Modern.az

Neft-qaz mədəni ərazilərində 50-ə yaxın tarixi abidə aşkarlanıb

Neft-qaz mədəni ərazilərində 50-ə yaxın tarixi abidə aşkarlanıb

Təhsil

22 Dekabr 2009, 17:01

Dekabrın 22-də ARDNŞ-nin Baş ofisində mədən ərazilərində yerləşən tarixi abidələr haqda məlumatların təqdimat mərasimi keçirilib. Modern.az xəbər verir ki, mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin, tarixi abidələrin yerləşdiyi rayonların rəhbər işçiləri, müvafiq neftqazçıxarma idarələri mütəxəssisləri, eləcə də Qeyri Hökumət Təşkilatları nümayəndələri iştirak ediblər. ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti Muxtar Babayev bildirib ki, Şirkətin Muzey işinin təşkili şöbəsi və Ekologiya İdarəsi əməkdaşlarının iştirakı ilə Abşeron yarımadasının mədən ərazilərində yerləşən arxeoloji və tarixi abidələrin hansı dövrdə inşa olunması, harada yerləşməsi, onların faktiki vəziyyətinin öyrənilməsi və araşdırılması məqsədi ilə ekoloji monitorinq keçirilib. Onun sözlərinə görə, mərasimin keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini tarixi abidələrin aşkara çıxarılması və mühafizə edilməsi ilə bağlı problemlərin həllinə cəlb etmək və bu istiqamətdə geniş müzakirələr aparmaqdır. Tədbirdə çıxış edən ARDNŞ-nin Ekologiya İdarəsinin Ekoloji təbliğat və sosial məsələlər şöbəsinin rəisi, tarix elmləri namizədi Füzuli Hacıyev Abşeron yarımadasında Dövlət Neft Şirkətinin istifadəsində olan neft-qaz mədən ərazilərində yerləşən tarixi abidələr haqqında iştirakçılara ətraflı məlumat verib. F. Hacıyev məlumatların toplanmasında AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarının rolunu vurğulayıb, qeyd edib ki,  aparılmış monitorinqlər nəticəsində 50-ə yaxın tarixi abidə aşkar edilib, məlumatlarda onların qısa təsnifatı aparılıb, xronologiyası verilib: “Ekoloji monitorinqin əhatə etdiyi arxeoloji və tarixi abidələrin sırasında Pirallahı adasında yerləşən XIX əsrə aid Mayak, “AzGerneft” Əməliyyat Şirkətinin kontrakt ərazisində olan XIV əsrdə inşa edilmiş Ramana Qalası, Xəlifə Əli məscidi, Binəqədi kəndindəki dördüncü dövrə aid Qır gölü heyvanat qəbristanlığı, Suraxanı müsallah yeri, Usta-Şagird Məqbərəsi və digər obyektlər xüsusi maraq doğurur”. F.Hacıyev həmçinin qeyd edib ki, 160 ildən artıq yaşı olan Azərbaycan neft sənayesi ilə bağlı bütün obyektlərin tarixi abidə statusu almaq hüququ var. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsinin müdiri Rizvan Bayramov Azərbaycanın memarlıq, arxeoloji və monumental abidələrinin mühafizəsi və bərpası istriqamətində görülmüş işlərdən danışıb. Beynəlxalq Ekoenergetika Akademiyasının rəhbəri Fəqan Əliyev isə çıxışında bu sahədə elektron xəritənin yaradılmasının vacibliyini qeyd edib. Tədbirin sonunda aparılmış monitorinqlərin nəticələri, görülmüş işlər barədə müzakirələr aparılmış, iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir