Modern.az

Mir Şahinin açıq dərsi

Mir Şahinin açıq dərsi

19 İyul 2019, 14:22

Eldəniz Elgün

Söhbət baş tutdu. Və (əsas da) söhbət səmimi olduğuna görə. Əvəz Zeynallının sualları və yanaşmaları çoxşahəli idi. Mir Şahinin cavabları isə konkret (daha çox prinsipial) oldu. Beləcə “Qaynar qazan”da çox məsələlərə aydınlıq gətirildi. Mir Şahin söhbətin ilk raundunda “Mənim üçün dövlət İlham Əliyevdir” deməklə məncə Əvəz Zeynallının bir çox suallarını bir cümlə ilə cavabladı. Həm də vətəndaş mövqeyini və jurnalistikanın yeni konsepsiyasını cəmiyyətin müzakirəsinə buraxdı.

Bu konsepsiya nədən ibarət idi?

Jurnalistin mövqeyi olmalıdır.

Qeyd: İllər öncə ABŞ-da “FOX TV”də oldum. Bu o zaman idi ki, seçkilərə hazırlıq gedirdi. Kanalda yayımlanan xəbərlərin əksəriyyətində isə respublikaçılara açıq dəstək verilirdi. Qəribə gəldi. Bəs Mir Şahinin ANS-də işlədiyim vaxtlar dediyi prinsiplər hara, kanalın mövqe nümayiş etdirməsi hara? Bu gün Mir Şahin “Mənim üçün dövlət İlham Əliyevdir” deməklə mövqeyini snaypersayağı dəqiqliklə nümayiş etdirdi və jurnalist mövqesiz olmamalıdır fikrinə üstünlük verdi. Əslində jurnalistikadakı mövqesizlik çox təhlükəli haldır və bunu dəfələrlə yaşamışıq.

Yaddaşımızı gəlin təzələyək. Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi gündəmə gəldi. Türkiyə mətbuatı (əsasən) Azərbaycana dəstək verdi. Azərbaycan mediası isə mövqesizlik səbəbindən bir neçə gün ümumiyyətlə susmalı oldu.

Aprel döyüşlərinin ikinci günü. Azərbaycan mətbuatı (istisnalar olsa da) mövqesizlikdən ( prosesə yanaşma formasını tapa bilmədiklərindən) nələr etməli olduqlarını müəyyənləşdirə bilmədi. Deməli mövqeni arxa plana çəkmək sonunda özündən imtinaya belə gətirib çıxara bilər. Avropa, ABŞ bu mərhələni çoxdan keçib.

Mir Şahinin real konsepsiyasına keçidin zamanı görünür çatıb. Ümumiyyətlə? tək mətbuatda yox, elə həyatda da mövqesizlik təhlükəlidir. Elə buna görə Heydər Əliyev Milli Məclisin sədri seçildiyi zaman danışan deputatlara “mövqeyini bildir, bilim mövqeyin nədir” kimi çağırışlar edirdi. AXC hakimiyyəti isə elə mövqesizliyə görə paramparça oldu. Çünki, mövqesizlik, biganəliyə yol açdığı kimi, biganəlik də xəyanətin astanası hesab olunur.

Əsrlər öncə Afinanın qorunması üçün böyük Solon öz qanununu yaratdı. Qanunda yazılırdı: "Müharibələr zamanı əlinə silah alıb iki tərəfdən heç birini müdafiə etməyələnlər vətəndaşlıq hüququndan məhrum ediləcək”. Solonun bu qanunu günümüzlə çox səslənir. Başqa tərəfdən mövqesizlik əslində cəmiyyətdə bir durğunluq yaradır, komplekslərin inkişafına əsas verir. Belə cəmiyyətlərdə kənardan müdaxilələr etməklə xaos yaratmaq adi hala çevrilir.

“Qaynar qazan”da söhbət səmimi keçdi. Əvəz Zeynallı İlham Əliyevin alternativinin olmadığını dedi. Bununla yanaşı, səmimi müxalifətçiliyindən də imtina etmədi. Tərəflərin fikirləri əksər hallarda üst-üstə düşmürdü. Amma dövlət, xalq anlayışları eyni idi və buna görə söhbətin səmimiliyi pozulmadı. Mir Şahin dedi “xəbər xalqdan qabaqda ola bilməz”.

Qeyd: ABŞ-da “Əl Cəzirə Amerika” kanalı bağlandı. Bir müddət sonra ABŞ-da RT kanalına qarşı sərt addımlar atıldı (Rusiyanın təbliğatına yer ayrıldığı üçün). Hər iki halda səbəb Amerika xalqının maraqlarını qorumaq idi.

Mir Şahin deyir: ”Vətən ağacdan,gölməçədən və qurbağalardan ibarət deyil. Vətən adamlardan, əsasən adamlardan ibarətdir”. Əlavə şərhə ehtiyac varmı? Və yaxud yüzlərlə insanın ölüm xəbərini yaymaq yaxşıdır, ya bu fəlakətin qarşısını almaq?

“Qaynar qazan”da Əvəz Zeynallı Mir Şahini hədəfə götürənlərin də suallarını səsləndirdi. Mir Şahin isə cavabladı. Məsələn, sosial şəbəkələrdə Mir Şahinə qisasçı damğası vuranlara, onun nə qədər müstəqil jurnalist olduğunu soruşanlara cavabı belə oldu: ”Mir Şahin qisasçı deyil. Mən qisas almağa gəlməmişəm. Qisas almaq zəiflərin işidir”.

Və yaxud: ”Mənim müstəqilliyim dövlətin müstəqilliyi gələndə arxa plana keçir. Mənim azadlığım dövlətin azadlığı gələndə arxa plana keçir”.

Mir Şahinin cavabları əslində onun siyasi portiretini tam yaratdı. Yaranan portiretdə isə dövlətini sevən, peşəkarlığı ilə jurnalistikada sözünü və yerini qoruyan, iti zəkası ilə hadisələrə soyuqqanlı yanaşan insan görünür. Soyuqqanlı insan isə deyildiyi kimi soyuq insan demək deyil.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?