Modern.az

Deputatdan təcili tibbi yardımlarla bağlı TƏKLİF

Deputatdan təcili tibbi yardımlarla bağlı TƏKLİF

Parlament

24 İyul 2019, 12:04

 

Dünyada ilkin tibbi yardım XIX əsrin sonlarında yaranıb. Azərbaycanda isə ilk təcili tibbi yardım xidməti 1922-ci ilə aid edilir.

 

XX əsrin əvvəllərində Bakıda Ağ şəhər, Ramana, Qara şəhər və Bibi Heybətdə tibbi yardım göstərmək üçün at arabalarından istifadə edilirdi. Sabunçu ərazisində bir həkimin və iki doğum həkiminin çalışdığı tibbi yardım xidməti fəaliyyət göstərib. O zamanlar təcili tibbi yardım bəzi paytaxt xəstəxanalarının nəzdində fəaliyyət göstərən şöbələr tərəfindən təqdim edilirdi.

 

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə təcili tibbi yardım xidmətinin inkişafına böyük diqqət göstərilməyə başlanıldı. Paytaxtda təcili tibbi yardım sisteminin yaxşı vəziyyətə gətirilməsinə baxmayaraq, Azərbaycanın rayonlarında təcili tibbi yardım elə problem olaraq qalır. Rayonlarda, kəndlərdə yaşayan əhali təcili tibbi yardımın gecikməyindən, ləng olduğu qədər keyfiyyətsiz  xidmətindən, həkimlərin qeyri-peşəkarlığından şikayətlənir. Hətta bəzi kəndlərdə təcili tibbi yardım üçün rayon mərkəzinə müraciət etdiklərində, onlara kömək göndərilmədiyini söyləyənlər də olur.

 

Rayonlardakı təcili tibbi yardımların durumu haqqında Modern.az-a danışan Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev də bəzi çatışmazlıqların olduğunu təsdiq etdi. Deputat qeyd edib ki, ildən-ilə insanların şikayətlər, problemlər azalır:

 

“Əvvəllər təcili yardım maşınları sovet dövründən qalan köhnə “Raf”lar, içərisində heç bir tibbi ləvazimatı, dərmanları olmayan maşınlar idisə, indi səksən faizi müasir standartlara cavab verir. Əsas problem texniki təminat məsələsində deyil. Hələ də həll olunmayan məqam işin maarifləndirmə tərəfinin tam tənzimlənməməsindədir. Yeri gəldi-gəlmədi, lazım oldu-olmadı təcili yardımlar çağırılır. İnsanların bu məsələdə maarifləndirilməsi aşağı səviyyədədir. Xüsusilə, icbari tibbi sığorta tam tətbiq edilmədiyindən vətəndaşlar birbaşa təcili yardıma çıxmalı olur.

 

Təcili tibbi yardım isə müəyyən edə bilmir ki, eyni vaxtda daxil olan hansı çağırış daha vacibdir. Bəzən rayonda yaşayan vətəndaşlar təcili yardım çağırırlar ki, gəl mənim təzyiqimi ölç. Yaxud uşağın qızdırması 38 dərəcəyə qalxıbsa, dərman vermək, ev şəraitində problem həll etmək, sahə həkiminə müraciət etmək əvəzinə təcili yardım çağırırlar. Sahə həkiminə müraciət etmək əvəzinə rayondan kəndə bütöv briqadanı çağırırlar. İcbari tibbi sığorta sistemi qurulandan sonra bu işlər tənzimlənəcək”.

 

Bir neçə il əvvəl Bakıda yollara ayrıca zolaqlar çəkilməsini təklif etdiyini xatırladan M. Quliyev bunun təklif olaraq qaldığını təəssüflə vurğulayıb:

 

“Bu zolaqlar təcili yardım, yanğınsöndürən və s. vacib maşınların hərəkəti üçün ayrılmalı idi. Buna həqiqətən də ehtiyac var. Çünki təcili tibbi yardımlar çox zaman çağırışlara gecikirlər. Şəhərdəki tıxaclar, rayonlarda, kəndlərdə isə yolların təmirli olmaması təcili tibbi yardımın operativliyinə mane olur. Kimsə təcili yardım çağırırsa, maşın gecikə bilər. Amma ucqar dağ kəndlərində belə olsa, təcili yardımın çağırışa getməməsi real deyil. Bunun əksini iddia edənlərə inanmıram”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir