, Təhsil Nazirliyinin elmi-metodik jurnalı olan "Azərbaycan dili və ədəbiyyatı tədrisi"nin baş redaktoru Məhəmməd Baharlı oldu. 71 yaşlı M. Baharlının yaradıcılığında elmi-pedaqoji, publisistik və nəsr əsərləri, həmçinin şeirləri başlıca yer tutur. Mətbuatda yüzlərlə yumoristik hekayəsi dərc olunub. "Dan ulduzu", "Qızıl qələm", "Ustad" ali jurnalist və "Araz" ali ədəbi mükafatların laureatıdır. "SSRİ Maarif Əlaçısı", "Azərbaycan SSR Qabaqcıl Maarif Xadimi" döş nişanlarına layiq görülmüşdü. Satira yaradıcılığı üzrə bir sıra müsabiqələrin qalibi olub .

 

 

2018-ci il dekabrın 25-də 1905.az saytının redaktoru Gündüz Nəsibov dünyasını dəyişdi. Qəfil keçinən 51 yaşlı jurnalistin infarktdan vəfat etdiyi bildirilib.

 

Xatırladaq ki, Gündüz Nəsibov Qazax rayonunda doğulub, indiki Azərbaycan Texniki Universitetini və Dövlət İdarəçilik Akademiyasını bitirib. Müxtəlif qəzetlərdə çalışıb, bir neçə kitabın müəllifidir. O, həmçinin Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin tərkibində fəaliyyət göstərən analitik qrupa rəhbərlik edirdi.

 

 

Qarabağla, Ağdamla bağlı bir neçə kitabın, çoxsaylı publisistik yazıların müəllifi, tanınmış jurnalist Surxay Əlibəyli isə 2018-ci il bu il noyabrın 5-də 69 yaşında vəfat edib. 

 

 

Əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurasınının Ahıl Jurnalistlər Məclisinin sədri, 78 yaşlı Yusif Kərimov isə 2018-ci il oktyabrın 15-də torpağa tapşırılıb.

 

 

Həmin sentyabrın 6-da tanınmış jurnalist Asəf Orucoğlunun ölüm xəbəri yayıldı. A. Orucoğlu ürək çatışmazlığından dünyasını dəyişib. O, "Millət" qəzetində çalışıb, ləğv edilmiş Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat katibi olub.

 

 

2018-ci ildə dünyasını dəyişən həmkarlarımız sırasında bədbəxt hadisə nəticəsində dünyasını dəyişən jurnalist və hüquq müdafiəçisi, "Femida 007" qəzetinin baş redaktoru Əyyub Kərimov da var idi. Meyiti yaşadığı evdən tapılan baş redaktorun dəm qazından boğulduğu qeyd edildi.

 

 

Sözügedən ildə tanınan idman jurnalisti 81 yaşlı Abbas Əzimov da rəhmətə gedib. Onu  futbol statistikası sahəsində hamının üz tutduğu ən dəqiq və etibarlı mənbə kimi tanıyırdılar. Özü də təkcə Azərbaycan futbolu yox, həm də dünya və Avropa çempionatları ilə əlaqadar statistika sahəsində… Ölkəmizin ən stajlı idman statisti kimi tanınan Abas Əzimov son vaxtlar AFFA-da fəaliyyət göstərən futbol muzeyinin direktoru idi.

 

Tanınmış jurnalist də Məmməd Kazım da  83 yaşında haqq dünyasına qovuşdu. O, "Hünər” və digər hərbi-vətənpərvərlik verilişləri ilə insanların dərin hörmətini qazanıb. Mərhum Böyük Vətən Müharibəsində itkin düşmüş minlərlə əsgərlərin yaxınları ilə qovuşmasında vasitəçi olub. 

Leykoz (qan xərçəngi) xəstəliyinin ağır formasından əziyyət çəkən həmkarımız tanınmış jurnalist Nigar İsmayılqızı isə gənc yaşında dünyadan köçdü. Sentyabrın 3-də Türkiyənin Hacəttəpə xəstəxanasına yerləşdirilən Nigar İsmayılqızının müalicəsi üçün ölkənin bir çox ziyalıları dövlət rəhbərliyinə, iş adamlarına və ictimaiyyətə müraciət edərək, dəstək kampaniyası başlatmışdılar.

 

Azərbaycanda nəşr olunan rusdilli "Exo" qəzetinin baş redaktoru, "Əməkdar jurnalist" Rauf Talışinski isə mayın 8-nə keçən gecə 62 yaşında vəfat edib. Onun ölüm səbəbi kimi qəfil ürəktutması göstərildi. R.Talışinski “Molodej Azerbaydjana" (1978-1981), “Vışka” qəzetlərində çalışıb. 1981-1989-cu illərdə “İzvestiya” qəzetinin Azərbaycan üzrə müxbiri, 1990-cı ildən “Zerkalo” qəzetinin baş redaktoru olub. 2001-ci ildən bu günə kimi isə “Exo” qəzetinin baş redaktoru postunda çalışıb.

 

Tanınmış jurnalist Nicat Məlikov da 2018-ci ildə gənc yaşında dünyasını dəyişdi. Qəfil ürək tutması keçirən N.Məlikov 39 yaşında haqq dünyasına qovuşdu.  O, “APA Holdinq”ə daxil olan “Vesti.Az” saytında işləyirdi. Bundan öncə isə uzun müddət “Zerkalo” qəzetində çalışıb.

 

Digər gənc həmkarımız, jurnalist Ülviyyə Şamilqızını (Məmmədova) isə yanvar ayının 23-ü Rusiyanın Həştərxan şəhərində avtomobil vuraraq, öldürüb. Ülviyyə Şamilqızı bir sıra KİV-lərdə, o cümlədən “Xalq Cəbhəsi” qəzetində, “Report” İnformasiya Agentliyində çalışıb. Ü.Şamilqızı təhsilini davam etdirmək üçün Rusiyanın Həştərxan şəhərində yaşayırdı.

 

2017-ci ildə aramızdan ayrılan jurnalist həmkarlarımız təəssüf ki, çox oldu. Noyabrın 14-də tanınmış jurnalist və pedaqoq, professor Altay Zahidov dünyasını dəyişdi.

 

1933-cü ildə Bakıda anadan olmuş Altay Zahidov uzun illər Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (o zamankı Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində) müxbir və şərhçi kimi fəaliyyət göstərib.

 

Özünəməxsus yaradıcılıq dəst-xəttinə malik A.Zahidovun jurnalistika sahəsindəki pedaqoji fəaliyyəti də diqqət çəkib. O, Qərb Universitetinin jurnalistika fakultəsində özünün bilik və bacarığını gənc nəslə çatdırıb.

 

2017-ci il martın 16-da isə media əhli səhəri bu dəhşətli xəbərlə açdı: gənc yazar, “Teleqraf.com” saytının redaktoru, ədəbi cameədə Mövlud Mövlud imzası ilə tanına Mövlud Abdullayev intihar edib. 26 yaşlı qələm sahibi özünü Binəqədi rayonu 7-ci mikrorayon, Axundov küçəsində yerləşən 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən ataraq intihar edib. Və elə hadisə yerində dünyasını dəyişib. O, doğulduğu Qazax rayonunda torpağa tapşırılıb. Mərhumun bir azyaşlı oğlu qalıb.

 

26 fevral 2017-ci il tarixi də media əhlinə qanqaraçılıq gətirmişdi. Həmin gün tanınmış jurnalist Zabil Müqabiloğlu müalicə aldığı 1 saylı Şəhər Kliniki Xəstəxansında keçindi.

 

Jurnalist qaraciyər serrozundan əziyyət çəkirdi və fevralın 25-də axşam komaya düşmüşdü.
Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Bakı Asiya Universitetinin jurnalistika fakültəsini bitirib. 1996-1998-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildə mətbuata gəlmişdi. "525-ci qəzet", "Avropa", "Tərcüman",  "Yeni Müsavat" qəzetlərində çalışıb. Gunxeber.com saytının baş redaktoru olub. Ailəli idi, bir oğlu qalıb.

 

2017 Azərbaycanda daha bir jurnalist vaxtsız əcəlin qurbanı oldu. “APA Holdinq”ə daxil olan APA TV-nin əməkdaşı, tanınmış telejurnalist Natiq Qədimov ötən axşam 41 yaşında vəfat edib. Yaxınlarının və ailə üzvərinin bildirdiyinə görə, o, qəfil keçirdiyi infarktdan dünyasını dəyişib.

 

Jurnalistin qəfil ölümü təkcə onun ailə üzvlərini deyil, dostlarını və Natiqi tanıyan hər kəsi sarsıdıb. Əvvəllər səhhətindən şikayətlənməsə də, ani infarkt onu elə ailə üzvlərinin, yaxınlarının əhatəsində haqlayıb. 

 

Natiq Qədimov 1976-cı ilin iyul ayının 2-də Bakıda dünyaya göz açıb. Uzun müddətdir mətbuatda çalışırdı. İctimaiyyət onu daha çox bir vaxtlar ANS televiziyasında yayımlanan "İç Xəbər" və "Növbətçi" verilişlərindən tanıyıb. Əsasən kriminal xəbər aparıcısı və müxbiri idi.

 

Natiq Qədimov vaxtsız ölümə ürcah olan ilk jurnalist deyil, amma kaş ki, hamımızı kədərə qərq edən bu hadisə sonuncu olaydı…

 

Tanınmış jurnalist Zöhrab Əmirxanlı 2017-ci il mayın 2-nə keçən gecə dünyasını dəyişib. Zöhrab Əmirxanlı gecə yatıb, səhər oyanmayıb. Mərhum uzun illərdi ki, şəkər xəstəliyindən əziyyət çəkirdi...
Azərbaycan mətbuatının istedadlı qələm adamlarından olan Zöhrab Əmirxanlı bir sıra qəzetlərdə çalışıb:  “Müxalifət”, “Azadlıq”, “Şans”, “Səhər”, “Gündəlik Teleqraf”, “Aydın Yol” və s... 
Ümumiyyətlə, Zöhrab Əmirxanlı bir yerdə çox dayanmağı xoşlamadığından işlədiyi mətbuat orqanlarının sayı da çox olub.


Rusdilli medianın tanınmış jurnalisti Namiq İbrahimov 4 yanvar 2017-ci ildə uzun sürən xəstəlik nəticəsində vəfat edib.

 

1970-ci il təvəllüdlü N.İbrahimov Azərbaycanda "Zerkalo" və digər rusdilli mətbuat orqanlarında çalışıb. Son 1 ildə "Vesti.az" İnformasiya Agentliyində redaktor olub.

 

Qəfil ölüm “Lider” TV-nin müxbiri İlqar Qulusoyu 9 iyul 2016-cı ildə yaxaladı. Axşam saatlarında dostları ilə "Azərbaycan" Nəşriyyatının həyətindəki meydançada futbol oynayan İlqar qəfildən yıxılıb. Dostları nə baş verdiyini anlayana qədərsə, o, dünyasını dəyişib.  İlqar Qulusoy ürəktutmasından vəfat edib.


Onun cənazəsi doğulduğu Naxçıvan torpağında dəfn edilib.
İlqar Qulusoy 1980-ci ildə Naxçvan Muxtar Respublikasınının Kəngərli rayonunun Böyük Düz kəndində anadan olub. Əvvəllər Naxçvan Dövlət Televiziyasında işləyib. Son illər isə “Lider” televiziyasında çalışırdı… Ailəli idi.

 
“Space” telekanalının əməkdaşı Gülər Məmmədova bir neçə il idi ki, qan xərçəngindən əziyyət çəkirdi. Gənc jurnalist 19 dekabr 2015-ci il tarixində dünyasını dəyişib. Həyatının son günlərini süni nəfəs aparatına qoşularaq keçirən Gülər Məmmədovanın ailəsi onun müalicəsi üçün evini sataraq, kirayəyə köçmüşdü. Uzun müddət leykoz xəstəliyindən əziyyət çəkən xanım jurnalist  iki dəfə Türkiyədə müalicə alsa da, sağalması mümkün olmadı. 

 

Gülər Məmmədova ANS TV-nin xəbərlər xidmətinin baş redaktoru Murad Hüseynovun həyat yoldaşıydı. Onların iki azyaşlı övladı var.



9 Avqust 2015 tarixi jurnalistlərin yaddaşında Rasim Əliyevin ölüm günü kimi qalıb. O Rasim Əliyev ki,  döyüləndən sonra yerləşdirildiyi xəstəxanada - 1 saylı Şəhər Kliniki Xəstəxanasında baxımsızlıqdan vəfat etdi. 

 

ANN.TV-nin əməkdaşı Rasim Əliyev 2015-ci il avqustun 8-də “Qəbələ” futbol komandasının oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən "Bayıl market" mağazasının qarşısında döyülüb. Jurnalistin döyülməsinə səbəb onun Cavid Hüseynovu “Facebook” səhifəsində tənqid etməsi olub. Ağır bədən xəsarəti alan jurnalist 1 saylı Şəhər (Semaşko) Kliniki Xəstəxanasına yerləşdirilib. Avqustun 9-na keçən gecə Rasim Əliyevin vəziyyəti pisləşib və cərrahi əməliyyat olunub. Bundan sonra reanimasiya şöbəsinə köçürülüb və orada vəfat edib. Rasim Əliyev nişanlı idi...


2014-cü il sentyabrın 22-nə keçən gecə Bakı-Şamaxı yolunda baş verən ağır qəzada “Mercedes” və “KamAZ” markalı maşınlar toqquşmuşdu. Hadisə nəticəsində “Mercedes”in sürücüsü və 3 sərnişin aldıqları ağır xəsarətlərdən dünyalarını dəyişmişdilər. Qəza zamanı ölənlərdən biri “Türküstan” qəzetinin redaktoru, 1986-cı il təvəllüdlü Fuad Abdürrəhmanlıidi. Mərhum doğulduğu Şəki şəhərində dəfn olunub. 
Fuad Əbdürrəhmanlı bir sıra aparıcı gənclər təşkilatlarının fəal üzvü olmuş, DAK-ın Gənclər Təşkilatının rəhbərliyində təmsil olunmuşdu. O, yeni ailə qurmuşdu...


Türkiyənin “İhlas” xəbər agentliyinin (İHA) Azərbaycan bürosunun rəhbəri, gənc jurnalist Müşfiq Nadir 17 may 2011-ci ildə dünyasını dəyişib. İstanbuldakı xəstəxanalardan birində ürək əməliyyatı keçirən gənc jurnalistin həyatını xilas etmək mümkün olmayıb. M.Nadirin cənazəsi Azərbaycana gətirlərək dəfn olunub.

 

2011-ci il avqustun 10-da jurnalust Ceyhun Nağı Azərbaycan mətbuatına daha bir itki oldu. Həmin gün o, səhər saatlarında evdən çıxarkən ürək ağrıları tutub və 6 saylı xəstəxanaya aparılıb. Ancaq onun həyatını xilas etmək mümkün olmayıb. 39 yaşlı jurnalistin ölümünə səbəb kimi ürək çatışmazlığı göstərilib. 


Ceyhun Nağı “Yeni Müsavat”, “Gündəlik Azərbaycan”, “Bizim Yol” qəzetlərində, anspress.com portalında çalışıb. Sonuncu iş yeri isə “Həftə içi” qəzeti idi. Orada redaktor vəzifəsində çalışırdı. Ceyhun Nağı doğulduğu Tovuz rayonunun Düz Cırdaxan kəndində dəfn edilib. Onun bir qızı yadıgar qalıb.



2010-cu il martın 16-da tanınmış jurnalist İbrahim Bayandurlu gənc yaşlarında vəfat edib. O, “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının əməkdaşı idi. Ondan əvvəl isə uzun müddət "Zerkalo" qəzetinin şərhçisi olub. 

 

Bakı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişərkən İ.Bayandurlunun qida borusunun venaları partlayıbmış. O, güclü qanaxma nəticəsində vəfat edib.

 

İ.Bayandurlur qara ciyərin serrozu, Hepatit C, qida borusu venalarının 4-cü dərəcəli genişlənməsindən əziyyət çəkirdi.

 

İbrahim Bayandurlu Qarabağ müharibəsində iştirak edib. 1992-ci ildə başından yaralanmışdı. Uzun müddət döyüşlərdə aldığı qəlpə yarasından əziyyət çəkirdi. 1972-ci il doğumlu jurnalist evli idi, bir qızı yadigar qalıb.


2010-nun aprelində istedadlı jurnalist, dövri mətbuatda dərc olunan siyasi məqalələri və BBC-nin rus xidmətində gedən reportajları ilə tanınan İlham Rzayev 31 yaşında vəfat edib. İlham Rzayev Sumqayıtda anadan olub və orada boya-başa çatıb. 2002-ci ildə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Jurnalist karyerasına “Şərq” İnformasiya Agentliyində başlayıb. 2001-2004-cü illərdə “Exo” qəzetinin siyasət şöbəsində aparıcı müxbir işləyib. 2004-cü ildən 2007-ci ilə qədər BBC radiosunun rus xidmətində Qafqaz və Mərkəzi Asiya üzrə müxbir olub.
2007-ci ildə ABŞ Dövlət Departamentinin təhsil proqramı əsasında Solt-Leyk-Siti Şəhər Universitetində ixtisası üzrə magistraturada təhsil almağa gedib. 2009-cu ildə təhsilini başa vuraraq siyasi elmlər magistri dərəcəsinə yiyələnib. Elə həmin il eyni ixtisas üzrə həmin universitetin doktoranturasına daxil olub.


İlham Rzayev ailəli idi, onun da bir qız övladı var. Jurnalist ağır xəstəlikdən əziyyət çəkirdi. Son vaxtlar xəstəliyi daha da kəskinləşdiyindən İlham Rzayevin həyatını xilas etmək mümkün olmadı.

 

2010-cu ilin noyabr ayında jurnalist Şahin Ağabəyli avtomobil qəzası nəticəsində həlak olub. Şahin Ağabəyli 1976-cı ildə Neftçala rayonunda anadan olub. 1997-ci ildə Türkiyədə Quru Qoşunları Hərbi Məktəbini bitirib. Jurnalist fəaliyyətinin ilk illərində “Bakı həftəliyi”, “Bizim yol” qəzetlərində çalışıb. 2003-cü ildə “Milli Yol” qəzetini, 2006-cı ildə “Poliqon” İnformasiya Agentliyini təsis edib. 
Şahin Ağabəyli evli idi. Bir azyaşlı oğlu yadigar qalıb.



2009-cu ilin dekabrında tanınmış jurnalist Elçin Səlcuq vəfat edib. İki il qaraciyər serrozundan əziyyət çəkən jurnalist 45 yaşında dünyasını dəyişib. Qeyd edək ki, E.Səlcuq jurnalistikaya "Azadlıq" qəzeti ilə ötən əsrin 90-cı illərində hay-küylü, cəsarətli yazıları ilə gəlib, məhşurlaşmışdı. O, müasir, azad jurnalistikanın ilk yazarlarından biri olub. 

 

"525-ci qəzet", "Detektiv" qəzetlərində də çalışıb. Son illərdə isə Elçin Səlcuq "Proloq" ədəbi dərgisində çalışırdı. Jurnalist Elçin Səlcuq Buzovna qəbirstanlığında dəfn olunub. Oğlu Səlcuq indi atasının yolunu davam etdirir.

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub