Modern.az

Tanınmış mətbuat katibləri - Kimlər ölüb, kimlər qalıb...

Tanınmış mətbuat katibləri - Kimlər ölüb, kimlər qalıb...

22 İyul 2019, 17:11

Azərbaycanın mətbuat tarixinin 144 yaşı tamam oldu. 22 iyul Milli Mətbuat günü ilə bağlı jurnalistlərə ünvanlanan təbrikdən mətbuat xidmətlərinin rəhbərlərinə - mətbuat katiblərinə də pay düşür.

Modern.az saytı vaxtilə dövlət qurumlarında çalışmış, sonradan müxtəlif səbəblərdən işdən kənarlaşmış məşhur mətbuat katiblərini xatırladır. Onlardan bəziləri dünyasını dəyişib...

Hacı Akif Ağayevi xatırlayırsınız? Qafqaz Müsəlmanları İdarəsinin uzun müddət mətbuat katibi oldu. Akif Ağayev 3 may 1946-cı il tarixində Bakı şəhərində anadan olub. 1963-cü ildə orta məktəbi bitirdikdən sonra M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutun Filologiya fakültəsinə daxil olub. Axırıncı kursda oxuyarkən "Bakı" qəzetində ştatdankənar fotomüxbir kimi çalışıb. İnstitutu bitirdikdən dərhal sonra, 1968-ci ildə "Bakı" qəzetinin "Mədəniyyət və İncəsənət" şöbəsinin müdiri vəzifəsinə qəbul olunub. Bu qəzetin ən populyar rubrikalarından biri olan "Axtarışlar və tapıntılar" silsiləsinin yaradılması ideyası məhz ona məxsus idi. Həmin illərdə o, Bakı şəhərinin, Azərbaycanın tarixi, memarlıq abidələri haqqında, tanınmış mədəniyyət xadimləri, təzə-təzə yazmağa başlayan, hal-hazırda isə bütün dünyada tanılan istedadlı yazıçılar, müğənnilər haqqında məqalələr yazır və bu məqalələri öz cəkdiyi fotoqrafiyalarla müşayiət edirdi. Elə məhz bu silsilə məqalələrinə görə Azərbaycan Jurnalistlər Birliyi Akif Ağayevi "Qızıl qələm" mükafatı ilə təltif etdi. 1976-cı ildə o APN-nin (Aqenstvo Peçati Novosti) Azərbaycan bölməsinin rəhbəri vəzifəsinə təyin edilmişdi. 1984-cü ildən Akif Ağayev Qafqaz Müsəlmanları İdarəsinin informasiya şöbəsinə rəhbərlik etməyə başladı. Bir neçə kitabın tərtibatçısı və müəllifiydi.
Akif Ağayev tanınmış foto ustası kimi respublika və beynəlxalq miqyaslı fotomüsabiqə və sərgilərinin iştirakçısı olub. Onun işlərindən biri isə hətta Yunanıstatın Saloniki şəhərində keçirilən beynəlxalq foto sərgisinin devizi seçilmişdi. Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksi onu "Danila Moskovski" ordeni ilə təltif etmişdi. 2003-cü ildə Azərbaycan Fotoqraflar Birliyinin ənənəvi mükafatı olan "İlin ən yaxşı foto ustası" adına layiq görülüb. 30 mart 2008-ci ildə uzun sürən xəstəlikdən Bakıda vəfat edib.

Polis polkovniki Sadiq Gözəlov 1995-ci ildən 2017-ci ilə kimi Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə rəhbərlik edib.
2017-ci ilin yanvarında  o vaxtkı nazir Ramil Usubovun əmri ilə təqaüdə göndərilən Sadiq Gözəlov soradan başqa işlə təmin olundu. S.Gözəlov DİN-in Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fonduna direktor təyin edildi..


Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi, polkovnik-leytenant Ramiz Məlikovu yaşlı və orta nəsil jurnalistlər yaxşı xatırlayırlar. Ramiz Duyğun təxəllüsü ilə həm də şeirlər yazan polkovnik Müdafiə Nazirliyinin mətbuat xidmətinə düz 12 ildən artıq müddətdə rəhbərlik edib. Uzun illər eks-müdafiə naziri Səfər Əbiyevlə çalışan R.Məlikov 2007-ci ilin aprelində elə onun tərəfindən vəzifəsindən çıxarılıb. Amma mətbuat katibi postunu itirən Ramiz Məlikov sonradan müdafiə naziri Səfər Əbiyevin əmri ilə Müdafiə Nazirliyinin İnformasiya İdarəsindəki şöbələrdən birinə işə götürüldü. Daha sonra təqaüdə çıxdı.
İxtisasca həkim, hərbçi, şair olan R.Məlikov vaxtilə həm də Azərbaycan televiziyasında uzun illər apardığı «Hünər» proqramı ilə də yaddaşlarda qalıb. 1938-ci ildə anadan olan Ramiz Məlikov 25 illik hərbi qulluq keçib. Ukraynada, Belorusda hərbi sahədə işləyib. Azərbaycana qayıtdıqdan sonra Tibb İnstitutunun hərbi kafedrasında dərs deyib. Müdafiə Nazirliyinin mətbuat xidmətinə rəhbərlik edib, «Xalq Ordusu» qəzetinin təşkilatçılarından olub. Ramiz Duyğun bir çox kitabların müəllifidir. «Vətən kimi şirin», «Göy üzü damar-damar», «Haray dünya!», «Silkələn torpağım, püskür torpağım», «Şuşa məni çağırır», «Təki Vətən yaşasın», «Məni döyüşə burax» kitablarını buna misal göstərmək olar.

Milli Məclisin sabiq mətbuat katibi Aqşin Babayevi KİV nümayəndələri, xüsusilə parlament jurnalistləri tanımaya bilməzlər. Milli Məclisdə mətbuat xidməti 1991-cı il mart ayının 1-də yaradılıb. Onun ilk rəhbəri də Aqşin Babayev olub. O, bu vəzifədə düz 15 il işləyib. 2005-ci ildə Milli Məclisdə rəhbərlik dəyişdi, Oqtay Əsədov spiker seçildi, 2006-cə ildə yeni spiker mətbuat xidmətinin rəhbərliyini cavanlaşdırdı.   
Aqşin müəllim 32 il Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb, Azərbaycan radiosuna və xarici verilişlərə rəhbərlik edib. Əməkdar jurnalist A.Babayev Mədəniyyət və İncəsənət Universitetində “Ədəbi yaradıcılıq” kafedrasının müdiri vəzifəsində çalışır.


Uzun müddət Milli Təhlükəsizlik Nazirliyinin mətbuat katibi işləmiş Araz Qurbanov xüsusi xidmət orqanında çalışmasına baxmayaraq, jurnalistlərlə ünsiyyətdən qaçmayan sabiqlər sırasına daxildir. 2005-ci ildə sözügedən dövlət qurumundakı işindən çıxan MTN-nin mətbuat xidmətinin eks-rəhbəri hazırda Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun şöbə müdiri vəzifəsində çalışır. 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin eks-rəhbəri Qabil Əbilovu da xatırlamaq yerinə düşər. Əli Həsənov “Dövlətqaçqınkom”a sədr gətiriləndən sonra mətbuat katibi postuna təyinat alan Qabil müəllim qısa vaxt ərzində jurnalistlərlə dostlaşmışdı. Qabil Əbilov Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdi. Ərəb və fars dillərini yaxşı bilən Qabil müəllim bir neçə il Əfqanıstanda tərcüməçi işləmişdi. Qabil Əbilovun keçmiş Sovet Ordusunun təkbində Əfqanıstandakı xidmətindən bir epizodu diqqətinizə çatdıraq:
...Moskvadan gələn iki yüksək rütbəli zabitlə sovet hərbi birləşmələrinin Kabil yaxınlığındakı sıra dağların ətəyində yerləşən N saylı hərbi hissəsinə gedən Qabil Əbilov yolda mühasirəyə düşür. Müqavimət göstərməyin mənasız olduğunu başa düşən rus zabitləri əllərindəki tapançaları maşının pəncərəsindən yerə ataraq, aşağı düşürlər. Qabil müəllim də analoji qaydada davranaraq, könüllü şəkildə təslim olur. Gənc tərcüməçini də sovet zabitləri ilə birlikdə mücahidlərin yaxınlıqdakı düşərgəsinə aparırlar. Rus zabitlərin “məhkəməsi” cəmi iki dəqiqə çəkir. Mücahidlər hər iki zabiti sorğu-sualsız qətlə yetirirlər. Sonra mücahidlərin başçısı azərbaycanlı tərcüməçiyə yaxınlaşır. O, əlindəki silahı gənc tərcüməçinin alnına dirəyəndə, Qabil müəllim ölümün qaşla göz arasında olduğunu başa düşür. Cəbrayılda mömin ailədə böyümüş Qabil Əbilov bir müsəlman kimi sonuncu borcundan çıxmaq üçün titrək səslə kəlmeyi-şəhadətini oxuyur. Qarşısındakı adamın kəlmeyi-şəhadətini söylədiyini görəndə, mücahidlərin başçısının qolları boşalır. O, sovet tərcüməçisinin alnına dirədiyi silahı qeyri-ixtiyari olaraq aşağı endirir. Kəlmeyi-şəhadətini bilməsi Qabil müəllimin həyatını xilas edir. Tərcüməçinin müsəlman olduğunu öyrənən mücahidlər bir qədər məzəmmət etdikdən sonra onu sağ-salamat Kabillə yola salırlar. O vaxt Qabil müəllim başına gələnləri nəql edib qurtarandan sonra belə demişdi: “Bu hadisədən sonra tərcüməçi işlədiyim hərbi hissədə hamı şəhadət gətirdi. Onların arasında müsəlmanlarla yanaşı, xristian dininə mənsub olan əsgər və zabitlər də vardı”.
Qəbil Əbilov “Dövlətqaçqınkom”dan 2000-ci illərin əvvəlində xəstəliyilə əlaqədar işdən çıxmışdı. Bir müddət sonra vəfat etdi... 


A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı