Modern.az

Ermənistanın qarabağlı birinci ledisi - FOTOLAR

Ermənistanın qarabağlı birinci ledisi - FOTOLAR

30 Yanvar 2012, 12:59

Xankəndidə anadan olan Rita Sərkisyan Qarabağın işğalında da ərinə dəstək verib

Modern.az saytının “Birinci ledilər” rubrukasında bu dəfəki təqdimatı Ermənistan prezidenti Serj Sərkisyanın xanımı Rita Sərkisyan barəsindədir.

Ermənistan prezidenti Serj Sərkisyan Qarabağın işğalında xüsusi rolu olan Qarabağ ermənilərindən biridir. Xankəndidə (keçmiş Stepanakert) anadan olan Serj uzun illər burada yaşayıb, Qarabağı işğal etdikdən sonra öz silahdaşı Robert Köçəryanla birgə Ermənistanda da hakimiyyəti ələ keçirməyə nail olublar. Qarabağ müharibəsində Serjə və onun silahdaşlarına dəstək verənlərdən biri də indiki prezidentin həyat yoldaşı Rita Sərkisyan olub.

Rita Aleksandrovna Sərkisyan (Dadayan-qızlıq soyadıdır) 1962-ci il martın 6-da Stepanakert (indiki Xankəndi) şəhərində hərbçi ailəsində anadan olub. Xankəndidəki 3 saylı orta məktəbi bitirəndən sonra musiqi təhsili alıb və uşaq bağçasında musiqi müəllimi işləyib. Ermənistana gələndən sonra heç yerdə işləməyib.

Serj Sərkisyanla 1983-cü ildə evlənib. Anuş və Satenik adlı iki qızı var.

Birinci ledi Ermənistanda incəsənət və səhiyyə sahələri üzrə xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur. Rita Sərkisyan “Həyatını bağışla” və “Armaveni”  xeyriyyə fondlarının qəyyumluq şurasının fəxri sədridir.

İrəvanda musiqili sensasiya gözləntisi

2011-ci il iyulun 28-də Flora Martirosyanın solo konsertindən əvvəl İrəvanda təsvir edilə bilməyəcək ajiotaj vardı. Tamaşaçılar sürpriz gözləyirdilər. Sürpriz isə ondan ibarət idi ki, guya Flora Martirosyanla Ermənistanın birinci ledisi, pianoçu Rita Sərkisyan birgə duet oxuyacaq. Amma musiqili sensasiya baş vermir. “Aravat” qəzeti Flora Martirosyandan bunun səbəbini soruşanda o deyib ki, belə bir şey planlaşdırılmayıb:
“Əgər xanım Sərkisyan mənimlə birgə çıxış etmək niyyətini bildirərsə, buna yalnız sevinərəm”.

Martirosyan onu da qeyd edib ki, Ermənistanın birinci ledisi bir çox professional müğənnidən yaxşı oxuyur.

Müğənni Arman Ovannisyan Respublika Meydanında böyük solo konsert verməyi planlaşdırırmış. O, məqsədini həyata keçirmək üçün 400 min dollar yışmağa və şəxsən Serj Sərkisyandan razılıq almağa nail olubmuş. Amma müğənni konsertə hazırlaşıb texnika və apparaturanı İrəvana gətirəndə, son anda konsert ləğv olunur. Belə söz-söhbət yayılıb ki, prezidentin arvadı Rita bu təşəbbüsün reallaşmasına mane olub. Bu xəbər də İrəvanda böyük ajiotaja səbəb olur. Lakin tezliklə telekanallarda konsertlə bağlı reklam roliklərinin nümayiş etdirilməsi birinci ledinin geri çəkildiyini göstərib.

“Ermənistanın və Qarabağın gələcəyi bizim hər birimizdən asılıdır”

Birinci ledi mətbuatla təmasa o qədər də maraqlı deyil. Müsahibələrindən birində isə deyib:

“Bu gün hakimiyyətin xalqa yaxın olması üçün çox şey edilir, amma unutmaq lazım deyil ki, əks əlaqə də az vacib deyil. Hakimiyyət heç yerdə və heç vaxt xüsusi sevilən deyil. Xatırlayıram, çox illər əvvəl mən özüm hakimiyyət strukturlarının nümayəndələrini o qədər də xoşlamırdım, ona görə yox ki, onları xalq da sevmirdi. İllər ötdü, həyatın hökmü ilə mən hakimiyyətə çox yaxın oldum və qəti qərara aldım ki, hakimyyətdə də insanpərvər simaların olduğunu nümayiş etdirmək lazımdır. Hər şey sözün həqiqi mənasında sadədir: elə etmək lazımdır ki, sonra utandırıcı olmasın.

- Sizin əriniz Qarabağdakı hərəkata ilk qoşulanlardan biri olub. Siz hansısa formada bu fəaliyyətə cəlb olunmusunuzmu?

- Əlbəttə, mən əlimə avtomat almamışam. Amma Qarabağ hərəkatı illərində bütün artsaxlı (qarabağlı) qadınlar dayanmadan cəbhəyə yardım göstərirdilər ki, kişilər bütünlüklə fikrini bir yerə cəmləşdirsinlər. Anaların və həyat yoldaşlarının sözsüz ki, ümumxalq işində əməkləri olub.

- Müharibənin ağır dövründə Qarabağda olmusunuz.  Geriyə baxanda, daha çox nələri xatırlayırsınız?

- Təhlükəliydi, amma biz gözəl anlayırdıq ki, hamı üçün nümunəyik və özümüzə başqa yer axtarmırdıq: hamı necə biz də elə. Bizim başqa yerə gedtiyimizlə bağlı şayiələrin yayıldığı vaxlar da olub, onda biz –Robert Köçəryanın, Arkadi Qukasyanın həyat yoldaşları birgə uşaqlarmızı götürüb başqa qadınların və uşaqların olduqları yerlərə getmişik. Ona görə getmişik ki, xalq bilsin ki, liderlərin ailələri onlardan artıq deyil və başqalarından fərqli şəkildə mühafizə olunmurlar. Çünki biz bütün ölkə üçün eyni şey uğrunda mübarizə aparırdıq.

“İrəvanda sərbəst gəzirəm”


- Siz özünüzü azad insan sayırsınızmı? Prezidentin arvadı statusu müəyyən mərhələdə əl-qolunuzu bağlamır ki?

- Mən təbiətim etibarilə azad insanam və özümü indiki statusuma bağlamaq istəmirəm. İrəvanın küçələrində sakitcə gəzirəm, mağazalara, bazarlara girirəm, adamlarla söhbətləşirəm. Bu mənim üçün hər şeydən dəyərlidir və bunu itirmək istəmirəm.

İnsanlarda hər şeydən əvvəl saflığı, alicənablığı və sədaqətliliyi, gülərüzlülüyü yüksək dəyərləndirirəm. Xeyirxahlıq etmək, qabiliyyətli olmaq, mənim fikrimcə, ən vacib xüsusiyyətlərdəndir. Çünki bütün bunlar istənilən insanın ürəyinin kiilidini açmağa da imkan verir.

- Ailə sizin üçün nə deməkdir?

- Ailə məndən ötrü həyatda başlıca məkandır, əgər belə demək mümkünsə, hər şeydir. Mən necə arvadam - bunu ancaq həyat yoldaşım deyə bilər, necə anayam, düşünürəm ki, özüm deyə bilərəm: həmişə ciddi, hətta daha çox ciddiyəm. Nəvələrimə gəldikdə, etiraf edirəm ki, bütün erməni nənələr kimi, məmnuniyyətlə onlara hər şeyə imkan verirəm, hansı ki, heç vaxt öz uşaqlarıma icazə verməmişəm.

Ailəlickə bayram etdiyimiz ənənəvi tarixlər olur. Belə günlər ailə üzvlərinin ad günləri, Yeni il, Milad günü, Pasxa bayramıdır. Bizdə adətdir, bazar günləri ailə görüşlərinin keçirilməsi. Bu günlər bütün ailə bir qayda olaraq, bizim evə yığışır. Serj Sərkisyan həqiqi erməni kişiləri kimi ənənəvi olaraq ət yeməklərinə, xüsusilə “ana dolmasına”, mən onu belə adlandırıram, çünki mən dolmanı onun anasının resepti üzrə hazırlayıram –üstünlük verir.

Haşiyə: Dolma Azərbaycanın milli yeməyidir. Görünür, Serjin anası dolmanın necə bişirilməsini Qarabağda türk qadınlarından öyrənib. Ermənilər isə Azərbaycan musiqisi kimi dolma və digər milli yeməklərimizi də öz adlarına çıxırlar.

Birinci ledinin Suriyaya səfər təəssüratı...

Tanış olmaq imkanı əldə etdiyim bütün birinci ledilərdən məmnun qalmışam. Hamısı ilə bağlı məndə ən xoş təəssürat yaranıb. İsti dostluq münasibətim Rusiyanın birinci ledisi Svetlana Medvedeva ilə yaranıb. Medvedevlərin Qorkadakı bağ evindəki qonaqlığı həmişə məmnunluqla xatırlayıram. Düşünürəm ki, qarşıda daha yaddaqalan layihələrimiz olacaq.

Mən tez-tez təbəssümlə Suriyanın birinci ledisi Əsma Əsədi xatırlayıram. O, məni uşaq onkoloji xəstəxanasına getməyə dəvət etdi və biz ora onun şəxsi avtomobilində getməliydik. Əsma sükan arxasında oturdu, mən yanında. Mən erməni ənənəsinə uyğun olaraq təhlükəsizlik kəmərini bağlamadım, o bunu görüb dedi: “Rita, kəməri bağla, xahiş edirəm, yoxsa cərimə ödəməli olacaqsan, mən pul qabını evdə qoymuşam”.
Biz ürəkdən güldük, kəmərlərimizi bağlayıb yolumuza davam etdik.

Sandra Saakaşvili ilə bir dəfə görüşsək də, qarşılıqlı simpatiya yaranıb.

- Serj tez, ya gec prezident kürsüsündən gedəcək, siz onun gələcəyini necə görürsünüz, o, siyasətdə qalacaqmı, biznesləmi məşğul olacaq, yoxsa aktiv fəaliyyətdən uzaqlaşşacaq? Siz şəxsən hansı varianta üstünlük verərdiniz?

- Mən şəxsən düşünürəm, o elə bir fəaliyyətlə məşğul olmalıdır ki, boş vaxtlarını ailəsi ilə ünsiyyətdə olmağa imkan yaratsın. Amma Serji yaxşı tanıdığım üçün əminliklə deyə bilərəm ki, onun hansı işlə məşğul olmasına baxmayaraq, öz ölkəsi və öz xalqı üçün sərfəli olan hər şeyi edəcək.

- Sərbəst vaxtınızda nə işlə məşğul olursunuz?

- Nə vaxtsa geoloq olmağı arzulayırdım və bu həvəsim indi də qalır. Hazırda mənim ən müxtəlif daşlardan ibarət kolleksiyam var, bu Ermənistanın nə qədər zəngin olduğunun göstəricisidir.

- Siz Ermənistanın və Qarabağın gələcəyini necə təsəvvür edirsiniz?

- Məndən ötrü Ermənistan və Qarabağ - tam birdir və ümumi xoşbəxt gələcəkləri var. Ermənistanda yaxın gələcəkdə nə uşaq, nə də qocalar evləri olmamalıdır, onları çoxlu yaşıl bağlar və parklar, gözəl memarlıq abidələri əvəz etməlidir. Belə gələcək bu gün hər birimizdən asılıdır. Və Allah da bizim yardımçımız olacaq!

Rita Sərkisyan Leonardo da Vinçinin, xüsusilə onun “Mona Liza” əsərinin vurğunudur. “Jamanak” qəzeti bir il əvvəl yazırdı ki, birinci ledi bu vurğunluğunu kifayət qədər özünəməxsus üsulla ifadə etməyin yolunu tapıb. Rita bağ evinin döşəməsini dəyişdirtdirib. Təmirdən sonra prezidentin bağ evinin döşəməsi tamamilə “Mona Liza”nın təsviri ilə örtülüb.


Rita Sərkisyan öz nəvəsi ilə...

Ermənistan prezidentinin qızları

Serj Sərkisyan və nəvəsi...

Birinci ledinin qaynanası və qaynatası...

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir