Modern.az

“Cənub xəbərləri” Cənubun aynasıdır

“Cənub xəbərləri” Cənubun aynasıdır

22 İyul 2019, 08:33

Hər anın öz hökmü, hər günün öz gündəmi var. Bu gün milli mətbuat günü olduğu üçün bilirəm ki, mətbuatımızdan, müasir jurnalistikadan danışanların sayı da çox olacaq. Kimisi mətbuatımızın bugünkü durumunu pisləyib, jurnalistləri qınayacaq, kimisi də qazanılan uğurlardan danışacaq. Bu çoxluğun içində qürbətdə yaşan bir qələm adamı kimi mən də bir neçə kəlmə söyləmək istəyirəm. Axı uzaqdan baxanda dağın əzəməti, gözəlliyi daha aydın görünür...

Kim deyir ki, Azərbaycanda mətbuat azadlığı yoxdur? Əgər bir ölkədə hər hansı bir vətəndaş istədiyi zaman qəzet təsis edib, onlayn media yaradıb onu yayımlaya bilirsə, demək həmin ölkədə mətbuat azadlığı var. O ki qaldı jurnalistikaya, məgər Azərbaycan mətbuatında gedən yüzlərlə tənqidi yazının tirajlanması söz azadlığından xəbər vermirmi? Bu jurnalistikanın uğuru deyilmi? Əgər bir ölkədə söz azadlğı olmasaydı, kimsə bunu edə bilərdimi? Tənqidi yazılara qarşı təzyiqlərə gələndə isə bir məsələni qeyd etməliyəm ki, Amerikanın özündə də tənqid olunan kəs, tənqid edənə “sağ ol” söyləmir...

Bəli, Azərbaycan jurnalistikası bu gün öz qarışıq dövrünü yaşayır. Buna da səbəb təsadüfü adamların, qeyri peşəkarların bu sahədə olmasıdır. Qərəzli tənqidlər, təhqir dolu yazılar baş alıb gedir. Jurnalist hansısa oyunun iştirakçısına çevrildisə, artıq səmimiyyətdən, peşəkarlıqdan söhbət gedə bilməz...

Son illər Amerikadan izlədiyim saytlar içərisində, yəqin ki, əslən cənub bölgəsindən olduğumdan, cenubxeberleri. com saytına daha çox diqqət yetirirəm. Daha doğrusu, bu sayt Azərbaycandan daim izlədiyim 10-15 saytdan biridir. Saytın rəhbəri isə cənub bölgəsinin tanınmış, qocaman jurnalisti Zahir Əmənovdur. Bu gün, mətbuat günündə Zahir Əmənovu xatırlamağım əbəs deyil. Mətbuat bayramı ərəfəsində nəzər yetirdiyim saytlarda əsasən paytaxt jurnalistlərindən, onların mükafatlandırılmasından bəhs olunur. Sanki bizdə region mətbuatı yoxdur. Bəli, Zahir Əmənovun rəhbərlk etdiyi “Cənub xəbərləri” qəzetinin fəaliyyəti ən azından bir diplom işinin və yaxud dissertasiyanın mövzusudur...

Yaxşı yadımdadır, təxminən 2005-ci il olardı. Zahir Əmənov Yardımlıda oxucuları ilə görüş keçirirdi. Oxuculardan biri yazılardan kövrələrək baş redaktora bildirdi ki,- “Siz bu qəzetlə yatmış vicdanları oyadırsınız”...

İllər boyu izlədiyim bu qəzetdə nələr yox idi? Cənubun tarixinin açılmamış səhifələri, abidələri, unudulmuş unudulmazları haqqında məqalələr, məmurların, rayonun ən yüksək çinli rəhbərlərinin iç üzünü açan kəskin, güzəştsiz yazılar və s.
Bu qəzetin “Çəpərüstü söhbətlər” rubrikası tamam bir özgə aləm idi. “Qıza!” deyə çəpər üstündə söhbətləşən iki qadın daha nələrdən danışmırdılar? Zarafata salıb cənubdakı pərdə arxası mətləbləri elə şirin dillə oxuculara çatdırırdılar ki, hətta orada tənqid olunanların özlərinin belə oxuyarkən dodaqları qaçırdı. Bu yaxınlarda isə sanki bu söhbətlərin davamı kimi saytda “Kökə köşələr” ribrikası açıb, oradan atmacalar atır...

Ümumiyyətlə “Cənub xəbərləri” regionda çox məşhur qəzetdir. Səhv etmirəmsə 2012-ci ildə AJB və “Yeni Nəsil Jurnalistlər Birliyi” bu qəzeti region qəzetləri arasında “İlin qəzeti” elan etmişdi. Deyəsən, Zahir müəllim həm də “Zərdabi mükafatı”na da layiq görülüb. Eləcə də bir neçə beynəlxalq yazı müsabiqəsində araşdırma yazılarına görə mükafat alıb.
2008-ci ildə həmin bölgədə növbəti müstəqil qəzeti -“Yardımlının səsi”ni yaradanda mənə ilk dəstək verən, ruhlandıran da Zahir müəllim oldu. Böyük çətinliklə yaratdığım “Yardımlı Xeyriyyə Cəmiyyəti” haqqında bir səhifəlik yazı dərc etdi...

Artıq Zahir müəllim yaşa dolub. Bildiyim qədər şəkərli diabetdən əziyyət çəkir. Eşitdiyimə görə, bu il iki dəfə gözündən əməliyyat olunub. Maliyyə çətinliyinə görə “Cənub xəbərləri” qəzetini də dayandırıb. Lakin bütün bunlara baxmayaraq, qələmi yerə qoymayıb – CENUBXEBERLERİ. COM saytını işlədir, oradan öz sözünü deməyə davam edir.
Bu sayt aparıcı paytaxt saytları ilə ayaqlaşmaqda çətinlik çəksə də, regionda deyərəm ki, ən çox oxunun saytdır. ABŞ-da ən azı 20-dən artıq həmyerlimizin bu saytı izlədiyinin şahidiyəm.
Bu günlərdə Zahir müəllimlə telefon söhbətində, daha doğrusu bayramını təbrik edəndə, söhbətarası soruşdum ki, saytınıza gündəlik baxış sayı nə qədərdir? Doğrusu, haradasa “5-10 min baxış” cavabını gözləyirdim. Amma Zahir müəllim dedi ki, son vaxtlar gündəlik baxış 35-40 min arası olur. Bir az şübhə ilə yanaşdığımı görüb, dərhal “google analytics”-in nəticələrini mənə yolladı. Təkcə 19 iyul 2019-cu il tarixində sayta baxış sayı 38 min 240 idi. Bu bir region saytı üçün balaca rəqəm deyil.
Nəzərə alanda ki, Zahir müəllim bu işləri təkbaşına, eləcə də müəyyən sıxıntılar və təzyiqlər şəraitində edir, heyrətlənməmək olmur...

Bəli, Zahir müəllim peşəkar jurnalistikanın sirlərini yaxşı bilir, araşdırma yazıları, tanınmışlar haqqında təqdimatları, duzlu-məzəli atmacaları ilə hələ də region mətbuatının şirinliyini qoruyur. Çox zarafatcıl, çox məlumatlıdır, hər sahəyə maraqlı yanaşması var. Bir sözlə, Zahir müəllim bölgədə yaşayıb yaradan, dediyi sözə, yazdığı hər yazıya böyük tələbkarlıqla yanaşan tək-tük region jurnalistlərindən biridir. Belələrini qorumaq, onlara dəyər vermək, dəstək olmaq hamımızın borcudur...

Sonda Zahir Əmənovu mətbuat günü münasibəti ilə ürəkdən təbrik edir, Ona möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayıram. Möhkəm dayan, qardaşım. Hər qaranlıq gecənin bir işıqlı sabahı var!..




Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi