Bu ilin ötən dövründə İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin keçirdiyi yoxlamalar nəticəsində ümumi çəkisi 132,2 ton olan saxlama müddəti ötmüş və mənşəyi məlum olmayan ərzaq məhsulları aşkar olunmuş və satışdan çıxarılaraq məhv edilib.
Modern.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, yararsız malların 7,7 tonunu ət və ət məhsulları, 15,4 tonunu süd və süd məhsulları, 27 tonunu mineral sular və sərinləşdirici içkilər, 17,6 tonunu şəkər və qənnadı məhsulları təşkil edib. Dövlət Xidməti tərəfindən həmçinin, bu müddətdə 6 ton yağ, 2,3 ton konservləşdirilmiş məhsullar, 2,4 ton quru meyvə, 5,4 ton tamlı məhsullar (tomat pastası, ketçup və s.), 35,9 ton alkoqollu içkilər, 0,3 ton balıq və digər dəniz məhsulları, 1,1 ton yarımfabrikatlar və s. saxlama müddəti ötmüş və mənşəyi məlum olmayan ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib. Satışdan çıxarılaraq məhv edilmiş malların 1,7 tonu uşaq yeməkləridir.