Modern.az

Ən aktiv mətbuat katibləri – Jurnalistlərin RƏYİ

Ən aktiv mətbuat katibləri – Jurnalistlərin RƏYİ

Hadisə

22 İyul 2019, 17:34

Bu gün milli mətbuatımızın yarandığı gündür. 144-cü yaşını qeyd etdiyimiz Azərbaycan mətbuatı bu müddət ərzində kifayət qədər inkişaf edib, böyük uğurlara imza atıb.

Bəs maraqlıdır, son illərdə mətbuatla aktiv çalışan qurumlar da bu fəaliyyətlərini inkişaf etdirə biliblərmi? Jurnalistlərimizin nəzərində mətbuatla ən yaxşı işləyən mətbuat xidmətləri hansılardır?

 

Modern.az bu barədə keçirdiyi sorğunu təqdim edir:

 

“Report” İnformasiya Agentliyinin iqtisadiyyat yazarı Tural İbadlı sualımızı da sahəsinə uyğun cavablandırıb.

 

“Bu baxımdan öz sahəmdən deyim ki, ən çox Azərbaycan Energetika Nazirliyinin, Vergilər Nazirliyinin, "Azərişıq", "Azərenerji", "Azərsu" ASC-lərin, Dövlət Gömrük Komitəsinin, "Bakı Metropoliteni" QSC-nin və Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətlərinin işini bəyənirəm. Yəni göndərdiyim sorğuların əksəriyyətinə tez bir zamanda cavab ala bilirəm. Bir sıra qurumların isə nəinki rəhbərlərinə, heç mətbuat xidmətlərinə də düşmək olmur”.

 

“Cümhuriyyət” qəzetinin redaktoru Elman Cəfərli mətbuat xidmətlərinin son zamanlar kifayət qədər aktiv olduğunu vurğulayıb. Redaktor mətbuatla ən yaxşı işləyən mətbuat katiblərinin adlarını çəkib:

 

“Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi, Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuat xidmətinin rəhbəri İradə İbrahimova, Dövlət Miqarasiya Xidmətinin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərli, Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası mətbuat xidmətinin rəhbəri Elməddin Behbud, Maliyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Mayis Piriyev və digərlərini mətbuatla aktiv işləyən katiblər sırasında sadalaya bilərəm”.

 

Axar.az saytının müxbiri Turanə Məmmədli deyir ki, mətbuatla yaxşı işləyən mətbuat katibləri şükürlər olsun, çoxdur:

“Məsələn, ən başda Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə gəlir. Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli, Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (AXDG) mətbuat katibi Mehman Mehdiyev də bu siyahını uzada bilər”.

 

“Həftə içi” qəzetinin jurnalisti Tural Turan mətbuatla ən aktiv işləyən mətbuat katibi kimi DOST Agentliyinin sözçüsü Şahin Əliyevin adını çəkib:

 

 "Şahin müəllim uzun illərin təcrübəsidir. Savadlıdır. Yerində olan adamdır. Media arasında fərq qoymur. Göndərilən sualları tez bir zamanda cavablayır. Bundan başqa, Dövlət Gömrük Komitəsinin mətbuat katibi Natiq Axundov da operativ və aktiv mətbuat katibidir. Mözuya və suallara həssaslıqla yanaşan adamdır. Hətta DGK rəsmiləri ilə ən yüksək səviyyədə müsahibələrin, reportajların təşkilini yüksək səviyyədə həyata keçirə bilir”.

 

SalamNews İnformasiya Agentliyinin əməkdaşı Orxan Kərimovun fikrincə isə yaxşı işləyən mətbuat katiblərinin sayı hər dəfə artır:

 

“Bunun da səbəbi onlar öz həmkarına baxıb iş görmələridir. Ümumiyyətlə, isə İradə İbrahimova, Səmayə Məmmədova, Nuridə Allahyarova, Pərvin Məmmədova, Elnur Niftəliyev, Cəsarət Valehov, Vüqar Hüseynov, Yaqut Əliyeva, Aysel Fərziyeva, Tanrıverdi Mustafayev kimi şəxslərin rahat şəkildə adlarını çəkə bilərəm ki, hər zaman jurnalistlərlə yaxşı işləyib, lazım olan məlumatlarla təmin ediblər. Lakin Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbübəkirov, Qafqaz Müsəlmanları İdarəsinin mətbuat katibi Rəhimə Dadaşova və s. qurumların mətbuat katiblərinin yalnız adları var. Mətbuatla işləməkdə maraqlı deyirlər”.

 

“Üç nöqtə” qəzetinin müxbiri Könül Orucova da son illərdə mətbuat katiblərinin jurnalistlərlə əlaqələrinin yaxşılasmasını qeyd edib. O, bu durumun jurnalistlərin işini xeyli asanlaşdırdığını düşünür:

 

“Ailə Biznesinə Asan Dəstək (ABAD) layihəsinin mətbuat katibi Turanə Qasımova, “Kukla” Teatrının mətbuat katibi Həmidə Rüstəmova ən aktiv mətbuat katiblərindəndir.

Operativ mətbuat katibləri sırasında xüsusilə bankların mətbuat katiblərinin adlarını qeyd etməliyəm. Məsələn, “Xalq bank”ın mətbuat katibinin jurnalistlərlə aktiv çalışır”.

 

“Ayna.az” saytının əməkdaşı Təranə Xudabaxşiyeva düşünür ki, mətbuat katibləri son illər mətbuata açıq olması, aktivliyi ilə seçilirlər:

“Ş

“Əksəriyyəti normal işləməyə başlayıblar. Sorğulara operativ cavab verməklə, özlərini təsdiq etməyə çalışırlar. Bakı Nəqliyyat Agentliyi, ASAN Xidmət, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “Bakı Metropoliteni” QSC, Gənclər və İdman Nazirliyinin mətbuat katiblərinin fəaliyyətindən xeyli razıyam. Onlar dövlət qurumlarının aktiv mətbuat katibləri kimi adları çəkilməyə layiqdirlər”.

Xudabaxşıyeva özəl müəssisələrin mətbuat xidmətlərində müşahidə olunan aktivliyi yüksək qiymətləndirib:

“Adətən, banklar mətbuata qapalılığı ilə seçilirdi. Son zamanlar isə bu tendensiya dəyişib. AccessBank-ın PR meneceri İlkin Əhmədov, Unibankın İctimaiyyətlə əlaqələr və media şöbəsinin müdiri Sülhiyyə  Şirinova, Beynəlxalq Bankın mətbuat katibi Yadigar Cəfərli, Rabitəbank-ın mətbuat xidmətinin rəhbəri Nərmin Seyidova və s. kifayət qədər öz üzərilərində işləyirlər və mətbuata açıqdırlar. Adını çəkmədiyim, unutduğum mətbuata açıq katiblər də kifayət qədərdir.

Amma bəzi mətbuat katibləri var ki, öz işlərinin mətbuata məlumat vermək olduğunu unudub, jurnalistə ağıl öyrətməyi üstun tuturlar. “Bu elə deyil, siz bunu belə yazın”, “o yazını elə yox, belə yazın”, “bu açıqlamadan sonra filankəsin fikirləri olsun” və s. kimi gülünc məsləhətlər verirlər. Halbuki onların işi jurnalistin sualına cavab verməkdir, bununla yekunlaşır. Mətbuat katibləri belə addım atdıqda qarşılarındakı jurnalistin də aqressiyasına səbəb olurlar, beləliklə, onlarla işləmək daha da çətinləşir. Həmin bəzi mətbuat xidmətləri qarşı tərəflə işləmə mədəniyyətini daha yaxşı öyrənsələr, fəaliyyətlərinə də müsbət təsir edə bilər”.

 

“Şərq” qəzetinin redaktoru Ayyət Əhməd də digər həmkarlarımız kimi mətbuat katibləri ilə bağlı vəziyyətin qənaətbəxş olduğunu vurğulayıb:

 

“Bu məsələ ilə bağlı 5 il əvvəl verdiyim açıqlama ilə bugünkü münasibətimi müqayisə etsəniz bir paradoksla qarşılaşacaqsınız. Mətbuat katibləri də media ilə intensiv, sıx əlaqələr qurmaqda maraqlıdırlar. ASAN Xidmət, DİM, ƏƏSMN, ETSN, DİN, XİN, BNA, Metropoliten QSC, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, DGK, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi “Azərenereji ASC” Müdafiə Nazirliyi , Dağlıq Qarabağın Azərbaycanlı İcması, AZMİU, ADU, BDU, BMU, Azərbaycan İlahiyyat İnstitutu və başqa qurumların mətbuat katiblərini misal olaraq göstərə bilərəm. Bu qurumların mətbuat katiblərindən xəbər almaq həmişə mümkün olub. Amma onu da əlavə edim ki, hələ də jurnalistlərdən qaçmaq istəyən mətbuat katibləri var. İnanıram, onlar da özlərində cəsarət tapıb mətbuatın qarşısına çıxacaqlar. Bütün hallarda ümumi fon, mənzərə, palitra xoşagələndir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?